• çərşənbə axşamı, 23 aprel, 11:50
  • Baku Bakı 20°C

Bölgə teatrlarımızın rəhbərləri paytaxtda hansı tamaşaları izləyirlər

15.02.16 10:27 1170
Bölgə teatrlarımızın rəhbərləri paytaxtda hansı tamaşaları izləyirlər
İnsanların mədəni istirahəti üçün teatr unikal və bəlkə də əvəzolunmaz məkandır. Lakin indi elə bir dövrdə yaşayarıq ki, insanlar mədəni istirahət etmək üçün digər əyləncələrə üstünlük verirlər. Əbəs yerə deməyiblər ki, teatr kübar insanların əyləncə məkanıdır. Bu gün sizə teatrların tamaşaçı problemindən danışmayacağıq. Bölgə teatrlarının direktorları və baş rejissorları ilə söhbət edərək, onlardan sonuncu dəfə nə zaman paytaxt teatrlarına üz tutduqlarını və hansı tamaşaları izlədiklərini xəbər alacağıq.
Sən demə, bölgələrdə fəaliyyət göstərən teatrlarımızın direktor və rejissorları mütəmadi olaraq paytaxta gəlib, paytaxt teatrlarının rejissorlarından fərqli olaraq həmkarlarının tamaşalarını izləyirlər.
Sumqayıt Dövlət Dram Teatrının direktoru İslam Həsənov deyir ki, teatrın təmiri ilə bağlı işləri çox olduğundan paytaxt tamaşalarını izləməyə vaxtı yoxdur. O, sonuncu dəfə İrəvan Dövlət Dram Teatrının Rus Dram Teatrında nümayiş etdirdiyi “İrəvanda xal qalmadı” tamaşasını izləyib: “İşimiz çətin olduğundan mütəmadi olaraq tamaşalara getməyə vaxtımız olmur. İnşallah işlərimiz yüngülləşəndən sonra tamaşalara baxmağa gedəcəyəm”.
Şair-dramaturq Hidayətin əsəri əsasında hazırlanan “İrəvanda xal qalmadı” tamaşası ötən əsrin 80-ci illərində Azərbaycanın tarixi şəhəri olan İrəvanda yaşayan həmvətənlərimizin milli zəmində qarşılaşdıqları repressiya və çətinliklərdən bəhs edir. Tamaşada əsas rolları əməkdar artistlər Vaqif Kərimov, Esmiralda Şahbazova, aktyorlar Əjdər Zeynalov, Könül Əbilova, Ceyhun Əliyev, Ruhiyyə Paşayeva və başqaları ifa edirlər. Səhnə əsərinin quruluşçu rejissoru və musiqi tərtibatçısı Nicat Mirzəzadə, rejissor assistenti Rövşən Cəfərovdur.
Sumqayıt Dövlət Dram Teatrının baş rejissoru Firudin Məhərrəmov mütəmadi olaraq Akademik Milli Dram Teatrının tamaşaların izləyir: “Mən sonuncu dəfə AMDT-da “Şah Qacar” tamaşasını izləmişəm. Bu tamaşa həm rejissor, həm də aktyor oyunu baxımından məni özünə cəlb etdi. Mənim öz tamaşalarım da həmin teatrda nümayiş olunur deyə, bu teatra bir növ bağlıyam”.
Şəki Dövlət Dram Teatrının baş rejissoru, əməkdar incəsənət xadimi Mirbala Səlimli qeyd etdi ki, o, mütəmadi olaraq paytaxtda və bölgələrdə nümayiş olunan tamaşaları izləməyə gəlir. Sualımıza gəlincə isə, rejissor ötən il Gənc Tamaşaçılar Teatrında “Müharibə”, Pantomim Teatrında Bəxtiyar Xanızadənin hazırladığı “Pantomim bukueti” tamaşalarını izləyib. Rejissor Akademik Milli Teatrında Vaqif İbrahimoğlunun quruluşunda “Sərgüzəşti vəziri xan Lənkəran” və Rus Dram Teatrında “Müsyö Jordan və dərviş Məstəli Şah”, eyni zamanda Dövlət Musiqili Teatrında Ə.Haqverdiyevin əsəri əsasında hazırlanmış “Kimdir müqəssir?” tamaşasına baxıb: “Bundan başqa, Gəncə, Lənkəran teatrlarının tamaşalarını da izləmişəm və onlar haqqında öz fikirlərim formalaşıb”.
Lənkəran Dövlət Dram Teatrının direktoru Tofiq Heydərov açıqlamasında dedi ki, o mütəmadi olaraq paytaxt tamaşalarını izləyir. Sonuncu dəfə “Yuğ” Dövlət Dram Teatrının baş rejissoru Gümrah Ömərin Akademik Milli Dram Teatrında quruluş verdiyi “Nadir şah” tamaşasını izləyib: “Texniki və yaradıcı tərəfdən tamaşanın hazırlanması məni qane etdi. Aktyor oyunu ilə rejissor işi birlikdə vəhdət təşkil edirdi. Paytaxta yolum düşəndə teatrlara baş çəkirəm. Bundan başqa, festivallar da digər ölkələrin və eyni zamanda, paytaxt tamaşalarını izləmək üçün çox gözəl şərait yaradır”.
Lənkəran Dövlət Dram Teatrının baş rejissoru Tural Vaqifoğlu isə deyir ki, bölgə teatrında çalışdığı üçün paytaxt tamaşalarını izləməyə o qədər də vaxt tapa bilmir. O, sonuncu dəfə Akademik Milli Dram Teatrında Toyqun Orbayın pyesi əsasında hazırlanan “21:15 qatarı” tamaşasını izləyib. Elə həmin ərəfədə Rus Dram Teatrında göstərilən “Şəhrizadın daha bir gecəsi” tamaşasına baxıb.
Qeyd edək ki, AMDT nümayiş olunan “21:15” qatarı tamaşanın quruluşçu rejissoru Azərbaycan və Kalmıkiyanın əməkdar incəsənət xadimi Bəhram Osmanov, quruluşçu rəssamı Samirə Həsənova, musiqi tərtibatçısı Kamil İsmayılov, işıq üzrə rəssamı Rafael Həsənovdur. Tamaşada xalq artistləri Hacı İsmayılov (Vağzal məmuru), Nurəddin Mehdixanlı (Kişi), əməkdar artistlər Sənubər İsgəndərova (Qadın), Firuz Xudaverdiyev (Yaşlı kişi), aktyor Ramin Şıxəliyev (Yaşlı Kişi) çıxış edirlər. Rejissor tamaşanın janrını bir hissəli mövcudluq oyunu kimi müəyyənləşdirib.
Ağdam Teatrının baş rejissoru Sərvər Əliyev bizimlə söhbətində bildirdi ki, sonuncu dəfə Gənc Tamaşaçılar Teatrında Bəhram Osmanovun quruluşunda Əli Əmirlinin eyni adlı pyesi üzrə hazırlanan “Hasarın o üzündə” tamaşasını izləyib. Uşaq tamaşasına gəlincə isə, həmin teatrda Nicat Kazımovun quruluş verdiyi “Mauquli” tamaşasına baxıb: “İzlədiyim tamaşalar haqqında müsbət fikirlərim var. Ayda bir dəfə paytaxtda oluram. Orada olduğum müddətdə daha çox Gənc Tamaşaçılar Teatrının tamaşalarını izləyirəm. Bu teatrın kollektivi mənə çox doğmadır. Demək olar ki, teatrın bütün tamaşalarında və premyeralarında iştirak etmişəm. Bircə sonuncu Gülnar Hacıyevanın quruluş verdiyi “Arzu və Murad” tamaşasını izləməmişəm. Həmin tamaşaya da ona görə baxmamışım ki, o, tamaşanı mən Ağdam Teatrında hazırlayıram. Fikirlərim qarışmasın deyə, həmin tamaşaya baxmamışam”.
Rus Dram Teatrında göstərilən “Şəhrizadın daha bir gecəsi” tamaşasına gəlincə isə tamaşanın ideya müəllifi və rejissoru İranə Tağızadədir. Pyesin müəllifi Valentina Reznikovadır. Şəhrizad rolunda əməkdar artist Ayan Mir-Qasımova, Şəhriyar rolunda isə əməkdar artist Firdovsi Atakişiyev çıxış edir. Digər rolları əməkdar artist Elmira Aslanova, aktyorlar Teymur Rəhimov, Yuri Omelçenko, Murad Məmmədov, Elşad Murtuzov, İnna İmranova, Bella Safina, Fəridə Nesterenko, Mariya Duboviskaya, Yeganə Hüseynli və başqaları ifa edir.
Qazax Dövlət Dram Teatrının direktoru Saqif İsgəndərov deyir ki, o, sonuncu dəfə Akademik Milli Dram Teatrında (AMDT) Azərbaycan Teatrının ilk aktyorlarından olan Hüseyn Ərəblinskinin həyatından bəhs edən “Sənətkarın taleyi” tamaşasını izləyib. S.İsgəndərov izlədiyi tamaşa haqqında təəssüratlarını bizimlə bölüşdü: “Hüseyn Ərəblinskinin sənətə gəlişi dövründə ayrı-ayrı həvəskar qrupların, teatr dərnəklərinin simasında qərarlaşan Azərbaycan teatrı, sözün əsl mənasında, çətin günlərini yaşayırdı. Tamaşada həm sənətkarın həyat və yaradıcılığı böyük peşəkarlıqla yer almış, həm də o dövrün problemləri səhnədə də özünü qabarıq şəkildə göstərilmişdir. İstər səhnə tərtibatı, istər aktyorların seçimi, istərsə də hadisələrin bu günlə uzlaşdırılması baxımından tamaşa çox uğurlu alınıb”.
Teatrın direktoru qeyd etdi ki, o, Azərbaycan Dövlət Mədəniyyət televiziyasında da tamaşaları izləyir: “Paytaxt tamaşalarına isə dəvətlə gedirəm. Hərdən elə olur ki, paytaxtda olanda teatrlarımızın repertuarlarına göz gəzdirirəm. Hər hansı bir maraqlı əsərə rast gələndə həmin tamaşanı izləməyə gedirəm. Daha çox isə Akademik Milli Dram Teatrının tamaşalarını izləmişəm”.
Qeyd edək ki, xalq yazıçısı Elçinin eyniadlı əsəri əsasında hazırlanmış “Sənətkarın taleyi” tamaşasının quruluşçu rejissoru İrana Tağıyeva, rəssamı Tatyana Melnikova, musiqi tərtibatçısı əməkdar mədəniyyət işçisi Vladimir Neverovdur. Tamaşada əsas rolları xalq artisti Şükufə Yusupova, əməkdar artistlər Cəfər Əhmədov, Elşən Cəbrayılov, Ayşad Məmmədov, İlham Hüseynov, Hicran Nəsirova, Firdovsi Atakişiyev, aktyorlar Natəvan Hacıyeva, Vüsal Mustafayev, Əjdər Zeynalov və başqaları canlandırmışlar.
Qazax Dövlət Dram Teatrının teatrının baş rejissoru, əməkdar artist Musa Eyyubov da vaxt tapdıqca paytaxt tamaşalarını izləməyə gedir: “Sonuncu dəfə ötən ilin birinci rübündə Akademik Milli Dram Teatrında “Boy çiçəyi” tamaşasını izləmişəm. Tamaşanın quruluşçu rejissoru Azərpaşa Nemətovdur. Gənc Tamaşaçılar Teatrı ilə sıx əlaqəm var. Uzun müddət o teatrda çalışmışam. Demək olar ki, həmin teatrın bütün tamaşalarını izləmişəm. Ən çox sevdiyim tamaşaları isə Bəhram Osmanovun quruluş verdiyi “Müharibə” tamaşasıdır. Onların uşaq tamaşalarının da məxsusi gözəlliyi var”.
Mingəçevir Dövlət Teatrının direktoru Səxavət Məmmədov isə qeyd etdi ki, sonuncu dəfə 20 gün bundan əvvəl Gənc Tamaşaçılar Teatrında nümayiş olunan Şekspirin “III Riçart” tamaşasını izləyib.
Söhbətimizi yekunlaşdırdıqdan sonra S.Məmmədov bu sorğunu paytaxt teatrları arasında da aparmağımızı rica etdi.
Füzuli Dövlət Dram Teatrının direktoru, əməkdar mədəniyyət işçisi Vaqif Vəliyev bizimlə söhbəti zamanı müharibə zonasında fəaliyyət göstərdikləri üçün daha çox təbliğata ehtiyac duyduqlarını dedi: “Əslində paytaxta festivallar, teatr forumları keçiriləndə teatrlarımızın tamaşalarını izləmək şansımız olur. Sonuncu dəfə Akademik Milli Dram Teatrında “Hamlet “ tamaşasını izləmişəm”.
V. Vəliyev deyir ki, işlərinin çoxluğundan paytaxta gedib, tamaşa izləmək imkanı əldə edə bilmir: “Burada oturub öz işimizlə məşğuluq. Kollektiv rəhbəri olduğum üçün getməyə vaxtım olmur. Bölgə teatrlarına getsəm də paytaxt tamaşalarını izləyə bilmirəm”.
Gəncə Dövlət Dram Teatrının rəhbəri Əli Qasımov uzun müddətdir ki, paytaxt teatrlarına baş çəkmədiyini və heç bir tamaşa izləmədiyini qeyd etdi. Teatrın direktoru səhhətindən narazı olduğu üçün geniş danışa bilmədiyini bildirdi.
Gəncə Dövlət Dram Teatrının baş rejissoru İradə Gözəlova AMDT-nın səhnəsində Fransız dramaturqu Erik-Emmanuel Şmittin "Müsyö İbrahim və Quran çiçəyi" ikihissəli dramını izləyib: “Gəncə Tetarında çalışmağıma baxmayaraq mütəmadi olaraq paytaxt teatrlarına gedirəm və teatrlarda yeni hazırlanmış tamaşaları izləyirəm. Düzdür bir az vaxt qıltılığı yaşayıram. Ancaq buna baxmayaraq işlərimi yoluna qoyub tamaşaları izləmək üçün paytaxta gedirəm”.
İ.Gözəlova bilirdi ki, o Musiqili Teatrla çalışdığı üçün o teatrın bütün yeni tamaşalarını izləyib. Bundan başqa rejissor “YUĞ” teatrının binasının sökülməsinin son günlərində yaradıcı heyətin yanında və onlara dəstək olub. Rejissor deyir ki, dostlarının çalışdığı bu teatrın bütün tamaşalarını izləyib.
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər