AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Bu gün Dünya Ətraf Mühitin Mühafizəsi Günüdür

Bu gün Dünya Ətraf Mühitin Mühafizəsi Günüdür

Təfsilat
05 İyun 2020, 13:38 189
XX əsrin sonlarından başlayan elmi-texniki tərəqqinin, sənayenin sürətli inkişafının ətraf mühitə etdiyi təsirlər XIX əsrin ortalarında öz mənfi nəticələrini göstərməyə başlayıb. İnsanlar təbiətə olan münasibətlərini dəyişməyəcəkləri, onun ehtiyatlarından səmərəsiz istifadəni dayandırmayacaqları təqdirdə həmin prosesin onların özlərinə qarşı çevriləcəyini və arzuolunmaz sonluqlara gətirib çıxaracağını anlayıblar. Yaranan problemin gələcəkdə qlobal kataklizmlərə səbəb olacağını başa düşən alimlər və ekoloqlar öz etiraz səslərini ucaltmağa, həyəcan təbili çalmağa başlayıblar.

AZƏRTAC xəbər verir ki, problemin ciddiliyini dərk edən beynəlxalq təşkilatlar, tərəqqipərvər dünya ictimaiyyəti məsələni daim diqqət mərkəzində saxlamağa çalışıb. Belə ki, 1972-ci il iyunun 5-də Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının İsveçin paytaxtı Stokholm şəhərində keçirilən iclasında da ətraf mühitin mühafizəsi məsələsi diqqət mərkəzində olub. Problemin kəskinliyini, əhali arasında ekoloji şüurun yüksəldilməsinin, ətraf mühitin mühafizəsi məsələlərinə diqqətin yönəldilməsinin vacibliyini nəzərə alan tədbir iştirakçıları iyunun 5-nin Dünya Ətraf Mühit Günü və ya Dünya Ətraf Mühitin Mühafizəsi Günü kimi qeyd olunmasına qərar veriblər. Növbəti ildən həmin gün bütün dünyada təntənəli şəkildə qeyd olunmağa başlayıb.

Azərbaycanda da ətraf mühitin mühafizəsinə xüsusi diqqət yetirilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi ətraf mühitin qorunması, təbiətdən, yeraltı sulardan, mineral xammal ehtiyatlarından və yerüstü sərvətlərdən səmərəli istifadə edilməsi, onların bərpası və mühafizəsi, bioloji müxtəlifliyin qorunub saxlanılması məqsədilə müxtəlif tədbirlər həyata keçirir.

Nazirlik plastik və polietilen məhsullardan istifadənin azaldılması istiqamətində də nəzərəçarpacaq addımlar atır. Ölkənin müxtəlif bölgələrində plastik qabların toplanılması üçün konteynerlər yerləşdirilir. Alternativ qablaşdırma materiallarından istifadənin genişləndirilməsi məqsədilə təbliğat işləri davam etdirilir, polietilen torbalara alternativ olan parça və kağız torbaların istehsalı ilə məşğul olan müəssisələrin nümayəndələri ilə görüşlər keçirilir. Həmçinin nazirlik tərəfindən plastik qablaşdırma tullantılarının idarə edilməsi üzrə beynəlxalq təcrübə öyrənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu gün ətraf mühitin çirklənməsinə səbəb ola biləcək fəaliyyətin qarşısının alınması, aztullantılı texnologiyaların tətbiqi, beynəlxalq təşkilatlar və inkişaf etmiş ölkələrlə ətraf mühitin mühafizəsi sahəsində əlaqələrin genişləndirilməsi, əhali arasında ekoloji təbliğatın və maarifləndirmənin gücləndirilməsi prinsiplərini tətbiq edir.

Son illər Bakıda və ətraf yaşayış massivlərində həyata keçirilən ekoloji tədbirlər, o cümlədən ağacəkmə aksiyaları birbaşa ətraf mühitin qorunmasına və yaşıllaşdırmaya xidmət edir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən hər il meşəbərpa tədbirləri həyata keçirilir, yeni meşə sahələri və yaşıllıqlar salınır, qiymətli ağac və kol cinslərinin qorunması və artırılması sahəsində işlər görülür.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, ötən il Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən tarlaqoruyucu meşə zolaqlarının, yaşıllıqların salınmasında iqtisadi səmərə verən bitki növlərindən istifadə səviyyəsinin artırılması, meşə sahələrinin seyrəkləşməsinin və azalmasının, torpaqların eroziyası təhlükəsinin qarşısının alınması, bütövlükdə ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədilə ölkənin 60,4 min hektar meşə fondu torpaqlarına xidmət göstərilib, o cümlədən 14 min hektarda meşəbərpa tədbirləri aparılıb.

Görülmüş tədbirlər çərçivəsində 1,5 min hektar sahədə yeni meşə ağacları əkilib, o cümlədən 12 hektar sahədə meyvə, ağac və kol cinslərinin toxumları səpilib və 12,5 min hektar sahədə meşələrin təbii bərpasına kömək tədbirləri həyata keçirilib. Bundan başqa, 61,7 min hektar meşə fondu torpaqlarında birdəfəlik suvarma işləri aparılıb.

Ötən ilin yaz və payız ağacəkmə mövsümlərində ölkənin meşə və qeyri-meşə sahələrində, ümumilikdə 2 milyona yaxın ağac əkilib. Bu il isə daha çox ağac əkmək planlaşdırılır.

2019-cu il ölkəmizdə genişmiqyaslı ağacəkmə aksiyasının keçirilməsi ilə də yadda qalıb. Belə ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə dekabrın 6-da respublikanın bütün bölgələrində dahi şair İmadəddin Nəsiminin 650 illiyi münasibətilə bir gündə 650 min ağac əkilib. Aksiyada 200-dən çox dövlət qurumu və özəl təşkilat iştirak edib. Əkilən ağacların hamısı nazirliyin tinglik təsərrüfatlarında yetişdirilib. Ümumilikdə, aksiya zamanı 37 növ ağac əkilib.

Hər il bir deviz altında qeyd edilən bu günün cari ildəki şüarı "Biomüxtəliflik”dir.