AZE | RUS | ENG |


“Bu hadisə Rusiya-Azərbaycan münasibətlərinə xələl gətirir”

“Bu hadisə Rusiya-Azərbaycan münasibətlərinə xələl gətirir”
Elman Nəsirov: “Rusiya xarici işlər nazirinin, prezidentin mətbuat katibinin separatçılarla bir arada olmasına heç cürə haqq qazandırmaq olmaz”

Rusiyanın rəsmi şəxslərinin son zamanlar atdığı addımlar Azərbaycanda narazılıq doğurmaqdadır. Buna misal olaraq xarici işlər naziri Sergey Lavrovun Dağlıq Qarabağ problemi ilə bağlı bəzi qeyri-obyektiv fikirlərini, "İsgəndər” raketlərinin İrəvanda peyda olmasını, KTMT rəhbərliyinə erməni generalın gətirilməsini göstərmək olar. Bu günlərdə bu qəbildən olan daha bir addım atılıb. Beləki, Rusiya Erməniləri İttifaqının prezidenti Ara Abramyanın təşkil etdiyi yubiley tədbirində xarici işlər naziri S.Lavrov, prezident Vladimir Putinin mətbuat katibi Dmitri Peskov, Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski, Ermənistan prezidenti Serj Sarkisyan və Dağlıq Qarabağ separatçılarının rəhbəri Bako Saakyan iştirak edib. ATƏT-in Minsk qrupunun həmsədr dövlətinin rəsmi şəxslərinin heç bir dünya dövlətinin, beynəlxalq təşkilatın tanımadığı separatçı qurumun "rəhbəri” ilə məsafə saxlamaması, onunla bir arada olması, hətta birgə badə qaldırması Azərbaycan cəmiyyətində yeni narazılıq dalğası yaradıb. Sözügedən hadisə və buradan qaynaqlanan digər məsələlərlə bağlı "Kaspi”nin suallarını millət vəkili, politoloq Elman Nəsirov cavablandırır.

- Elman müəllim, Rusiya rəsmilərinin separatçı Bako Saakyanla eyni tədbirə qatılmasına münasibətiniz necədir?
- Rusiya mətbuatında bu məlumat artıq yayılıb. Ermənistan mətbuatı da bu barədə məlumatları hər gün tirajlayır. Məsələ burasındadır ki, Ara Abramyanın təşkil etdiyi aşağı səviyyəli bir tədbirə Rusiya xarici işlər naziri, prezidentin mətbuat katibi, Ermənistan prezidenti və Dağlıq Qarabağdakı separatçı rejimin rəhbəri iştirak ediblər. Sıradan bir ad günü kimi keçirilən tədbirə bu qədər önəm verilməsi də diqqət çəkir. Qondarma rejimin rəhbəri Bako Saakyanın ora dəvət alması isə çoxsaylı suallar yardır. Əgər separatçıların rəhbəri bu tədbirdə iştirak etməsəydi, yaxud da Lavrov və Peskov ora qatılmasaydı, bu tədbirin bir mənası olardı. Rusiya Erməniləri İttifaqının prezidentinin yubileyinə sadəcə ermənilərin toplanması adi hadisə kimi qiymətləndirilə bilərdi. Lakin Lavrov və Peskovla yanaşı, Saakyanın da orada olması narahatlıq doğuran məsələdir. Ona görə də haqlı olaraq Azərbaycan cəmiyyətində, mediada və sosial şəbəkələrdə buna etiraz edilir, ciddi müzakirələr aparılır. Bako Saakyan Azərbaycan ərazilərini işğal edən Ermənistanın Dağlıq Qarabağda yaratdığı oyuncaq rejimin rəhbəridir. Separatçı rejimin rəhbəri Rusiyaya səfərə gəlir, Moskvanın mərkəzindəki məşhur restoranda Kreml rəsmiləri ilə bir arada olursa, bu, siyasi baxımdan yolverilməz hadisədir. Azərbaycan cəmiyyətində bu mövzuda gedən müzakirələrdə belə bir tezis üstünlük təşkil edir ki, bu hadisə dolayısı ilə Rusiyanın separatçı rejimi dəstəkləmək mesajıdır. Mən də bu hadisəni xoşagəlməz fakt kimi dəyərləndirirəm. Hesab edirəm ki, separatçıların rəhbəri ilə Minsk qrupunun həmsədr dövlətinin rəsmi şəxsinin bir masa arxasında olması qəbuledilməzdir. Unutmaq olmaz ki, Rusiya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçi dövlətdir. Münaqişənin sülh yolu ilə həllində bilavasitə məsuldur. Bundan başqa, Rusiya separatçıları, Dağlıq Qarabağda yaradılan oyuncaq rejimi tanımayıb. Rusiya rəsmiləri dəfələrlə bəyan ediblər ki, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirlər. Belə olan halda separatçılarla Rusiya xarici işlər nazirinin, prezidentin mətbuat katibinin bir arada olmasına heç cür haqq qazandırmaq olmaz. 

- Bu hadisə Rusiyanın vasitəçilik missiyasına xələl gətirmirmi?
- Bu, heç şübhəsiz belədir. Sözügedən faktı bütün dünya, o cümlədən Azərbaycan ictimaiyyəti də görür. Beynəlxalq ictimaiyyət çox yaxşı anlayır ki, Dağlıq Qarabağdakı rejim qondarmadır. Dünyanın heç bir dövləti, hətta Azərbaycan torpaqlarını 20 ildən artıqdır işğal altında saxlayan Ermənistan da bu qondarma rejimi tanımayıb. Separatçı rejimlə nəinki danışıqlara getmək, onlarla eyni masada oturmaq belə yolverilməzdir, qəbuledilən deyil. Bu fakt Rusiyanın həmsədrliyinə, vasitəçilik missiyasına kölgə salır. İnsanlarımızda haqlı olaraq belə bir sual yaranır ki, əgər separatçı rejim rəhbərinin iştirak etdiyi tədbirə Rusiya rəsmiləri qatılırlarsa, onlardan necə bitərəf, obyektiv mövqe gözləmək olar?

- Şübhəsiz ki, baş verənlər Azərbaycan xalqında Rusiyaya qarşı antipatiya yaradır. Məgər Rusiya rəsmiləri bunu başa düşmürlərmi?
- Azərbaycan və rus xalqı tarixən bir yerdə olub, bizim dostluq, mehriban qonşuluq münasibətlərimiz, mədəni-tarixi əlaqələrimiz var. Burada isə söhbət ayrı-ayrı məmurların, yüksək dövlət vəzifəsi daşıyan şəxslərin davranışından gedir. Təbii ki, onların davranışı etimadsızlıq mühiti yaradır. İnsanlarımız, vətəndaşlarımız haqlı olaraq düşünürlər ki, belə olan təqdirdə Rusiyanın vasitəçilik missiyası səmərə verə bilməz. Belə bir rəyin formalaşmasında günahkar qarşı tərəfdir. Azərbaycan-Rusiya münasibətləri strateji tərəfdaşlıq səviyyəsindədir. Fundamental məsələlərdə biz ortaq mövqedən çıxış edirik, qarşılıqlı maraqlara söykənən siyasi kursun tərəfdarıyıq. Müstəqil dövlət kimi bütün addımlarımızda digər dövlətlərin maraqlarına zərbə vurmamağa çalışırıq. Hətta ABŞ başda olmaqla bütövlükdə Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalarda biz yer almamışıq. Hər zaman Rusiya ilə ticari, iqtisadi, mədəni əlaqələrimizin qorunub saxlanmasına çalışmışıq. Bütün bunların müqabilində Rusiyanın xarici siyasətini həyata keçirən şəxsin, prezidentin mətbuat xidməti rəhbərinin separatçılarla eyni məkanı və masanı bölüşməsi qəbuledilməzdir. Bu hadisə ikitərəfli münasibətlərə dünəninə, bu gününə və sabahına kölgə salır. 

- Sizin də vurğuladığınız kimi, Azərbaycan xarici siyasətində hər zaman Rusiyanın regiondakı maraqlarını nəzərə alıb. Nə üçün qarşı tərəfdən buna adekvat münasibət yoxdur?
- Bizi ən çox narahat edən məsələ dünyadakı ikili standartlardır. Təəssüf ki, bu ikili standartlar hazırda dünya standartları kimi qəbul edilməyə başlanılıb. Ən dəhşətlisi budur. Məsələyə məntiq və strateji tərəfdaşlıq münasibətləri baxımdan yanaşanda, hazırda şahidi olduğumuz proseslər baş verməli deyil. Lakin ikili standartlar öz işini görür. Təbii ki, bu, ilk növbədə Rusiya-Azərbaycan münasibətlərinə xələl gətirir. Halbuki, biz heç zaman arzulamarıq ki, strateji tərəfdaşımız ən əsas problemimiz olan Dağlıq Qarabağ məsələsinə münasibətdə bu cür davranış nümayiş etdirsin. Rusiya sıradan bir dövlət deyil. BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biri, Azərbaycanın böyük qonşusu, ATƏT-in Minsk qrupunun həmsədridir. Həmsədrlik institutu isə obyektivlik, qərəzsizlik nümayiş etdirməlidir. Ancaq son hadisə açıq-aşkar tərəfkeşliyi göstərir. Burada bir həqiqət var, əgər Rusiyanın xarici siyasətini həyata keçirən şəxs, prezidentin mətbuat katibi separatçı rejimin rəhbəri ilə bir araya gəlirlərsə, buna heç cür yaxşı şərh vermək olmaz.

- Lavrovun bundan öncəki davranışları, "İsgəndər” raketlərinin Ermənistana bağışlanması, KTMT-yə erməni generalın rəhbər təyin edilməsi də Azərbaycan cəmiyyətinin diqqətindən yayınmır. Son hadisə də yeni bir narahatlığa səbəb oldu. Sizcə, Rusiya tərəfdən bütün bu narazılıqlara hər hansı reaksiya veriləcəkmi?
- Biz bu reaksiyanı gözləyirdik. Təbii ki, Rusiya mətbuatı, eləcə də rəsmi şəxsləri də Azərbaycan mediasını izləyirlər. Rusiyanın Azərbaycandakı səfirliyi buradakı ictimai rəyi görür. Əgər antoloji vəziyyəti Azərbaycan nə vaxtsa yaratsaydı, Rusiyanın buna reaksiyası necə olardı? Misal üçün, əgər Rusiya Federasiyasının ərazisində hansısa separatçı qurum olsaydı və Azərbaycan rəsmiləri onlarla hər hansı münasibət yaratsaydı, rəsmi Moskva buna necə yanaşardı? Rusiya rəhbərliyi, rus icması bundan razı qalardımı? Təbii ki, yox. Dərhal Rusiya buna etiraz edər, ikitərəfli münasibətlərin, o cümlədən strateji tərəfdaşlığın ruhuna daban-dabana zidd olduğunu bəyan edərdi. Belə müqayisə aparılarsa, Rusiya tərəfi Azərbaycanın narahatlığını daha düzgün başa düşə bilər.

- Rusiyada Ümumrusiya Azərbaycan Konqresinin ləğvi ilə bağlı ədliyyə nazirliyi Məhkəməyə müraciət edir, digər tərəfdən isə Rusiya Erməniləri İttifaqının prezidentinin ad gününə ən yüksək səviyyədə Kreml rəsmiləri qatılır, hətta yubilyara prezident Vladimir Putin təbrik məktubu göndərir. Belə münasibət nəyin göstəricisidir?
-  Hesab edirəm ki, bu məsələlər hamısı məqsədyönlü şəkildədir. Böyük siyasətdə heç nə təsadüfən baş vermir. İstənilən addım hesablanmış şəkildə atılır. Rusiyadakı güclü erməni diasporu və lobbisi hakimiyyətin yuxarı eşalonlarına da yol tapa biliblər. Bu adamlar hakimiyyətin içində də anti Azərbaycan fəaliyyətlə məşğul olur, Rusiya-Azərbaycan münasibətlərinə xələl gətirmək üçün hətta Ümumrusiya Azərbaycan Konqresinin ləğvinə də çalışırlar. Rusiya Erməniləri İttifaqının prezidentinin ad gününün keçirilməsi və oraya yüksək vəzifəli Rusiya rəsmilərinin, həmçinin qondarma rejimin rəhbərinin dəvət edilməsi də bu istiqamətdə atılan addımlardan biridir. Onlar bilirlər ki, bütün bu addımlar Azərbaycan tərəfdə qıcıq yaradacaq, ümumilikdə isə hadisələr Rusiya-Azərbaycan münasibətlərində gərginlik yaradacaq. Başlıca məqsəd bu cür gərginlik yaratmağa nail olmaqdır. Təbii ki, biz Rusiyanın Azərbaycan üçün dost dövlət, strateji tərəfdaş olduğunun fərqindəyik. Biz arzu etmirik ki, Rusiyanın hansısa rəsmi şəxsləri ermənipərəst qüvvələrin təsirinə düşsün, Azərbaycan-Rusiya münasibətlərinin pozulmasında istifadə edilsinlər. Bunu qətiyyən istəmərik. Bu, yalnız Azərbaycanın deyil, eynilə Rusiyanın da ziyanınadır. Rusiyadakı erməni diasporu Rusiya-Azərbaycan münasibətlərini korlamaq xətti tutub. Rusiya rəsmiləri heç bir halda buna imkan verməməlidirlər. Çünki, bu, Rusiyanın Cənubi Qafqazdakı strateji maraqlarını çox böyük zərbə altında qoya bilər. Şübhəsiz, Rusiyada anlayırlar ki, Cənubi Qafqazın lider dövləti Azərbaycandır. Cırtdan Ermənistana görə regionun dost, lider dövləti Azərbaycanla münasibətləri korlamaq Rusiyaya heç bir divident gətirməyəcək. 
 
Rufik İSMAYILOV      


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0042
GEL 1 Gürcü larisi 0.6373
GBP 1 İngilis funt sterlinqi 2.2678
TRY 1 Türk lirəsi 0.4429
KWD 1 Küveyt dinarı 5.6260
SEK 1 İsveç kronu 0.1996
EUR 1 Avro 2.0012
CHF 1 İsveçrə frankı 1.7140
USD 1 ABŞ dolları 1.7000