• şənbə, 20 Aprel, 13:24
  • Baku Bakı 23°C

“Bu filmlər mənim vizit kartımdır”

26.11.19 09:00 9951
“Bu filmlər mənim vizit kartımdır”
Rüfət Əsədov: Kino sektorunda ən böyük bədbəxtçiliyimiz ssenari qıtlığı ilə bağlıdır
Onun haqqında araşdırma etdikdə, beynəlxalq arenada ən prestijli festivallarda iştirakının, çəkdiyi filmlərin o festivallarda layiqli nominasiyalarda yer tutduğunun şahidi oluruq. Gün keçdikcə, uğurlarının sayı da çoxalır. Sonuncu olaraq, kinorejissor Rüfət Əsədova noyabrın 18-də Rusiya Federasiyasının paytaxtı Moskvada keçirilən, STMEQİ Beynəlxalq Xeyriyyə Fondu tərəfindən təsis edilmiş Sergey Vaynşteyn adına "İlin adamı” mükafatı təqdim edilib. O, bu mükafata Azərbaycan-yəhudi münasibətlərinin inkişafına, dağ yəhudilərinin tarixinin və mədəniyyətinin qorunub saxlanılması və inkişafına görə layiq görülüb.Dağ yəhudiləri haqda 3 sənədli filmin - "Quba yəhudiləri”, "Kənddə sonuncu yəhudi” və "Peyğəmbər Yereminin göz yaşları” müəllifi olan rejissor səfər sonrası "Kaspi”nin qonağı oldu. Bizimlə söhbətində səfər təəssüratları və ona uğur gətirən filmlərindən danışdı:
- Bu mükafat 2015-ci ildə Sergey Vaynşteyn adına STMEQİ Beynəlxalq Dağ Yəhudiləri Xeyriyyə Cəmiyyəti tərəfindən yaradılıb. Sergey Vaynşteyn Bakıda doğulub, uzun müddət Rusiyada yaşayıb, əslən yəhudi olub. Antropologiya elmi ilə maraqlanıb, dağ yəhudilərinin tarixini öyrənib. Gənc yaşlarında, 2015-ci ildə dünyasını dəyişib. O, bu Beynəlxalq Xeyriyyə Fondunda məsləhətçisi olaraq çalışıb. Cəmiyyətdə böyük nüfuz qazandığı üçün onun adına beynəlxalq mükafat təsis olunub. Bu mükafat dağ yəhudilərinin mədəniyyətinin qorunub saxlanması, inkişaf etdirilməsi, təbliğatında əməyi olan insanlara təqdim olunur.
- Sizin yaradıcılığınıza nəzər yetirdikdə, dağ yəhudilərinin, ümumiyyətlə yəhudi mövzusunun üstünlük təşkil etdiyinin şahidi oluruq. Niyə məhz yəhudilərin keçmiş irsini araşdırmağa başladınız?
- 17 yaşımdan müəyyən dövrə qədər Peterburqda yaşamışam. Oradakı çevrəm, ən əsası da müəllimlərimin 80 faizi yəhudilərdən ibarət idi. İlk sevgim, dostlarım yəhudilər olub. Onların düşüncə tərzləri mənim üçün maraqlı idi. Düşünürdüm ki, necə ola bilər ki, dünyada ən çox izlənilən filmlərin 20-25 faizi yəhudi əsilli rejissorların payına düşür? Rus mədəniyyətinin əsas keşikçiləri - alimlər, yazıçılar, mədəniyyət xadimləri yəhudi əsilli insanlar idi. 90-cı illərdə Bakıya döndükdən sonra amerikalılar Azərbaycanda müştərək olaraq bir neçə film çəkmək istədilər. Bizə "istədiyiniz mövzuya müraciət edə bilərsiniz” dedilər. Həmin gündən dağ yəhudiləri ilə bağlı film çəkməyə başladım. Əsrlərlə başqa bir mühitdə yaşamaq və özünü qoruyub saxlamağı bacarmağın özəlliklərini araşdırmağa başladım.
