“Biznes mühitinin daha da yaxşılaşdırılması əsas hədəflərimizdən biridir”
"Doing Business” hesabatı üzrə Azərbaycanın mövqeyinin
yaxşılaşdırılması ilə bağlı 2017-2018-ci illər üzrə Tədbirlər Planı təsdiq
edilib. Bu barədə Trend-ə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən
(İİTKM) məlumat verilib. Ekspert Vüsal Musayev bildirir ki, hazırlanmış Tədbirlər
Planını Azərbaycan Prezidentinin 2016-cı il 13 iyul tarixli 2199 nömrəli sərəncamı
ilə yaradılmış "Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin
artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da
yaxşılaşdırılması ilə bağlı” Komissiyanın 1 illik fəaliyyətinin məntiqi nəticəsi
kimi qiymətləndirmək mümkündür:"Komissiyanin təsdiq etdiyi Tədbirlər Planı da məhz Azərbaycanda
biznes və investisiya mühitinin əlverişliliyinin, yerli və xarici investorlar
üçün cəlbediciliyinin daha da artırılması, rəqabətqabiliyyətliliyinin möhkəmləndirilməsi
istiqamətində hədəfyönümlü addımların atılmasına xidmət etmək məqsədi daşıyır.
Bu da öz növbəsində, bu sahə üzrə davamlı dövlət siyasətinin tərkib hissəsi
olaraq qiymətləndirilə bilər”. Ekspertin qənaətincə, Tədbirlər Planının tərkib
hissəsi olaraq "Doing Business” indeksinin 9 alt indikatoru üzrə islahat tədbirlərinin
həyata keçirilməsi nəzərdə tutulur ki, bunlar qanunvericilik indikatorları,
praktiki-administrativ tətbiq indikatorları və makro-iqtisadi indikatorları əhatə
edir.
Tədbirlər Planı çərçivəsində atılacaq addımlar sırasında, əsasən,
tikintiyə icazələrin verilməsi, elektrik təchizatı şəbəkələrinə qoşulma, əmlakın
qeydiyyatı, kreditlərin alınması, kiçik investorların maraqlarının qorunması,
vergilərin ödənişi, sərhəddə ticarət, müqavilələrin icrasının təmin edilməsi,
müəssisələrin bağlanması istiqamətində islahat tədbirlərinə xüsusi yer verilib.
V.Musayev bildirib ki, "Doing Business” hesabatının əvvəlki illər üzrə
göstəricilərinə nəzər saldıqda, adıçəkilən istiqamətlər üzrə istər
qanunvericilik bazası, istərsə də administrativ tətbiq sahəsində inkişaf
etdirilməli məqamların olduğu gözə çarpır: "Misal olaraq, Azərbaycan
tikintiyə icazələrin verilməsi sahəsində "Doing Business 2017” reytinqinə əsasən
127-ci yerdə qərarlaşıb. Bunun başlıca səbəbləri kimi baş planın və ya ərazilərin
müfəssəl planlarının olmaması, tikintiyə icazə verilməsi prosedurlarında çoxlu
sayda ayrı-ayrı qurumların təmsil olunması, elektron müraciət sisteminin
olmaması, bir pəncərə sisteminin tətbiq edilməməsi və s. kimi amilləri qeyd etmək
mümkündür. Bu kimi çətinliklərin effektiv şəkildə aradan qaldırılması isə
tikinti sektoru üzrə təkmilləşdirmələrə nail olunmasında həlledici rol
oynayacaq”.
O, oxşar çətinliklərin bu və qeyd edilən digər istiqamətlər üzrə,
misal olaraq, elektrik təchizatı şəbəkələrinə qoşulma sahəsində də mövcud
olduğunu deyir. Belə ki, bu sahədə elektrik enerjisi paylama sistemlərinin xəritəsinin
yaradılmasında Coğrafi İnformasiya Sisteminin (GİS) tətbiq edilməsi, elektrik
enerjisi təchizatında kəsintilərlə bağlı mexanizmin təkmilləşdirilməsi məqsədilə
kəsintilərə görə limitlərin müəyyənləşdirilməsi, kəsintiyə görə istehlakçıya
kompensasiyaların, təchizatçıya cərimələrin müəyyən edilməsi məsələləri üzrə
müşahidə edilən bir sıra çətinliklərin effektiv tətbiq mexanizmləri vasitəsilə
aradan qaldırılması ölkəmizin asanlıqla hazırkı mövqelərdən dünyanın bu
indikatorlar üzrə qabaqcıl ölkələri sırasına yüksəlməsi prosesinə öz töhfəsini
verəcək.
Ekspert hesab edir ki, Tədbirlər Planı çərçivəsində görüləcək işlərin
sadəcə "Doing Business” reytinqi üzrə arzuolunmaz mövqelərdə qərarlaşmış
indikatorlar üzrə deyil, eyni zamanda Azərbaycanın davamlı olaraq böyük nailiyyətlər
əldə etdiyi indikatorlar (əmlakın qeydiyyatı, vergilərin ödənişi və s.) üzrə də
davam etdirilməsi məqsədəmüvafiq addım kimi qiymətləndirilməlidir. Tədbirlər
Planı da məhz qeyd edilmiş çətinliklərin aradan qaldırılmasına və əldə etdiyimiz
nailiyyətlərin daha da yaxşılaşdırılmasına xidmət etmək məqsədi daşıyır: "Tədbirlər
Planının kompleks şəkildə effektiv implementasiyası isə Azərbaycanın beynəlxalq
reytinq agentliklərinin hesabatlarındakı mövqelərinin daha da yüksəldilməsi ilə
yanaşı, ölkənin ümumilikdə biznes və investisiya mühitinin daha da inkişaf
etdirilməsində, yerli və xarici investorlar üçün cəlbediciliyinin daha da
artırılmasında müsbət rol oynaması gözləniləndir”.
İqtisadçı-alim Vüqar Bayramov bildirdi ki, tədbirlər planı qarşıya qoyulan
konkret vəzifələri müəyyənləşdirir: "Buna uyğun olaraq da işçi qrupu yaradılıb.
İşçi qrupunun əsas funksiyası məhz "Doing Business” daxil olmaqla beynəlxalq
hesabatlarda Azərbaycanın yerinin yaxşılaşdırılmasına nail olmaqdan ibarətdir.
O baxımdan deyə bilərəm ki, "Doing
Business” Azərbaycan üçün çox vacib hesab olunan məsələlərdən biridir. Nəticə
etibarilə "Doing Business” həm ölkə ilə bağlı məlumatın müəyyənləşməsi, həm də
ölkəyə investisiyanın cəlb edilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Bu həm
də ölkə və ölkənin iqtisadiyyatı, onun investisiya imkanları ilə bağlı fikirlərin
formalaşması və eləcə də ölkəyə yeni sərmayələrin cəlb edilməsi baxımından çox
vacibdir. Çünki xüsusən post-neft dövründə ölkəyə daha çox sərmayələrin cəlb
edilməsinə daha çox ehtiyac var. Bildiyiniz kimi, qeyri-neft sektorunun
inkişafı birbaşa olaraq cəlb edilən xarici sərmayənin həddindən asılı olaraq müəyyənləşəcək.
Bu baxımdan "Doing Business”-də Azərbaycanın imicinin yaxşılaşdırılması
prioritet məsələlərdən biridir və Azərbaycan öz imicinin yaxşılaşdırılmasında
maraqlıdır. Güman edirəm ki, tədbirlər planının təsdiq edilməsi Azərbaycanın
"Doing Business”-də olan yerinə ciddi təsir göstərə bilər. Düzdür, bu, mərhələli
prosesdir. Tədbirlər planı hələ yeni təsdiq olunub və həmin il "Doing Business” hesabatında bizim yerimizin kəskin
dəyişəcəyini gözləmək bir qədər düzgün olmaz. Çünki tədbirlər planının həyata
keçirilməsi mərhələli şəkildə və
hesabatın prinsiplərinə uyğun olaraq aparılır. Burada əsas məqsəd Azərbaycanın
mövqeyinin yaxşılaşdırılmasına nail olmaqdır. İşçi qrupunun yaradılması, tədbirlər
planının təsdiq edilməsi ondan xəbər verir ki, Azərbaycan "Doing Business”
daxil olmaqla digər beynəlxalq hesabatlarda da öz mövqeyinin yaxşılaşdırılması
istiqamətində daha sistemli fəaliyyət həyata keçirmək niyyətindədir. "Doing
Business”-in xüsusi metodologiyası var. İndi həmin metodikaya uyğun olaraq tədbirlərin
həyata keçirilməsinə ehtiyac var. Burada qiymətləndirmə əsasdır. Qiymətləndirmə
ilə paralel olaraq həm də iş adamları arasında keçirilən sorğular və digər
formalarda aparılan yoxlamalar da nəticələrə təsir edir. Hesab edirəm ki,
"Doing Business” metodologiyasına uyğun olaraq qiymətləndirmənin həyata
keçirilməsi çox vacibdir. Çünki bu istiqamətdə mövcud metodologiyaya uyğun fəaliyyətlərin
həyata keçirilməsinə ehtiyac var. Biznes mühitinin daha da yaxşılaşdırılması isə
əsas hədəflərimizdən biridir”.
Şəbnəm Mehdizadə