Bronxial astmadan əziyyət çəkənlərin sayı niyə artır?
Atmosferin
müxtəlif zərərli tullantılarla çirklənməsi hər il dünyada 4 milyon uşağın
bronxial astmaya yoluxmasına yol açır. Trend-in məlumatına görə, ABŞ-ın Corc
Vaşinqton Universitetinin mütəxəssisləri bu qənaətə gəlib. Qeyd olunur ki, bu
rəqəm ümumilikdə bronxial astmaya yoluxma hallarının 20 faizini təşkil edir.
Müşahidələr nəticəsində məlum olub ki, Şanxay şəhərində bronxial astmadan
əziyyət çəkən uşaqların 50 faizə yaxını avtomobillərin havaya buraxdığı
maddələrin təsirindən xəstələnib. Qeyd edək ki, hazırda dünyada bronxial
astmadan 235 milyon nəfər əziyyət çəkir. Hər il 400 minə yaxın şəxs bu
xəstəlikdən və onun fəsadlarından ölür.
Bəs
görəsən astmadan əziyyət çəkənlərin sayının artmasının səbəbi nədir? Özümüzü bu
xəstəlikdən necə qoruya bilərik? Valideynlər hansı məqamlara diqqət etməlidir?
Tibb üzrə ekspert, professor Adil Qeybulla deyir ki, bu xəstəlikdən əziyyət çəkənlərin sayının artmasının
müxtəlif səbəbləri var. Əsas səbəblərdən biri genetik faktorlardır: "Yəni bronxial
astma nəsildən-nəslə ötürülə bilən xəstəlikdir. Həmçinin uşaqlarda olan
allergik və infeksion komponentlərin artması astmaya gətirib çıxara bilir.
Həddən artıq süni qidaların qəbulu, geni modifikasiya olunmuş məhsullar və
bütövlükdə qida rasionumuzun dəyişməsi allergiyalı xəstələrin sayını artırır.
Allergiyalı hər bir xəstə bronxial astmaya asanlıqla yoluxa bilir. Digər
tərəfdən, xroniki bronxitdən əziyyət çəkən şəxslərdə də astma yarana bilir.
Orqanizmin immun sistemi burada mühüm rol oynayır. Çalışıb sağlam qidalanmaya
meyllənməliyik. Marketlərdə satılan meyvə şirələri, qazlı içkilər, yağlar
konsentrant tərkiblidir. Bu istiqamətdə ciddi iş görülməzsə, vəziyyət getdikcə
çətinləşəcək. Çünki azyaşlı uşaqların bu qidalara meyli daha çoxdur. Ekoloji
faktorlara gəlincə isə, havanın, suyun çirklənməsi bu xəstəlikdən əziyyət
çəkənlərin sayını artırır. Böyük şəhərlərdə hava həddən artıq çirklənməyə məruz
qalır. Bakıda bəzi avtomobillər texniki standarta cavab vermir ki, bu da
ekologiyaya ciddi ziyan vurur. Siqaret çəkənlərin sayı günü-gündən artır.
Xüsusilə qadınlar arasında bu hal geniş yayılıb. Bütün bu məqamlar son nəticədə
bronxial astma xəstəliyindən əziyyət çəkən uşaqların sayını artırır”.
Pediatr Kənan Qarayev deyir ki, astma bronxların allergik, infeksion xəstəliyidir: "Bu
xəstəliyin yaranması 50 faiz genetik, 50 faiz isə qazanılmış faktorlarla
bağlıdır. Xəstəlik özünü adətən uşaqların ilk yaşlarında büruzə verir. Əgər
vaxtında lazımi tədbirlər görülməzsə, nəfəs daralmaları zamanla bronxial
astmaya çevrilə bilir. Ekologiyanın korlanması, uşaqların qeyri-düzgün
qidalanması, konservant tərkibli məhsullara üstünlük verilməsi son nəticədə
uşaqların orqanizmində allergik fonun güclənməsinə səbəb olur. Bu xəstəliklər
əsasən yaz və payız aylarında kəskinləşir. Əsasən hava-damcı yolları ilə gələn
allergenlər uşaqların yuxarı və aşağı tənəffüs yollarında nəfəs darlığına səbəb
olur. Xəstəliyin düzgün diaqnostikası edilib, səbəbi müəyyənləşdirilməlidir ki,
müalicə düzgün qaydada aparılsın. Tozlu şəhərlərdə, tikinti gedən ərazilərdə,
rütubətli yerlərdə bu xəstəliyin artma ehtimalı daha yüksəkdir. Çünki astmanın
yaranmasının ən böyük faktorlarından biri tozdur. Toz qısa bir zamanda
uşaqların yuxarı və aşağı tənəffüs yollarının spazmının yaranmasına və allergik
fonun sürətlənməsinə şərait yaradır. Ona görə də valideynlər övladlarının qida
rejiminə xüsusi diqqət etməlidir. Həmçinin həssas uşaqlar üçün oyuncaq və
paltar seçərkən valideynlər diqqətli olmalıdır”.
Həkim-terapevt Məlahət Abbasova bildirdi ki, orqanizmə yad cisim düşdükdə, özünü müdafiə edir. Bu
zaman bədəndə allergik reaksiyalar gedir: "Bu özünü burun axması, bədəndə səpkilər,
boğulma formasında göstərə bilir. Bu, allergiyanın növündən asılıdır. Allergiya
həm daxili, həm də xarici faktorlardan yarana bilir. Xarici faktorlardan
yaranan allergiyanın əsas səbəbi ekoloji çirklənmədir. Ətraf mühit təmiz olmadığı
üçün bu xəstəliyə yoluxanların sayı daha da artıb. Çirkli şəhərlərdə bu
xəstəliklərdən əziyyət çəkənlərin sayı digərləri ilə müqayisədə daha çoxdur.
Digər bir faktor isə qidalanma rejimidir. Bu gün valideynlər öz övladlarına
müxtəlif fəst-fud restoranlarında müxtəlif süni qidalar yedirir. Süni qidalar
astma bronxialın ən böyük yaranma səbəblərindən biridir. Ekoloji təsirləri
azaltmaq demək olar ki, mümkün deyil. Amma övladlarımızın yediyi yeməklərə
özümüz nəzarət edə bilərik. Hazır yeməklər, konservant tərkibli içkilərdən
uşaqlarımızı uzaq saxlamalıyıq. Çünki bu məhsulların uzun müddət qalması üçün
içinə kimyəvi qatqılar əlavə edilir. Bu kimyəvi maddələr sonradan orqanizmdə
astma bronxiala gətirib çıxarır. İndi payız fəslidir. Havaların dəyişdiyi bir
mövsümdə bu xəstəliklər daha da güclənir. Çünki insanın bədən temperaturu
birdən-birə aşağı düşür. Valideynlər belə məqamlarda diqqətli olmalıdır. Əgər
uşaqda astma bronxial varsa, mütləq vaxtlı-vaxtında müalicə olunmalıdır”.
Şəbnəm