• cümə, 19 Aprel, 22:19
  • Baku Bakı 24°C

Bolşevik adı ilə pərdələnənlərin azərbaycanlılara qarşı törətdikləri milli qırğın

31.03.17 11:00 3267
Bolşevik adı ilə pərdələnənlərin azərbaycanlılara qarşı törətdikləri milli qırğın
Bolşevik-daşnak birləşmələri ötən əsrin əvvəllərində azərbaycanlılara qarşı milli və dini zəmində dəfələrlə kütləvi qırğınlar törədib, qoca, qadın, uşaq demədən minlərlə günahsız insanı qətlə yetiriblər. Azərbaycanda demokratik cümhuriyyətin qurulduğu ərəfədə, yəni 1918-ci ilin mart ayının 31-dən aprel ayının əvvəllərinə qədər davam edən qırğınlar isə miqyasına görə daha geniş və amansız olub. Azərbaycanın tarixi torpaqlarındakı bütün yaşayış məntəqələrində insanlara qarşı misli görünməmiş vəhşiliklər edilib. Həmin dövrdə baş verən hadisələrlə bağlı "Kaspi”nin suallarını Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev cavablandırır.
- İsmayıl müəllim, Bakı soveti və daşnak erməni silahlı dəstələri tərəfindən Azərbaycanda kütləvi qırğınlar törədilməsinə səbəb nə idi?
- XIX əsrdən başlayaraq ermənilər Qafqazda və Türkiyə ərazisində işğalçılıq niyyətlərini həyata keçirmək və tarixi torpaqlarımız hesabına "böyük Ermənistan” xülyasını reallaşdırmaq üçün ardıcıl olaraq hərbi və ideoloji vasitələrdən yararlanıblar. Onlar öz məqsədlərinə çatmaq üçün XX əsr boyu Azərbaycan və türk xalqlarına qarşı dəhşətli soyqırımı cinayətləri həyata keçirməkdən çəkinməyiblər. Keçən əsrin ikinci onilliyində ermənilərin azərbaycanlılara qarşı törətdikləri 1918-ci il soyqırımı daha geniş miqyas alıb və daha amansız olub. Özlərini dünya ictimaiyyətinə "yazıq millət”, "əzabkeş xalq” kimi qələmə verərək azərbaycanlılara qarşı kini, vəhşiliyi, soyqırımı Bakıda, Qubada, Şamaxıda, Lənkəranda, Salyanda, Göyçayda və başqa yerlərdə bolşevik adı ilə pərdələnmiş Stepan Şaumyanın rəhbərlik etdiyi Bakı Kommunası hökumətinin əli ilə həyata keçiriblər. Bakı qırğınında Korqanov və Petrovla birlikdə azərbaycanlı qanına susamış Mikoyanın, Hamazaspın, Avetisyanın, Lalayanın quldur dəstələri xüsusi fəallıq göstəriblər. Bakıda erməni daşnakları dinc əhaliyə üç gün divan tutub, 17 min azərbaycanlını məhv edib, müsəlman məhəllələrini talayıb-çapıb, "İsmailiyyə”ni yandırıb. Anastas Mikoyanın "Qızıl qvardiyası”nın vəhşiliyi nəticəsində İçərişəhərdə yaralılar yatan xəstəxanaya da od vurulub, 2 minədək xəstə yandırılıb, qaçanlar isə güllələniblər. "Bolşevik” Hamazasp, Əmiryan və digər erməni millətçiləri də azərbaycanlılara qarşı törətdikləri vəhşilikdə Mikoyandan, Şaumyandan geri qalmayıblar. Bakı şəhərində soyqırımı bolşevizm bayrağı altında həyata keçirilib. Guya bolşeviklər hökumətə qarşı çıxış edən qüvvələrə divan tutublar. Əslində isə bu, bolşevik adı ilə pərdələnənlərin azərbaycanlılara qarşı törətdikləri milli qırğın idi. Bakı ilə yanaşı, ermənilər digər Azərbaycan torpaqlarında, o cümlədən Qərbi Azərbaycanda, Naxçıvanda, Zəngəzurda, azərbaycanlılara qarşı tarixdə görünməmiş qəddarlıq ediblər, dinc əhaliyə divan tutublar. Ümumiyyətlə, 1918-1920-ci illərdə azərbaycanlılara qarşı soyqırımı həm miqyası etibarı ilə, həm də vəhşiliyi ilə heyrət doğurur. O dövrdə azərbaycanlıların yaşadıqları elə ərazi yoxdur ki, orada erməni vəhşiliyi özünü göstərməsin.
- Azərbaycanda Demokratik Cümhuriyyətin süqutundan sonra ermənilərin azərbaycanlılara qarşı məkrli niyyətləri özünü hansı formada göstərib?
- Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra da ermənilər azərbaycanlılara qarşı soyqırımı siyasətini davam etdiriblər. Bu dövrdə, konkret olaraq 1920-30-cu illərdə, eləcə də müharibədən sonrakı dövrdə ermənilər azərbaycanlıların həbs edilərək Sibirə göndərilməsində, xalq düşməni adı altında güllələnməsində, din xadimlərinin və görkəmli ziyalıların məhv edilməsində, əsassız repressiyaların günahsız insanlara qarşı tətbiq olunmasında çox böyük rol oynayıblar. Azərbaycan millətinin qatı düşmənləri tərəfindən onun ən yaxşı övladlarının siyasi qərəzçiliklə məhv edilməsi belə bir kədərli faktla sübut olunur ki, Azərbaycandakı 51 rayondan 31-ində Xalq Daxili İşlər Komissarlığı rayon bölməsinin başında ermənilər durublar. Astara dairəsində Arakelov, Astraxanbazarda Comardyan, Zəngilanda Zərdəryan, Samuxda Petrosyan, Masallıda Avenesov, Lənkəranda Movsesyan, Tovatov, Naxçıvanda Akopyan, Ağacanyan, Akopov, Ceyranov, Zakyan, Parşeqov, İonesyan, Şıxanyan, Bakıda isə cəza orqanlarının Mərkəzi aparatında Sumbatov-Topuridze, Markaryan, Koqan, Silman, Borşov, Yemelyanov, Mailyan və digərləri başçılıq ediblər. Bütün bunlar etnik təmizləmə siyasətinin tərkib hissəsi kimi sonrakı illərdə davam etdirilib. Rəsmi məlumatlara görə, 1937-ci ildə Azərbaycanda 100 min nəfərdən artıq adam etaplarla sürgün olunub, 3 min kəndli məhv edilib, "xalq düşməni” kimi 29 min nəfər güllələnib və ya Sibirə sürgünə göndərilib. Hüquq-mühafizə orqanları sistemində ermənilərin çoxluq təşkil etməsi onların azərbaycanlılara qarşı fəaliyyətinin daha dəhşətli formada həyata keçirilməsinə imkan verib. Hətta Böyük Vətən Müharibəsi illərində Mikoyan və digər ermənilər Stalini azərbaycanlıların guya xəyanət edə biləcəklərinə inandıra bilib və 1942-ci ilin dekabrın 7-də Azərbaycan əhalisinin hamılıqla Orta Asiya və Qazaxıstana sürgün edilməsi haqqında məxfi qərar verilməsinə nail olublar. Lakin o zamankı respublika rəhbərliyinin göstərdiyi səylər Stalini fikrindən daşındırıb, cinayətin həyata keçirilməsinə imkan verməyib. Xəbis niyyətlərindən əl çəkməyən erməni daşnakları müharibədən sonrakı mərhələlərdə Qərbi Azərbaycan ərazisindən azərbaycanlıların deportasiyasına nail olublar. 1948-1953-cü illərdə 144654 nəfər, 1988-1992-ci illərdə isə 250 min soydaşımız indiki Ermənistan ərazisindən, azərbaycanlıların tarixən yaşadıqları ata-baba yurdundan zorla çıxarılıb, 229 nəfər azərbaycanlı isə vəhşicəsinə qətlə yetirilib.
- Sizcə, 31 mart soyqırımına beynəlxalq hüquqi qiymət verilməsi üçün hansı tədbirlərin görülməsi vacibdir?
- Təkcə 1918-ci ilin mart soyqırımında deyil, iki əsrdir ki, məkrli və qaniçən erməni cəlladları Azərbaycan xalqına qarşı soyqırımı siyasəti yeridib, soydaşlarımızı qətlə yetirib, repressiya və deportasiyaya məruz qoyub, etnik təmizləmə aparıb, ərazilərimizin bir hissəsini işğal edib və bu gün də yeni ərazilər tutmaq fikirlərindən əl çəkməyiblər. Nəticədə, xalqımız ağır məhrumiyyətlərə, milli faciə və məşəqqətlərə məruz qalıb. Fikrimcə, "Azərbaycanlıların soyqırımı haqqında” Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1998-ci il 26 mart tarixli fərmanında erməni millətçilərinin iki əsr ərzində xalqımıza qarşı törətdikləri soyqırımların mahiyyəti, nəticələri və ibrət dərslərindən ətraflı bəhs edilib. Məhz bu fərmandan çıxış edərək, faciələrimizin dünya ictimaiyyətinə çatdırılması, beynəlxalq hüquqi-siyasi qiymət alması, erməni yalanlarının ifşası istiqamətində hər bir vətəndaşımız öz sahəsində iş aparmalı, əlindən gələni əsirgəməməlidir. Bu hadisələri, onların dərslərini unutmağa bizim haqqımız yoxdur. Tarixi yaddaşsızlıq və unutqanlıq xalqımıza baha başa gələ bilər.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər