• cümə axşamı, 28 mart, 15:21
  • Baku Bakı 16°C

“Bu işdə özümdən başqasını görmürəm” - İncəsənət

17.03.17 12:00 7918
“Bu işdə özümdən başqasını görmürəm” - İncəsənət

Bu gün Azərbaycanda kifayət qədər istedadlı rəssamlar var. Ancaq vitraj sənəti ilə məşğul olan rəssamlarımız barmaqla sayılası qədərdir. Vitraj rəngli şüşələr, şəffaf boya və ya işıq ötürən örtüklər vasitəsilə hazırlanan, müxtəlif süjet və ornamentlərdən ibarət rəsm əsəridir. Bu sənətlə məşğul olmaq da hər rəssamın işi deyil. Bu sənət növünü, oradakı incəlikləri ictimaiyyətə tanıtmaq üçün vitraj ustası Gülçin Aslanlının əl işləri ilə tanış olduq. Onunla elə öz emalatxanasında söhbət etmək şansımız oldu. Müsahibimlə bu sənətə olan ümumi maraqdan və özünün gələcək planlarından danışdıq.
Gülçin Aslanlı Beyləqan şəhərində ziyalı ailəsində anadan olub. Orta təhsilini isə Bakı şəhərində alıb. Anası ədəbiyyat, atası kamança müəllimi kimi çalışıb. Gülçin xanımın incəsənətə böyük marağı olsa da, valideynləri onu başqa istiqamətə yönləndirməyə çalışıblar. Nəticədə, müsahibim Ukraynanın Xarkov şəhərindəki Beketov Universitetində "Turizm menecmentliyi” ixtisasını bitirib. Turizm sahəsi üzrə ali təhsil alsa da, onun incəsənətə olan marağı hər zaman üstün olub. Bir ay turizm sahəsində çalışan G.Aslanlı sonra daxilindən gələn səsin arxasınca gedib. Beləliklə, o, arzularına doğru böyük yol almağa başlayıb.

- Gülçin xanım, rəssamlığa olan həvəs sizdə nə zamandan yaranmışdı?

- Uşaq yaşlarımdan müxtəlif səpkili şəkillər çəkirdim. Hətta çəkdiyim şəkillər sərgilərdə də yer alıb. Rəssamlığa olan sevgim sonsuz idi. Ailə üzvlərim məndə olan bu sevgini görüb, mane olmağa çalışırdılar. Onlar mənim gələcəkdə rəssam olmağımı istəmirdilər. Elə oldu ki, istedadlı rəssamımız Əli Şəmsini tanıdım. Əli müəllimlə sənət barədə söhbətlər edir, öz əl işlərimi göstərirdim. Bir dəfə ona şüşə üzərində çalışdığım bir əsəri göstərdim. O da əsərə baxıb, şüşə üzərində işləməyin çətin olduğunu və bunun məndə çox yaxşı alındığını dedi. Əslində, bu da mənə bir stimul verdi. Ondan sonra hər dəfə işlərimi Əli Şəmsiyə göstərirdim. Sonuncu dəfə Əli müəllim əl işimə baxıb dedi ki, artıq hazır rəssamsan (gülürük). Bundan sonra bu sahəyə daha da çox maraq göstərməyə başladım. Bir müddət İçərişəhərdə qalereyada fəaliyyət göstərdim. Orada vitraj üzrə müəllim kimi dərs dedim.

- Vitraj sənəti ilə məşğul olan rəssamlarımız çox azdır. Bəlkə öz brendinizi yaradasınız?

- Əslində "Şahin” Şirkətlər Qrupunun daxilində belə bir layihə ilə bağlı fikir mübadilələri aparırıq. Artıq Azərbaycanda öz brendimizi yaradacağıq. Bu, sırf mənim adımla bağlı bir brend olacaq.

Xəyalə Rəis

banner

Oxşar Xəbərlər