AZE | RUS | ENG |


Bordyuja aprelə qədər vəzifəsində qala bilərdi...

Bordyuja aprelə qədər vəzifəsində qala bilərdi...
Politoloqların fikrincə, KTMT baş katibinin vəzifədən uzaqlaşdırılması Ermənistana növbəti zərbədir

Ötən ilin son günlərində cəbhə xəttində ermənilərin növbəti dəfə təxribat törətməsindən sonra Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Nikolay Bordyujanın Azərbaycan tərəfini ittiham edən bəyanatla çıxış etdiyi haqda məlumat vermişdik. Hətta bununla yetinməyən Bordyuja Dağlıq Qarabağdakı separatçı və tanınmamış rejimi respublika adlandırmaqdan da çəkinməyib. Belə bir məsuliyyətsiz açıqlama isə susqunluqla qarşılanmadı və lazımi cavablar verildi. 

Bu fakta dair Xarici İşlər Nazirliyinin bəyanatında bildirilirdi ki, KTMT-nin baş katibinin təşkilatın üzv dövlətlərinin rəsmi mövqeyinə və ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesinin mahiyyətinə zidd olaraq, Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimə "Dağlıq Qarabağ Respublikası” kimi müraciət etməsi qəbuledilməzdir: "KTMT-nin baş katibi hər hansı açıqlama və şərhlə çıxış etməzdən öncə vəziyyəti düzgün təhlil etməli və qiymətləndirməlidir. Ermənistanın KTMT-nin sonuncu Sankt-Peterburq zirvə görüşündən sonra növbəti məyusluğa uğrayaraq, belə bir növbəti təxribata əl atması istisna edilməməlidir”.

Xatırladaq ki, Bordyuja artıq vəzifəsi ilə vidalaşıb. Bəs onsuz da səlahiyyət müddəti başa çatmış Bordyujanın bu vəzifədə elan olunduğu kimi, aprelə qədər qalmasına niyə imkan verilmədi?
 
Mövzu haqda fikirlərini "Kaspi” ilə bölüşən politoloq Elxan Şahinoğlu bildirdi ki, KTMT-yə Bordyujanın yerinə dotasiya prinsipi ilə Ermənistan nümayəndəsi seçilməli idi. Amma ilk olaraq, Qazaxıstan prezidenti xəstəliyi ilə əlaqədar İrəvana getmədi və baş katibi seçmək mümkün olmadı. Təbii olaraq, bu, Ermənistan hakimiyyətinin narahatlığına və narazılığına səbəb oldu: "Ermənilər hətta deyirdilər ki, Nazarbayev xəstə-filan deyil, sadəcə, Azərbaycanla dostdur deyə belə edir. Belə olan halda, Rusiya tərəfi toplantını təxirə saldı və növbəti zirvə toplantısında – dekabrda yeni katibin seçiləcəyini dedi. Amma məsələ Sankt-Peterburqda da həllini tapmadı. Çünki bu dəfə də toplantıya Belarus prezidenti Aleksandr Lukaşenko getmədi. Bu, Ermənistanın daha böyük narahatlığına və narazılığına səbəb oldu. Artıq bu cür fikirlər səsləndirilirdi ki, Belarus və Qazaxıstan sözdə Ermənistanın təşkilati müttəfiqləri olsalar da, əməldə hər ikisi Azərbaycanın müttəfiqləridir. Bəli, bu, həqiqətən də belədir. Belarus da, Qazaxıstan da Azərbaycanın müttəfiqidir. Onlar Azərbaycanla əməkdaşlıqdan faydalanırlar. Kasıb Ermənistanın heç bir üstünlüyü yoxdur ki, onunla əməkdaşlıq etsinlər, nəsə qazansınlar. Ermənilər heç kimə xeyir vermirlər. Azərbaycanın isə müxtəlif imkanları var. Sankt-Peterburqda isə dedilər ki, növbəti dəfə baş katibi apreldə seçəcəyik. Amma istisna edilmir ki, həmin toplantıya Qırğızıstan prezidenti qatılmasın. Çünki Azərbaycanın Qırğızıstanla tərəfdaşlıq münasibətləri var. Bu müddətdə isə Bordyujanın vaxtı uzanırdı. Real olaraq, vəzifəsindən getməli və onu kimsə əvəz etməli idi. Onun son açıqlaması antiAzərbaycan mahiyyəti daşıyır. Son insidentdən sonra dekabrın 29-da faktiki, Azərbaycanı günahlandırdı. O, "Dağlıq Qarabağ Respublikası” ifadəsini işlətdi. Bu, Azərbaycan əleyhinə verilmiş açıqlama idi”.
 
 

Politoloq Bordyujanın buraxdığı bu səhvin onun vəzifəsinə təsir etdiyini düşünmür: "Yəqin ki, Azərbaycan tərəfi öz narazılığını Rusiya tərəfinin diqqətinə çatdırıb. Onun səlahiyyət onsuz da vaxtı bitmişdi. Aprelə qədər gözlənilməməsinin səbəbinin Azərbaycan olduğuna inanmıram. Düzdür, Rusiya hakimiyyət dairələrində Azərbaycanla əməkdaşlığa üstünlük verən şəxslər, qruplar var. Amma onların bu məsələyə təsir edə biləcəyini düşünmürəm. Azərbaycan amili olsa da, olmasa da Nikolay Bordyujanın bu vəzifədən uzaqlaşdırılması Ermənistana vurulan növbəti zərbədir. Çünki Bordyujanın dekabrın 29-da verdiyi açıqlamalar erməni siyasi dairələrini, ekspertləri çox həvəsləndirmişdi. Belə deyirdilər ki, guya Rusiya Bordyujanın dili ilə Azərbaycanı ittiham edir və Qarabağın müstəqilliyini tanıyır. Gördüyünüz kimi, o, vəzifəsi ilə sağollaşdı. Bu, Rusiya hakimiyyətinin Bordyujanın dediklərini təsdiq etdiyi mənasını vermir. Amma biz ondan narahatıq ki, Rusiya Xarici İşlər Nazirliyi Bordyujanın açıqlaması haqqında ikibaşlı açıqlama ilə çıxış etdi. Biz onlardan Bordyujanın ifadəsini dəyişməyi gözləyirdik, amma onlar yumşaq da olsa, dəyişmədilər. Faktiki, onun arxasında durdular. Amma o, vəzifəsindən uzaqlaşdı. Bunun isə sırf Azərbaycan səbəbi ilə olduğunu demək olmaz. Bizə görə uzaqlaşdırıldığını iddia edə bilmərik. Çünki ortada Rusiya XİN-in onun açıqlamasını dəstəkləyən mövqeyi var. Sadəcə, düşünürəm ki, bir adamın vəzifəsini nə qədər uzatmaq olar? Ona görə də vəzifəsindən götürüldü. Bordyujanın uzaqlaşdırılmasının bu vəzifəyə təyinatın aktuallığını artırdığını deyənlər də ola bilər. Bu, Belarusa, Qırğızıstana, Qazaxıstana bir mesaj da ola bilər. Çünki görünür, Ermənistan nümayəndəsinin təyin olunmamasından tək Ermənistan deyil, Rusiyada onları dəstəkləyən bəzi dairələr də narahatdır. Həmin dairələrin təsiri ilə Bordyuja vəzifəsindən uzaqlaşdırıla bilər. Yəni görsünlər ki, bu vəzifə boşdur və bura təyinatı uzun müddət ləngitmək olmaz. Amma yenə də təkrar edirəm, heç bir təminat yoxdur və apreldə də hansısa prezident zirvə toplantısına qatılmasa, bu məsələ yenə də təxirə salına bilər”.
 
 

Politoloq Qabil Hüseynli də onsuz da Bordyujanın səlahiyyət müddətinin bitdiyini qeyd etdi. Nəzərə çatdırdı ki, baş katib növbəlilik prinsipi ilə seçilir. Buna görə də Bordyujanın getməsi normal haldır. Amma onun Azərbaycana qarşı qərəzi və aprelə qədər işində qala biləcəyi mümkünlüyündən danışdıqda, politoloq hesab edir ki, Azərbaycan bütün hallarda haqlıdır. Çünki Qarabağ Azərbaycanın işğal olunmuş ərazisidir, oradakı separatçı rejimi müstəqil adlandırmaq yolverilməzdir: "Azərbaycan bu məsələdə öz mövqeyini göstərdi”.
 
Şəfa Tapdıq


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
EUR 1 Avro 1.9483
USD 1 ABŞ dolları 1.8311
IRR 100 İran rialı 0.0047
GEL 1 Gürcü larisi 0.6879
GBP 1 İngilis funt sterlinqi 2.2482
TRY 1 Türk lirəsi 0.4811
KWD 1 Küveyt dinarı 5.9941
SEK 1 İsveç kronu 0.2047
CHF 1 İsveçrə frankı 1.8186