• cümə, 19 Aprel, 00:43
  • Baku Bakı 18°C

“Bu dastan oğuzlar və Azərbaycan xalqı üçün şah damardır”

31.05.17 18:31 1883
“Bu dastan oğuzlar və Azərbaycan xalqı üçün şah damardır”
Mayın 31-də Azərbaycan Milli Elmlər Akademiyasının Alimlər Evində Azərbaycanın millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, akademik, yazıçı Kamal Abdullanın "Kitabi-Dədə Qorqud” poetikasına giriş” kitabının müzakirəsi keçirilib. Tədbiri giriş sözü ilə açan Kamal Abdulla ilk olaraq Akademiyanın rəhbərliyinə, AMEA-nın Folklor İnstitutunun Gənc Alimlər və Mütəxəssislər Şurasının sədri Nail Qurbanova və tədbirdə iştirak edən qonaqlara təşəkkürünü bildirib.
O, qeyd edib ki, bu onun gənc alimlərlə ilk görüşü deyil və hər dəfə belə görüşlərdən böyük məmnunluq duyur. Daha sonra kitabı barədə söhbət açan K.Abdulla bildirib ki, "Kitabi-Dədə Qorqud” poetikasına giriş” hələ də qeydlər şəklində yazılmağa davam edir. Akademik, tədbir vaxtı aparılan müzakirə və təhlillərin həmin qeydlərin və növbəti kitabın yazılmasına töhfə verəcəyinə ümid etdiyini də vurğulayıb. Daha sonra müəllif "Kitabi-Dədə Qorqud” dastanının xalqımız üçün əhəmiyyətindən danışıb. Qeyd edib ki, "Kitabı-Dədə Qorqud” dastanının Fridrix fon Dits tərəfindən tapılmasının 200 illiyi ilə əlaqədar ölkə başçısı, Prezident İlham Əliyevin imzaladığı sərəncam və yubiley tədbirləri bu abidənin dünya əhəmiyyətli olduğunu bir daha sübut edir: "Kitabi-Dədə Qorqud” dastanının müəllifi xalqdır. Homer yunan xalqı üçün mənəviyyatın, mədəniyyətin şah damarı olduğu kimi, "Kitabi-Dədə Qorqud” dastanı da oğuzlar və Azərbaycan xalqı üçün şah damardır”.
Daha sonra akademik tədbir iştirakçılarının suallarını cavablandırıb. Xüsusilə, dil və ədəbiyyat sahəsində fəaliyyət göstərən gənc alimlərin sualları maraq doğurub. Belə suallardan biri Folklor İnstitutunun Gənc Alimlər və Mütəxəssislər Şurasının sədri Nail Qurbanov tərəfindən verilib. Gənc alimin "Nəyə görə "Kitabi-Dədə Qorqud” poetikasına giriş” və dan sökülən variant” sualına akademik maraqlı cavab verib. O, qeyd edib ki, bu araşdırma 3 variantda düşünülüb: Dan sökülən, günortaç və qürub. Nə zamansa hər üç variant da yazılsa və bir kitab şəklində çap olunsa, onda nəşrin adındakı "giriş” sözü götürüləcək: "Kitabın rəngini də dan sökülən vaxta oxşatmağa çalışmışıq”.
Müzakirə zamanı Kamal Abdulla "Kitabi-Dədə Qorqud” poetikasına aid digər qaranlıq məsələlərə də aydınlıq gətirərək "Dəşti-müstəqimiyyə” və "Dəşti-məcaziyyə” anlayışları barədə ətraflı məlumat verib. O, qeyd edib ki, qədim qəbilələrə xas olan qadın-kişi nitqinin bəzi çalarları "Kitabi-Dədə Qorqud”da da var. Bu da poetikliyin ilkin variantıdır. Kitabın ilkin variantı "Dan sökülən”də proza və poeziya bir yerdədir. "Günortaç” variantında proza və poeziya bir-birindən ayrılır. Qeyd etmək lazımdır ki, "Günortaç” sözü "Kitabi-Dədə Qorqud” dastanından götürülüb. Son variant "Qürub”da isə artıq "vəhşi poeziya” klassik poeziyaya çevrilir. Akademik Kamal Abdullanın maraqlı yanaşmalarından biri də dastanda tez-tez işlədilən "qarşı yatan qara dağlar” ifadəsinə olub. O, bildirib ki, bu ifadəyə dörd fərqli istiqamətdən baxmaq olar. Bu ifadə həm qarşıda yerləşən dağ mənasında, həm də yatmış dağ mənasında başa düşülə bilər. Lakin ifadənin daha qədim variantı dağın da insan kimi yata bilməsi məzmununa uyğun gəlir. "Qarşıda yerləşən dağ” variantı isə nisbətən müasir zamanın və insanların qəbul etdiyi variantdır.
Kitabla bağlı sualları cavablandıran Kamal Abdulla bu əsərin rus dilinə tərcüməsinin planlaşdırıldığını da bildirib. Belə bir mühüm poetik abidənin dünya dillərinə tərcümə olunmasının əhəmiyyətini vurğulayan akamedik bu prosesdə üzləşdikləri çətinliklərdən də danışıb. O qeyd edib ki, rastlaşdıqları əsas problemlərdən biri "Dəşti-müstəqimiyyə” və "Dəşti-məcaziyyə”nin rus dilinə necə və hansı formada tərcüməsinin daha uyğun olması məsələsidir. Belə ki, dastanın dilində işlədilmiş ifadələrin dəqiq tərcüməsi olduqca əhəmiyyətli məsələdir.
Tədbir iştirakçılarından birinin kitabın anlaşılmayan hissələri barədə verdiyi suala Kamal Abdulla "mənim tam anlaşılmaq istəyim yoxdur” deyə cavab verib: "Mütləq anlaşıqlı mətn, mütləq əhəmiyyətsiz mətndir. Anlaşılmayan yerlər nə zamansa mütləq anlaşılacaq”.
Kitabda müəllif sözünün bəzi yerlərdə balaca, bəzi yerlərdə isə böyük hərflə yazılmasına da aydınlıq gətirən alim bildirib ki, burada məqsəd vahid yaradıcıya işarə vurmaqdır. Bu baxımdan antik yunan ədəbiyyatında Homer yaradıcılığına diqqət çəkən akademik "İliada” və "Odiseyya”nın vahid ad altında ayrı-ayrı adamlar tərəfindən yazılmasının buna nümunə ola biləcəyini vurğulayıb.
Tədbirin sonunda müəllif tədbir iştirakçılarının kitablarını imzalayıb və gənc alimlərlə kollektiv şəkil çəkdirib.
Hazırladı: Cahan Seyidzadə
banner

Oxşar Xəbərlər