• cümə axşamı, 25 aprel, 12:52
  • Baku Bakı 23°C

Britaniya, İtaliya, Danimarkaya olar, bizə yox?

21.10.17 09:30 3862
Britaniya, İtaliya, Danimarkaya olar, bizə yox?
Qərbin Azərbaycana qarşı qərəzli münasibəti, ikili standartlara söykənən addımları təəssüf ki, yenidən start götürüb. Ölkəmizə qarşı qərəzli mövqedə olan qurumların təsiri altında olan Avropa Şurası Parlament Assambleyası növbəti dəfə ölkəmizi hədəf seçib. Azərbaycana qarşı qərəz və ikili standartlardan yanaşma artıq Qərb qurumlarının prioritet siyasətinə çevrildiyini elə qurumda təmsil olunan deputatlar da dəfələrlə etiraf ediblər. Hər dəfə olduğu kimi, bu dəfə də məruzələrin hazırlanmasında erməni lobbisinin dəsti-xətti aydın görünüb. AŞ PA-dakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun ifadə etdiyi kimi, "bu gün AŞPA-da ağa qara demək siyasəti davam edir və qəbul edilən məruzələr AŞPA-ya utanc gətirən bir sənədlərdir. Hamıya bəllidir ki, Azərbaycan bu quruma üzv olduğu dövrdən keçən müddət ərzində ardıcıl şəkildə müəyyən lobbi qrupların və xüsusilə də erməni təəssübkeşlərinin təzyiqi ilə üzləşib”.
Beləliklə, qərəz və ikili standartın bariz nümunəsi olan bir neçə fakt üzərində dayanaq. Məsələn, Azərbaycana qarşı qəbul edilən qətnamədə ölkəmizin Avropa İnsan Haqları üzrə Məhkəməsinin (AİHM) qərarlarını icra etməməkdə günahlandırırlar. Necə olur ki, Avropa Şurasına üzv olan digər ölkələrə qarşı bu tələb irəli sürülmür? Axı quruma daxil olan 30-a yaxın ölkənin böyük əksəriyyəti Avropa İnsan haqları Məhkəməsinin qərarlarına ümumiyyətlə əməl etmədiyi barədə çoxsaylı faktlar var. Avropa Şurası rəhbərliyi hətta bir neçə dəfə açıq şəkildə bəyan edib ki, Avropa Məhkəməsinin 10 minə yaxın qərarı icra olunmayıb. Konkret olaraq Böyük Britaniya, ümumiyyətlə bu məhkəmənin qərarlarını yerinə yetirməkdən imtina edib. Hətta elə ölkə var ki, Avropa Şurasından ümumiyyətlə imtina edib. Nə üzvlük haqqını verir, nə də İnsan Haqları Məhkəməsini tanıyır. Halbuki, Azərbaycan çıxarılan qərarların əksəriyyətini icra edib. Buna baxmayaraq, Avropa Şurasında insan haqlarını bəhanə gətirərək ölkənin siyasətinə təsir etmək cəhdləri özünü göstərir. İşğalçı Ermənistan Avropa Məhkəməsinin qərarlarını icra etməkdən boyun qaçırır. Belə olan halda ona qarşı niyə sanksiyalar tətbiq edilmir? Belə ki, Ermənistan hökuməti Avropa İnsan haqları Məhkəməsinin indiyə qədər bu ölkənin vətəndaşları ilə bağlı qəbul etdiyi qərarların böyük əksəriyyətini icra etməyib. Ermənistanla bağlı şikayətləri Avropa Məhkəməsinə təqdim edən vəkil Ara Kazaryan erməni mətbuatına müsahibəsində bildirib ki, Ermənistan Avropa Məhkəməsinin qəbul etdiyi qətnamələrin üçdə ikisini icra etməyib. Onun sözlərinə görə, qərarların icrası 2-3 il belə gecikməklə qəbul edilir. Tək 2008-ci ildə Ermənistandan 106, 2009-cu ildə 125, 2010-cu ildə 197, 2011-ci ildə 173 və sonrakı ildə 200-ə yaxın şikayət daxil olub. Məsələn, deputat Zarui Postancyan bildirib ki, ölkə rəhbərliyi hələ də "A1+” teleşirkəti ilə bağlı qərarı icra etməyib. Halbuki, məhkəmə 2008-ci ildə rəsmi Yerevanı televiziyanın efir məkanına qayıtmasına icazə verməsi barədə qərar çıxarıb.
Qərəzli münasibət Türkiyəyə qarşı da nümayiş etdirilir. Məsələn, Azərbaycanla bağlı Avropa Məhkəməsinin qərarını şərh edərkən türk deputat Nur Günel bildirib ki, analoji ədalətsiz qərar Türkiyə ilə də bağlı qəbul edilib. Rusiya isə maraqlı bir qərar qəbul edib. Bu ölkənin prezidenti Vladimir Putin AİHM-nin qərarlarına əməl edilməməsini nəzərdə tutan qərar qəbul edib. "Nə üçün Britaniya, İtaliya, Danimarka kimi ölkələr məhkəmənin qərarlarına əməl etməyə bilərlər, Rusiya isə mütləq əməl etməlidir” - deyə qəbul edilən qərarda bildirilib. Rusiya Konstitusiya Məhkəməsi isə hakimiyyət orqanlarına AİHM-nin qərarlarına ümumiyyətlə əməl etməmək barədə icazə verib. Bununla bağlı qərar məhkəmənin "Yukos” neft şirkəti ilə bağlı Rusiyanın 2 mlrd. avro kompensasiya ödənilməsi barədə qərarından sonra qəbul edilib. Məlumat üçün bildirək ki, AİHM-nə edilən müraciətlərdə ilk yerlərdə Rusiya (17 faiz), İtaliya (14), Ukrayna (14), Serbiya (11), Türkiyə (11) və Rumıniya (6) yer tutur. İtaliya Senatı isə bir neçə il bundan əvvəl ümumiyyətlə Avropa ölkələrini Avropa Məhkəməsini lazımsız bir qurum kimi xarakterizə edərək, onun qərarlarına icra etməməyə çağıran müraciət qəbul edib.
Avropa İnsan Haqları Məhkəməsinin qərarlarına Avstriya, Almaniya, İtaliya və başqa bir neçə ölkədə də əməl olunmur. Britaniya ona qarşı bu mövzu ilə bağlı təzyiqlər güclənəndə ümumiyyətlə AİHM-dən çıxacağını bəyan etmişdi. Rəsmi London bəyan etmişdi ki, əgər Avropa Məhkəməsinin qərarları onun qanunvericiliyinə zidd olarsa, onda belə bir addım ata bilər. Gürcüstan, Ukrayna da sözgüdən məhkəmənin qərarlarını icra etməyənlər sırasındadır. Ukrayna ilə bağlı AİHM-nin bir neçə qərarı hələ də icra edilməmiş qalır. Kompensasiyaların ödənilməsindən isə söhbət belə getmir.
Başqa bir fakt, Avropa Məhkəməsi miqrantların qanunsuz olaraq ölkələrin sərhədlərini keçməsinə görə həbsə atılmasını qadağan edən qərar qəbul edib. Qərarda göstərilib ki, onlar sadəcə öz ölkələrinə deportasiya olunmalıdırlar. Lakin bu qərara əməl edən yoxdur - miqrantlar həbs olunur və cəzalandırılır. Məhkəmənin qərarı yalnız Britaniya və İrlandiyaya, o cümlədən Danimarkaya şamil olunmur – belə ki, onlar Şengen zonasına daxil deyilər.
Yeri gəlmişkən, Danimarka Avropa Məhkəməsinin qərarlarını icra etməmək hüququn özündə saxlayıb.
Fransa məhkəməsi isə bu günlərdə afrikalı miqrant Selina Affumun həbsi barədə qərar çıxarıb. Avropa Məhkəməsinin xəbərdarlığına baxmayaraq, Fransanın hakimiyyət orqanları miqrant xanımı həbsdə saxladılar.
Yekun olaraq onu demək olar ki, beynəlxalq qurumlar hansısa bir qərar qəbul edəndə ədalət hisini itirməsinlər, obyektiv olsunlar. Və unutmasınlar ki, siyasətdə "kim güclüdürsə və yaxud pul verirsə, onu müdafiə edək” prinsipini əsas götürmək onlara başucalığı gətirmir.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər