“Bu, gələcəyin təhsilidir, bütün dünya bu təhsili inkişaf etdirir”
Ənənəvi
təhsil metodu ilə yanaşı, bu gün dünyada distant təhsilin tətbiqi ilə bağlı işlər
görülür. 2009-cu ildən etibarən ölkəmizdə "Təhsil Haqqında” Qanuna təhsil
üsullarından biri olaraq distant təhsil də əlavə edilib. Zaman-zaman müzakirə
mövzusu olan distant təhsilin universitetlərimizdə tətbiqi ilə bağlı işlər
görülməkdədir.Amma bu mövzu
ilə bağlı hər kəsdə müəyyən suallar yaranır. Distant təhsildən necə və kimlər
yararlana biləcək? Universitetlərimiz buna hazırdırmı? Təhsil haqları necə olacaq? Bu kimi bir çox suallar ətrafında ölkəmizdə
Distant Təhsil Platforması hazırlayan, "Erasmus+” və "Tempus” beynəlxalq təhsil
layihələrinin regional koordinatoru, Azərbaycan Texniki Universitetinin
Texnoloji Komplekslər və Xüsusi Texnika Kafedrasının müdiri, əməkdar elm
xadimi, texnika elmləri doktoru, professor Həsən Hüseynovla söhbətləşdik.
- Distant təhsil platforması üzərində işləyirsiniz.
Platforma necə olacaq? Hazırlıqlar necə gedir?
- Artıq
Avropa İttifaqı ilə iki layihə yerinə yetirilir. "Tempus” və "Erasmus+”. Birinci layihə yekunlaşmaq ərəfəsindədir,
ikincinin isə birinci ili gedir. Hər iki layihə üzrə avropalı ekspertlərlə işləyirik.
"Tempus” layihəsi üzrə Fransanın Qrenobl Akademiyası, Portuqaliyanın Espinho
ali məktəbi, İspaniyanın Jirona,
İtaliyanın UNINETTUNO-TELEMATIKA, Rumıniyanın İoan Aleksandru Kuza, Botlqarıstanın
Aqrobiznes, Yunanıstanın Aralıq dənizi Universitetləri ilə "Erasmus+” layihəsi
üzrə isə Parisin CNAM, İspaniyanın Sevilya, Almaniyanın Leyptsiq Texniki Universiteti,
İtaliyanın UNINETTUNO-TELEMATIKA universiteti ilə işləyirik.
UNINETTUNO-TELEMATIKA universiteti distant təhsil üzrə dünyəvi şəbəkədir. Bütün
dünya üzrə distant təhsil təşkil edir. Bu universitet bizimlə çox aktiv işləyir.
"Erasmus+” layihəsi çərçivəsində bu yaxınlarda UNINETTUNO-TELEMATIKA
universiteti ilə layihənin Azərbaycandan olan tərəfdaş universitetləri arasında
skayp konfrans keçirildi. "Erasmus+” layihəsinin Azərbaycandan olan tərəfdaşları
- Azərbaycan Texniki Universiteti (regional koordinator), Azərbaycan Memarlıq və
İnşaat Universiteti və Sumqayıt Dövlət Universitetinin hər birindən 2 tyutor və 2 texniki işçinin qatıldığı
skayp konfransda onların gələcək fəaliyyətləri ətraflı izah edildi.
- Tyutorların iştirakı maraqlıdır.
Bu təhsildə onların işi nədən ibarətdir?
- Distant təhsildə tyutorların fəaliyyəti çox
vacibdir. Tələbə ilə müəllim arasındakı interaktiv fəaliyyəti onlar təşkil etməlidirlər.
Onlar informasiya texnologiyalarını yaxşı bilməli, mükəmməl xarici dil
bacarıqlarına malik olmalıdırlar. İyul ayının 10-16-da hər universitetdən bir
tyutor İtaliyanın UNINETTUNO-TELEMATIKA universitetində bir həftəlik seminara
qatılmalıdırlar.
-
İlkin mərhələdə bu pilot layihə olaraq başlanılacaq, yoxsa...
- Azərbaycan təhsil qanununda distant təhsil nəzərdə tutulub. Amma bu gün
üçün distant təhsilin müvafiq normativ-hüquqi bazası yoxdur. Mart ayında Telematika
Universitetindən iki rəhbər işçisi ölkəmizdə qonaq oldu. Biz burada bir neçə
seminar keçirdik, Təhsil Nazirliyində, Milli Məclisin Elm və Təhsil komitəsində
olduq. Təhsil Nazirliyi bu məsələlərdə çox maraqlıdır və bizə yaxından köməklik
edir. Nazirlikdəki görüşdə pilot layihənin ilk olaraq qiyabi təhsildə, təkmilləşdirmə
kurslarında və əlavə təhsil xidmətlərində tətbiqi müzakirə edildi. Buna görə Təhsil
Nazirliyi bizdə olan 3 ixtisasa qiyabi təhsil qrupları verdi. Layihəyə ilk
olaraq əmək bazarının tələbini öyrənməklə başladıq. 500 nəfər peşəkar işçi
arasında 30-a qədər meyar əsasında sorğu keçirdik, binaların enerji səmərəliliyi
və bərpa olunan enerji mənbələri üzrə 3 prioritet peşə, onlara uyğun ümumi və
spesifik kompetensiyalar müəyyənləşdirdik. Layihənin Azərbaycandan olan tərəfdaş
universitetlərinin hər biri üçün bir ixtisas seçildi. Layihənin əvvəlində tərəfdaş
universitetlərin rektorları,
aparıcı mütəxəssisləri və Təhsil Nazirliyinin nümayəndələrindən ibarət 9 nəfərlik
heyət Fransanın Paris şəhərində olan CNAM Universitetində strateji
təlim seminarında oldu. CNAM Fransanın ən
qədim universitetlərindəndir. 450 adda diplom verir, 100 min tələbəsi var. Qayıdandan sonra hər 3
universitet üçün layihə çərçivəsində Strateji fəaliyyət planı tərtib olundu.
Daha sonra tərəfdaş universitetlərdən 7 nəfər müəllim CNAM universitetində həmin
ixtisaslar üzrə təkmilləşdirmə kurslarında oldular.
- İlk ali təhsili
distant almaq mümkün olacaq?
- Ölkəmizdə
distant təhsillə bağlı müəyyən hüquqi-normativ bazanın olmadığı üçün tam dəqiq
nəsə demək olmur. Amma distant təhsilin üstünlüyü çoxdur. Bu təhsil növü ilə
biz bilavasitə beynəlxalq təhsil məkanına inteqrasiya oluna bilərik. Məsələn,
bizim tələbələr Avropanın hansısa görkəmli bir mütəxəssisinin mühazirələrini
dinləmək imkanlarına malik olur. Hüquqi bazanın yaradılması ilə bağlı Milli Məclisin Elm və təhsil komitəsində müzakirələrimiz
oldu. Gələcəkdə, görünür, Təhsil Haqqında Qanuna distant təhsillə əlaqədar müəyyən
əlavələr hazırlamaq lazım gələcəkdir.
- Universitet tələbəyə təkcə təhsil
vermir, eyni zamanda gənclərin sosial aktivliyinə şərait yaradacaq bir çox işlər
görülür. Bəs tələbə ilk ali təhsilini distant alsa, o sosial aktivlik cəhətdən
geri qalmayacaq?
- Düz qeyd edirsiniz. Distant təhsildə müxtəlif istiqamətlərdə
onlarla kompetensiyaların aşılanması nəzərdə tutulur. Tüninq metodologiyasında
85 ümumi kompetensiya nəzərdə tutulub ki, onlardan 30-u geniş yayılıb. 8-i isə
çox vacib sayılır. Kompetensiyalar üç növdür: alət qurma, münasibət qurma və
sistemlilik kompetensiyaları. Sizin dediyiniz sosial aktivlik münasibətlər
kompetensiyaları vasitəsilə təmin olunacaqdır. Distan təhsil elektron təhsildir
və əsasən istehsalatda işləyənlər üçün nəzərdə tutulur. İstehsalatda işləyən
mütəxəssislər arasında kifayət qədər sosial münasibətlər vardır və onları
inkişaf etdirmək vacib şərtdir.
- Təcrübəsini öyrəndiyiniz ölkələrdə
ilk ali təhsil distant olurmu?
- Bu amil abituriyentdən asılıdır. Kim hansı təhsil növünü istəyirsə,
onu da seçir.
- Bizdə elektronlaşma sürətlə getsə
də, onlayn xidmətlərə alışma səviyyəsi hələ yüksək deyil. Sizcə, distant təhsilə
maraq olacaq?
- Bu, gələcəyin təhsilidir, bütün dünya distant təhsili inkişaf
etdirir. Rusiya, Qazaxıstan və Gürcüstanda bununla bağlı böyük işlər görülür,
hüquqi-normativ baza yaradılır. Bütün dünya distant təhsillə maraqlanır və onu
təkmilləşdirməyə, öz təhsil sisteminə uyğunlaşdırmağa çalışır. Distant təhsil
işçiyə iş yerindən ayrılmadan elektron təhsil almaq, təkmilləşmək imkanı verməlidir.
Kompüterləşdirmə elmi-texniki tərəqqini sürətlə inkişaf etdirir, müasir fəhlə dəzgahın
arxasında deyil, artıq onun yanında dayanır, operator funksiyasını yerinə
yetirir. Hər bir iş yerində yeni texnologiyaların, proqram-metodiki komplekslərin
tətbiqinə tələbat vardır. Yəni yeni təhsil paradiqmi müəllimə, kafedraya yox əmək
bazarına, müəssisəyə, iş yerinə istiqamətlənməni
nəzərdə tutmalıdır.
- 30 Avropa universitetinin
distant təhsilini öyrənibsiniz. Distan təhsil ənənəvi təhsilin verdiyi nəticəni
nə dərəcədə verə bilir?
- Onu müqayisə etmək çətindir. Çünki distant təhsil hələ yeni-yeni tətbiq
olunmağa başlayır. Hər ölkənin, hər universitetin tətbiq etdiyi formatda fərqlilik
vardır. Ümumi məxrəcə gəlmə yoxdur. Aydın məsələdir ki, distant təhsil zamanın,
müəssisələrdəki işçilərin təkmilləşdirilməsinin, əmək bazarının tələbidir.
- Hər ölkənin, universitetin tətbiq
etdiyi distant təhsildə fərqlər olduğunu dediniz. Əsas fərqlər nələrdir və
maraqlıdır, ölkəmiz üçün ortaq bir üsul seçilibmi?
- Azərbaycan üçün hələ ilkin pillədir. Biz hələ pilot layihəsi üzərində
işləyirik. Layihə çərçivəsində mobil studiyaların alınması nəzərdə
tutulub. Müəllimlərin mühazirələri
yazılacaq, sonra multimedia vasitələri ilə səs, animasiya multiagentli
texnologiyalarla yüklənəcəkdir. Məsələn, Cənubi Koreyada distant təhsil verilən
Kiber texnologiyalar universitetində mühazirə oxudum. Mobil studiya mühazirəni
yazıb, qonşu sexə ötürdü, həmin sexdə 20-yə qədər mütəxəssis işləyirdi. Biri
ona səs, biri rəng, digəri animasiya verir, başqa biri laboratoriya bazasında
real prosesi göstərir və mühazirə efirə
göndərilir və ya kompakt diskə yazılır. Normativ-hüquqi baza çox vacib məsələdir. Bir də, nəzarət
mexanizmi güclü olmalıdır. Həmin tələbə dərsdə necə iştirak edir? Verilən
tapşırıqları necə hazırlayır və təhvil verir? Tyutorlar və texniki işçilər tərəfindən
kreditlərə nəzarət olunacaq. Hər bir kredit müəyyən həcmdə iş görməyi və həmin
işin nəticələrini qiymətləndirməyi nəzərdə tutur. Distant təhsil o demək deyil
ki, mühazirəyə qulaq asdı və iş bitdi. O, eyni zamanda, dərsləri hazırlamalı, məşğələ
və laboratoriya işlərini yerinə yetirməli, başqa sözlə desək, imtahanqabağı
balları yığmalı və imtahan verməlidir.
- Bizim universitetlərin hamısında
bu təhsili vermək üçün lazım olan şərait var?
- Aydındır ki bütün ali təhsil müəssisələri buna hazır deyil. Ona görə,
ilk olaraq Təhsil Nazirliyi üçün ümumi bir texnoloji platforma yaradılacaq,
pilot layihə kimi sınaqdan çıxarılacaq. Söhbət diplom verməkdən gedirsə, bu,
çox məsuliyyətli işdir. Ona görə bütün hüquqi-normativ baza hazırlanmalıdır. Hər
saatın arxasında müəyyən zəhmət, təhsil durmalıdır ki, nəticədə diplom
verilsin.
- Distant təhsildə təhsil haqqının
necə təyin olunması da maraqlıdır. Ödəniş ənənəvi təhsildən aşağı olur, yoxsa
yuxarı?
- Bu, artıq universitetin öz işi
olacaq. Təhsil haqqını hesablamaq üçün texniki-iqtisadi əsaslandırmalar aparmaq
lazım gələcək.
- Dünya təcrübəsində distant təhsillə
ənənəvi təhsilin qiymətlərini müqayisə edək...
- Mən buna cavab verə bilmərəm. O, universitetin səviyyəsindən asılı
olacaq. Universitetin bu gün hansı vəziyyətdə olması önəmli məsələdir. Elə
universitet var ki, onlarda elektron təhsil kontentləri var. Eləsi var ki,
yenidən yaradılacaq. Müraciət edən şəxsin hansı sahə üzrə distant təhsil istəməsinə
də baxılacaq. Yəni, burada spesifik nüanslar çoxdur.
-
Müəyyən araşdırmalar aparıbsınız. Distant təhsilin mənfi hansısa tərəfləri
varmı?
- Bu, artıq iş prosesində məlum olacaq. Əlbəttə, nəzarət güclü
olmalıdır. Ortaya çıxan problemləri zamanla, məsləhətlə, qabaqcıl dünya təcrübəsini
öyrənməklə aradan qaldıracağıq. Birinci dəfədən heç bir texnologiya mükəmməl tətbiq
olunmur.
-
Bütün ixtisaslar üzrə distant təhsil verilməsi mümkündür?
- Nəzəri cəhətdən mümkündür. Amma universitetlərin potensiallarından
da çox şey asılıdır. Bizdə bu sahədə bir az problemlər olacaq. Çünki bizdə bu cəhətdən
müəyyən qeyri-bərabərlik mövcuddur. Universitetlərimizdə əsas professor heyəti
65-70 yaş həddindədir. Onlar yaxşı elmi məktəbi olan, sovet dövründə yetişmiş
mütəxəssislərdir. Amma müasir informasiya-kommunikasiya, dil kompetensiyaları
onlarda əsasən zəifdir. Gənc kadrlarda isə əksinə, Avropa
dillərini bilmək, informasiya texnologiyaları ilə tanışlıq nisbətən yüksəkdir.
Amma elmi bilikləri yaşlı mütəxəssislərdəki kimi dərin deyil. Onlar dərin elmi
bilik üçün bəzən çalışmırlar da. Bu cəhətdən bizim sistemdə uyğunsuzluqlar
mövcuddur.
- Belə qənaətə gəldim ki,
qabiliyyət tələb edən ixtisaslarda distant təhsil vermək çətin olacaq...
- Düzdür, nəzəri məlumatların üstünlük təşkil etdiyi ixtisaslarda
distant təhsil çoxdan var. Amma mühəndis hazırlığında distant təhsilin bəzi çətinlikləri
var. Çünki laboratoriya işləri həyata keçirilməlidir. Bu məsələ ilə CNAM
universitetində maraqlandıq. Bildirdilər
ki, laboratoriya işlərinin bir çoxunu elektron şəkildə də icra etmək olar. Amma
bəzi laboratoriya işləri üçün mütləq qurğularla işləmək lazımdır. Laboratoriya
bazasında işləmək lazım gəldikdə, tələbələrlə qruplar təşkil edilir və onlar
15-20 gün universitetə gəlib laboratoriya işlərini yerinə yetirib, kreditlərini
alırlar.
Aygün Asimqızı