• çərşənbə, 24 Aprel, 20:27
  • Baku Bakı 23°C

Blogerlərimizin səviyyəsi qənaətbəxşdirmi?

04.02.20 10:30 4468
Blogerlərimizin səviyyəsi qənaətbəxşdirmi?
Mütəxəssislər Azərbaycanda bu sahənin hələ inkişafda olduğunu deyirlər
Hər gün sosial şəbəkədə yeni bloggerlərlə tanış oluruq. Onlardan bəziləri araşdırmalar edərək, yeni nələrsə təqdim etməyə can atır, bəziləri isə gündəlik şəkillər paylaşmaqla missiyalarını tamamlamış hesab edirlər. İnstagram səhifələrində kifayət qədər izləyici topladıqdan sonra şirkətlərə özlərini bloger kimi təqdim edərək, qazanc müqabilində bəzən keyfiyyətsiz məhsulları reklam edirlər. Bu isə heç də birmənalı qarşılanmır. Azərbaycanda yeni yaranan bu trend faydalıdırmı? Ümumiyyətlə bugünkü blogerlərimizin səviyyəsi qaneediricidirmi?
"Blogger bizim hədəfimizə xidmət edirsə, onunla işləyə bilərik”
PR mütəxəssisi Nəsimi Paşayev bildirir ki, bloggerlik dünyada çox da yeni deyil: "Bloggerlik Azərbaycanda yenidir və hər yeni işin ilki bir qədər zəif olur. Hazırda bloggerlik bizdə yeni başlayıb və inkişafa doğru gedir. Bloggerliyin bugünkü səviyyəsini qənaətbəxş hesab etmək olar. Bir müddət keçdikdən sonra bu sənətin bizdə hansı dərəcədə inkişaf etdiyini müəyyən etmək olar. Bəzən bizim blogerlərlərimizi xaricilərlə müqayisə etməyə çalışsalar da, mən bunun əleyhinəyəm. Bizim şərtlərimizlə Almaniyanın, Amerikanın, Rusiyanın şərtləri bir deyil. Buna görə də hər hansı sahəni müqayisə etdikdə, öz ölkəsinin şərtlərinə uyğun müzakirə etmək lazımdır”.
Blogerlərin təqdim etdiyi keyfiyyətsiz məhsullara gəlincə, N.Paşayev bunun bir imic olduğunu, dırnaqarası blogerlərin bu sənəti gözdən saldığını bildirdi: "Bu, bir növ peşəkarlıq məsələsidir. Heç bir peşəkar bloger və ya hər hansı peşəkar ixtisas sahibi keyfiyyətsiz məhsulu reklam etməməlidir. Bloger hər hansı keyfiyyətsiz məhsulu reklam edirsə, insanların ona etibarının azalacağını yaxşı bilir. Əgər onun kifayət qədər izləyicisi varsa, bu, izləyicilərin həmin insana etibarının göstəricisidir. Belə olduğu təqdirdə, birinci növbədə onların inamını şübhə altına salır. "Burdan 5 manat aldım sabaha Allah kərimdir” - prinsipi ilə yanaşsalar, sabah onlar izləyicilərini də itirmək təhlükəsi ilə üz-üzə qalacaqlar. Bu gün insanlar asan şəkildə pul qazanmaq üçün bloger olmağa çalışırlar. Hesab edirlər ki, bir məhsulu paylaşdım, 10 nəfər bəyəndisə, artıq blogerəm. Bu məsələdə dırnaqarası blogerlərə reklam verən şirkətlərdən də çox şey asılıdır. Misal üçün, biz şirkət olaraq hər hansı blogerdən təklif aldıqda, onu araşdırırıq. Çünki burda hədəf kütlə məsələsi var. Həmin bloger bizim hədəfimizə xidmət edirsə, yalnız o təqdirdə biz onunla işləyə bilərik. Amma elə də olur ki, adam gedib restoranda oturub, restoran sahibinə deyir ki, yeməyi mənə pulsuz ver, mən də paylaşım edərəm, insanlar bura gələr. Restoran sahibləri onlara bu şəraiti yaratdıqlarına görə bu gün onların sayı artır. Reklam verənlər buna getməməlidir”.
PR mütəxəssisi şirkətlərin ilkin növbədə blogerləri yaxşı tanımalı olduğunu vurğuladı: "Xanımlara xitab edən blogerə nə üçün kişi paltarlarının reklamı üçün müraciət etsinlər ki? Bu, PR sahəsində hədəf kütlədir. Sənin hədəf kütlən kimdir? Blogerin müraciət etdiyi, blogeri izləyən insanlar kimdir? Bu çox önəmlidir və araşdırmalıdır. Hədəf kütləsi nə qədərdir? Reklam verənlər düşünür ki, 20 manatlıq menyudan istifadə edirsə, paylaşsa və 10 nəfər də görsə, kifayət edir. Amma düşünmürlər ki, həmin insan markanın dəyərini aşağı salır. Biz işinə bələd olmadığımız blogerlərlə çalışmırıq”.

"Bloggerlərin gücünü inkar etmək olmaz”

Media məsələləri üzrə hüquqşünas Ələsgər Məmmədli 5-6 il bundan əvvələ qədər bloggerlik anlayışının bizdə formalaşmadığını, indi isə dəb halını aldığını bildirir: "İndi sosial şəbəkə üzərindən hər kəs öz fikrini yayır. İctimai aktivliyi olan şəxslər artıq yayıcı hesab edilirlər. Belə ki, artıq onların müəyyən çevrəsi var. Son dönəmlər videobloggerlik dəbə düşüb. Əslində onlar heç bloger deyil. Texnologiyanın yaratdığı imkanlar sayəsində bu gün sosial şəbəkəyə çıxışı olan
hər bir şəxs blogerdir. Videoblogerlər var ki, onlar sistemli şəkildə yayımla məşğuldurlar. Onların sayı az da olsa, araşdırmalar edir, nələrinsə dərinliyə varır və paylaşımlar edirlər. Ancaq sosial şəbəkə üzərindən izləyiciləri çox olan aktiv fiqurlar da az deyil. Onlar da bloger kimi qiymətləndirilə bilər. Həmin insanlar kifayət qədər keyfiyyətsiz məhsulları reklam edirlər. Onun özü də informasiyadır, belə ki, hər hansı məlumatı kütləvi şəkildə tirajlamış olurar. KİV məsuliyyəti nədirsə, blogerin də məsuliyyəti eyni çərçivədədir. Yəni bu, tanıdılan məhsulun, xidmətin, ifadələrin qanunvericiliyə uyğun olması və başqalarına zərər verməməsi çərçivəsində olmalıdır. Bloggerliyin özü də kütləvi yayılan informasiyadır. Bizim KİV haqqında qanunun üçüncü maddəsində internet resursları KİV sayılır. Bloggerlik də internet informasiya resursu olduğu üçün eyni kateqoriya hesab olunur”.
Ə.Məmmədli deyir ki, bizdə dayanıqlı media qurumları azdır: "Müstəqil jurnalistlər mediada çox da effektiv işləyə bilmir. Bunun üçün də daha rahat şəkildə müstəqil kanalını, bloqunu açıb, orda işləyirlər. İkinci bir məqam isə budur ki, bloggerlik yeni trenddir, orda asılılıq yoxdur. Belə ki, orda nə baş redaktor, nə də redaktor var. Jurnalist üçün də bu formatı seçmək daha rahatdır. Sizə adi bir misal çəkim. Futbolçu Ronaldonun "instagram” təqibçilərinin sayı 200 milyonu keçib. Bu rəqəm bir ölkənin əhalisindən də çoxdur. Bu, bir trenddir. "Guardian”, "Nyu York Times” qəzetlərinin oxucuları bəlkə də o qədər deyil. Bir şəxsin yaydığı məlumat çox sayda insana çata bilir. Ona görə də sosial şəbəkənin, blogerlərin gücünü inkar etmək olmaz. Bloggerlik artıq bir güc halına gəlib”.

"Meşə çaqqalsız olmur”

İnfolloser, televiziya aparıcısı Turanə Hüseynli gün keçdikcə, blogerlərin sayının artdığını bildirdi: "Azərbaycanda kifayət qədər bloger var, bu gün kimə daş atsan, gedib blogerə dəyir. Blogerlərin sayı günü-gündən çoxalsa da, keyfiyyətli bloqu olan, bloggerliyin nə demək olduğunu bilən, keyfiyyətli kontent, məlumatlandırıcı, yaxud da əyləncəli bloq hazırlayan blogerlərimiz barmaqla sayılası qədərdir. Bu gün daha çox gözəllik, dəb, kitab və sair mövzuları maraqlıdır. Keyfiyyətli bloq aparan, eyni zamanda izləyici kütləsinə heç nə təqdim etməyən, buna baxmayaraq, kifayət qədər izləyici kütləsi olan və izləyici kütləsinin olmasına baxmayaraq, keyfiyyətsiz məhsulları, markaları, saxta məhsulları reklam etməyi rəva bilən bir çox blogerlər var. Bütün sahələrdə olduğu kimi, burda da, necə deyərlər, meşə çaqqalsız olmur”.
"Bloggerlik instagramda şəkil paylaşmaq deyil”

Videobloger Səma Abiyeva hər döngədə, getdiyin hər məkanda yeni bir blogerlə rastlaşdığını bildirir. İnsanlar blogerin sırf nəyisə ödənişsiz və hədiyyə olaraq qazanmaq üçün etdiyini düşünürlər: "Bəziləri selfi çəkərək, 2 dodaq boyasının şəklini paylaşmaqla özlərini bloger hesab edirlər. Düşünürlər ki, sənətin qayəsi budur. Bloggerliyə bu düşüncə ilə yanaşan insanlar var. Beləliklə də, bəziləri müxtəlif restoranlarda, məkanlarda özlərini bloger olaraq tanıdıb, insanlardan nəsə umurlar deyə, mən və mənim kimi işinə ciddi yanaşanlar haqqında da düşünürlər ki, biz də onlar kimi hədiyyə qarşılığında fəaliyyət göstəririk. Ancaq bir az söhbətdən sonra təbii ki, kimin-kim olduğu, potensialının nəyə qadir olduğu anlaşılır. Bu mənada əsl bloggerlik bir az çətin işdir. Əgər nəyisə təqdim edirəmsə, onun haqqında daha çox məlumat toplamağa çalışıram. Əgər paylaşdığım məlumat 5 aydan, 2 ildən sonra öz aktuallığını itirirsə, bu o deməkdir ki, mən yalnız bu gün oxunan kontent hazırlayıram. Çalışıram ki, xanımlara danışdığım prosesin texnikasını izah edim, tətbiq metodlarını çatdırım. Qulluq və yaşam tərzi ilə bağlı məsləhətləri öyrənir və onu özümə məxsus şəkildə paylaşıram. Çalışıram ki, bu paylaşımlar 5 il sonra da izləniləndə, faydalı olsun. Açıq etiraf edək ki, adına bloger deyilənlərin heç də hamısı bloger deyil. Əksər xanımlar elə bilirlər ki, profilini hər kəsə açıq qoymaq, şəkil paylaşmaq, fotosessiya etmək, salonlara gedib vizaj etdirmək bloggerlik deməkdir. Bloger həqiqətən araşdırmaçıdır. Yaşadığı həyat tərzi, başına gələn, sınadığı, yoxladığı, istənilən sahə ilə bağlı mövzular üzərində işləyən insan blogerdir. Azərbaycanda bloger deyəndə, yalnız gözəllik salonlarında saçını yığdırıb, makiyaj etdirib, mağazadan paltar götürüb, şəkil çəkdirən qızlar yada düşür. Bunu tam iddiamla deyirəm ki, onlar bloger deyillər. Blogerlik "instagram”da şəkil paylaşmaq deyil. Dünya standartlarında buna infolloser deyirlər. Onlar, sadəcə izləyici auditoriyası böyük, sosial şəbəkədə aktiv olan, tanınan şəxslərdir. Bloger isə bloqu, yəni gündəliyi olan, gündəlikçidir”.
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər