AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

BP-nin Azərbaycandakı fəaliyyətinin pərdəarxası TƏHLİL

BP-nin Azərbaycandakı fəaliyyətinin pərdəarxası TƏHLİL

İqtisadiyyat
11 Oktyabr 2012, 15:42 2043
Uzun illər iqtisadi inkişaf sürətinə görə dünyada lider ölkələrdən olan Azərbaycanda son bir neçə ildə neft sənayesinin aşağı düşməsi narahatedici faktdır. Buna görə də oktyabrın 10-da dövlət başçısı İlham Əliyev Azərbaycanda neft hasilatının azalmasına görə BP-ni sərt şəkildə tənqid edib. Prezident Nazirlər Kabinetinin 2012-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında deyib ki, neft hasilatı sahəsində müşahidə olunan bu vəziyyət BP Şirkətinin yanlış proqnozları üzündən yaranıb və BP bir neçə ay qabaq verdiyi vədi, ümumiyyətlə isə müqavilə öhdəliklərini yerinə yetirməyib.

“Birinci il deyil ki, neft hasilatı aşağı düşür”
Prezident bildirib ki, biz haqlı olaraq neft strategiyamızla fəxr edirik: “Çünki Azərbaycanın uğurlu iqtisadi inkişafı, siyasi çəkisinin artması və dünya proseslərində fəal iştirakı ölkəmizin iqtisadi imkanları ilə bilavasitə bağlı məsələdir. İqtisadi imkanları bizə məhz neft strategiyamız yaratmışdır. O da həqiqətdir ki, biz bu imkanlardan bəzi başqa ölkələrdən fərqli olaraq səmərəli şəkildə istifadə etdik - neft kapitalını qeyri-neft sektorunun inkişafına yönəltdik. Beləliklə, infrastruktur layihələrinin icrası və digər iqtisadi islahatlar əslində imkan verdi ki, biz bugünkü reallıqlar haqqında xalqa qürur hissi ilə danışa bilək.”

Bununla yanaşı, prezident qeyd edib ki, konsorsium tərəfindən buraxılan kobud səhvlər ucbatından son illər ərzində “Azəri”, “Çıraq” yataqlarında neft hasilatı kəskin şəkildə aşağı düşməyə başlayıb:

“Bu, birinci il deyildir ki, neft hasilatı aşağı düşür. Əlbəttə, neft sənayesində çalışanlar, neft mütəxəssisləri bilirlər ki, hər bir neft yatağının bir ömrü vardır. Hasilat artır, pik zirvəsinə çatır, sonra müəyyən illər ərzində sabit qalır, ondan sonra tənəzzül başlayır. Yəni, bu proses hər bir neft mütəxəssisi üçün çox tanış olan məsələdir. Ancaq söhbət ondan getmir ki, biz pik səviyyəsinə çatdıq və ondan sonra təbii, necə deyərlər, tənəzzül prosesləri yaşanır. Söhbət ondan gedir ki, verilən proqnozlar yerinə yetirilmir”.

Azərbaycanın xeyrinə dəyişiklik baş verdikdən sonra...
Qeyd edək ki, müqaviləyə əsasən, ilkin mərhələdə neftdən gələn gəlirlərin 75 faizi konsorsiumun, 25 faiz isə Azərbaycanın payına düşürdü. Saziş bağlananda dünya bazarlarında neftin qiymətinin aşağı olması hələ bundan sonra bir neçə il də bu nisbətin qüvvədə qalacağını deməyə əsas verirdi. Yalnız investorlar qoyduqları sərmayələri götürdükdən sonra nisbət dəyişə bilərdi. Neftin qiymətinin kəskin qalxması və 2008-ci ildə 150 dollara çatması elə həmin il bu nisbətin dəyişməsinə səbəb oldu. 2008-ci ilin ortalarında xarici şirkətlər öz investisiyalarını qaytardıqdan sonra nisbət 75 faiz Azərbaycanın xeyrinə dəyişdi. Kontrakt şərtləri əsasında bu pay bölgüsündə Azərbaycanın xeyrinə dəyişiklik baş verdikdən dərhal sonra heç bir əsas olmadan «Azəri», «Çıraq», «Günəşli» yataqlarında (AÇG) neftin hasilatı azalmağa başladı.

