“Boyalı quş”un nəğməsi
İkinci Dünya müharibəsi...
Ailəniz sizi itirir...
Yəhudisiniz...
Görənlər sizi qaraçılara bənzədir...
Altı yaşınız var...
Müharibə başlayandan bitənə qədər təksiniz...
Olmazın işgəncələrini dadırsınız...
İçinizə qara ruhların girdiyindən şübhələnən qarı sizi torpağa basdırır və quzğunlar başınızı dimdikləyir.
Təsəvvür edə bildiniz?
Ailəniz sizi itirir...
Yəhudisiniz...
Görənlər sizi qaraçılara bənzədir...
Azıb qaldığınız kəndlərdə yəhudi olduğunuz üçün
sizi qəbul etmirlər və ya ağır şərtlər altında işlədir, işgəncə verirlər. Həmin
kəndlərin çoxunda da alman əsgərləri var. Və sizi görsələr, xüsusi qaz
kameralarına aparıb orada boğacaqlar. Gizlənməyə, kiçik bir şübhə duyduqda
qaçmağa məcbursunuz.
Başınıza gələn bütün fəlakətlərin axarında hələ də
kimin həqiqət olduğunu, kimin qoynunda gizlənməli olduğunuzu bilmirsiniz.Altı yaşınız var...
Müharibə başlayandan bitənə qədər təksiniz...
Olmazın işgəncələrini dadırsınız...
Diri-diri dovşan soyursunuz, dovşan dərisi
sallana-sallana qaçır, buna görə
sümükləriniz qırılana qədər döyülürsünüz.
Sizi sahiblənən ev yiyəsi öz arvadını muzdlu
işçisinə qısqandığı üçün işçinin gözlərini çıxarır və gözlər sizin ovucunuza
düşür.İçinizə qara ruhların girdiyindən şübhələnən qarı sizi torpağa basdırır və quzğunlar başınızı dimdikləyir.
Təsəvvür edə bildiniz?
Yerji Koşinskinin ötən əsrin ən çox səs-küy
yaratmış romanlarından biri olan "Boyalı quş” altı yaşlı yəhudi əsilli bir
uşağın başına gələn faciələrdən söz açır. Romanın taleyi eynən baş qəhrəmanın
taleyi kimi məşəqqətli oldu desək, yanılmarıq. Ardı-arası kəsilməyən tənqidi
yazılar, yazıçının öz vətənində ona qarşı hazırlanmış kompaniyalar, həddindən
artıq acılı səhnələrinə görə sadəcə şişirdilmiş təxəyyül hadisəsi olaraq qəbul
edilmiş və romanı ciddiyə almayan amerikalı tənqidçilərin davamlı dərc olunan
yazıları.
"Boyalı quş” müharibə haqqında yazılmış, ancaq
döyüş səhnələrindən daha çox müharibənin getdiyi coğrafiyalarda irq, aclıq,
məişət davalarının təsvir edildiyi, nüfuzlu ədəbiyyat qəzetlərinin təbirincə
desək, Böyük Vətən Müharibəsi haqqında yazılmış ən yaxşı romandır.
Birinci şəxsin təkində danışılan hekayə ilə
müəllifin həyatı əsərin real görünə biləcək hissələrində eyniləşir. Koşinski də
müharibə dövrünü ucqar kəndlərdən birində, milli kimliyinə görə almanlardan
gizlənərək və hardasa buna görə də daha çox rus ordusuna hörmət bəsləyərək
keçirib. Müharibədən sonra Moskvada, daha sonra isə ABŞ-da yaşayıb. "Boyalı
quş” romanı da ABŞ-da yazılmış və dərc olunduğu andan etibarən kifayət qədər
səs-küy yaratmış əsərdi. Əsər nə qədər ümidli, "həyat davam edir”
intonasiyasında bitsə də, Yerji Koşinski intihar edəndə həyatın heç də yaxşı
olacağına inanmayıb, görünür. İntiharı haqqında da əsərinə olan maraq qədər
əfsanələr uydurulub. Ancaq bir şey məlumdur ki, məşhur romanında təsvir etdiyi altı
yaşlı obrazının hiss etdiyi bütün ağrıları ömrünün axırına qədər öz çiynində
yük edib. Romanın ən çox diqqət çəkən tərəfi təsvirləridir.
Bəzi tənqidçilərə görə, müəllif hadisələrin təsvirində ifrat dərəcədə
şişirtməyə əl atıb. Olduqca qəddar, oxucunun gözünü qorxudan və psixoloji təsir
yarada biləcək qədər ifrat ağrı, əzabın təsvir olunduğu roman necə atmosferdə
başlayırsa, son səhnələrinə qədər o atmosferi qoruyur. Bu da yazıçının təhkiyə
məcrasının nə qədər iti olduğunu göstərir. Bunlarla yanaşı romanda açıq-aydın
Yerji Koşinskinin tərəfində durduğu mövqe də bilinmir deyil. Bəzi əhvalatların
danışıldığı sırada səhnəyə yazıçı çıxır və müharibə, yəhudilərə qarşı birmənalı
şəkildə vəhşilik kimi qəbul olunacaq münasibəti bədii mətn müstəvisində deyil,
daha çox publisistik abu-havada sərgiləyir.
