• şənbə, 20 Aprel, 09:59
  • Baku Bakı 14°C

“Bizim Mariya” - Portret

23.09.14 13:05 2758
“Bizim Mariya” - Portret
Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən güləş üzrə dünya çempionatında idmançılarımız uğurla çıxış etdilər. Hər əyarda qazanılan medallar vətənimizin adının bir daha tanınması yolunda böyük uğur oldu. Kişi idmançılarımızdan Rəsul Çunayevin qələbəsi xüsusilə qeyd olunmalıdır. Onun erməni rəqibi üzərində 23 saniyədə qazandığı qələbə, qələbədən sonra isə yerinə yetirdiyi əsgər yerişi və əsgər salamı turnirin ən azından bizim üçün ən yaddaqalan anı idi. Xatırlayırsınızsa, cəmi iki ay əvvəl Rəsul haqda yazmış, onun uğurlarına inam ifadə etmişdik. O, hələ də gənc və perspektivli, istedadlı güləşçidir. Bu dəfə isə zərif cinsin nümayəndələrindən, özü də yetərincə təcrübəlisindən yazmaq qərarına gəldik. Bu adı çox yaxşı tanıyırsınız. Ukraynalı olsa da, artıq öz qızımız hesab etdiyimiz Mariya Stadnik haqda danışacaq, onun keçdiyi çətin həyat yoluna nəzər salacağıq.
Kənd qızının idman seçimi
3 iyun 1988-ci ildə Ukraynanın Lvov şəhərinin kəndlərindən birində dünyaya göz açan Mariya adi uşaqlardan biri olub. Doğma məkanda əyləncə üçün heç nəyin olmaması xatırladığı ilk məqamlardandır. Odu ki, dostları 12 yaşında ona sərbəst güləşə getməyi təklif edəndə razılığı gecikməmişdi. Dəcəl olduğuna görə yox. Sadəcə, idmanla məşğul olmaq istəmişdi. Düzdür, “Maşa” həmişə yerli oğlanlarla dost olub, onlar üçün “öz uşağımız” sayılıb. Elə bu səbəbdən də qısa zamanda zalda ən güclülərdən birinə çevrilib və bu məqam məşqçilərin diqqətindən qaçmayıb. Stadnik həyatını böyük idmana həsr etmək fikrində olmayıb. Ancaq məşqçilər belə istedadı itirmək istəməyib və çox ciddi psixoloji gediş ediblər. Ona “Lvovdakı idman məktəbində oxuyacaqsan” deyilib. 12-13 yaşlı kənd qızının şəhər həyatına “yox” deməsi isə mümkün deyildi.
Ədalət yerini tapır!
Qısa zamanda Ukraynanın ən yaxşılarından birinə çevrilən Stadnik, 15 yaşında Sevilyadakı yeniyetmələr arasında Avropa çempionatının qalibi olur. Bir il sonra Bolqarıstanda həmin yarışın gümüş medalını əldə edən Mariya, daha bir ildən sonra gənclər arasında dünya çempionatında qızıl medala sahib çıxır. Artıq zirvədə yer daralırdı. Məhz bu məqamda istedadlı güləşçi yersiz şəkildə dopinqə salınır. Bunun təxribat olduğu gün kimi aydın idi, çünki bir ildən sonra ona bəraət verilir və qadağan olunmuş preparat qəbul etmədiyi üzə çıxır. Olimpiadadan bir il əvvəl isə vəziyyət daha da gərginləşir. 2004-cü il Afina Olimpiadasının qalibi İrina Merleni ilə eyni çəkidə mübarizə aparması, ondan güclü və daha gənc olması “Maşa”nın şanslarını artırırdı. Ancaq ona qarşı ədalətsizlik edilir. Pekində Ukraynanın şərəfini qorumaq imkanı Merleniyə verilir, Stadnikə isə “hələ gəncsən, hazırlaş, gələn dəfə gedərsən” deyilir. Nəzərə alsaq ki, o vaxtlar yığmanın baş məşqçisi məhz Merleninin şəxsi məşqçisi idi, məsələnin haradan qaynaqlandığı aydın olar. Mariya bilirdi ki, idmançı həyatı qısadır və istənilən zədə hər şeyin üstündən xətt çəkə bilər. Məhz bu məqamda Azərbaycandan gələn təklif vəziyyəti dəyişir. Stadnik ölkəmizi seçir və seçimində də yanılmır. Artıq Pekində Mariya ilə İrina fəxri kürsüdə bürünc medal almaq üçün yan-yana dururlar. London Olimpiadasının yarımfinalında isə Stadnik Merlenini məğlub edərək finala yüksəlir və 7 il əvvəlki haqsızlığın əvəzini artıqlaması ilə çıxır. Ədalət yerini tapır!
Sayı itirilən titullar
Olimpiya medalı qazanmış ilk azərbaycanlı qadın güləşçi kimi tariximizə düşən Mariyanın əldə etdiyi nəticələr yetirəncə böyükdür. Özünüz fikir verin: 26 yaşlı Stadnik artıq yeniyetmələr arasında Avropa çempionu və gümüş mükafatçısı, gənclər arasında dünya və Avropa çempionu, böyüklər arasında 4 qat Avropa çempionu, dünya çempionu, gümüş və bürünc mükafatçısı, Olimpiya Oyunlarının bürünc və gümüş mükafatçısı, Qızıl Qran-Prinin 4 qat qalibi, “Yaşar Doğu”, “Austarliya Ladies Open”, “Klippan Lady Open” kimi nüfuzlu beynəlxalq turnirlərin qalibi və daha bir neçə digər yarışın favoriti və dəyişməz çempionudur. Əvvəlki cümlədəki titulları sadalamaq dilə asan gəlsə də, onların qazanılması yolunda çəkilən əziyyətləri təsəvvür belə etmək çətindir. Mariya Azərbaycan üçün mümkün olan bütün yarışları qazanaraq bayrağımızın yüksəlməsinə, himnimizin dünyanın az qala bütün nöqtələrdə səslənməsinə şərait yaradıb. Bu titul dağarcığında çatışmayan yeganə ünvan – Olimpiya çempionluğudur. Onun da ki, iki ildən sonra qazanılacağına şübhə yoxdur. 2008-ci ildə Pekində bürünc, 2012-ci ildə Londonda gümüş medal qazanan Stadnik yüksələn xətlə irəliləyir və Rio-De-Janeyrodakı Oyunlarda fəxri kürsünün ən yüksək pilləsinə qalxmasına ümid və inam böyükdür.
Sürətli və cəld
Bir güləşçi kimi Mariyanın üstün cəhəti onun çox sürətli, cəld olmasıdır. Rəqibinin kimliyindən asılı olmayaraq heç bir həyəcan hissi keçirməyən, həmişə döyüşə tam hazır olan Stadnik gücünü sona qədər döşəkdə qoymağa çalışır. İlk saniyələrdən hücuma keçən güləşçimiz əsasən ayaqlardan girdiyi fəndlərdə qarşısındakından bir baş üstün olur. Çevikliyi ona əks fəndlərdən tez çıxmaq, özünün bir cəhdi alınmayanda qısa zamanda start vəziyyətinə gələrək yenisini etmək imkanı verir.
Azərbaycana böyük hörmət
Ukraynada jurnalistlərin ona verdiyi əsas sualı həmişə eyni cür cavablandırır. Ölkəmizdə gördüyü hörmət onu özünü azərbaycanlı sayması, bayrağımıza, adət-ənənələrimizə, insanlarımıza böyük sayğı duymasına gətirib çıxarıb. “Azərbaycana getməklə səhv etdiyinizi düşünürsünüzmü” sualına “Əsla!” cavabı anında gəlir: “Azərbaycanda mənə öz qızları kimi hörmət qoydular. Bu ölkə mənə ən çətin vaxtımda dəstək oldu, özümü yaxşı hiss etməyim, qələbələr qazanmağım üçün hər cür şəraiti yaratdı. İnsanlarından həmişə xoş münasibət gördüm. Söz vermişdim, Olimpiya çempionu olsaydım, Ukrayna yox, Azərbaycanın bayrağını götürəcəkdim. Belə bir şans olsa, mütləq edəcəyəm”.
Xoşbəxt ana

Mariyanın idmandan kənar həyatında bəzi problemlər (bir neçə il əvvəl onun bütün medal və kubokları evindən oğurlanmışdı) olsa da, ailədə xoşbəxt birisidir. Özü kimi güləşçi və Olimpiya Oyunları mükafatçısı olan Andreylə (onun bacısı Alina da güləş üzrə Avropa çempionudur) sevincli valideyn həyatı sürürlər. İki uşaq anası (oğlunun adı İqor, qızınınkı isə Miadır) olan Mariyanın həyat yoldaşı ilə bağlı maraqlı bir məqam da var. Onunla eyni idman zalında məşq edərkən tanış olub qadın idmançımız. Münasibətlər qısa zamanda sürətlənib, evlilik qərarı verilib. Təsadüfə bax ki, həm Mariya, həm də Andreyin soyadları eyni (!) imiş və toydan sonra dəyişiklik etməyə ehtiyac qalmayıb. Hər ikisi ukraynalı olsalar da, müxtəlif ölkələrin şərəfini qorumaları, mütəmadi təlim-məşq toplanışları və yarışlar səbəbindən bir yerdə çox az vaxt keçirmələri ailəni zəiflətmir, əksinə, möhkəmlədir. İmkan tapan kimi görüşən, bir-birilərinə böyük dəstək verən xoşbəxt cütlüyü kənardan izləmək çox xoşdur. Bu günlərdə keçirilən dünya çempionatında da Mariya güləşərkən tataminin yanında məşqçi ilə birlikdə ərinin də olması ona böyük ruh yüksəkliyi vermişdi.
Portreti
Yaşı 26, üstəlik, iki uşaq anası. Yox, yox səhv edirsiniz. Bu, Mariya Stadnikin əsl görünüşü deyil. Onun adı gələndə ilk olaraq ağıla çox güclü güləşçi, dünya və Avropa çempionu, Olimpiya Oyunlarının mükafatçısı gəlir. Ancaq bu da onun portretinin əsas cizgiləri deyil. Rəssam onu bütün çətinliklərinə rəğmən gülərüz bir qız kimi çəkməlidir. Başına gələnlərə baxmayaraq təslim olmayan, balaca bədəni ilə bütün dünyaya qalib gələn, gözlərindəki yorğunluğun aşkar olduğu, ancaq heç vaxt gözəlliyini, qadınlığı itirməyən, bəzən qısa və qıvrım, bəzən də uzunsaç, səmimi qadın obrazı görməliyik onun simasında. O, bizim qızımız Mariyadır. Tanıdığımız, fəxr etdiyimiz biri.
Kənan Məstəliyev

banner

Oxşar Xəbərlər