Bloggerliklə məşğul olmaq istəyənlər nələri bilməlidir? - Gənclərə məsləhət
Artıq
sosial şəbəkələrin insanlar üçün yaratdığı şəraitdən yararlanaraq, hər kəs bloggerlik
edə bilər. Son dövrlər bloggerlik fəaliyyəti ilə məşğul olan gənclərin sayı da
artıb. Amma bloggerliklə məşğul olmaq yalnız xüsusi bir səhifə açıb paylaşımlar
etməklə yekunlaşmır. Burda da nəzərə alınmalı nüanslar var. Bəs bloggerliklə
məşğul olmaq istəyənlərin nələri bilməlidir?
Bu mövzuda4 ildir ki, bloggerlik fəaliyyəti ilə məşğul olan, həmçinin, sosial mediada
faydalı məzmun yaratdığına görə, 2017-ci ilin sentyabrında "Keepface” təşkilatı
tərəfindən mükafatlandırılan İlham Əli
Yusiflə söhbətləşdik.
İ.Ə.Yusif
deyir ki, indiki sosial-media dövründə hər birimiz blogger sayılırıq. Müxtəlif
məsələlərə öz münasibətimizi bildirir, maraqlı və faydalı məzmun yaradırıq və
özümüz də bilmədən bu adı daşıyırıq: "Təbii ki, bəzi insanlar üçün bu, peşəkar
məşğuliyyətdir, bəziləri üçün həvəskar işdir. Mən özüm peşəkar olaraq təhsil
marketinqi və menecmenti sahəsində çalışıram, indiki vəzifəm də layihə
meneceridir. Ancaq bildiyim, öyrəndiyim, araşdırdığım məsələlər haqqında öz
fikirlərimi, çıxardığım nəticələri ara-sıra həm öz bloqumda, həm də sosial
media səhifələrimdə paylaşıram”.
Müsahibimiz
deyir ki, klassik yanaşsaq, yazı bloqu daha effektivdir. Xüsusən də, biznes və
fərdi inkişaf üzrə. Ancaq səyahət və ya əyləncə sektorundan bloq
yaradırsınızsa, bu zaman foto və video daha məqsədəuyğun sayılır: "İndi həm də
trendlər dəyişir. İnsanların kütləvi oxumağa həvəsləri azalır. Ona görə də,
videolara maraq artmaqdadır. Bəziləri bundan çox effektiv istifadə edirlər.
Maraqlı və faydalı video məzmun yaradırlar və insanlar hətta 10 dəqiqəlik
videolara belə həvəslə baxırlar. Mətn bloqlarını maraqlı təqdim etməklə, onları
da cəlbedici etmək olur. Məsələn, stressi idarə etməyə dair məsləhətlərlə bağlı
yazanda, hər məsləhətə uyğun bir foto tapıb yerləşdirməklə, yazını daha da
baxımlı etmək olur. Son 2-3 ildə ki, infoqrafika da bloqlarda çox istifadə
edilir”.
Bloggerin
sözlərinə görə, bloq yaradarkən hədəf qrupunu
düzgün müəyyənləşdirib, onlara uyğun nələrdə təqdim etsən, uğura bir
qədər yaxın olursan: "Bəzən insanlar uğuru auditoriya sayı ilə ölçür. Əgər
baytar həkimlər üçün bloq açıbsınızsa və sizi davamlı olaraq 50 həkim
izləyirsə, bu, artıq uğurdur. Əgər böyük şəhərlərə səyahətdən bloq
hazırlayırsınızsa və sizin yazılarınızı sadəcə, 50 adam oxuyursa, bu, artıq
uğursuzluqdur. Təbii ki, faciə deyil. Demək, elə məzmun yaratmaq lazımdır ki,
daha çox insanın diqqətini cəlb etsin. Məsələn, istər mətn, istərsə də video
olsun, başlıq çox əhəmiyyətlidir. Eləcə də istifadə olunan fotoların
keyfiyyəti, təqdim edilən məlumatların axıcılığı, yumordan istifadə etmək
izləyicilərin çox xoşuna gəlir”.
İ.Ə.Yusif
deyir ki, bloqdan pul qazanmaq mümkündür və bunun yolları çoxdur: "Son illər
istənilən konsultasiyada, təlimdə insanlar ideya təqdim edərkən, ilk verdiyim
sual bu olur: buradan pulu necə qazanacaqsan? Amma bloqçuluq işinə tam olaraq
pul qazanmaq fəaliyyəti kimi baxmıram. Təbii ki, pul qazandıran bir işi insan
daha həvəslə görür, ancaq burada müxtəlif nüanslar var. Bəzilərinə texniki
biliklərin az olması mane olur, bəzilərinə kifayət qədər təcrübənin olmamağı”.
Günel Azadə