Rəqəmlərə nəzər yetirək:
- 2009-cu ildə AÇG-də verilən hasilat proqnozu 46,8 milyon ton, faktiki hasilat isə 40,3 milyon ton olub;
- 2010-cu ildə proqnoz 42,1 milyon ton, fakt 40,6 milyon ton;
- 2011-ci ildə proqnoz 40,2 milyon ton, real hasilat 36 milyon ton;
- 2012-ci ildə verilmiş proqnoz 35,6 milyon ton olsa da, mövcud hasilatı nəzərə alaraq ilin sonuna qədər BP-nin AÇG-dən 33 milyon tondan artıq neft hasil edə bilməyəcəyini demək olar.

Əslində necə olmalı idi?
Ekspertlərin, o cümlədən BP-nin rəyinə əsasən, AÇG-də 1.2 milyard ton neft ehtiyatı var. Mütəxəssislərin hesablamalarına görə, yataqlar işlənməyə başlandıqdan sonra ehtiyatın yarısına kimi hasilat artan xətt üzrə davam etməliydi. Lakin Azərbaycan neft hasilatı 200 milyon tonu keçdikdən sonra 500-600 milyon tonluq həddə kimi hasilatın stabil saxlanması yolunu seçdi. Real proqnozlar göstərirdi ki, 2012-ci ilə kimi hasilat artmalı, ehtiyatların yarısına çatana kimi (2017-2020-ci illər) sabit qalmalı (ildə 45-50 milyon ton) və azalmağa başlayanda aşağı düşməli idi. 2024-cü ildə isə əlavə vəsait qoyulmaqla neftin qalıqları çıxarılmalıydı.

Beləliklə, 2009-2011-ci illərdə layihənin operatoru olan BP-nin proqnozları və real hasilat arasında 12.2 milyon ton fərq yaranmışdır. Neftin qiyməti bir barelinə görə 100 dollar səviyyəsində götürülərsə, bu illər ərzində Azərbaycanın 8,1 milyard dollar əldə edə bilmədiyi üzə çıxır.
Prezident İlham Əliyev BP-nin sayəsində Azərbaycanın əldə edə bilmədiyi gəlirin bir realıq olduğunu deyib: “Kiçik bir statistik rəqəmin arxasında bu reallıq dayanır. Ona görə ildən-ilə, aydan-aya, rübdən-rübə neft sənayesində istehsalın düşməsi bu vəziyyətin məntiqi nəticəsidir”.

Tərəflərin götürdüyü xeyir nə qədərdir?
“Azəri”, “Çıraq” neft yataqlarına qoyulan böyük investisiyalara görə bütün investorlara minnətdarlığını bildirən prezident sözügedən investisiyaların Azərbaycanın dünya miqyasında ən sürətlə inkişaf edən ölkələrdən birinə çevrilməsinə imkan yaratdığını deyib: “Ancaq istəyirəm ictimaiyyət onu da bilsin ki, bu investisiyalar xeyriyyəçilik funksiyalarını daşımırdı. Bu, sırf biznes layihədir”.

Qeyd edək ki, “Azəri-Çıraq-Günəşli” Hasilatın Pay Bölgüsü Sazişi imzalandıqdan sonra AÇG yatağına Beynəlxalq Əməliyyat Şirkəti (konsorsium) tərəfindən 28.7 milyard dollar sərmayə yatırıb. Həmin vəsaitdən BP-nin payı 10.3 milyard dollar olub.

1994-cü ildən başlayaraq 2012-ci ilin birinci yarısına kimi cəmi 281 milyon ton neft hasil edilib və ümumilikdə 140.8 milyard dollar gəlir götürülüb. Gəlirdən konsorsiumun payına 73 milyard dollar, BP-nin payına isə 26.2 milyard dollar düşüb. Beləliklə, konsorsium AÇG-dən 44.3 milyard dollar, BP isə 15.9 milyard dollar gəlir götürüb.

Ölkə prezidenti Azərbaycan tərəfinin də böyük mənfəət götürdüyünü bildirib: “Bu gün bizim 45 milyard səviyyəsində olan valyuta ehtiyatlarımızın böyük hissəsi Neft Fondunun vəsaitidir. Nə qədər vəsait də son 12 il ərzində xərclənmişdir. Dövlət Neft Fondu 1999-cu ilin sonunda - dekabr ayında yaradılmışdır. O vaxtdan bu günə qədər ölkə iqtisadiyyatına qoyulan vəsaitin, infrastruktur layihələrinə, məktəblərin, yolların tikintisinə, abadlıq işlərinə qoyulan investisiyaların əsas mənbəyi bizim neft sənayemizdir. Ona görə bu, sırf kommersiya layihəsidir”.

“Bizə verilən səhv proqnozlar qəbuledilməzdir”
Prezident bütün vədlərin, verilən proqnozların yerinə yetirilməsinin vacib olduğunu deyib. Qeyd edib ki, gözlənilməyən bu tənəzzül sırf “Azəri”, “Çıraq” yataqları üzrə fəaliyyət göstərən konsorsiuma rəhbərlik edən BP şirkətinin kobud səhvləri nəticəsində mümkün olub: “Biz BP şirkəti ilə uzun illərdir ki, əməkdaşlıq edirik. Onların fəaliyyətini bütün dövrlərdə dəstəkləmişik. Onlar üçün ən ağır günlərdə onları dəstəkləmişik. Biz adekvat münasibət gözləyirik. Bizə verilən səhv proqnozlar qəbuledilməzdir. Dövlət Neft Şirkətinə verilən yalan vədlər qəbuledilməzdir. Dünya biznesində, biznesin bu səviyyəsində belə münasibətlərə yer yoxdur, mümkün deyildir. Biz həmişə bütün tərəfdaşlarla - istər siyasətdə, istər iqtisadi sahədə ədalətli olmuşuq. Həmişə dediyimiz sözlərə əməl etmişik. Biz adekvat münasibət gözləyirik”.

“Ciddi ölçülər, tədbirlər görülməlidir və görüləcəkdir”
İlham Əliyev bu məsələ ilə bağlı çox ciddi dəyişikliklərin edilməsinin vacibliyini vurğulayıb: “Mən nə üçün bu məsələ ilə bağlı məlumatı məhz bu gün ictimaiyyət üçün açıram? Ona görə ki, keçən ay BP tərəfindən mənə rəsmi qaydada söz verilmişdir ki, bütün bu xoşagəlməz halların qarşısı qısa müddət ərzində alınacaqdır. Bütün səhvlər etiraf edildi. Etiraf edildi ki, vəziyyət çox ürəkaçan deyildir. Mənə verilən vədlər ondan ibarət idi ki, qısa müddət ərzində çox ciddi dəyişikliklər ediləcək, işçi proqrama düzəlişlər olunacaq, hasilatı sabit səviyyədə saxlamaq üçün əməli tədbirlər görüləcək və ən önəmlisi, bu kobud səhvləri buraxan insanlar dəyişdiriləcəkdir. Ancaq o gündən bu günə qədər, - təxminən bir ay vaxt keçibdir və mən bu vədlərin yerinə yetirilməsini görmürəm. Əksinə, hesab edirəm ki, burada vaxt uzatma prosesi gedir. Ona görə, hesab edirəm ki, bu, tamamilə dözülməz bir haldır. Artıq Dövlət Neft Şirkətinə tapşırıq verilmişdir ki, bu məsələ rəsmi qaydada qaldırılsın və lazımi tədbirlər görülsün. Öz vəzifə borcunu, kontrakt şərtlərini yerinə yetirə bilməyən investorlar gərək, nəticə çıxarsınlar, ciddi ölçülər, tədbirlər görülməlidir və görüləcəkdir”.

“BP yalnız öz kommersiya maraqlarını nəzərə almalı deyil”

Məsələ ilə bağlı müstəqil ekspertlərin də fikirlərini aldıq. İqtisadçı millət vəkili Əli Məsimli hesab edir ki, ölkə prezidentinin qaldırdığı məsələ Azərbaycanın bu günü və perspektivləri baxımından çox aktual və ciddi xarakter daşıyır:

“Məlumdur ki, “Əsrin müqaviləsi” bağlanarkən verilən proqnozlarda, əgər əlavə yataqlar istismara verilməsə və sözügedən yataqların ehtiyatları korrektə edilməsə, hasilatın 2010-2011-ci illərdən sonra tədricən azalacağı proqnozlaşdırılmışdı. Amma sözügedən yataqlarda potensialın əvvəlkindən artıq olduğu aşkarlanandan sonra, həmin proqnozlara yenidən baxılması zərurəti yarandı. Buna baxmayaraq Azərbaycanda neft hasilatı son illər ilkin proqnozlarda belə olduğu kimi, tədricən yox, kifayət qədər hiss olunacaq dərəcədə aşağı düşür. Azərbaycan iqtisadiyyatında neft aparıcı rol oynadığından və onun payı çox olduğundan, bu sahədəki belə kəskin azalmalar hətta qeyri-neft sektorunda 10 faizdən yüksək artıma nail olunduğu şəraitdə, ölkə üzrə ümumilikdə götürdükdə iqtisadi artım templərinin kəskin surətdə aşağı düşməsinə səbəb olub”.

