• cümə axşamı, 25 aprel, 02:11
  • Baku Bakı 19°C

Bu günün məcburiyyəti, sabahın məsuliyyəti

16.07.20 21:18 935
Bu günün məcburiyyəti, sabahın məsuliyyəti
Yumşalma dövründə də gigiyenik qaydalara əməl olunmalıdır

"Maskasız daxil olmaq olmaz”. Bir müddətdir ki, addımbaşı rast gəldiyimiz bu cümlə, artıq həyat tərzimizə çevrilib desək, yanılmarıq. Müəssisələrin əksəriyyətinin giriş qapısında yazılan bu bildiriş, sağlamlığımızın qorunması üçün çox vacibdir. 5 aya yaxındır ki, pandemiya şəraitində yaşadığımızı nəzərə alsaq, bu kimi önləyici tədbirlərin görülməsi olduqca əhəmiyyətlidir. Sərt karantin dönəmində yaşamağımıza baxmayaraq, marrketlər və əczaxanalar öz fəaliyyətini davam etdirir. Nəticə etibarı ilə az da olsa, insanlar arasında müəyyən qədər yaxınlıq qaçılmazdır. Buna görə də, maskanın taxılması, dezinfeksiyaedici maddələrin istifadəsi bu dönəmdə labüd hesab olunur.
Müşahidələrə əsasən demək olar ki, fəaliyyətini davam etdirən müəssisələrin girişində dayanan mühafizəçi hər bir vətəndaşdan maskadan istifadə etməsini tələb edir, əks təqdirdə onu həmin məkana buraxmır. Öz təcrübəmə əsaslanaraq deyə bilərəm ki, bu yaxınlarda bir işlə bağlı bankda idim və bu məqamda vətəndaşlardan biri maskasız daxil olmaq istəyəndə mühafizəçi tərəfindən saxlanıldı. Bildirildi ki, mütləq şəkildə maska taxılmalıdır. Bu, təbii ki, lazımlı və yerində atılmış addımdır. Hər bir müssəsisə ora gələn vətəndaşlara görə məsuliyyət daşıyır. Bu örnək davranış bütün ticarət obyektləri üçün keçərlidir. Aydın məsələdir ki, vətəndaş maskasız olduğu üçün məkana buraxılmayanda, bəzi xoşagəlməz hadisələr baş verir. Amma hər nə olursa-olsun, qoyulan qaydalara mütləq şəkildə əməl olunmalıdır.
Burada əsas iş ticarət obyekti sahiblərinin üzərinə düşür. Onlar bu kimi məsələlərdə daha tələbkar olmalıdırlar. Bu və bundan sonrakı dönəmlərdə, yəni nə vaxta qədər ki, virusa qarşı vaksin tapılmayıb, virus tamamilə yox olmayıb, o vaxta qədər biganəliyə, məsuliyyətsizliyə yol vermək olmaz. Bu iş qarşılıqlı şəkildə tənzimlənməlidir. Yəni həm vətəndaş, həm də sahibkar qoyulan qaydalara riayət etməlidir. Hətta, gələcəkdə karantin qaydalarında yumşalma olsa belə, ticarət obyektləri ilə bağlı qəbul edilmiş normalara əməl olunmalıdır.
Qadın geyimi satış mağazasında işləyən Aytən Fərəcova qeyd edir ki, müştərilər məkana daxil olarkən mütləq şəkildə maska taxmalıdırlar: "Hər kəsə bəllidir ki, bu profilli mağazalar uzun müddətdir ki, fəaliyyət göstərmir. Mağazamız, sadəcə yumşalmadan sonra fəaliyyətini bərpa etdi. Həmin dönəmdə isə bizə xüsusi təlimatlar göndərildi. Təlimatda mağazada dezinfeskiyaedici məhsulların istifadəsi və maska taxılması ilə bağlı maddələr vardı. Xüsusilə qeyd edilmişdi ki, əgər müştəri mağazada maskasız halda görülərsə, bu zaman mağaza sahibi 100 azn, müştəri isə 50 manat cərimə olunacaq. Buna nəzarəti isə polis əməkdaşları edirdi. Bir neçə dəqiqədən bir mağazalara baxış keçirilir, maskasız şəxslər və mağaza sahibi cərimələnirdi”.
Həmsöhbətimin səsləndirdiyi fikirlər may ayında tətbiq edilən yumşalma dövrünə aiddir. Qeyd edək ki, hazırda ölkəmizdə sərt karantin rejimi hökm sürür və bununla bağlı bəzi qaydalar müəyyənləşib. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsində, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması ilə bağlı qaydalarda bəzi dəyişikliklər olub. İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, nazirlik fəaliyyətinə icazə verilən şirkətlərə zəruri sosial davranış və sanitar-epidemioloji tələblərə tam riayət edilməsi məqsədilə əməkdaşlar və müştərilər üçün lazımi şərait yaradılmasını tövsiyə edib. Tövsiyələr arasında iş və xidmət sahələrinin qoruyucu vasitələrlə, yəni əlcək, tibbi maska, dezinfeksiyaedici materiallar və s. ilə təmin olunması, obyekt daxilində müştərilər arasında 2 metrlik məsafənin qorunmasına ciddi nəzarət edilməsi yer alıb. Həmçinin qeyd olunub ki, bundan sonra alıcıların obyektə maskasız daxil olmasına icazə verilməyəcək. Obyekt daxilində mütəmadi olaraq dezinfeksiya işlərinin aparılması, ticarət obyektində alıcıların sayına nəzarət olunması və zərurət yarandıqda istehlakçıların növbə ilə girişinin təmin edilməsi də əsas şərtlərdəndir.
