• çərşənbə axşamı, 23 aprel, 23:16
  • Baku Bakı 20°C

“Bu evi tərk etmək bizim üçün çox çətindir”

18.05.16 12:05 5019
“Bu evi tərk etmək bizim üçün çox çətindir”
Serial çəkmək çox məşəqqətli və çətin işdir. Hər gün qarışqa kimi davamlı olaraq çalış, ssenari yaz, onu hazırla, aktyorları seç, hər gün bir hadisə cərəyan etsin, tamaşaçıların zövqünü tut, kütlənin marağını cəlb etməyi bacar, aktrisa xəstələndi - ssenarini dəyiş, yağış yağdı - bir çarə düşün - işlər bitib tükənmir ki tükənmir...

Bəlkə də buna görədir ki, çox zaman serialları gənc rejissorlara həvalə edirlər. Belə olan halda isə, adətən ortaya o qədər də keyfiyyətli iş çıxmır. Ancaq Azərbaycan serial tarixində ilk dəfə "Xəzər” televiziyasının xüsusi layihəsi olaraq 2013-cü ildən efirə gedən "Bir ailəm var” və "Həyat, sən nə qəribəsən” serialları bu stereotipləri məhv etdi.

3 ildir ki, maraqlı süjet xətti ilə davam edən seriallar artıq sona çatır. Xəbəri eşitdikdə, bir tərəfdən kədərləndik, digər tərəfdən isə sevindik. Ona görə kədərləndik ki, hər gün izləməyə öyrəşdiyimiz serialları indi görə bilməyəcəyik. Ona görə sevindik ki, əgər bir kanalda 2 serial sona çatırsa, bu yeni serialın gəlişinə bir işarədir.

Serialları yönləndirən hər iki böyük layihənin rejissorları və ssenari müəllifinə müraciət etdik. Onlara 3 il ərzində nələrə nail olduqlarını, nələr əldə etdiklərini sual etdik. 3 ildir ki, çiyin-çiyinə çalışan 2 komandanın üzvləri əslində ayrı-ayrı serialları hazırlasa da, daima birlikdə olub, bir-birilərinə dəstəklərini heç zaman əsirgəməyiblər. Zaman-zaman biz də bunun canlı şahidinə çevrilmişik. İndiyə kimi hər iki serialda 85 nəfər əsas rollara, 2500 nəfər aktyor-aktrisa isə epizodik rollara çəkilib. Həftədə beş bölüm olmaqla efirə getmiş seriallar mövsümü 560 və 467 bölümlə bitirmişlər. Ümumilikdə hər iki serial üçün 1027 seriya ssenarisi yazılıb.

Rüfət Şahbazov bizimlə söhbətində rejissorluq etdiyi "Bir ailəm var” serialında 3 il ərzində əldə etdikləri nailiyyətlərdən danışdı: "Bu 3 il ərzində biz çox şey öyrəndik. İlk dəfə olaraq mən dram janrında uzunmüddətli serial çəkilişinə başladım. Bu yöndə özümü sınadım və bu sınaqdan üzüağ çıxdım. Bildiyiniz kimi, bundan əvvəl "Aramızda qalsın”, "Qaynana” kimi sitkomları çəkmişdim. Düzdür, qısa şəkildə də olsa, dram janrında filmlərim olmuşdu. Ancaq bu çox böyük layihə idi. "Bir ailəm var” serialı ilk olaraq mənə böyük bir təcrübə verdi. Bu serial əsnasında aktyor xarakterlərinin üzərində psixoloji oyunları öyrəndim. Aktyorlarla psixoloji davranmaq qaydalarına yiyələndim. Həftələrlə reytinqlərdə pik nöqtələrə sahiblik etdik. Reytinq uğrunda nələr etmək lazım olduğunu öyrəndik. Birinci mövsümdən sonra daha da püxtələşdik, serialın keyfiyyətinə daha çox üstünlük verməyə başladıq. Əlimizdəki texniki avadanlıqlarla maksimum nə bacarırıqsa, onu etməyə çalışdıq. İşə ilk olaraq həftədə iki seriya çəkməklə başladıq. Daha sonra günlük seriala keçdik. Gün ərzində verilən bölümlərimizdə maksimum keyfiyyət əldə etməyə çalışdıq. Türkiyədə günlük serial üzərində 30 komanda heyəti ilə işləyirlərsə, biz 15-16 nəfərlə çalışdıq. Ölkədə tanınmış aktyorlarla işlədik. Demək olar ki, tanınmış aktyorların 80-85 faizi ilə birgə çalışdıq. 3 il müddətində çoxlu dostlar qazandıq”.

Sonuncu bölümün canlı olacağı haqda Rüfət Şahbazov ətraflı danışa bilməyəcəyini qeyd etdi. Bildirdi ki, serialda baş verən hadisələr barədə məlumat vermək onların prinsipinə ziddir. Onu da əlavə etdi ki, mayın 23-də serialın bağlanma mərasimi olacaq.

Rejissor 3 il ərzində istər ssenari, mövzu, istərsə də çəkiliş baxımından tamaşaçıların daha yüksək keyfiyyət tələb etmələri ilə qarşılaşdıqlarından danışdı: "Bu da tamaşaçıların ən doğal haqqı idi. Günlük serialda keyfiyyət, reytinq baxımından nə verə bilərdiksə, hamısını etməyə çalışdıq. Günlük serialda maksimum yüksək keyfiyyət vermək qeyri-mümkündür”.

Serialın nə üçün sona çatması sualımıza gəlincə isə, R.Şahbazov bildirdi ki, serial ssenarist Valeh Əhmədov tərəfindən iki mövsümlük nəzərdə tutulmuşdu. Ancaq bu onların nəzərdə tutduqlarından da reytinqli bir serial oldu. Tamaşaçı istəyini nəzərə alaraq ikinci mövsümü davam etdilər. Gün ötdükcə hiss ediblər ki, mövzuları, hekayələri bitmək üzrədir, uzatsalar, serial o qədər də yaddaşlarda qalmayacaq. İnsanların bezməmələri, bundan sonra da tamaşaçıların yaddaşlarında qala bilmələri üçün serialı bitirməyi qərara alıblar. Rejissor hesab edir ki, 3 il serial üçün kifayət qədər çox vaxtdır.

Bundan sonra yeni layihələrin olub-olmayacağına gəlincə isə, rejissor qeyd etdi ki, onların hər zaman layihələri olub: "Yeni seriala gəlincə, layihələrimiz hər zaman olub. Ancaq onların qəbul olunub-olunmayacağını dəqiq bilmirik. Günlük serialın vacib elementlərindən biri odur ki, hamı bir-birinə öyrəşir, bağlanır. Biz hər gün mütəmadi olaraq çalışdığımız Həmidə Ömərova, Elşən Rüstəmov, Kənan Yusifov, Rada Nəsibova, Günel Həmidova, Elnur Kərimov, Anastasiya Nesterenko, Səmayə Sadıqova, Hacı İsmayılov, Elnur Qədirov, Günel Məmmədova, Elçin Məmmədov, Azər Səlimli, Kəmalə Mehdiyeva, Rəşad Bəxtiyarov və adlarını qeyd etmədiyim komandamızın digər üzvlərinə minnətdarlığımızı bildiririk. Bu yolda biz serialın adında da olduğu kimi, ekran qarşında da, ekran arxasında da bir ailə kimi olduq. Çəkiliş prosesi bizim ikinci evimiz oldu. İndi bu evi tərk etmək bizim üçün çox çətindir”.

"Həyat, sən nə qəribəsən?” serialında isə Azərbaycanın tanınmış yaşlı, orta və daha çox gənc nəsil aktyor və aktrisaları yer aldı. Onlardan Asya Atakişiyeva, Tural Baxış, Suğra Bağırzadə, Nurəddin Mehdixanlı, Elvin Ağayev, Zülfiyyə Qurbanova, Aysel Nəsirzadə, Könül Cəfərzadə, Elsevər Mehdizadə, İzaməddin Bağırov, Təvəkkül Əhmədov, İlqar Musayev, Güşvər Şərifova, Mətanət Atakişiyeva, Nigar Məmmədova, Vüsal Əzizov və digərlərinin adlarını qeyd edə bilərik. Serialların görünməyən tərəfi - texniki işçilərin də üzərinə böyük yük düşdü. Məhz bütün kollektivin səyi nəticəsində 3 il ərzində ən reytinqli serial kimi Azərbaycan kino tarixinə öz möhürünü vurub.

Serialların baş ssenaristi Valeh Əhmədov da bizimlə fikirlərini bölüşdü. Söhbətə ilk olaraq 3 il bundan qabaq televiziyalarımızda xarici serialların ləğv olunması ilə başladı. Bildirdi ki, məhz dövlət başçısı İlham Əliyevin seriallara, film sahəsinə diqqəti nəticəsində bu gün yerli serial sektorumuz inkişaf edir. Bu işdə prezidentimizin rolu danılmazdır. O ki qaldı sözügedən serialların 3 illik fəaliyyətinə, bu barədə ssenarist ağızdolusu danışdı. Bildirdi ki, hər iki layihə 3 ildə geniş auditoriya cəlb etdi: "Bildiyiniz kimi, əvvəllər sitqom janrında seriallar çəkirdik. Ancaq 3 il bundan öncə iki böyük seriallarla tamaşaçıların görüşünə gəldik. Müxtəlif hekayələr yazdıq. İnsanların könlünə xitab etməyə cəhd göstərdik. Zaman-zaman reytinqlərdə yüksəkliklərə qalxdıq. Hətta keçən ilin mart ayında hər iki serial Azərbaycan serial tarixində görünməmiş rekord reytinqə çatdı. Baxımlılıq sayımız çox oldu”.

Onlar bu illər ərzində tənqid, qınaq atəşindən də üzüağ çıxdılar. Ssenarist deyir ki, əslində sözügedən seriallar həftəlik deyil, günlük seriallardır. Belə bir rejimdə tənqidlərin də olması çox normal haldır: "Əslinə baxanda, tənqidlər biz gözlədiyimizdən az oldu. Serial "Fast food” kimi bir şeydir. Hər gün yeni bölüm təhvil vermək sizə heç də asan görünməsin. Bu işdə bütün yaradıcı heyət - texniki heyətdən tutmuş, rəhbərliyimizə qədər hamımız çiyin-çiyinə çalışdıq. Bizim üçün ən ümdə məsələ milli mentalitetimizə uyğun olmayan səhnələrə müraciət etməməyimiz oldu. Çəkdiyimiz seriallarla cəmiyyətimizə pis örnək olmadıq. Pis aludəçilikləri, "18 +” səhnələri göstərmədik. Biz tamaşaçılara pis vərdişlərin gətirib çıxardığı pis nəticələri göstərdik. Öz ailəmizə, çevrəmizə, yaxınlarımıza nəyi göstərməyi layiq bildiksə, 3 il müddətində ancaq onları yazdıq və onları nümayiş etdirdik. İndiyə qədər cəmiyyətə ziyan vura biləcək heç nə etmədik. Ən önəmli olan qazancımız budur. Cəmiyyətə zərrə qədər də olsa xeyrimiz dəydisə nə xoş bizə”.

"Həyat, sən nə qəribəsən” serialının baş rejissoru Ramin Nəbiyev 3 il müddətində tamaşaçıların zövqünü oxşamağa çalışdıqlarını bildirdi: "Bacardığımız qədər tamaşaçılara maraqlı serial nümayiş etdirməyə çalışdıq. Zaman–zaman reytinqlərdə önə çıxdıq. Hər dəfə çəkiliş prosesində nələrisə öyrəndik. Peşəkar bir komanda ilə çiyin-çiyinə serialı sona qədər gətirməyə səy göstərdik. Evdən çox çəkiliş prosesində olurdum. Həftəiçi hər gün çəkiliş, həftəsonu isə montaj işləri ilə məşğul olurduq. Evə axşam ancaq yatmağa gedirdik. Hətta deyərdim ki, çəkiliş məkanında serialın yaradıcı heyətini ailə üzvlərimdən daha çox görürdüm. İndi isə serialımız sona çatır. Belə bir komandadan ayrılmaq insanda bir qədər kədərli hisslər doğurur. Ancaq nə xoş bizə ki, belə bir serial ilə tarixdə bir iz qoyduq”.

Ramin Nəbiyev gələcək layihələrindən də danışdı. Bildirdi ki, yeni seriala start veriləcək. Həmin serial böyük ehtimal ki, dram janrında çəkiləcək. Hələ ki yaradıcı heyət, kastinqlər keçirilməyib. Bu barədə öncədən danışmağın əsassız olduğunu vurğulayan rejissor gələcəkdə bu barədə mətbuata geniş məlumatın veriləcəyini əlavə etdi.

Qeyd edək ki, sözügedən seriallar 02.06.2016 və 03.06.2016 tarixlərində Azərbaycan teleməkanında ilk dəfə olaraq canlı final yayımı ilə sona çatacaq.
Sonda bizdən yaradıcı heyətə yalnız uğurlar arzulamaq qalır.





Xəyalə Rəis

banner

Oxşar Xəbərlər