Ə.Məsimli ötən il Ümumdaxili məhsulun (ÜDM) cəmi 0,1 faiz, bu ilin 9 ayında isə 1,1 faiz artdığını bildirdi və bu tempin Azərbaycanın potensialına uyğun olmadığını dedi: “Azərbaycan əhalisinin illik artım tempi 1 faizdən yüksəkdir. Belə əhali artımının artan tələbatını qarşılamaq üçün bizdə artım tempi azı 4 faizdən aşağı olmamalıdır. Əslində Azərbaycan adambaşına orta gəlirli ölkədən yüksək gəlirli ölkəyə çevrilməkdən ötrü, digər şərtlərlə yanaşı, həm də qarşıdakı 20 ildə hər il orta hesabla 8 faiz ətrafında artıma nail olmalıdır. Azərbaycanın buna potensialı var və nail ola bilər. Buna görə də Azərbaycanda çalışan transmilli kompaniyalar, o cümlədən BP öz fəaliyyətində təkcə birtərəfli qaydada öz kommersiya maraqlarını yox, həm də onun başçılıq etdiyi konsorsiumun neft-qaz hasilatından və satışından indiyədək 72 milyard dollar gəlir götürdüyü Azərbaycanın da strateji maraqlarını nəzərə almalıdır”.

“Proqnoz verərkən ciddi iş aparmaq lazımdır”

İqtisadi və Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Sabit Bağırov proqnozlara daha ciddi yanaşmaq lazım olduğunu dedi. S.Bağırovun fikrincə, proqnozlar özünü doğrultmursa, deməli, nəsə nəzərə alınmayıb. Azərbaycan büdcəsinin neftdən asılı olduğunu, neft profilli ölkə olduğumuzu vurğulayan iqtisadçı bildirdi ki, ölkənin müvafiq iqtisadi proqramları neftdən gələn gəlirlərə hesablanır:

“Müvafiq makroiqtisadi siyasət həyata keçirilir və bu əvvəlcədən neftdən gələcək gəlirlər nəzərə alınmaqla edilir. Bu halda bir neçə illik proqnozlar özünü doğrultmursa, ölkə iqtisadiyyatında ciddi fəsadlara gətirib çıxarır. Buna görə də proqnoz verərkən ciddi iş aparmaq, proqnoz verəcək mütəxəssisləri seçərkən diqqətli olmaq, müxtəlif amilləri nəzərə almaq lazımdır. Dünya bazarındakı qiymətlərdən tutmuş digər iqtisadi göstəricilər də gözdən keçirilməlidir”.

Ölkə prezidentinin öz vəzifə borcunu, kontrakt şərtlərini yerinə yetirə bilməyən investorlar barədə ciddi ölçülər götürüləcəyi barədə fikrinə gəlincə, S.Bağırov hesab edir ki, bu, BP şirkətinin layihədən uzaqlaşdırılması ola bilməz: “Amma Azərbaycan müqavilədən irəli gələn hüquqlara malikdir və bu imkanlarını beynəlxalq praktikanı nəzərə almaqla yəqin nəzərdən keçirəcək. Düşünürəm ki, bu sərt ittihamdan sonra BP ölçü götürəcək”.

Azərbaycanın daha çox mənfəət götürdüyü dövrdən etibarən neft hasilatının aşağı düşməsinin BP tərəfindən məqsədli şəkildə edilməsi barədə fikirlərə gəlincə, Əli Məsimlidən fərqli olaraq, Sabit Bağırov hesab edir ki, BP belə işə getməz: “Çünki BP-nin Azərbaycan tərəflə bağladığı yeni müqavilələr, götürdüyü öhdəliklər var. Buna görə də BP maraqlıdır ki, işini yaxşı yerinə yetirsin”.

Məsələyə “BP-Azərbaycan” şirkətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Tamam Bayatlı da münasibətini bildirib: «Biz Azərbaycana tam sadiqik və «Azəri-Çıraq-Günəşli» hasilatı ilə bağlı məsələləri mümkün qədər tez bir zamanda həll etmək üçün Azərbaycan Dövlət Neft Şirkəti ilə işləyirik».

Lalə