• cümə, 26 Aprel, 01:43
  • Baku Bakı 16°C

“Bu, ilk növbədə Türkiyənin özünə lazımdır”

29.06.16 11:19 2325
“Bu, ilk növbədə Türkiyənin özünə lazımdır”
İyunun 27-də Türkiyə və İsrail öz aralarında münasibətləri yaxşılaşdırmaq üçün saziş imzalayıblar. Sazişə görə, İsrail öz tarixi boyunca ilk dəfə olaraq "Mavi Mərmərə” gəmisi hadisəsi ilə əlaqədar Türkiyədən üzr istəyib. Bundan əlavə, rəsmi Ankaranın iki tələbi də rəsmi Təl-Əviv tərəfindən qəbul edilib. Belə ki, İsrail "Mavi Mərmərə”yə hücum nəticəsində həlak olanların ailələrinə kompensasiya ödəməyə, həmçinin Türkiyənin Qəzza zolağına humanitar yardım və investisiyalar yatırmasına razılıq verib. Bu sazişin imzalandığı gün rəsmi Ankara atdığı daha bir addımla yenidən diqqət mərkəzində olub. Bu dəfə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "Su-24” qırıcısının vurulmasına görə rusiyalı həmkarı Vladimir Putinə məktub göndərib. Kremlin rəsmi saytında bu məktubun mətni də dərc edilib. Məktubda R.T.Ərdoğan Rusiyanı Türkiyənin dostu və strateji tərəfdaşı adlandırıb. Qeyd edib ki, Türkiyənin heç vaxt Rusiyaya məxsus təyyarəni vurmaq kimi niyyəti olmayıb. Həmçinin vurğulanıb ki, rəsmi Ankara öz üzərinə böyük risk götürərək və ciddi səy göstərərək, rusiyalı pilotun cəsədini Suriya ərazisindən çıxarıb, onu Türkiyəyə gətirib. R.T.Ərdoğan bir daha həlak olan pilotun yaxınlarına başsağlığı verib və üzr istəyib, onların acısını bölüşdüyünü diqqətə çatdırıb. Eyni zamanda, rusiyalı pilotun ailəsini türk ailəsi kimi qəbul etdiyini xatırladan Türkiyə prezidenti həmin ailənin acısını yüngülləşdirmək üçün istənilən təşəbbüsə hazır olduğunu bəyan edib. Sözügedən məktubda həmçinin bildirilib ki, R.T.Ərdoğan Türkiyə-Rusiya münasibətlərinin normallaşması və onların ənənəvi səviyyəyədək bərpa olunması üçün əlindən gələni etməyə hazırdır. Türkiyə regiondakı böhran vəziyyətlərinə qarşı və terrorla mübarizədə də Rusiya ilə əməkdaşlığa hazır olduğunu bəyan edib. Bu iki hadisə ilə əlaqədar "Kaspi”nin suallarını "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu cavablandırır.
- Elxan bəy, İsrail hərbçiləri 2010-cu il mayın 30-da Qəzzaya humanitar yardım aparan Türkiyəyə məxsus "Mavi Mərmərə” gəmisinə hücum etdilər və hadisə nəticəsində 10 nəfər həyatını itirdi. Məhz bu hadisədən sonra iki dövlət arasında münasibətlər gərginləşdi, diplomatik əlaqələr kəsildi. Nəhayət, iyunun 27-də hər iki dövlət arasında münasibətləri yaxşılaşdırmaq üçün saziş imzalanıb. Əvvəlcə bu hadisə ilə bağlı fikirlərinizi bilmək istərdik...
