• cümə, 19 Aprel, 23:15
  • Baku Bakı 24°C

“Bu həyatı uşaq vaxtı yuxularımda görmüşəm” – Tar çalan qız

28.04.14 10:08 9825
“Bu həyatı uşaq vaxtı yuxularımda görmüşəm” – Tar çalan qız
Tar xalqımızın qədim alətidir. Bu aləti götürüb mahnı ifa edən hər bir sənətkar böyük məsuliyyət daşıyır. Bunların arasında gənclərin də kifayət qədər yer aldığını desək heç də yanılmarıq. Ancaq təəssüf hissi ilə qeyd edək ki, bu gün həmin gəncliyin efirlərə yol tapması çox çətin məslədir. Gənc qadın tarzənlərimiz də barmaqla sayılacaq qədərdir. Onlardan ən çox siması tanınan, istedadlı tar ifaçısı Humay Qədimovadır.
Ötən gün Humay Qədimova “Gənclik qəzeti”nin qonağı olarkən tar ifaçısı Ceyran Haşımovadan sonra Azərbaycanda yeganə tarzən olduğunu dedi. Musiqi Texnikumunda pedaqoji fəaliyyətlə də məşğul olduğunu qeyd edən ifaçı sinfində iki xanım ifaçı da yetişdirdiyini bildirdi: “Bu alət vasitəsi ilə özümü çox şanslı və uğurlu hesab edirəm”.
Valideynlərimlə şərt kəsdim
- Humay xanım, istərdim bizə tara olan həvəsinizdən danışasınız. Özünüzdə tara marağı nə zamandan hiss etdiniz?
- Əvvəllər fotopianoya daha çox marağım var idi. İlk təhsil olaraq da yeddi illik forotiano məktəbini bitirmişəm. Ancaq müəyyən müddətdən sonra tara böyük sevgim, məhəbbətim yarandı. Bu istəyimi evdə açıqlayanda valideynlərimin etirazına tuş gəldim. Bu alət kişilər tərəfindən daha çox ifa olunur, onun yeganə ilk xanım ifaçısı Ceyran xanım olub. O, da bəylərlə bərabər çiyin-çiyinə çalışıb, əziyyət çəkib. Buna görə də valideynlərim deyirdilər ki, bu qadın sənəti deyil, sənin üçün bu sənətdə çalışmaq çox çətin olacaq. Ancaq gördülər ki, mənim bu sənətə məhəbbətim, həvəsim böyükdür . Bundan sonra valideynlərimlə şərt kəsdim ki, tarla bağlı bütün təhsilimə öz biliyimlə daxil olacam. Olmasam, tarı yerə qoyub bu həvəsə son qoyacam. Yəni tara olan sevgim belə yaranıb.
- Qadın üçün tarı sinəyə alıb, onu ifa etmək eldə də asan məsələ deyil. Bu ağırlığı daşımaq sizin üçün çətin olmadımı?
- Tar aləti ifaçıdan daha çox fiziki güc tələb etdiyi üçün onu kişi sənətkarlar istifadə edir. Belə ki, tarı sinədə bir neçə saat saxlayıb, biləklərlə işləmək asan məslə deyil. Tar fiziki güc tələb etdiyi üçün çox zaman qızlar bu sənətdən imtina edirlər. Uşaqlıqdan idmanla çox məşğul olmuşam deyə bəlkə də ona görə o mənə asan gəlir. Bilmirəm, bəlkə də tara qarşı böyük sevgim var deyə tarda ifa etmək mənim üçün ağır deyil. Ümumiyyətlə, ifa zamanı tardan yaranan fiziki gücü səhnədə büruzə vermirəm. Özümü çox xoşbəxt hesab edirəm ki, çiyinlərim üzərində mili alətimiz olan tarı səsləndirirəm. Gələcək üçün bu alətlə bir çox layihələr düşünürəm. Ceyran xanımdan sonra qadın olaraq bu alətdə hələ ki, mən davam etdirirəm. Çox istərdim ki, xanımlar da tardan istifadə etsinlər.
Gözləməzdim ki, bu qədər sevilər

- Tarı götürəndə nələr hiss edirsiniz? Onun məsuliyyətini daşımaq o qədər də çətin deyilmi?
- Tar nəsildən-nəslə gələn, bizi təbliğ edən bir alətdir. Bu alətin ifaçılarının isimləri qızıl kitaba düşüb. O, sənətkarlardan, möhtəşəm ifalardan sonra tarı əlinə götürüb nəsə ifa etmək özü bir məsuliyyətdir. Çalışıram ki, mən də o irsi qoruyum, saxlayım, onların adına layiq tar ifaçısı olum. Hər hansı bir mahnını hazırlayanda da yazıb qurtarandan sonra da onu müxtəlif sınaqlardan keçirirəm. O, mahnını dəfələrlə dinləyirəm. Peşəkar ifaçıların rəylərini öyrənirəm, müəllimlərimə dinlətdirirəm ki, nəsə bir səhv olmasın. Çünki bizə pis ifa yaraşmaz.
Bu ampluanı qoruyub saxlamaq doğrudan da çox çətin məsələdir.
- Son zamanlar daha çox köhnə mahnılara müraciət etmənizin səbəbi nədir?
- Bəli, mən sonuncu dəfə Emin Sabitoğlunun bəstəsi olan Akif İslamzadənin repertuarından “Ala gözlüm” mahnısını səsləndirdim. Nəhəng korifeylərin yaratdığı bir əsəri mənim ifamda çox məsuliyyətli və çətin idi. Düşünürdüm ki, görəsən, ifamda mahnını onların ifa etdiyi səviyyədə tamaşaçılara çatdıra biləcəyəmmi? Xalq bu mahnını Akif müəllimin ifasında daha çox sevib. Bu mahnı həddindən artıq çox sevildi. Mən onun bu qədər çox sevilməyini gözləmirdim.
Yenilik etməyə cəhd edirəm

- Belə hesab etmək olarmı ki, “Humayn yuxuları” adlı ilk konsertiniz sizin üçün uğur simvolu oldu.
- Bəli. Mənim ilk solo konsertim Opera və Balet Teatrında həyata keçdi. Bu konsert 3 hissəli idi- folklor, klassik və unikal. Konsertin ilk açılışını folklor üslubunda nənələrin ansamblı və tarın müşayiəti ilə ifa etdik. Orada sənətin alimi Alim Qasımovla çıxışımız oldu. Estrada janrında isə bizim gözəl sənətkarımız İlqar Muradovla duetimiz oldu. Bizim əsas məqsədimiz o idi ki, tarın hər bir janrını tamaşaçılara göstərək. Tar yalnız muğamla bitmir, onun müxtəlif imkanları var. Bunun üçün zövqlü ifaçı lazımdır ki, onu hər bir janrda gözəl təbliğ edə bilsin. “Humayın yuxusu” adlı ilk solo-konsertim doğrudan da mənə düşərli oldu. Mənim ikinci konsertim İstanbulda “Tim Moslak Show Center” adlı sarayda oldu. Hansı ki, o sarayda Azərbaycandan ilk dəfə Zeynəb Xanlarova çıxış etmişdi. İkinci azərbaycanlı sənətkar olaraq bu yük mənim çiyinlərimə düşdü. Orada Türkiyənin və Azərbaycanın sevimlisi Kibariyə xanımla mənim birgə ifam oldu. Üçüncü konsertim isə ötən il Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar Beynəlxalq Muğam Mərkəzində solo konsertim oldu. Ümumiyyətlə, çalışıram ki, hər zamana sənətimlə gündəmə gəlim, sənətimlə tamaşaçılara sözümü deyə bilim. İnşallah, belə uğurlarımın da sayı çox olacaq. Bunun üçün öz üzərimdə daima çalışıram, yenilik etməyə cəhd edirəm.
- “Humayın yuxuları”ndan sonra daha elə yuxular görmürsünüzmü?
- (gülürük)Uşaqlıqdan mən incəsənətə bağlı və meylli olmuşam. Hər zaman istəmişəmi ki, yaradıcılıq işi ilə məşğul olum. Gələcəkdə həmin o arzularımı həyata keçirim. İncəsənətə xidmət edən insanlardan biri də mən olum. Uşaq yaşlarımdan istəmişəm ki, həmyaşıdlarım arasında seçilim. Mən də hər zaman arzu etdiyim, gördüyüm o yuxuları gerçəkləşdirməyə çalışıram. Bu həyatı mən uşaq vaxtı yuxularımda da görmüşəm. Yuxularımda tar alətini öz simamda tamam başqa cür ifamı görürdüm. Ona görə də mən ilk konsertimin adını “Humayın yuxuları” qoydum.
- Bəs indi necə yuxular görürsünüz?
- Oxucular başqa cür başa düşməsin, mən də hamının gördüyü yuxulardan görürəm(gülürük). İndi özümü daha böyük səhnələrdə görürəm, inşallah, onlar həyata keçər.
- Muğam auditoriyasında daha çox olarkən onların arasında gənclərə rast gəlirsinizmi? Ümumiyyətlə, gənclərin muğama, tara marağı hansı səviyyədədir?
- Gənclərin tara və muğama münasibəti getdikcə artır. İstər dərs dediyim təhsil müəssisəsində, istər öz həmkarlarım arasında gənclərin bu sahəyə olan marağını görürəm. Ümumiyyətlə, indi ailələrdə valideynlər övladlarını tara, kamançaya, başqa xalq çalğı alətlərinə qoymağa səy göstərirlər. Bu da gələcək üçün gözəl nəticə deməkdir. Ümumiyyətlə, muğam müsabiqələrinin də böyük bir təbliği oldu. Bu da gənclərə böyük bir stimul verdi. Əlinə tar götürən kiçik uşaqlar belə 3-4 aydan sonra bir də görürsən bir üçlük yaradıb mahnılar ifa edir, məşqlər edirlər. Bunun nəyi pisdir ki? Biz gənclərdən sonra gələn gənclik bu sənəti davam etdirməlidir.
Bizi kimsə oxumağa məcbur etmir