- Sizin dağ yəhudiləri ilə bağlı çəkdiyiniz "Kənddə sonuncu yəhudi” sənədli filminiz böyük əks-səda doğurdu. Bu filmin festival həyatı da uğurlu oldu.
- 20 ildən artıqdır ki, bu işlə məşğulam. Bu film San-Fransiskoda keçirilən festivallarda qalib oldu. 2000-ci ildə Vaşinqtonda konqresdə göstərildi. Beynəlxalq Yəhudi Konqresinə təqdim olundu, mükafatlara layiq görüldü. Filmin bir nüsxəsi onların həm kitabxanasında, həm də İsrail Film Fondunda saxlanılır. Sözügedən film təkcə Amerikada 40 dəfə göstərildi. Müxtəlif mükafatlara layiq görüldü.

- Bu filmin ideyası necə yarandı?
- Bir dəfə İsmayıllıda qonaq idim. Söhbət əsnasında mənə dedilər ki, yuxarıda yəhudi kəndi var, kənddə yaşayan yəhudilər oranı tərk edib, ancaq bir nəfər qalıb. O insan kəndin qəbiristanlığına qulluq edir. Səhər durub dağa qalxdım, ancaq həmin adamı tapa bilmədim. Qəbiristanlığın vəziyyəti pis idi. Əldə düzəlmiş məftillərlə hasarlanmış, köhnə qəbirlərlə əhatələnmişdi. Deməli, həmin 85 yaşlı adamın övladları Almaniyada, Amerikada, Rusiyada, İsraildə yaşayır, özü isə yaşadığı torpaqları tərk etməyib və burada qəbiristanlığı qoruyur. Onun haqqında danışılan hekayələri dinlədikdən sonra Amerikaya getdim. Orada prodüserlərlə mövzu ilə bağlı danışdım, onlar da yaxşı qarşıladılar. Bakıya döndükdən sonra qarşıma məqsəd qoydum və gedib o insanı tapdım. Nəhayət ki, o məni qəbul etdi. O filmi dörd fəsildə – qış, yaz, yay və payızda çəkdim. İsmini isə "Kənddə sonuncu yəhudi” qoydum. Filmi Fuad Poladov səsləndirdi. Film məşhurlaşdıqdan sonra mənə bildirdilər ki, həmin kənddən çıxan insanlar yığışıb qəbiristanlığı təmir etdiriblər. Sonradan mən gedib həmin qəbiristanlığı görəndə inanmadım ki, bura həmin məkandır.
- Film həm festivalda mükafatlara layiq görüldü, həm də bir qəbiristanlığın bərpasına xidmət etmiş oldu.
- Nəinki qəbiristanlığın bərpasına səbəb, eyni zamanda filmin qəhrəmanın nəsli - övladları, nəvələri uzun illərdən sonra babaları ilə tanış oldu. "Kənddə sonuncu yəhudi” filmi İsraildə nümayiş olunanda həmin yaşlı kişinin İsraildə yaşayan qohum-əqrəbası, qardaşı, nəvələri gəlmişdilər. Onlar elə bilirdilər ki, filmdə bir dəfə atalarının şəklini göstərəcəklər. Ancaq gördülər ki, kino zalının qarşısında böyük plakatda atalarının şəkli var və bütün film o insandan bəhs edir.
- Reaksiyaları necə oldu?
- Oğlu məni bərk qucaqlayıb ağladı. Dedi ki, 8 ildir atamı görə bilmirəm. Oğlu ürəyindən açıq əməliyyat olunduğu üçün təyyarəyə minə bilmir.
- Rüfət bəy, bir çox beynəlxalq festivallarda iştirak etmisiniz. Ümumiyyətlə, beynəlxalq festivallar rejissorlara nə qazandırır?

