• cümə axşamı, 28 mart, 12:56
  • Baku Bakı 16°C

Boşqabımızdakı yemək nə qədər rəngarəngdirsə... – Araşdırma

10.04.20 13:00 2879
Boşqabımızdakı yemək nə qədər rəngarəngdirsə... – Araşdırma
Uşaqlar gün ərzində 2-4, böyüklər 3-6 dəfə meyvə-tərəvəz qəbul etməlidir
İmmun sistemini çox vaxt unuduruq, ta ki xəstəlik gələnə qədər. Koronavirus pandemiyası isə immun sisteminin güclü olması zərurətini yenidən bütün dünyanın diqqətin mərkəzinə gətirmiş oldu. Çünki koronavirusdan sağalanlar məhz immun sistemi güclü olanlardır.

İmmunitetin güclü olması üçün hər zaman qabardılan məsələlərdən biri də meyvə-tərəvəzlər qəbuludur. Bəzən isə insanlar təbii olan bu qidaların yerinə, apteklərdən dərman alıb qəbul etməyi üstün tuturlar. Maraqlıdır, meyvə-tərəvəzlərin immun sistemimizin güclü olmasında payı nə dərəcədədir və bunu apteklərdə satılan dərmanlar əvəz edirmi?

Bahar əvvəllər meyvə-tərəvəz yesə də, indi bu tipli qidalardan uzaqdır. Deyir ki, meyvə-tərəvəz yediyi vaxtlar immun sistemi daha güclü olub: "Əvvəllər gün ərzində bir neçə dəfə meyvə-tərəvəz yeyirdim. Alma, nar çox sevirdim. Ancaq sonralar kofe, şokolad və şirniyyata meyl yarandı. Bunlarla qidalandıqdan sonra artıq meyvə-tərəvəzi iştahım çəkmədi. Gündə bir dəfə hansısa meyvə, yaxud tərəvəz yeyərəm, ya yemərəm. İndi xəstəliklərə qarşı çox həssas olmuşam. İmmun sistemim zəifləyib, yanımda kimsə asqıran kimi qrip oluram”.

Meyvə-tərəvəz yeyənlərlə yeməyənlərin sağlamlıq fərqi

İmmunoloq Günel Məmmədova bildirdi ki, meyvə-tərəvəz qəbul edənlərlə bu qidalardan uzaq duranların immun sistemini, sağlamlığını müqayisə edəndə, ortaya böyük fərq çıxır: "Alimlər bununla bağlı araşdırma aparıblar. Meyvə-tərəvəz yeməyənlərlə yeyənlərin sağlamlıq durumlarını müqayisə ediblər. İki qrupun sağlamlığı, immun sistemi arasında böyük fərq ortaya çıxıb. Meyvə-tərəvəz yeməyənlərdə immun sistemi çox zəifləyə bilir”.


Psixoloq Səxavət Qabiloğlu deyir ki, meyvə-tərəvəzi uşaqlara zorla yedirtmək düzgün deyil: "Bir çox valideynlər uşaqlara erkən yaşlardan meyvə və tərəvəzi zorla yedirtməyə çalışırlar. Əlbəttə, meyvə və tərəvəzləri yemək lazımdır və xeyirlidir. Lakin bunu zorla edən valideynlər övladlarının gələcəyin lakanofobuna çevrilməsinə səbəb olurlar. Lakanofobiya – meyvə və tərəvəzlərdən qorxudur. Bu gün ABŞ və Avropa ölkələrində hər 10-cu ananın övladını psixoloqa göstərməsinin səbəbi meyvə və tərəvəz yeməməsidir. O uşaqlar əslində meyvənin və tərəvəzin özündən deyil, onun zorla yedirdilməsinə nifrət edirlər. İşgüzar analar övladlarına minimum diqqət ayıraraq, meyvə və tərəvəzləri boşqaba qoyaraq "Yeməlisən, yoxsa televizor olmayacaq!” təhdidi ilə yedirtməyə çalışırlar. Analar bu məsələdə diqqətli olmalıdırlar. Böyüyən lakanofob şəxs nəinki hansısa ərzaqdan nifrət edər, hətta elə bir dərəcə ola bilər ki, onu zorla yedirən anaya da nifrəti oyana bilər. Bunun əvəzində isə, meyvə və tərəvəzləri salat formasında və ya rəngli oyun şəklində, maarifləndirərək yedirtmək daha məqsədə uyğundur. Tərəvəzləri blenderdən keçirib dadlı yeməyə qatıb vermək də bu problemi aradan qaldıra bilər. Ölkəmizdə bağçalarda meyvə və tərəvəzlərin xüsusiyyətini göstərən səhnələrin qurulması, uşaqlarda lakanofobiya qurbanı olmamağa kömək edə bilər”.

Bir də valideynlər deyirlər ki, uşaq meyvə yeyəndən sonra yemək istəmir. Vaqif Qarayev bunun səbəbsiz olmadığını bildirdi: "Meyvəni yeməkarası vermək düzgün deyil. Ya yeməkdən əvvəl, ya da sonra. Yemək yeyən uşağa bir neçə saat sonra meyvə versək, növbəti yeməyi yeməyəcək. Çünki enerjini meyvədən götürüb. Valideynlər meyvənin yeyilmə vaxtına diqqət etsələr, belə problemlə üzləşməzlər”.

Aygün Asimqızı

banner

Oxşar Xəbərlər