Yerji Koşinski roman boyunca oğlanın keçdiyi
kəndlərlə həm də bəşəriyyətin inkişaf modelini çəkir. Marta və Olqa obrazları
ruhlara, şər və xeyir qüvvələrə, caduya, mifik xarakteri olan tanrıya
inanırlarsa, oğlanı Qarbosa əmanət edən keşiş tək tanrıya, səmavi dinə inanır.
Mifik təşəkkürün dini təfəkkürə çevrildiyi zaman fasiləsini müəllif kəndçilərin
məişəti ilə də izah edir. Əgər Martanın və ya Olqanın yanında baş qəhrəmanı
qaraçı olduğu üçün, qara saçları ilə qara qüvvələri çağırdığı üçün işgəncə
edirdilərsə, Qarbosun yanında yəhudi olduğu üçün onu kilsəyə buraxmır,
daşlayırdılar.
Əsər sivilizasiyanın artan xətlə inkişafını
göstərir, kilsədən qaçan oğlan ədəbiyyatı, sənəti, fərdi keyfiyyətləri ona
öyrədən, tanıdan rus əsgərlərinin – Qavrila və Mitkanın yanına gəlir. Bura
qədər tanrıya dua etməyi öyrənən qəhrəmanımız sovet əsgərlərinin çadırında
tanrının olmadığını və duaların heç nəyə yaramadığını öyrənir. Bu da İkinci
Dünya müharibəsindən sonra teosentrik anlayışlarının tənəzzülə uğradığına,
fərdi yaradıcılıq və nihilizmin meydana çıxmasına güzgü tutur. Fərdin
mübarizənin, kəşf olunmamış potensialın və cinsi xarakterlərinin qabardıldığı
dövrdür. Yazıçının çəkdiyi xəritə bizi Qərb mədəniyyətinin modernizmə qədəm
basdığı dövrə gətirib çıxarır. Məhz Qavrila və Mitkanın yanında təsvir edilən
hadisələr, oxuduğumuz dialoqlar daha çox sovet təbliği daşıdığı üçün, həm də
yazıçının şəxsi hirsinin hiss olunduğu abzaslar olduğu üçün bir qədər
xoşagəlməzlik yaradır.
Romanda istifadə olunan simvolistika da diqqəti
çəkir. Alov, külək, torpaq (kəndlər, meşələr) və su. Dörd vacib həyat ünsürünün
hər bölmədə baş qəhrəmana yaşamaq üçün kömək etdiyini görürük. Bununla bərabər
ehtiras və səs simvolları da azadlığın sinonimi kimi istifadə olunub. Müharibə
dövründə kişi və qadın münasibətlərinin ibtidai insanların ailə münasibətləri
ilə eyni olduğunu göstərən müəllif, həmçinin Lex və Yelbeyin Lyudmila obrazları
ilə azad münasibətlərin tərəfində olduğunu göstərir. Yelbeyin Lyudmila
müharibədə məhv olmağa məhkum olunmuş gözəlliyin obrazıdır. Dağıdılan şəhərlər,
abidələr, yandırılan meşələr, öldürülən insanlar Lyudmiladır. Onun can verən
bədəni qarşısında diz çökən Lex isə sənətdir, gələcəyin verəcəyi böyük "niyə?”
sualıdır.
Romanın kulminasiya nöqtəsində səsini itirən obraz
finalda öz səsinə qovuşur. Səs yaranışın işarəsidir. Yaranış işıqdan və səsdən
başlayır. Müharibə bitəndən sonra evinə, şəhərinə qayıdan on iki yaşlı obraz
altı illik macəraların ona verdiyi vərdişlərdən xilas ola bilmir. Bu
vərdişlərin ən əsası isə azadlıq idi. O, binalara, küçələrə sığmır, ruhu yenə
meşələri, düzləri istəyir. Gecələr şəhəri gəzir, onun yarısərxoş, yarıçirkli
azadlığından həzz alır. Boyalı quşlar kimi öz dəstəsinə geri dönərkən onu nə
qədər incitsələr də, nəhayət öz yerini cəmiyyətdə tapa bilir.
"Boyalı quş” romanı müharibənin kulisi haqqında
yazılmış ən yaxşı əsərlərdən biridir. Yerji Koşinskinin kitaba əlavə olunan
otuz yeddi səhifəlik ""Boyalı quş”dan sonra” yazısı əsərin ədəbi və
ictimai-sosial dəyərini bir daha sübut edir.
Rəvan Cavid