- Biz sizi tarzənlikdən əlavə xanəndə kimi də tanıyırıq. Tar sənətində pul olmadığı üçünmü ifaçılıqla məşğul olursunuz, yoxsa başqa səbəb var?
- Bu maddi durumla bağlı olan məsələ deyil. İnkişaf etmiş dövlətlərdə peşəkar musiqiçilərin özləri belə alətlə ifadan sonra səslərini də nümayiş etdirirlər. Oxuyaraq özlərini müşayiət edirlər. Avropada bu normal şeydir. Nədənsə Azərbaycanda buna normal baxmırlar, o dəqiqə paxıllıq edir və bunun maddi tərəfini düşünməyə başlayırıq. Əsas odur ki, biz incəsənətin müxtəlif qolları ilə məşğuluq. Bu bizim sənətimizdir. Biz incəsənətin keşiyindəyik, bunun qoruyucusuyuq. Mən oxumasam da olardı, onsuzda oxuyan gözəl ifaçılarımız çoxdur. Axı bu mənim ürəyimdən gəlir. İnsanın qanında istedad varsa, bunu gizlətmək nəyə lazım? Bizi kimsə oxumağa məcbur etmir, bu mənim içimdən gəlir. Kimin xoşu gəlmir radionu, televizoru bağlasın, kimin xoşu gəlmirsə, sevərək dinləsin.
- Humay müğənni kimi daha çox sevilir, yoxsa tar ifaçısı kimi?
- Təbii ki, tar ifaçısı kimi daha çox sevilirəm. Öz yaşıdlarım içərisində heç kəs bu qədər uğur qazanmayıb. Mənim yaşda olan hansı tar ifaçısı solo konsert verib, salonu tam doldura bilib? Çox istəyirəm ki, tar mənim simam olsun. Hamı mənə “tar çalan qız” deyə müraciət edir. Bu da məni çox sevindirir. Mənim üçün bundan gözəl heç bir ləqəb ola bilməz.
- Humay Qədimova özünü şou-biznes nümayəndəsi hesab edirmi?
- Özümü şou-biznes nümayəndəsi kimi həm görürəm, həm də yox. Mənim aləmimdə şou-biznes qalmaqal, kiminsə bostanına daş atmaq deməkdir. Burada sənət ön planda deyil, ancaq görüntü, geyim və qalmaqal daha çox başa düşülür. Çox adam məni şou-biznes nümayəndəsi hesab etsə də, çalışmışam ki, heç bir qalmaqalda adım hallanmasın. Buna hər zaman nəzarət edirəm, atdığım hər bir hərəkətə, ağzımdan çıxan sözə fikir verirəm.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər