• şənbə, 20 Aprel, 17:17
  • Baku Bakı 23°C

BOTAŞ Azərbaycan qazının Türkiyəyə nəql olunması ilə bağlı razılaşmanın müddətini uzatmaq niyyətindədir

03.11.17 14:30 833
BOTAŞ Azərbaycan qazının Türkiyəyə nəql olunması ilə bağlı razılaşmanın müddətini uzatmaq niyyətindədir
"Şahdəniz-1” yatağından nəql edilən Azərbaycan təbii qazının Türkiyəyə nəql olunması ilə bağlı razılaşmanın 15 illik müddət başa çatdıqdan sonra uzadıla bilər.
"APA-Economics”in məlumatına görə, Türkiyənin BOTAŞ (Boru Hatları İle Petrol Taşıma Anonim Şirketi) şirkətinin Beynəlxalq Layihələr üzrə idarə rəhbəri İsmail Kürşad Çapanoğlu bildirib ki, "Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənməsi üzrə 1994-cü ildə imzalanmış saziş 2050-ci ilə qədər uzadılıb: "Odur ki, anlaşmanın müddətinin başa çatacağı vaxt gəldikdə yeni saziş imzalana bilər. Əslində, artıq biz bu görüşlərə başlamışıq. SOCAR ilə mütəmadi olaraq danışıqlar aparırıq”.
O bildirib ki, 2018-ci ilin iyununda Trans-Anadolu (TANAP) qaz kəməri layihəsi üzrə əməliyyatlar başlayacaq: "2011-ci ildə bununla bağlı ilk razılaşma əldə olunub. Hələ 2007-2008-ci illərdə, yəni "Şahdəniz-1” mərhələsi üzrə razılıq əldə olunduqdan dərhal sonra "Şahdəniz-2” üzrə danışıqlara başlamışdıq. Yəni, bu məsələlər qısa müddətə həll oluna biləcək mövzular deyil”.
Türkiyədə illik qaz istehlakının təxminən 50 mlrd. kubmetr olduğunu qeyd edən BOTAŞ rəsmisi yaxın zamanlarda bu rəqəmin daha da artacağını vurğulayıb: "Ölkədə qaz ehtiyatlarının artırılması gündəmdə olan başlıca məsələdir. İstehlak olunan qazın 10%-i ehtiyat olaraq saxlanılmalıdır. Bu, bizim qanunlarımızda da nəzərdə tutulub. Ancaq ehtiyatları 20%-ə qədər də artıra bilərik. Şərqdəki təbii qazı Qərbə gətirmək üçün mərkəzlərimiz yoxdur. Buna görə də, təbii qaz nəqlini ehtiyatlar hesabına həyata keçirməliyik”.
O, BOTAŞ-ınTANAP-da nə üçün böyük paya sahib olmadığına da aydınlıq gətirib: "2011-ci ilin oktyabrında SOCAR konsorsiumu ilə "Şahdəniz-2” layihəsi barədə danışıqlar aparılıb. Bu danışıqlar zamanı BOTAŞ-ın qazı nəql etməsi razılaşdırılırdı. Sözügedən razılaşmanın 5-ci maddəsində, müəyyən zaman çərçivəsində tərəflərin yeni, müstəqil bir xətt qurulmasını istəməyəcəyi təqdirdə, buna dair görüşlərin keçiriləcəyi qeyd olunur. Qazın Türkiyə üzərindən BOTAŞ vasitəsilə daşınması barədə razılaşma var idi. Həmin maddəyə əsasən SOCAR ilə görüşdük və nəticədə yeni bir sistemin qurulmasına qərar verdik”.
O bildirib ki, Türkiyənin Azərbaycanla münasibətləri Qərb ölkələri ilə münasibətlərindən fərqlidir: "Qazın sahibi ölkənin daşınmada söz sahibi olması həm Türkiyə, həm də Azərbaycan üçün başlıca məqsəd idi. Məsuliyyətin ən azı 50%-nin Azərbaycanda qalması ilə bağlı razılaşma imzalanıb. Bu isə o deməkdir ki, Azərbaycan qazın sahibi olaraq daşınmada da söz sahibi olacaq. SOCAR-ınTANAP-dakı payı yüksəkdir. TAP-a nəzər salsaq, Azərbaycanın payı yenə eynidir. Çünki, qaz sahibinin daşınmada da söz sahibi olmaq istəməsi təbiidir”.
banner

Oxşar Xəbərlər