• cümə axşamı, 25 aprel, 20:27
  • Baku Bakı 21°C

Britaniyalı deputat: “Postsovet ölkələrində vərəm xəstəliyi ilə bağlı vəziyyətin ümumi cəhətləri var”

18.09.17 14:50 1051
Britaniyalı deputat: “Postsovet ölkələrində vərəm xəstəliyi ilə bağlı vəziyyətin ümumi cəhətləri var”
"Bütün postsovet ölkələrində vərəm xəstəliyi ilə bağlı vəziyyətin ümumi cəhətləri var”.
Bu barədəAPA-nın Gürcüstan bürosuna Tbilisidə vərəm xəstəliyi ilə mübarizəyə həsr olunmuş beynəlxalq konfransda iştirak edən Böyük Britaniya parlamentinin Lordlar Palatasının üzvü baronessa Elison Satti deyib.
Onun sözlərinə görə, ümumi cəhətlərin əsas səbəblərindən biri sovet dövrünün sonunda ölkələrin səhiyyə sistemində yaşanmış tənəzzüldür: "Həmin dövrdə vərəm xəstələri üçün dərmanların əlçatan olmaması və müalicə kursunun başa çatdırılmaması müşahidə olunub. Vərəm xəstəliyinin yayılmasına hər ölkədə mövcud spesifik sosial problemlər də təsir edib”.
Deputat region ölkələrində vərəmin həbsxanalarda yayılmasını da ümumi cəhət adlandırıb: "Region ölkələri həbsxanalarda vərəmin yayılmasının qarşısını almaq üçün xüsusi strategiya həyata keçirir. Bu, təqdirəlayiqdir”.
E. Satti konfrans çərçivəsində Azərbaycanın vərəmlə mübarizə sahəsində təcrübəsi ilə tanış olacağını vurğulayıb."Müxtəlif ölkələri təmsil edən deputatlar sammitin yekununda qətnamə qəbul edəcəklər. Ümid edirik ki, hər bir millət vəkilinin sənəddəki mövqeyi noyabr ayında Moskvada keçiriləcək Şərqi Avropa və Mərkəzi Asiya ölkələrinin səhiyyə nazirlərinin görüşündə adekvat olaraq nəzərə alınacaq”, - deyə o söyləyib.
Qeyd edək ki, bu gün Tbilisidə vərəm xəstəliyi ilə mübarizəyə həsr olunmuş beynəlxalq konfrans başlayıb. Konfransda Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Latviya, Moldova, Tacikistan, Ukrayna və Özbəkistandan olan millət vəkilləri iştirak edir. Azərbaycanı tədbirdə millət vəkili Sədaqət Vəliyeva təmsil edir.
banner

Oxşar Xəbərlər