• cümə, 19 Aprel, 05:09
  • Baku Bakı 18°C

“Bu gün güc Azərbaycandır”

28.04.16 10:44 1380
“Bu gün güc Azərbaycandır”
"Bəzi gerçəkliklər var ki, onlar Sarkisyanın ziddiyyətli davranmasına səbəb olur. Söhbət ondan gedir ki, aprel döyüşlərində ordumuz Ermənistanın təxribatlarına gözlənilməz cavab verdi. Azərbaycan ordusu hücuma keçdi, özü də kiçik qüvvə ilə. Bununla belə, Ermənistan ordusuna ciddi məğlubiyyət yaşatdı. Çox böyük itkilər verən Ermənistan ordusu pis vəziyyətdə qaldı. Beləliklə də, indiyə qədər yaradılan sabun köpüyü, erməni ordusu mifi həm daxili, həm də beynəlxalq ictimai rəydə darmadağın oldu. Bu isə Sarkisyan hakimiyyətini arzu etmədiyi duruma saldı”.
Bu fikirləri "Kaspi”yə açıqlamasında politoloq Natiq Miri Ermənistan prezidenti Serj Sarkisyanın son zamanlarda nümayiş etdirdiyi ziddiyyətli davranışlar haqda fikirlərini bölüşərkən dedi. Bildirdi ki, həmişə qalib erməni ordusundan danışan işğalçı prezidentin pafoslu çıxışları heç oldu: "Nəinki ermənilər, bəzi xarici mənbələr də müəyyən konfranslarda, tədbirlərdə deyirdilər ki, erməni ordusu qalibdir. Düşünürdülər ki, buna görə Azərbaycan müəyyən güzəştlərə getməlidir. Birdən-birə bu mif yoxa çıxdı. Məlum oldu ki, Azərbaycan ordusu heç bir kömək olmadan, qısa müddətdə öz torpaqlarını azad etmək qüdrətindədir. Bundan başqa, nəzərə almaq lazımdır ki, bu gün Ermənistan ictimai rəyində Sarkisyanla bağlı ciddi narazılıq var. Bunun üstünə Qarabağ cəbhəsində çox ciddi itkilərin olmasını və məğlubiyyətin yaşanmasını gələk. Belə məsələlər erməni toplumunda mənəvi-psixoloji gərginlik yaratdı. Erməni ictimaiyyəti hələ də bu gərginliyi üstündən ata bilmir. Məğlubiyyətlə də barışmaq istəmirlər. Bütün bunların təqsirini Sarkisyanda görürlər. O da ictimai rəyi yönləndirib başqa düşmən obrazı yaratmaqla məşğuldur. Antirusiya ovqatı yaratdılar və Rusiya səfirliyi qarşısında mitinqlər keçirildi. Daha sonra isə Azərbaycana hücumlar başladı. Amma Rusiyanın üzərindən ittihamlar yenə də götürülmədi. Çünki Rusiyanı ölkəmizi silahlandırdığına görə qınayırlar”.
Politoloqun fikrincə, S.Sarkisyan hakimiyyəti toplumun gözündə kiçilib və hörmətsiz duruma düşüb. Buna görə də S.Sarkisyana kiçik də olsa, qələbələr lazımdır: "Lokal xarakterli də olsa, döyüşlər istəyirlər ki, indiyə qədər cəmiyyətə təqdim olunmayan erməni əsgərlərinin meyitlərini ailələrinə qaytarmaq mümkün olsun. Çünki yaydıqları rəqəmlər həqiqəti əks etdirmirdi və ölənlər xeyli çox idi. Bir yüksəklik belə qaytarılarsa, bu, onun imicinə ciddi təsir edər. Sarkisyan danışıqlar masasında indiki kimi zəif mövqe ilə əyləşmək istəmir. Bu cür vəziyyətdə ölkəmizə qarşı heç bir iddia ilə çıxış edə bilmir. Ümumiyyətlə, zəif tərəf iddiaçı kimi qəbul olunmur. Beynəlxalq hüquq normaları olsa da, fakt odur ki, güc məsələsi də ciddi faktor kimi qəbul olunur. Bu gün güc Azərbaycandır. Sarkisyan gah danışıqlardan imtina etməklə, gah da Azərbaycanı durdurmaq üçün qarantiya istəməklə anlaşılmaz mövqe sərgiləyir. Son zamanlar Dağlıq Qarabağ cəbhəsində rus generaliteti peyda olmağa başlayıb. Özü də onlar Krımın ilhaqında birbaşa iştirak edən generallardır. Rus hakimiyyəti bunu istəməsə, heç bir generalı ora getməz. Onlar Sarkisyan hakimiyyətinin kiçik də olsa qələbəsi üçün gətirilir ki, Sarkisyanın imici daxili və xarici siyasətdə möhkəmlənsin. Bu məsələ təkcə Sarkisyanın iddiası deyil. Məncə, belə plan Lavrovun sonuncu səfərində razılaşdırılıb. Bu gün rus hərbçiləri Dağlıq Qarabağda peyda olubsa, deməli, Ermənistanın növbəti addımları ilə bağlı yol xəritəsi cızılıb. Bu davranışlar da ona uyğundur”.
Politoloq Qabil Hüseynli hesab edir ki, S.Sarkisyan 5 rayonun Azərbaycana qaytarılmasından çox qorxur: "Onsuz da Ermənistanda "Qarabağ klanı”na böyük bir nifrət var. Sarkisyan da başa düşür ki, Azərbaycan ordusunun qələbəsindən sonra erməni cəmiyyəti şokdadır. Belə şəraitdə güzəştə getməyə razı olsa, bu, ölkə əhalisinin onun üstünə qalxmasına səbəb ola bilər. Ona görə də hakimiyyəti itirməkdən qorxur. Hazırda o, postunu qoruyub saxlamaqla məşğuldur. Ona görə də danışıqlara meylli deyil. Əminəm ki, bu məqam Lavrova deyilib, Rusiya ilə razılaşdırılıb. Beləliklə də, danışıqlar variantından müvəqqəti olaraq imtina edir. Bu o demək deyil ki, Sarkisyan müharibə variantını seçir. Zənnimcə, o, ordunu düşdüyü stressdən çıxarmaq üçün bu addımları atır. Əgər Rusiya diktə etsə, sülhyaratma prosesinə səmimiyyətlə yanaşsa, bir müddətdən sonra Sarkisyanı sülh danışıqlarına cəlb etmək mümkün olacaq”.
Politoloq Ərəstun Oruclu da S.Sarkisyanın hazırda əsas istəyinin hakimiyyəti əldə saxlamaq olduğunu düşünür: "Ermənistan hökuməti mif yaratmışdı ki, guya Dağlıq Qarabağdakı işğalçı silahlı dəstələr dünyanın ən nizamlı ordularından biridir. Hətta bir sıra hallarda müstəqil Rusiya ekspertləri də buna dəstək verirdilər, bu fikri gücləndirirdilər. Amma indi bu mif dağılıb və adi bir əməliyyatdan sonra orada təlaş başlayıb. Ermənistan rəhbərliyi gördü ki, o, heç öz müttəfiqləri arasında da düşündüyü qədər dəstəyə malik deyil. Fakt odur ki, cəmiyyət çalxalanıb. Və belə olduğundan, mövcud durumdan çıxmaq üçün addımlar atmaq lazımdır. Ehtimal odur ki, Sarkisyan kiçik hərbi uğur qazanmaq arzulayır. Məhz bu səbəbdən də atəşkəsi pozurlar. Qoşunların təmas xəttindəki yaşayış məntəqələrimizi atəşə tuturlar. Bir növ, Azərbaycanı təxribata çəkmək istəyirlər. Ya Azərbaycanı təcavüzkar kimi göstərmək, ya da mümkün olarsa, uğurlu əməliyyat keçirib heç də hər şeyin düşünüldüyü kimi olmadığını nümayiş etdirmək istəyirlər. Yəni Sarkisyanın başlıca hədəfi hakimiyyətini qoruyub saxlamaq istəyidir”.
Şəfa Tapdıq
banner

Oxşar Xəbərlər