- Festival rejissorun həm özünü, həm də dövlətini tanıtmaq üçün ideal bir vasitədir. Belə ki, həm ölkənin adından çıxış edirsən, həm də festivalda iştirak edən xarici rejissorlar, prodüserlərlə tanış olursan, yaxşı əlaqələrim formalaşır. Festivalda prodüserlərlə əlaqə yaranır, gələcək işlərin təməli qoyulur. Burada sən tək öz filmini göstərmirsən, başqalarının da filminə baxırsan. Film bir düşüncə tərzidir. Belə ki, filmə baxmaqla alman, ingilis, fransızın düşüncə tərzinə şahidlik edirsən. Misal üçün, almanlarla bağlı 15 il əvvəl Şəmkirdə sonuncu almanla bağlı film çəkmişdim. Bu həmin almanın həyat tərzinə bir azərbaycanlı rejissorun baxışı idi.Bizdə vəziyyət bir az fərqlidir. Belə ki, rejissor filmi çəkir, onu festivala göndərmirsə, ona 3-5 qohum-əqraba baxdıqdan sonra uzaq başı ən yaxşı halda bir dəfə televizorda göstərib, rəfə qoyulur. Bununla da film ölür. Biz kinomatoqrafik ölkə deyilik. Buna görə də ölkədən xaricə çıxmaq mütləqdir.
- Filmin beynəlxalq fetivallara çıxmasında prodüserlərin böyük rolu var. Yəni, rejissorun işi filmi çəkməkdirsə, onu beynəlxalq arenada tanıtmaq üçün də yaxşı prodüserin olması mütləqdir.
- 2000-ci ildəABŞ-ınKaliforniya ştatınınSan-Fransiskoşəhərində yerləşən "Promatheus Production" kinostudiyasında kurs keçdim və burada çox şey öyrəndim. Belə ki, rejissorun özü həm də prodüser olmalıdır. Prodüser filmin marağında olan insandır. Dünyanın ən məşhur aktyorları, rejissorları çox zaman prodüser kimi çalışırlar. Bizdə isə bu yöndə bəzi problemlər var və bizim beynəlxalq arenaya çıxma şansımız çox azdır. Sənədli filmin gəlir gətirmə ehtimalı çox azdır. Ən azı, filmə xərclədiyindən iki dəfə artıq pul çıxara bilirsənsə, sevinirsən. Mən həmişə sizin peşəyə həsəd aparmışam. Çünki məhsulu ərsəyə gətirmək üçün elə çox material lazım deyil. Əvvəllər kağıza yazırdınız, indi ona da pul xərclənmir, materiallar kompyuterdə hazırlanır. Yəni, vəsait xərcləmirsiniz. Ancaq kino istehsalatdır, istəsən də, istəməsən də buna maliyyə xərclənməlidir.
- San-Fransiskoda əldə etdiyiniz təcrübədən hansı işlərinizdə bəhrələnmisiniz?
- 2000-ci ildən bu yana ancaq orda qazandığım təcrübədən istifadə edirəm. Bu filmlər mənim vizit kartımdır. Hər bir rejissorun taleyinə düşən bir film olur.
- Siz, eyni zamanda Leninqrad Texnoloji Universitetindəvə "Lenfilm"in nəzdindəki Kino Məktəbində təhsil almısınız.
- Həyatımın uzun hissəsi Peterburqla bağlıdır. Rus mədəniyyətinə daha yaxşı bələdəm. O mühitə düşəndə 17 yaşım yox idi və bu mühit məni formalaşdırdı.
- O rus kino məktəbi köhnə ənənələri qoruyub saxlamağı bacarıbmı və bunun sizin yaradıcılığınıza nə qədər təsiri olub?
- Əlbəttə ki, rus kino məktəbi çox güclüdür. Birinci kinostudiya Leninqradda yaranmışdı. Sovet dövründə çox gözəl filmlər var idi. 1925-ci ildə çəkilən filmlərin montajına baxdıqca, möhtəşəm işlərin şahidi oluruq. Daha sonra rus kino məktəbinə Avropa, Amerika kinematoqraflarının təsiri özünü göstərdi. Deyirlər, amerikalılar dünyanı iki şeylə zəbt ediblər bir: "Coca cola” və filmlərlə. Mən uzun müddətdir ki, Rusiyaya getmirəm. Daha çox Amerika, Avropa mütəxəssisləri ilə görüşür, onlarla yaradıcılıq müzakirələri aparıram.