- "Mavi Mərmərə” gəmisinə hücumdan keçən 6 ildən artıq bir müddətdə Türkiyə və İsrail arasında çox "sərin” münasibətlər oldu. Müsbət haldır ki, artıq tərəflər aralarındakı münasibətləri yaxşılaşdırmaq üçün siyasi iradə nümayiş etdirdilər, saziş imzaladılar. Bu barışıq sazişinin təməli hələ ötən ilin dekabrında qoyulmuşdu. Həmin vaxt İsveçrədə İsrailin baş naziri Benyamin Netanyahu və Türkiyə Xarici İşlər Nazirliyinin aparat rəhbəri Firudin Sinirlioğlu iki dövlət arasında münasibətlərin normallaşmasına dair razılaşma imzalamışdılar. Beş maddəlik bu razılaşma sənədində İsrail tərəfi hadisə zamanı ölən 10 Türkiyə vətəndaşının ailələrinə 20 milyon dollar təzminat ödəyəcəyini öhdəsinə götürmüşdü. Bununla yanaşı, iki ölkənin səfirliklərinin fəaliyyətinin bərpa edilməsi, geri çağırılan səfirlərin yenidən göndərilməsi, Türkiyənin İsrail hərbçilərinə qarşı məhkəmə prosesindən imtina etməsi, bu barədə Türkiyə Böyük Millət Məclisində qanun qəbul edilməsi, təbii qazla bağlı müzakirələrin aparılması, razılaşma imzalandığı gündən Türkiyə və İsrailin bu sahədə birgə fəaliyyət göstərməsi, İsrail qazının Türkiyə və Avropaya nəqli üçün boru xəttinin tikiləcəyi kimi məsələlər də razılaşmada əks olunmuşdu. Ən nəhayət, bu razılaşmada HAMAS təşkilatının Türkiyədəki fəaliyyətinin məhdudlaşdırılması, bu təşkilatın liderlərindən sayılan Salih əl-Arurinin Türkiyədən deportasiya edilməsi də göstərilmişdi. Çünki əl-Aruri 3 İsrail hərbçisini qaçıraraq öldürməkdə təqsirləndirilirdi. İyunun 27-də Türkiyə və İsrail arasında imzalanan hələlik son saziş böyük ehtimalla bu dövlətlər arasındakı münasibətləri 2010-cu ilə qədər olan yaxşı səviyyəyə gətirib çıxaracaq. Ümid edirəm ki, İsrail üzərindən ABŞ-Türkiyə münasibətlərində də "istiləşmə” qeydə alınacaq. Təsəvvür edin, indi ABŞ prezidenti ilə İsrail baş naziri arasındakı münasibətlərdə müəyyən "soyuqluq” var. Amma bunun əksi olsaydı, 2010-cu ildən bu yana Türkiyə-ABŞ münasibətlərində daha çox gərginlik müşahidə oluna bilərdi. Hesab edirəm ki, 2010-cu ildə Qəzzaya humanitar yardım aparan Türkiyəyə məxsus "Mavi Mərmərə” gəmisinə hücum edilməsi və 10 nəfərin həyatını itirməsi hadisəsinə qədər baş verənlərdə, yəni vəziyyətin bu həddə gəlib çatmasında hər iki dövlətin və dövlət xadimlərinin günahı var idi. Bu baxımdan, son razılaşma sənədinin imzalanmasından hər iki dövlət qazanır.
- Əsl siyasətçi və ya dövlət rəhbəri emosiyaya qapılmadan, milli və dövlət maraqlarını nəzərə alaraq, uzaqgörən siyasət yürütməyi, davranış nümayiş etdirməyi bacarmalıdır. Siz də vurğuladınız ki, İsrail-Türkiyə münasibətlərinin gərginləşməsində hər iki dövlətin və dövlət xadimlərinin günahı var. Nədən ibarətdir bu yanlışlıqlar?
- Suriyada müharibə başlamazdan öncə Ərdoğanla Bəşər Əsədin sıx əlaqələrini nəzərə alan İsrail hökuməti rəsmi Ankaradan xahiş etmişdi ki, vasitəçi olsun və Suriya-İsrail münasibətləri normallaşsın. Ərdoğan da bu vasitəçilik missiyasını üzərinə götürüb danışıqları aparırdı. Lakin birdən-birə İsrail ordusu Qəzzaya hücuma başladı, Türkiyəni qıcıqlandırdı və Ərdoğan bununla bağlı çox sərt açıqlamalar dilə gətirdi. Halbuki bunu etməmək də olardı. Fələstin problemini hamı bilir və məsələnin həll olunmasını istəyir. Lakin heç bir dövlət buna görə İsraillə münasibətlərini korlamır. Amma Ərdoğan o vaxt İsrailin ünvanına çox sərt ritorikadan istifadə etdi. Bu da qarşılıqlı olaraq İsrail hakimiyyətində qıcıq oyatdı, Türkiyənin İsraildəki səfirini Xarici İşlər Nazirliyinə dəvət edib aşağı masada oturdub alçaldıcı davranış nümayiş etdirdilər, yəhudi dilində alçaldıcı fikirlər səsləndirdilər. Çox yaxşı haldır ki, artıq hər iki tərəf alçaldıcı fikirlərdən geri dönüb. Bundan sonra da emosiyalara yer olmamalı, dövlətlərarası münasibətlərdə şəxsi münasibətlər önə çəkilməməlidir. Dövlətin milli və təhlükəsizlik maraqları əsas götürülməlidir.
- İsraillə münasibətləri qaydasına salan Türkiyə eyni gündə Rusiya ilə də əlaqələri bərpa etmək, aralarındakı "buzları” əritmək istiqamətində addım atıb. Bunu necə qiymətləndirirsiniz?
- İsraillə olduğu kimi, Rusiya ilə münasibətlərin pozulmasında da emosionallıq başlıca rol oynadı, müəyyən səhvlərə yol verildi. Bilə-bilə ki, Türkiyə onun strateji tərəfdaşıdır və Suriya məsələsinə həssaslıq nümayiş etdirir, Kreml rəhbərliyi bu istiqamətdə həyata keçirəcəyi siyasəti, atacağı addımları rəsmi Ankara ilə uzlaşdırmadı. Rusiya öz bildiyi kimi Suriyanı bombaladı, rus təyyarələri Türkiyə sərhədini dəfələrlə pozdu. Baxmayaraq ki, Türkiyə prosesdə haqlı idi, amma anındaca emosionallıq göstərib təyyarəni vurdu. Lakin sonra Ərdoğan bildirdi ki, əgər qırıcının ruslara məxsus olduğu bilinsəydi, başqa cür tədbir görülərdi. Sabiq baş nazir Əhməd Davudoğlunun: "Təyyarəni vurmaq əmrini mən vermişəm”, - deməsi isə vəziyyəti bir qədər də gərginləşdirdi. Bundan başqa, təyyarənin vurulmasına rəğmən, pilot sağ qalsaydı, Rusiya-Türkiyə münasibətləri bu qədər gərginləşməzdi. Çox təəssüf ki, həmin pilot öldürüldü, ardınca da pilotu öldürən şəxsin Türkiyə ilə əlaqəsinin olduğu üzə çıxdı. Əgər həmin vaxt Türkiyə rəsmiləri pilotun öldürülməsinin yanlış addım olduğunu bəyan etsəydilər, vəziyyət yenə də bu həddə çatmazdı. Təbii ki, Rusiya tərəfi də yanlış addım ataraq, media üzərindən Türkiyə əleyhinə sərt təbliğata başladı, türkiyəli iş adamlarını sıxışdırdı, Türkiyə istehsalı olan ərzaq və kənd təsərrüfatı məhsullarının Rusiyaya girməsinə qadağalar qoydu. Hər iki tərəf əsəbi addımlarla diqqət çəkirdi. Halbuki buna getməmək də olardı. İndi isə baş verən hadisənin üstündən aylar keçib, Türkiyə 9 maddədən ibarət "yol xəritəsi” hazırlayıb, danışıqlara başlanılıb. Çünki iki dövlət arasında münasibətlərin gərgin olmasından hər iki tərəf iqtisadi-siyasi əziyyət və ziyan çəkirdi. Amma Ərdoğan Putinə ünvanladığı üzrxahlıq məktubu ilə vəziyyəti əvvəlki yaxşı vəziyyətə qaytarmaq istəyir. Bu günlərdə mediada yayılan bu məktubun mətni hər iki tərəfdən razılaşdırılıb. Bu, "yol xəritəsi”dir. Rusiya da bunun qarşılığında Türkiyəni Qara Dəniz Əməkdaşlıq Təşkilatının iyulun 1-də Soçidə keçiriləcək toplantısına dəvət edib. Yayılan xəbərlərə görə, artıq Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bu toplantıda iştirak edəcək. Bu həftə ərzində isə Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olacaq. Hər iki dövlət arasında münasibətlərin yaxşılaşdırılmasını tələb edən güclü amillər var. Misal üçün, Ukrayna hadisələrindən sonra ABŞ və Avropa İttifaqı ölkələri Rusiyaya qarşı sanksiyalar tətbiq edib, bu dövlətlərlə münasibətlər gərginləşib. Eyni zamanda, Türkiyənin də Avropa İttifaqı və ABŞ-la münasibətlərində sualların sayı artıb. Avropa İttifaqı Türkiyəni aldadaraq viza məsələsini həll etmədi, miqrant probleminə görə vəd edilən pul verilmədi. Böyük Britaniyanın ardınca Türkiyədə də Avropa İttifaqına daxil olub-olmamaq barədə referendumun keçirilməsi Ərdoğan tərəfindən gündəmə gətirilməkdədir. Üstəlik, son zamanlar ABŞ Suriyada PKK-ya bağlı kürdlərə ciddi silah-sursat yardımı edir, dəstək nümayiş etdirir. Təbii ki, bu da Türkiyəni qıcıqlandırır. Bütün bunları nəzərə alaraq, hesab edirəm ki, Ərdoğanın addımı düşünülmüş, zəruri bir addımdır, mümkün olanın reallaşdırılması deməkdir.
- Türkiyə tərəfinin bir sıra hallarda emosional addım atdığını bildirdiniz. Amma "Su-24” qırıcısının vurulması barədə qərarın Qərbin təzyiqi və tələbi altında verilməsi, NATO üzvü olan Türkiyənin buna məcbur edilməsi, lakin sonradan meydanda tək buraxılması barədə fikirlər də var...
- Türkiyə müstəqil xarici siyasət yürüdür. İndi "soyuq müharibə” illəri deyil ki, Türkiyə Amerikanın arzularından asılı olsun. İsrail-Türkiyə münasibətlərinin yaxşılaşması ABŞ-ın maraqlarına xidmət edir. Lakin rəsmi Ankara yalnız bu maraqlara görə İsraillə münasibətləri normallaşdırmır. Bu, ilk növbədə Türkiyənin özünə lazımdır. Regional siyasətə təsiri, ABŞ-la sıx əməkdaşlığı olan bir dövlətlə düşmən deyil, dost olmaq gərəkdir. Rusiya ilə münasibətlərin yaxşılaşmasında isə ABŞ maraqlı olmasa da, bu, Türkiyənin özünə lazım idi və barışıq əli uzadıldı. Vəziyyət düzələndən sonra rəsmi Ankara da Ukrayna məsələsində bir qədər ehtiyatlı yanaşma ortaya qoyacaq. Halbuki Ukrayna siyasətinə görə Rusiya Qərbin sərt reaksiyası ilə üz-üzədir. Bütün bunlara görə Türkiyənin addımlarını müstəqil dövlətin öz milli və təhlükəsizlik maraqlarına uyğun siyasət həyata keçirməsi kimi qiymətləndirirəm.
- Türkiyə-İsrail və Türkiyə-Rusiya münasibətlərinin yaxşılaşması Qafqaz regionuna, o cümlədən Azərbaycana necə təsir göstərə bilər?
- Mən bu suala daha çox Azərbaycanın maraqları baxımından cavab vermək istərdim. Türkiyənin hər iki dövlətlə münasibətlərinin yaxşılaşması Azərbaycanın da milli və təhlükəsizlik maraqlarına xidmət edir. Çünki İsrail və Rusiyanın Türkiyə ilə münasibətlərinin pozulması bəzi hallarda Azərbaycanı seçim etməyə sürükləyirdi. Biz isə belə bir seçimi etmək istəmirdik. Çox yaxşı haldır ki, hər iki dövlətlə Türkiyənin münasibətləri yaxşılaşır.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər