• cümə axşamı, 28 mart, 15:43
  • Baku Bakı 16°C

Bu gün mətbuat üçün təmənnasız iş görəcək yeganə qüvvə dövlətimizdir

25.07.13 09:44 1936
Bu gün mətbuat üçün təmənnasız iş görəcək yeganə qüvvə dövlətimizdir
“Kaspi”nin suallarını “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev cavablandırır.
- Milli Mətbuat günü prezident İlham Əliyev jurnalistlər üçün yeni inşa edilmiş yaşayış binasının açılışını edib. Azərbaycan jurnalistika tarixində ilk dəfə olaraq 155 jurnalistə mənzil hədiyyə edilib. Bu hadisə sizdə hansı təəssüratı yaradıb?
- Birmənalı olaraq mən bunu Azərbaycan jurnalistikası tarixində böyük hadisə kimi qiymətləndirirəm. Ev alan bütün jurnalist həmkarlarımı təbrik edirəm. Bu dəfə ev ala bilməyənlərə də səbir diləyirəm. Həmin jurnalistlər bu gündən başlayaraq işlərini elə istiqamətdə qursunlar ki, növbəti bina təhvil veriləndə onların da ev almaq şansları real olsun. Şübhə etmirəm ki, növbəti mərhələdə daha çox jurnalist ev sahibi olacaq. Azərbaycan jurnalistikası tarixində jurnalistlərin qrup və fərdi halında sevindiyi bir çox hadisələr olub. Amma tam mübaliğəsiz demək olar ki, bir dəfəyə 155 nəfər jurnalistin mənzil sahibi olması faktına bu günə qədər rastlaşmamışdıq. İlk dəfə idi belə hadisəni həm yaşayır, həm də şahidi olurduq. Əlbəttə milli mətbuatımızın yaranması 1875-ci ildə bir qrup Azərbaycan ziyalısını, qələm sahibini də sevindirmişdi. Ancaq etiraf edək ki, jurnalistika tariximizdə çoxsaylı jurnalistləri sevindirə biləcək belə bir hadisə olmamışdı. Həmin hadisəni biz ilk dəfə bu həftə yaşadıq. Eyni zamanda bu hadisə ölkədə jurnalistlərin, medianın dövlətçilik prinsipləri, milli mənafelərin müdafiəsi ətrafında birləşməsinin nə qədər zəruri olduğunu bir daha göstərməklə, jurnalistikamıza böyük bir çağırış idi. Bu, Azərbaycan mediasının dövlətçiliyimiz, milli mənafeyimiz və maraqlarımız ətrafında daha sıx birləşməsi üçün bir jest oldu. Görünür, baş verən hadisənin bu kontekstdən əhəmiyyətini azaltmaq üçün artıq müəyyən beynəlxalq çevrələrdən məqsədli, təxribat xarakterli addımlar atılır, cəhdlər edilir. Elə bu günlərdə Moskvada bir nəfərin guya Azərbaycanda jurnalistlər üçün ev tikmək fikrində olması ilə bağlı bəyanatının yayılması buna misaldır. Azərbaycan jurnalistləri çox yaxşı dərk edirlər ki, Milli Mətbuatımız üçün təmənnasız iş görə biləcək yeganə qüvvə Azərbaycan dövləti və onun qanuni təmsilçiləridir. Bu nöqteyi-nəzərdən xaricdəki hər hansı mərkəzdən tənzimlənən addımlar öz nəticəsini verə bilməz. Bizim jurnalistlərimiz də xaricdən təmənnalı şəkildə atıla biləcək addımlara, yaxud bəyanatlara cəfəng işlər kimi baxırlar. Mənim fikrimcə, dünyada analoqu olmayan hadisənin ilk dəfə Azərbaycanda baş verməsi həm də ölkəmizin dövlətçilik tarixinə yazılacaq. Azərbaycan prezidentinin bir neçə il bundan qabaq verdiyi qərara uyğun olaraq, jurnalistləri mənzillə sevindirməsi bizim dövlətçilik tariximizdə çox əhəmiyyətli hadisə kimi qalacaq. Prezidentin jurnalistlərlə bağlı, media mənsublarına yönəlik sosial-iqtisadi, müdafiə, dəstək xarakterli addımları, belə hadisələrin davamlı xarakter almasına rəvac verəcək. İnanıram ki, ölkə rəhbəri Azərbaycan jurnalistikasının inkişafına, jurnalistlərin sosial şəraitinin yaxşılaşdırılmasına yönəlik tədbirləri bundan sonra da davam etdirəcək.
- Jurnalistlərə mənzil hədiyyə edildikdən sonra sosial şəbəkələrdə, eləcə də bəzi media qurumlarında bununla bağlı müxtəlif səpkili fikirlər səsləndirilib. Sadə jurnalistlərlə yanaşı, baş redaktorlara da mənzillərin verilməsi isə daha çox müzakirə predmetinə çevrilib. Siz bu kimi hallara münasibətiniz necədir?
Jurnalistlərə mənzil veriləndən sonra ona verilən reaksiyalar heç xoşuma gəlmədi. Bəzən baş redaktorların ünvanına deyilən kəskin fikirlər, müəyyən hallarda isə təhqirlər, qarğışlar məndə təəssüf hissi doğurdu. Bunları heç cür təqdir etmirəm. Belə fikir müəlliflərinə, jurnalistlərə sadəcə tövsiyə edirəm ki, bu cür qeyri-insani fikirlər səsləndirməsinlər. bundansa növbəti mərhələdə ev almaq üçün işlərini düzgün qursunlar. Prezidentin sərəncamının da bu istiqamətdə məzmununu təhrif etmək, onun əhəmiyyətini kiçiltmək lazım deyil. Sərəncamda mənzili olmayan jurnalistlərlə yanaşı, mənzil şəraiti pis olan qələm sahiblərinin mənzil şəraitinin yaxşılaşdırılması da nəzərdə tutulub. Ona görə də baş redaktorlar içərisindən evi olmayanların ev alması, mənzil şəraiti yaxşı olmayanların daha şəraitli mənzillə təmin olunması, gərək anlayışla qarşılansın. Həm də unutmaq olmaz ki, baş redaktorlar da jurnalistdir. Onlar başqa jurnalistlərdən heç də az olmayan bir məşəqqətli jurnalistika yolu keçiblər. Həmin adamlar qəzetlər təsis ediblər, bu mətbuat orqanlarını saxlayıb inkişaf elətdiriblər. bu qəzetlərdə saysız-hesabsız jurnalistlər az da olsa çörək yeyiblər. Bəzən bu jurnalistlərin çoxu fərqinə də varmayıblar ki, baş redaktorlar çətinliklə saxladıqları qəzetləri hansı mənbədən maliyyələşdiriblər. Üstəlik qəzetlərdə gedən yazılara görə, ayrı-ayrı dövlət məmurlarından, iş adamlarından, cəmiyyət nümayəndələrindən gələn müxtəlif səpkili təzyiqlərə də məhz baş redaktorlar sinə gəriblər. Bu çətin mübarizədə bəzən jurnalistlərin çoxu yazı yazmaqdan başqa hər hansı formada iştirak etməyiblər. Ona görə də bizlərə qarşı müxtəlif fikir bildirənlərə tövsiyəm ondan ibarətdir ki, baş redaktorların bu haqqına sayqıyla yanaşsınlar. Mənzil alanlar içərisində mənim tanıdığım baş redaktorların hamısının ya mənzilə ehtiyacı var idi, yaxud da mənzil şəraitini yaxşılaşdırmağa. Bunu qaralamaq düzgün deyil.
- Ötən müddət ərzində ümumilikdə mediaya göstərilən diqqət və qayğını necə qiymətləndirirsiniz?
- Xüsusilə son 4-5 ildə mətbuata dövlət səviyyəsində çox böyük dəstək verilib. Bir vaxtlar biz jurnalist olaraq mətbuatımızın inkişafına dəstək vermədiyinə görə hökumətin ünvanına daha çox tənqid səsləndirirdiksə, hazırda tənqidə əsas ola biləcək məqamlar minimuma enib. Bir vaxtlar biz dövləti, hökuməti mətbuata iqtisadi dəstək verməməkdə günahlandırırdıq. Ancaq bu gün dövlət və hökumət mətbuatın ən böyük lobbiçisinə çevrilib. Bu gün dövlətə söykənməkdən başqa mətbuatın etibarlı dayağı yoxdur. Bir neçə il bundan qabaq dövlətin mətbuata dəstəyi olmasaydı, hazırda fəaliyyət göstərən bəzi mətbuat orqanları çoxdan fəaliyyətini dayandırmışdı. Unutmayaq ki, məhz bu dəstəyin hesabına yeni-yeni nəşrlər, saytlar işıq üzü görüb. Fikrimcə, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu bir mexanizm olaraq çox səmərəli işləyir. Uğurlu layihə kimi meydana çıxan fonda ölkə başçısının ardıcıl və prinsipial dəstəyi var. Bu fond Azərbaycanda ənənəsi olmayan və sıfırdan fəaliyyətə başlayan uğurlu təşkilat oldu. Bunun özü də bizim uğurumuz, nailiyyətimizdir.
- Sizcə, bu gün yazılı mətbuatın üzləşdiyi xüsusi çətinliklər, problemlər hansılardır?
- Ciddi bir problemdən danışmaqda çətinlik çəkirəm. Əgər bu gün ölkənin sanballı çap və elektron mediası dövlətin timsalında möhkəm bir arxa tapa bilibsə, dövlətdən ardıcıl olaraq dəstək görə bilirsə, burada həllolunmaz problemdən danışmaq olduqca çətindir. Sadəcə olaraq, müəyyən müsbət tendensiyalara mane olan mənfi təmayüllər meydana çıxır və çıxacaq. Bunlar “reket” jurnalistika, jurnalist peşəkarlığının daha çox artırılması, ən əsası isə jurnalistlərin informasiya mənbələrinə birbaşa çıxışı sahəsindəki çətinliklərlə bağlıdır. Təəssüf ki, hələ də bəzi dövlət təşkilatları, böyük şirkətlər informasiya verilməsi məsələsində mətbuatla, jurnalistlərlə açıq olmağın nə qədər böyük əhəmiyyət kəsb etdiyinin fərqinə varmırlar. Onlar media ilə işləmirlər. Buna görə də bəzən media etibarlı və anonim mənbələrə, yaxud ehtimallara əsaslanaraq məlumat yayır. Bu isə sonda müəyyən problemlər yaradır. Ancaq bunun da müvəqqəti çətinlik olduğunu, tezliklə həll ediləcəyini düşünürəm.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər