Bordyuja aprelə qədər vəzifəsində qala bilərdi...
Ötən
ilin son günlərində cəbhə xəttində ermənilərin növbəti dəfə təxribat törətməsindən
sonra Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Nikolay
BordyujanınAzərbaycan tərəfini ittiham edən bəyanatla çıxış etdiyi haqda
məlumat vermişdik. Hətta bununla yetinməyən Bordyuja Dağlıq Qarabağdakı
separatçı və tanınmamış rejimi respublika adlandırmaqdan da çəkinməyib. Belə
bir məsuliyyətsiz açıqlama isə susqunluqla qarşılanmadı və lazımi cavablar
verildi.
Bu fakta
dair Xarici İşlər Nazirliyinin bəyanatında bildirilirdi ki, KTMT-nin baş
katibinin təşkilatın üzv dövlətlərinin rəsmi mövqeyinə vəATƏT-in Minsk
Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesinin mahiyyətinə
zidd olaraq, Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimə
"Dağlıq Qarabağ Respublikası” kimi müraciət etməsi qəbuledilməzdir: "KTMT-nin
baş katibi hər hansı açıqlama və şərhlə çıxış etməzdən öncə vəziyyəti düzgün təhlil
etməli və qiymətləndirməlidir. Ermənistanın KTMT-nin sonuncu Sankt-Peterburq
zirvə görüşündən sonra növbəti məyusluğa uğrayaraq, belə bir növbəti təxribata əl
atması istisna edilməməlidir”.
Xatırladaq
ki, Bordyuja artıq vəzifəsi ilə vidalaşıb. Bəs onsuz da səlahiyyət müddəti başa
çatmış Bordyujanın bu vəzifədə elan olunduğu kimi, aprelə qədər qalmasına niyə
imkan verilmədi?
Mövzu
haqda fikirlərini "Kaspi” ilə bölüşən politoloq
Elxan Şahinoğlu bildirdi ki, KTMT-yə Bordyujanın yerinə dotasiya prinsipi
ilə Ermənistan nümayəndəsi seçilməli idi. Amma ilk olaraq, Qazaxıstan
prezidenti xəstəliyi ilə əlaqədar İrəvana getmədi və baş katibi seçmək mümkün
olmadı. Təbii olaraq, bu, Ermənistan hakimiyyətinin narahatlığına və
narazılığına səbəb oldu: "Ermənilər hətta deyirdilər ki, Nazarbayev xəstə-filan
deyil, sadəcə, Azərbaycanla dostdur deyə belə edir. Belə olan halda, Rusiya tərəfi
toplantını təxirə saldı və növbəti zirvə toplantısında – dekabrda yeni katibin
seçiləcəyini dedi. Amma məsələ Sankt-Peterburqda da həllini tapmadı. Çünki bu dəfə
də toplantıya Belarus prezidenti Aleksandr Lukaşenko getmədi. Bu, Ermənistanın
daha böyük narahatlığına və narazılığına səbəb oldu. Artıq bu cür fikirlər səsləndirilirdi
ki, Belarus və Qazaxıstan sözdə Ermənistanın təşkilati müttəfiqləri olsalar da,
əməldə hər ikisi Azərbaycanın müttəfiqləridir. Bəli, bu, həqiqətən də belədir.
Belarus da, Qazaxıstan da Azərbaycanın müttəfiqidir. Onlar Azərbaycanla əməkdaşlıqdan
faydalanırlar. Kasıb Ermənistanın heç bir üstünlüyü yoxdur ki, onunla əməkdaşlıq
etsinlər, nəsə qazansınlar. Ermənilər heç kimə xeyir vermirlər. Azərbaycanın isə
müxtəlif imkanları var. Sankt-Peterburqda isə dedilər ki, növbəti dəfə baş
katibi apreldə seçəcəyik. Amma istisna edilmir ki, həmin toplantıya Qırğızıstan
prezidenti qatılmasın. Çünki Azərbaycanın Qırğızıstanla tərəfdaşlıq münasibətləri
var. Bu müddətdə isə Bordyujanın vaxtı uzanırdı. Real olaraq, vəzifəsindən getməli
və onu kimsə əvəz etməli idi. Onun son açıqlaması antiAzərbaycan mahiyyəti
daşıyır. Son insidentdən sonra dekabrın 29-da faktiki, Azərbaycanı
günahlandırdı. O, "Dağlıq Qarabağ Respublikası” ifadəsini işlətdi. Bu, Azərbaycan
əleyhinə verilmiş açıqlama idi”.
Politoloq
Bordyujanın buraxdığı bu səhvin onun vəzifəsinə təsir etdiyini düşünmür: "Yəqin
ki, Azərbaycan tərəfi öz narazılığını Rusiya tərəfinin diqqətinə çatdırıb. Onun
səlahiyyət onsuz da vaxtı bitmişdi. Aprelə qədər gözlənilməməsinin səbəbinin Azərbaycan
olduğuna inanmıram. Düzdür, Rusiya hakimiyyət dairələrində Azərbaycanla əməkdaşlığa
üstünlük verən şəxslər, qruplar var. Amma onların bu məsələyə təsir edə biləcəyini
düşünmürəm. Azərbaycan amili olsa da, olmasa da Nikolay Bordyujanın bu vəzifədən
uzaqlaşdırılması Ermənistana vurulan növbəti zərbədir. Çünki Bordyujanın
dekabrın 29-da verdiyi açıqlamalar erməni siyasi dairələrini, ekspertləri çox həvəsləndirmişdi.
Belə deyirdilər ki, guya Rusiya Bordyujanın dili ilə Azərbaycanı ittiham edir və
Qarabağın müstəqilliyini tanıyır. Gördüyünüz kimi, o, vəzifəsi ilə sağollaşdı.
Bu, Rusiya hakimiyyətinin Bordyujanın dediklərini təsdiq etdiyi mənasını
vermir. Amma biz ondan narahatıq ki, Rusiya Xarici İşlər Nazirliyi Bordyujanın
açıqlaması haqqında ikibaşlı açıqlama ilə çıxış etdi. Biz onlardan Bordyujanın
ifadəsini dəyişməyi gözləyirdik, amma onlar yumşaq da olsa, dəyişmədilər.
Faktiki, onun arxasında durdular. Amma o, vəzifəsindən uzaqlaşdı. Bunun isə
sırf Azərbaycan səbəbi ilə olduğunu demək olmaz. Bizə görə uzaqlaşdırıldığını
iddia edə bilmərik. Çünki ortada Rusiya XİN-in onun açıqlamasını dəstəkləyən
mövqeyi var. Sadəcə, düşünürəm ki, bir adamın vəzifəsini nə qədər uzatmaq olar?
Ona görə də vəzifəsindən götürüldü. Bordyujanın uzaqlaşdırılmasının bu vəzifəyə
təyinatın aktuallığını artırdığını deyənlər də ola bilər. Bu, Belarusa,
Qırğızıstana, Qazaxıstana bir mesaj da ola bilər. Çünki görünür, Ermənistan
nümayəndəsinin təyin olunmamasından tək Ermənistan deyil, Rusiyada onları dəstəkləyən
bəzi dairələr də narahatdır. Həmin dairələrin təsiri ilə Bordyuja vəzifəsindən
uzaqlaşdırıla bilər. Yəni görsünlər ki, bu vəzifə boşdur və bura təyinatı uzun
müddət ləngitmək olmaz. Amma yenə də təkrar edirəm, heç bir təminat yoxdur və
apreldə də hansısa prezident zirvə toplantısına qatılmasa, bu məsələ yenə də təxirə
salına bilər”.
Politoloq Qabil Hüseynli də onsuz da Bordyujanın səlahiyyət müddətinin
bitdiyini qeyd etdi. Nəzərə çatdırdı ki, baş katib növbəlilik prinsipi ilə
seçilir. Buna görə də Bordyujanın getməsi normal haldır. Amma onun Azərbaycana
qarşı qərəzi və aprelə qədər işində qala biləcəyi mümkünlüyündən danışdıqda,
politoloq hesab edir ki, Azərbaycan bütün hallarda haqlıdır. Çünki Qarabağ Azərbaycanın
işğal olunmuş ərazisidir, oradakı separatçı rejimi müstəqil adlandırmaq
yolverilməzdir: "Azərbaycan bu məsələdə öz mövqeyini göstərdi”.
Şəfa
Tapdıq