- Yaradıcılığınıza nəzər yetirəndə, filmlərinizin çoxunun kədərlə bitdiyinin şahidi oluruq. Buna səbəb nədir?
- Açığı, bunun səbəbini özüm də bilmirəm. Əslində özüm deyib-gülən, şən, pozitiv insanam. Bunu hamı deyir. Hətta çəkdiyim kliplərin belə sonu kədərli bitir.
- Rusiyanın birinci kanalı Müslüm Maqomayevin həyatından bəhs edən 8 seriyalı film çəkib. Sizcə, azərbaycanlı sənətkarı ruslar niyə tarixiləşdirməlidir, bizdə rejissor yoxdurmu?
- Sizinlə tam razıyam. Müslüm Maqomayev unikal insan idi. Onu keçmiş sovet məkanında çox sevirlər. Son illər Azərbaycanda çoxsaylı seriallar çəkilir, insanlar işləyir, özlərini göstərir, inkişaf etdirir. Ancaq bunların içərisində Azərbaycanı dünyaya tanıdan dahi şəxsiyyətlərdən də bəhs edən filmlərin, serialların çəkilməsi üçün pul tapılardı. Hər şey maliyyədən asılıdır. Bu, dövlət səviyyəsində həll olunmalıdır. Müslüm elə şəxsiyyətdir ki, onun haqqında bizimkilər də gözəl film çəkməlidirlər. Bunu niyə rusların etdiyini bilmirəm. Burda mənəviyyat söhbəti var. Onun sağlığında istəyirdim ki, bir film çəkim. Bu ideyanı mənə Akif Rüstəmov vermişdi. Mən də ondan bir ssenari yazmışdım. Sonra aləm bir-birinə qarışdı.Mən müstəqil rejissoram. Son 15 ildə dövlətdən bir qəpik almamışam, müraciət də etməmişəm. Elə şeylər var ki, bunu ancaq azərbaycanlı edə bilər. Bir müddət "Əli və Nino” əsərinin müəllifi üzərində çox mübahisə oldu. Əsərdə elə nüanslar var ki, onu ancaq azərbaycanlı, ya da bizim mühitdə doğulmuş insan yaza bilər. Bizim çox yaxşı rejissorlarımız, potensiallı aktyorlarımız var. Kino sektorunda ən böyük bədbəxtçiliyimiz ssenari qıtlığıdır. Filmə baxanda hiss olunur ki, bu, üç manata çəkilib, ya beş manata.
- Sizcə, nə üçün bizdə kinodan söhbət düşəndə, keçmiş filmlərdən misal gətirirlər.
- Bunu bizim üzümüzə də deyirlər.
- Nə deyirlər?
- Deyirlər ki, indiki rejissorlar əvvəlkilər kimi film çəkə bilmirlər. Hətta sovet dövründə doğulanlar deyirlər ki, indi əvvəlki kinolar yoxdu. Bəs indi çəkilənlər nədir?
- Halbuki, bəzən o filmlər də öz dövründə sevilməyib, tənqidlərə tuş gəlib...
- Bəli, həmin insanlar belə bu filmlərə ləzzətlə baxırlar. Bunun nədən qaynaqlandığını bilmirəm. O dövrdə də yaxşı aktyorlar var idi, indi də. Elə insanlar var ki, yeni film çəkilən ərəfədə ona baxa bilmir, müəyyən zaman keçəndən sonra onu izləyir. Ancaq bu deyimlər o demək deyil ki, filmlərimizin hamısı pisdir. Əksinə, bu gün Azərbaycanda çox güclü aktyor məktəbi var və yaxşı filmlərimiz də çəkilir.
- Kinostudiyanın indiki vəziyyətini necə dəyərləndirirsiniz?
- 10 ildən artıqdır ki, kinostudiya ilə heç bir işim olmadığına görə heç nə deyə bilmərəm.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər