• cümə axşamı, 25 aprel, 08:20
  • Baku Bakı 14°C

Bizim Qara müəllim

25.05.16 13:34 3910
Bizim Qara müəllim
Təbiətin qoynuna istədiyimiz an çıxmaq imkanımız olmasa da, bu barədə danışmaq, ətrafımızı öyrənmək mümkündür. Nə çoxlu pul lazımdı, nə də vaxt. Fikirləşdim, bizə köməyi dəyən kim ola bilər? Xeyli götür-qoya ehtiyac duymadım. "Təbiətin” bir guşəsinə çəkilib söhbətləşməyə görkəmli alim Qara Mustafayevdən savayı maraqlı kimsə ağlıma gəlmədi. Nə gizlədim, Qara müəllim uşaqlıqdan bu yana sevdiyim adamlardandı. Onu az qala qırx ildir tanıyıram. Əlbəttə ki, "Təbiəti sevənlər" verilişindən. O verilişdən ki, minlərlə adama təbiəti öyrənməyi, sevməyi, qorumağı aşılayıb. Təqribən 35 il ekranlardan düşməyən həmin proqram son zamanlar gözə dəymir. Elə ömrünün ahıllıq çağlarını yaşayan Qara müəllim də az-az üzə çıxır. Onunla Bakı Dövlət Universitetində görüşümüz məhz elə bu "qeybə çəkilmək”dən başladı...

- 15 ilə yaxının söhbətidir, üstünüzə sağlıq, bərk xəstələndim. Neçə ay xəstə yatdım. Verilişdə fasilə yarandı. Ayağa durandan sonra ta həvəsim olmadı. Görünür, bir yandan yaş təsirini göstərir, o biri yandan da hazırkı vəziyyət, yaşadığımız həyatın təzadlı mənzərəsi. Açığı, son illər verilişi hazırlayanda çox əziyyətlər çəkirdim. Demək olar, təkbaşına görürdüm işi, əsir-yesiriydim. Gah ora qaçırdım, gah bura. Bir sınıq-salxaq maşınım varıydı. Onu da verilişin yolunda elə hey ora-bura çapırdım... Amma baxırdım ki, maraq əvvəlki deyil. Bu, adama yer eləyir...

- Uzun illər verilişi genetika üzrə böyük alimimiz rəhmətlik Mirəli Axundovla aparmısınız. Hər dəfə ekrandan bizimlə görüşünüz şəxsən mənə və sinif yoldaşlarıma zövq verirdi.

- Bəli, mən müəllimim olmuş Mirəli Axundovla aparırdım verilişi. Açığı, həm yaxşı alınırdı, həm də buna əməllicə alışmışdım. Nə vaxtsa tək aparıcıya çevriləcəyim ağlıma gəlmirdi. İntəhası, neyləyəsən, həyatın qanunudur, yarananların hamısının sonu var. Ruhu şad olsun, o kişi də dünyanı tərk elədi və meydanda tək qaldım. Proqramısa dayandırmağa qıymadım. Həm "Təbiəti sevənlər"i ustadın yadigarı olduğunu, həm də özümün onsuz qala bilməyəcəyimi düşünüb bu addımı atmadım.
Doğrusunu deyim ki, bir neçə il əvvəl verilişin dayanmaması da mümkünüydü. Bir yandan AzTV rəhbərliyi "camaat sizin xırıltılı səsinizə öyrəşib" deyib buna razı deyildilər, o biri yandan mən balaca dostlarımı ölkəmizdə ən yaşlı və səhv etmirəmsə, yeganə təbiət verilişindən məhrum etmək istəmirdim. Di gəl, mənimlə Azərbaycan televiziyasındakıların fikirləri üst-üstə düşmədi. Dedim ki, yaşlaşmışam, təkbaşına işləməkdən yoruluram. Razısızsa, bir müddətə özümə verilişi aparmaq üçün köməkçi qismində bir nəfər qoşum. Yavaş-yavaş bu işə, televiziya mühitinə alışsın. Sonra mən gedim, o da proqramı davam etdirsin. Allaha şükür, yerimə əvəz olacaq yaxşı mütəxəssislər var. Dünyada nə əbədidir ki? Qoy estafeti cavanlara ötürək də. Nəsə, ortaq məxrəcə gələmmədik və sonu da bildiyiniz kimi.

- Axırı bəllidir, proqramın əvvəlindən, yaranışındansa çoxlarının xəbəri yoxdur. Ondan danışaq.

- Proqram 1960-cı illərin ikinci yarısında yaranıb. Gərək bağışlayasan də, qoca əfəndiyik, dəqiq ayı-günü yadıma gəlmir. Birinci veriliş efirə "Təbiətin keşiyində” adıyla getmişdi. Aparıcısı da rəhmətlik Mirəli Axundovla Mikayıl Rzaquluzadə olmuşdu...

- Rəhmətlik Mikayıl müəllim bioloq deyildi axı, uşaq ədəbiyyatıyla, tərcüməylə məşğuluydu. O hara, bu veriliş hara?

- Bəli, bir az qəribə görünsə də, genetika alimi ədəbiyyat adamıyla birgə ilk verilişdə tamaşaçıların görüşünə çıxmışdı. İkinci verilişdənsə bu proqrama mən də qoşuldum. Onun da maraqlı tarixçəsi var. Demək, ikinci veriliş efirə getməmişdən bir neçə gün qabaq Mirəli müəllim kafedrada mənim su məməliləri - balinalar haqda çıxışımı dinlədi. Çox xoşuna gəldi. Balinanın haqqında elə danışdım, qəfildəncə təklif elədi ki, gəl bir yerdə verilişi aparaq: "Bax, elə kafedrada danışdığını üzümüzə gələn verilişdə söyləyərsən.” Razılaşdım. Veriliş efirə hazırlanan vaxt rəhmətlik Mikayıl Rzaquluzadənin ekrandan oxumaq istədiyi "Qaranquş” adlı şerini elmi cəhətdən nətəhəri alt-üst elədimsə, kişinin əl-ayağı yanına düşdü. Şerin təxmini məzmunu beləydi ki, qaranquş qar üstündə gəzir, Vova adlı balaca oğlan ona xırda-xırda çörək tikələri verir, sonra quş da kefi kök şaxtalı havada budaqda cikkildəyib oxuyur. Başladım rəhmətliyə sübut eləməyə ki, yazdığı ədəbi fantaziyadır. Çünki qaranquş soyuq sevən quş deyil - bu bir, ömründə qarın üstündə gəzməz - bu iki, çörək-buğda yeməz - bu üç və sair və ilaxır. Bundan sonra Mikayıl müəllim təbiətdən, əsasən də heyvanları və bitkiləri səciyyələndirən mövzulardan bəhs edən şer yazmağı və verilişdə təqdim etməyi tərgitdi. Və iş o yerə çatdı ki, bir-iki verilişdən sonra aparıcılıqdan imtina etdi. O vaxt hər şey elə özün bildiyin kimi, kefin istəyəndə həll olunmurdu. Onun aparıcılıqdan imtina etməsini o zamankı baş redaktor Kamran müəllim razılıqla qarşılamadı. Amma Mikayıl müəllim təkid elədi. Dedi ki, mən qələm adamıyam, nə heyvandan, nə də bitkidən xəbərim var. Mən onların yanında ələkçinin qıl verəninə oxşayıram. Qara mütəxəssisdir, qoy elə verilişi Mirəli müəllimlə ikisi aparsın. Belə də oldu. Bir müddət Mikayıl Rzaquluzadə ssenari-redaktə məsələsində proqram üçün çalışdı. Sonra ümumiyyətlə bizdən aralandı. Və biz uzun illər birgə aparıcılıq elədik. Hə, onu da deyim ki, bu proqram ilk dəfə efirə "Təbiətin keşiyində” adıyla çıxmışdı. Bu ad mənim xoşuma gəlməmişdi. Elə bil inzibatilik vardı bu adda. Ona görə təklif elədim ki, "Təbiəti sevənlər” daha yaxşı səslənir. Onlar alternativ variant kimi "Təbiəti qoruyaq” dedilər. Razılaşmadım. Dedim, yaxşıca sevsək, qorumaq da mümkün olar. Sevməsən, nə qorumaq, elə deyil? Fərəhli haldır ki, təbiəti sevdirmək missiyamız bizim özümüzü kifayət qədər xalqımıza sevdirdi. Bir neçə ildən sonra mən Azərbaycanda tanınan adamlardan birinə çevrilmişdim. Ölkəmizdə yeganə yerli kanal Azərbaycan televiziyasıydı deyə, əməlli-başlı məşhurlaşmışdım. Hətta, rəy vermək üçün təbiətə aid bədii əsərlərin ünvanıma göndərilməsi adi hala dönmüşdü.

Heç yadımdan çıxmaz, aspiranturada oxuyurdum. Elmi işimlə əlaqədar Moskvadakılar Azərbaycanın dağ rayonlarında müşahidələr aparmaq istəyimə razılıq verdilər. Ezamiyyə xərci-filan ayrıldı. Əlimdə akademiyanın göndərişi gəldim Lerik rayonuna. Mənə lazım olan yer ucqar kəndlərindən biriydi. Dağların başına çıxmağa babat münasib maşın, ya da at lazımıydı. Kənddəkilər məsləhət gördülər ki, rayon rəhbərliyindən kömək istəyim, yoxsa bir şey çıxmayacaq. O zaman da orada rayon partiya komitəsinin birinci katibi Qulamov soyadlı bir kişiydi. Getdim yanına, özümü təqdim elədim. Akademiya adı eşidəndə "vəsiqən, yollayış vərəqən varmı” soruşdu. Göstərdim. Beş-on dəqiqənin içində rayon milis rəisini, prokuroru, kommunal idarənin müdirini və bir-iki adamı otağına yığdı. Dedi ki, bu yoldaş alimdir, rayonumuza tədqiqat işləri aparmağa gəlib. Biz hamımız gəldi-gedər adamlarıq. Bura təyin olunmuşuq ki, onun kimi insanlara şərait yaradaq və sair və ilaxır. Nə deyim ey, məni nətəhəri göylərə qaldırdısa, özüm də məəttəl qaldım. Milis rəisinə "qonağımız nə qədər burdadır "Vilis”i verirsən ona. Qoy dağa-daşa rahat çıxa bilsin” dedi. Harada qalmağımla maraqlandı. Mehmanxana adı eşidəndə üz-gözünü turşutdu. Tez tapşırdı ki, qonaq evində yer ayrılsın. Səhər-axşam yeməyini rayonda verərsiniz. Hər gün günorta dağda-daşda yeməyə hazır quru xörək tədarük edərsiniz... Bir sözlə, orda olduğum müddətdə başıma dolandılar. Heç nədən korluq çəkməyə qoymadılar. Görün, o vaxt elmə münasibət necəydi? Digər məqamlar, amillər də var ki, bütün bunlar elmin inkişafına, alimin formalaşmasına müsbət təsir göstərirdi.
- Mənəvi ekologiyamızın pozulmasından gileyliyik. Bəs bizi əhatə edən ətraf mühitin ekologiyası nə vəd edir? Müxtəlif fikirlər səslənir. Doğrudan nikbinliyə əsas yoxdur?

- Qəliz məsələyə toxundunuz. Alimlərin qənaətinə görə, ikinci minilliyin tamamınacan dünyanı biosfer idarə edib. Bu yüzillikdənsə biosferin təsiri insanın birbaşa müdaxiləsi hesabına dəyişib. Bilirsiniz, məsələ görünüşcə sadə olsa da, bir sıra elmi izahlarla açılması gərəkdir. Axır vaxtlarda Rusiyada görkəmli bir alimin kitabı çıxmışdı. Onun əhalinin ən müxtəlif təbəqələri arasında keçirdiyi sorğunun nəticələri adamın matın-qutun qurudurdu. Təsəvvür edin, texnika elmləri namizədindən soruşurlar ki, filan balıq növünün qorunmasına ehtiyac varmı? Deyir, bir şərtlə ki, onu mütləq sonradan tavada bişirmək olsun. Rəyi soruşulanların əksəri vəhşi heyvanlarla bağlı demək olar, birmənalı cavab veriblər: hamısını qırmaq lazımdı. Yəni təbiətdə nə şir qalmalıdır, nə pələng. Nə varsa, hamısından istehlakçı marağıyla istifadəyə meyl dəhşətdir. Sizə bir şey deyim ki, doğrudur, insan yer üzünün ən ali canlısı, əşrəfi sayılır. Bununla belə, cəmiyyət zibillənə-zibillənə inkişaf edir, təbiətsə əksinə, təmizlənə-təmizlənə. Üstəlik, təbiətdə hər şey təbii seçmə yolu ilə nizamlanır, zəhmətsiz mövcud olmaq, zəifkən yaşamaq mümkün deyil. Və bəzən biz hansısa aciz heyvanın özündən güclünün şikarına çevrilməsinə ürək ağrısıyla baxırıq. Bəs həyatda, cəmiyyətdə? Hansısa insan daha təmtəraqlı yaşamaq, var-dövlətə sahib olmaq üçün digərinin haqqını tapdalamırmı; zorla qoparıb əlindən almır? Bəzilərinin dilsiz-ağızsız, ölçü-biçisiz kimi baxdığı təbiətdə heç nə itmir və insan onu özünə ram edə bilməz. Bu heç zaman elə-belə, yəni fəsadsız ötüşən deyil... Söhbət çoxdur ey. Bilmirsən, nədən başlayıb, nədə qurtarasan...

Biologiya elmləri doktoru, professor, Beynəlxalq Pedaqoji Elmlər Akademiyasının həqiqi üzvü, "Şöhrət” ordenli, Prezident təqaüdçüsü... və daha neçə-neçə titulların, vəzifələrin sahibi, nəhayət, inşallah ilin sonunda 85 yaşını tamamlayacaq üzü nurlu, ağzı dualı, könlü havalı müdrik Qara müəllim görüşümüzdən yadigar kimi mənə bir neçə kitabını bağışlayır. Amma onun şirin söhbətindən ayrılmaq istəmədiyimdən dilindən daha bir-iki şey qoparmağı qənimət bilirəm. Ad-sanına layiq təminatlı yaşamasa da, "qadası, buna da şükür” deyib, həyata nikbin gözlə baxan, zarafatından qalmayan qocaman alimə sonda təsəlliyə bənzər bir söz demək lazım gəlir: Sizin ən böyük adınız sevilə-sevilə "bizim Qara müəllim” deyə çağırılmağınızdır. Belə bir adısa xalq verir, özü də yalnız sevdiyi insana...






Seymur Elsevər

banner

Oxşar Xəbərlər