• cümə, 29 Mart, 16:20
  • Baku Bakı 14°C

Biznes inkubatorlar sahibkarlığın inkişafında önəmli vasitədir - Fotolar

03.03.17 17:56 1262
Biznes inkubatorlar sahibkarlığın inkişafında önəmli vasitədir - Fotolar
Ölkə iqtisadiyyatının prioritet istiqamətlərindən olan özəl sektorun inkişafına, sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə hərtərəfli dövlət dəstəyi göstərilir, bu sahədə müxtəlif mexanizmlər tətbiq edilir, sahibkarların maarifləndirilməsi, gənclərin sahibkarlıq fəaliyyətinə cəlb edilməsi istiqamətində tədbirlər həyata keçirilir.

Martın 3-də Yevlaxda İqtisadiyyat, Gənclər və İdman nazirliklərinin, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun, "ASAN xidmət”in, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndələri, biznes inkubator iştirakçıları, ətraf şəhər və rayonlarda fəaliyyət göstərən təşəbbüskar gənclərin iştirakı ilə "Biznes inkubatorların gənc sahibkarlığın inkişafında rolu” mövzusunda tədbir keçirilib.

Tədbirdə çıxış edən iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi siyasət nəticəsində ölkəmizdə əlverişli biznes və investisiya mühitinin yaradıldığını, sahibkarlıq fəaliyyətinin genişləndiyini vurğulayıb. İqtisadiyyatın diversifikasiyasının, qeyri-neft sektorunun inkişafının, rəqabətqabiliyyətli məhsul istehsalının genişləndirilməsinin prioritet istiqamətlərdən olduğunu qeyd edən Sahib Məmmədov bu sahədə özəl sektorun xüsusi rolunu qeyd edib, sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyi tədbirləri barədə məlumat verib. Qeyd edilib ki, ölkədə gənclərin iqtisadi fəallığının artırılması, onların sahibkarlıq fəaliyyətinə cəlb edilməsi istiqamətində müxtəlif tədbirlər həyata keçirilir. İndiyədək 5300-dən çox gənc sahibkara 369,1 milyon manat güzәştli kreditlәr verilib ki, bu da 16 mindən çox yeni iş yerinin yaradılmasına imkan verir. Bundan başqa, gənclərin sahibkarlıq fəaliyyətinə cəlb edilməsi üçün müxtəlif maarifləndirmə tədbirləri keçirilir, Almaniya-Azərbaycan ikitərəfli Proqramı çərçivəsində sahibkarlar və gənc menecerlər Almaniyaya ixtisasartırma kurslarına göndərilir. 2009-2016-cı illərdə 300-ə yaxın sahibkar və gənc menecer Almaniyanın müxtəlif şəhərlərində ixtisasartırma kursu keçib.

Görülmüş işlərin nəticəsidir ki, son illər sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar arasında gənclərin sayı artır. Biznes inkubatorların yaradılmasının sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyi tədbirlərindən olduğunu vurğulayan Sahib Məmmədov gənclərin sahibkarlıq fəaliyyətinə cəlb edilməsində, onların innovativ potensialının və təşəbbüskarlığının dəstəklənməsində, eləcə də iqtisadi rayonun inkişafında əhəmiyyətini diqqətə çatdırıb. İqtisadiyyat Nazirliyinin Aran regional İnkişaf Mərkəzində fəaliyyətə başlayan biznes inkubator da məhz bu məqsədə - gənc sahibkarların hazırlanmasına xidmət edir.

Yevlax Şəhər İcra Hakimiyyəti başçısının I müavini Qənimət Qaraşov çıxışında Yevlaxda biznes inkubatorun yaradılmasının regionda sahibkarlığın, eləcə də innovativ və perspektivli biznes sahələrinin inkişafına töhfə verəcəyini qeyd edib, layihənin məşğulluğun artırılmasında əhəmiyyətli olacağını vurğulayıb.

İqtisadiyyat, Gənclər və İdman nazirliklərinin, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun, "ASAN xidmət”in, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndələri və digər iştirakçılar dövlət tərəfindən gənclərə göstərilən diqqət və qayğının daha da artdığını, gənclərin yaradıcılıq və məşğulluq təşəbbüslərinin genişləndiyini bildiriblər. Qeyd edilib ki, ölkəmizdə aparılan iqtisadi islahatlar hər bir gəncin, bütünlükdə Azərbaycan gəncliyinin inkişafı üçün yeni imkanlar yaradır.

Bakı Biznes Tədris Mərkəzinin direktoru Akif Fərruxov bildirib ki, sahibkarlıq fəaliyyətinə başlamaq arzusunda olan gənclərə biznes inkubatorda güzəştli şərtlərlə zəruri avadanlıqlarla təchiz olunmuş ofislər verilir və onlara ödənişsiz maarifləndirmə tədbirləri, investisiya layihələrinin və biznes planların hazırlanması, biznesin təşkili və idarə edilməsi ilə bağlı sistemli və davamlı konsaltinq və informasiya xidmətləri təşkil olunur. Qeyd edilib ki, biznes inkubator üçün iştirakçıların (rezidentlərin) seçilməsi məqsədi ilə kütləvi informasiya vasitələrində, eləcə də İqtisadiyyat Nazirliyinin internet səhifəsində müsabiqə haqqında elanlar dərc edilib. Müsabiqə Komissiyasının qərarına əsasən, 21 gənc biznes inkubator üçün rezident qəbul edilib.

Tədbirdə çıxış edən biznes inkubator iştirakçıları ölkədə sahibkarlığın inkişafına göstərilən dəstəyə, həyata keçirilən innovativ yönümlü tədbirlərə görə dövlət başçısına minnətdarlıq edib, layihənin gənclərin məşğulluğunun artırılmasında, sahibkarlığın inkişafında əhəmiyyətini vurğulayıblar.

banner

Oxşar Xəbərlər