• cümə, 29 Mart, 04:52
  • Baku Bakı 7°C

Britaniyada “yellənən parlament” formalaşa bilər

10.06.17 09:00 1286
Britaniyada “yellənən parlament” formalaşa bilər
Böyük Britaniyada keçirilən növbədənkənar seçkilərin nəticələri bütün dünyada ciddi rezonans doğurub. Seçki nəticələrinin böyük hissəsinin hesablanmasından sonra parlamentdə ən iri partiyanın Mühafizəkar Partiyası olacağı aydınlaşıb. Lakin fəaliyyətdə olan baş nazir, seçkinin təşəbbüskarı Tereza Meyin başçılıq etdiyi bu partiya 42 faizdən artıq səs toplasa da, hökuməti təkbaşına qura bilməyəcək. Bu o deməkdir ki, baş nazir T.Mey daha əvvəl əlində olan bir neçə yeri itirib. Belə bir nəticə 2010-cu il ümumi seçkilərdən sonra da yaşanıb.
BBC yazır ki, mühafizəkarların çoxluq üçün lazım olan 326 yerlik hədəfə "çatmağa yolu yoxdur”. Baş nazir "sabitlik dövrü” vəd edir, amma onun çoxluğun əlçatmazlığını qəbul edəcəyi proqnozlaşdırılır. Baş nazir dünən yeni Nazirlər Kabineti qurmaq məqsədi ilə kraliça II Yelizavetadan icazə istəmək üçün onunla görüşüb. Bu barədə jurnalistlərə baş nazirin rəsmi nümayəndəsi məlumat verib. Bu, T.Meyin mühafizəkarlar üçün seçkilərin nəticəsinin ürəkaçan olmamasına baxmayaraq, azlıq hökuməti qurmağa hazırlaşdığını göstərən formal prosedurdur.
Ekspertlər qeyd edir ki, Tereza Mey müəyyənlik və sabitlik üçün seçkilərə getdi, amma tamamilə iflasa uğradı. BBC parlamentdə Mühafizəkar Partiyasının 312, Leyboristlər Partiyasının 260, Şotlandiya Milli Partiyasının (SNP) isə 35 yer tutduğunu yazır.Britaniya siyasəti növbəti dəfə beynəlxalq bazarları alt-üst edib. Tereza Meyin partiyasının mütləq əksəriyyət qazanacağına dair ümidlər puça çıxdıqdan sonra funt-sterlinq kəskin şəkildə dəyərini itirib. "Havadan asılı parlament” vəziyyəti adətən birjaların xoşuna gəlməyən qeyri-müəyyənliyin yaranmasına səbəb olur.
Britaniya valyutası ölkənin Aİ-dən çıxması barədə Brexit qərarından sonra dəyərini itirmişdi. Treyderlər arasında Meyin "yumşaq Brexit” barədə vədinin daha real olmasına əminliyin artması ilə funt öz məzənnəsini bərpa etdi. O vaxt investorlar Brexit-in yaradacağı iqtisadi şokdan ehtiyat edirdilər. Daha sərt Brexit daha güclü sarsıntı demək idi. Leyboristlərin lideri Ceremi Korbin baş naziri istefaya çağırsa da, Mey ölkənin "stabilliyə ehtiyacı olduğunu” deyib. 68 yaşlı Ceremi Korbin həddindən artıq solyönümlü siyasi baxışın daşıyıcısıdır. O, heç vaxt dövlətin yüksək vəzifələrində işləməyib, əvvəllər terrorçu kimi tanınan və İrlandiyanın krallığın tərkibindən çıxması uğrunda silahlı mübarizə aparan "İrlandiya Respublika Ordusu”nun təəssübkeşlərindən olub. C.Korbin dəfələrlə antisemitzmdə ittiham olunub, NATO-nu tənqid edib. Bu baxımdan perspektivdə bu partiyanın koalisiya hökumətinə başçılıq edəcəyi ehtimalı da azdır. Odur ki, Mühafizəkarlar Partiyasının başçılığı altında Böyük Britaniya və İrlandiya Krallığı dövlətin gələcəyi, yeni və köhnə problemlərin həlli ilə bağlı yeni sınaqdan keçəcək.
Ölkə mediası və siyasətçilər vaxtından 3 il öncə keçirilmiş seçkilərin Meyə ciddi zərbə olduğunu deyirlər. Baş nazir parlament çoxluğunu artırmaq ümidiylə seçki çağırmışdı. Bu qəfil və erkən seçkinin keçirilməsinin əsas təşəbbüskarı xanım Meyin özü idi. O bildirirdi ki, Avropa İttifaqından sərt bir şəkildə ayrılmanı təmin etmək üçün ona daha böyük bir mandat lazımdır. İndi belə görünür ki, həmin mandat kiçilib. Bəzi proqnozlara görə, seçki nəticəsində Britaniyanın siyasi praktikasında nadir hallarda baş verən "yellənən parlament” formalaşa bilər. Belə parlamentdə hər hansı qərarların qəbulu xeyli mürəkkəbləşmiş olur. Bu dəfəki seçkilər hökumət üçün əlverişli şəraitdə keçməyib. Seçki kampaniyası başlayandan sonra Londonda iki terror törədilib. Bundan heç şübhəsiz, əsas müxalifət partiyası olan leyboristlər istifadə ediblər. Ceremi Korbin hökuməti terrora qarşı mübarizədə zəiflik göstərməkdə, 20 min polisi və təhlükəsizlik qüvvəsini ixtisar etməkdə qınayaraq bildirib: "Təhlükəsizliyin təmin edilməsinə qənaət etməklə vətəndaşları qoruya bilməsiniz. Siz insanları ucuz müdafiə edə bilməzsiniz. Polis Federasiyası Tereza Meyə xəbərdarlıq etmiş, ancaq o, polisi yalan həyəcan yaratmaqda ittiham etmişdi”.
Bu arada BBC Britaniya seçkilərilə bağlı suallara cavab axtarmağa çalışıb. İlk sual belə olub - baş nazir necə olacaq? Cavab belədir ki, Tereza Mey baş nazir olaraq qalır və Mühafizəkarlar Partiyası kabinetdə təmsil olunacaq - o vaxta qədər ki yeni hökuməti kimin quracağı məlum olacaq və ya Mey istefa verəcək. Yeni hökuməti kimin formalaşdıracağına gəldikdə, parlamentdə ən çox yer qazanan partiya əsasən qalibdir və onun lideri adətən baş nazir olur. Amma hazırkı halda heç bir partiya lazım olan səs sayının hamısını qazana bilməyib. Buna görə də ikinci gələn partiyanın digər partiyalarla birgə hökumət formalaşdırması mümkündür. Seçkilərdə ikinci yeri tutmuş Leyboristlər Partiyası hökumət yaratmağa çalışacağını deyib. Hazırda Tereza Meyin iyunun 13-ə qədər vaxtı var - yeni parlament seçkilərdən sonra ilk dəfə toplantı keçirəcək. Mey həmin günədək hakimiyyətdə qalmaq üçün razılıq əldə etdiyini və ya istefa verəcəyini açıqlamalıdır.
Beləliklə, Britaniya siyasi sistemi çətin bir vəziyyətlə üzləşib. Hadisələrin sonrakı gedişini isə zaman göstərəcək.
Azər
banner

Oxşar Xəbərlər