İqtisadçı ekspert Mahmud Abasquliyev dəyişikliyi xülasə edərək xidmət müəssisələrində COVID-19-la mübarizə çərçivəsində görülməli tədbirlərdən danışıb: "Müəssisələrdə sanitar-məişət otaqlarının gigiyenik qaydalara uyğun, işlək və təmiz vəziyyətdə saxlanması, müəssisənin təmizlik vasitələri və dezinfeksiyaedici maddələrlə, birdəfəlik istifadə üçün salfetlərlə, əməkdaşların yetərli sayda tibbi maska və əlcəklərlə təmin olunması vacibdir. İstifadə edilmiş tibbi maskaların atılması üçün ayrıca qapalı torbaların qoyulması və bu tullantıların müvafiq qaydada məhv edilməsi, qida qəbulu zallarında oturacaqların ara məsafəsinin eyni masa arxasında 1 m-dən az olmaması, zalların və otaqların mütəmadi havalandırılması əsas şərtdir”
Bu qaydaların pozulmasına görə cərimələr tətbiq edilir. Epidemiya əleyhinə rejimin, sanitariya, gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər 100 manatdan 200 manatadək, vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək; hüquqi şəxslər isə 2 min manatdan 5 min manatadək cərimələnir. Verilən qərarlar, tətbiq edilən qaydalar pandemiya dövrü üçün sağlamlığımızın qorunmasında əhəmiyyətli rol oynayır. Amma qeyd etmək lazımdır ki, bu qaydalar, sadəcə karantin dövrü üçün yox, yumşalma dövrü üçün də keçərlidir. Çünki nə vaxta qədər ki, vaksin tapılmayıb, virus təhlükəsi var, o vaxta qədər bütün qaydalara riayət olunması vacibdir.
Milli Məclisin Səhiyyə Komitəsinin sədrinin müavini Rəşad Mahmudov da bir müddət əvvəl mətbuata verdiyi açıqlamasında qeyd edib ki, karantin qaydalarının yumşalmasından sonra da əhali əvvəlki kimi, qaydalara əməl etməlidir: "Əlbəttə, bu, ilk növbədə, fərdi məsuliyyətimiz və bir vətəndaş olaraq ölkəmizə qarşı borcumuzdur. Çünki yoluxma sürətinin azalması üçün hər birimiz bu qaydalara əməl etməyə borcluyuq. İlk növbədə, sosial məsuliyyət məsələsi təbii ki, vacibdir. Maksimum maarifləndirmə işləri davam etdirilməli, təbliğat-təşviqat kampaniyaları vasitəsilə insanlar məlumatlandırılmalıdırlar. Digər tərəfdən, nəzarət tədbirlərinin davam etdirilməsi insanların karantinin yumşaldılmasından sonrakı müddətdə də qaydalara riayət etməsinə dəstək ola bilər. Bu baxımdan, inanıram ki, müxtəlif dövlət qurumlarının əlaqəli çalışması, eyni zamanda vətəndaş-dövlət birliyimizin davam etməsi bu dövrdən üzüağ çıxmağımıza səbəb olacaq”.
Sosioloq Lalə Mehralının sözlərinə görə, insanlar cərimələnməmək üçün yox, sırf sağlamlıqlarını qorumaq üçün maska taxmalı, qoyulan qaydalara əməl etməlidirlər: "Biz maskanı virusdan qorunmaq üçün taxmalıyıq, məcburiyyətdir deyə yox. Təbii ki, bir müddət sonra karantin qaydalarında yumşalma ola bilər. Amma bu o demək deyil ki, insanlar artıq maksadan istifadə etməməlidir. Məcburiyyət yoxdu deyə, məsuliyyətdən yayınmamalıyıq. Düşünürəm ki, yumşalma dövründə də indiki qaydalara riayət olunmalıdır. Amma yaxşı olar ki, yumşalma növbəli şəkildə olsun. Birdən-birə yumşalmaya gedilsə, təbii ki, bunun qarşısını almaq olmaz. İnsanlar kütləvi şəkildə maskadan imtina edə bilər. Ona görə, məsləhət olunandır ki, ticarət və iaşə obyektləri ilə bağlı hissəli şəkildə yumşalma olsun”.

Günel Azadə

banner

Oxşar Xəbərlər