“Bizim “Eurovision”umuz da, “O səs Türkiyə”miz də xalqdır” - Debüt
Bu gün sosial
şəbəkələr gündəmi izləmək üçün ən yaxşı vasitədir. Müasir dövrün gəncləri
sosial şəbəkələr vasitəsi ilə rahat şəkildə sözlərini deyir, hətta öz
istedadlarını nümayiş etdirmək üçün şəbəkələrin yaratdığı meydanda at oynatmağı
da yaxşı bacarırlar. Onlardan ən çox sevilən və izlənilən Sadiq Hacı və onunla
birlikdə maraqlı mahnılar ifa edən Nigar Muahrrem, Sure İsgəndərli və Çinarə
Məlikzadədir.Biz də gənclərin
sevimlisi olan Sadiqlə görüşdük. Ona siz gəncləri maraqlandıran sualları
ünvanladıq.
Əvvəla onu deyim
ki, Sadiq Hacı 1993-cü ildə Salyanda anadan olub. Salyanda Nizami Gəncəvi adına
2 saylı orta məktəbi bitirib. Ali təhsil seçərkən isə uşaqlıq arzusunun
arxasınca gedib. Belə ki, Bakı Avrasiya Universitetini ingilis dili üzrə
tərcüməçilik ixtisası üzrə bitirib. Musiqiyə olan həvəsinin isə maraqlı bir
tarixçəsi var.
Deyir, musiqi ilə
məktəb illərindən məşğul olub: "Bacım ingilis dili müəlliməsidir. İngilis
dilini mənə o öyrədib. Gitaranı yaxşı ifa etməyi bacaran bir dostum bu alətlə
bağlı mənə bir-iki dəfə bəzi şeyləri öyrətdi. Sonra gördüm ki, bu üsulla mən
çətin ki nəsə öyrənim. O mənə məsləhət gördü ki, istədiyim proqramları "Youtube”
vasitəsi ilə öyrənə bilərəm. Təbii ki, bu proqramlar ingilis dilində idi. Mən
də bacımdan öyrəndiyim dil bilgisi ilə bu proqramlardan istifadə etdim. Bir
ayın tamamında artıq gitarada ifa edirdim. Bütün gitara bilgilərini "Youtube”dan
öyrənmişəm. Gitara müəllimim internet portalı olub desəm, heç də səhv etmərəm”.
- Gitara sənin üçün nə deməkdir?
- Gitara mənim
üçün bir vasitədir, elə bir vasitə ki, ideyalarımı onun köməyi ilə həyata keçirirəm.
Gitara olmasaydı, ideyalarımı başqa musiqi alətinin üzərində canlandırardım.
- Necə oldu ki, qısa bir zaman içərisində
sosial şəbəkə fenomeninə çevrildiniz?
- İlk dəfə Sura
ilə mahnı ifa etdik. Bir az bayağı mahnı idi, mənə dedi ki, belə formada onu düzəldək.
Açığı, bu mənim ürəyimcə deyildi, gördüm o məyus olur, razılıq verdim. Həmin
mahnını 30 dəfə çəkdik, gördüm istədiyimiz kimi alınmır. Bir dəfə zarafata dedim
ki, gəl bir video çəkək. Həmin mahnını oxuduq və videonu öz profilimizdə
paylaşdıq. Onda "Facebook”da aşağı-yuxarı 100 nəfər dostumuz var idi. Videonu ancaq onlar
izləyirdilər. Sonra gördük ki, hər kəs o videonu paylaşır. Kimsə o videonu
hansısa sayta göndərmişdi. İzləyici kütləsinin çox olduğu səhifələr də
paylaşmışdı. Sonra səhifənin rəhbərinə zəng etdim. Silmələrini xahiş etdim.
- Niyə sildirdiniz ki?
- Suranın ailəsi
buna icazə vermirdi. Daha sonra səhifə adminləri mənə yazdılar, xahiş etdilər
ki, həmin videonu paylaşmaq istəyirlər. Hansı ki, onlar çox böyük izləyiciləri
olan səhifələr idilər. Sura ailəsindən icazə aldıqdan sonra videoların
paylaşılmasına razılıq verdik. Sonra bir neçə video çəkdik. Bundan sonra əsas
problem isə paylaşımlarımıza ad tapa bilməmək oldu. Düşündük, "@surahaji” adını tapdıq. Paylaşımlara
belə davam etdik. Bir müddət davam etdikdən sonra Sura bütün videolarını sildi
və oxumaqdan imtina etdi. Həmin müddət boşluq oldu. Ancaq nəsə etmək
istəyirdim. Bu aralarda Nigar Muharrem gitara müəllimi axtarırdı. Mənə müraciət
etdi, mən də ona təklif etdim ki, belə bir şey çəkək. Razılaşdıq və elə ilk
videomuz partlayış oldu. İfamız çox gözəl qarşılandı və izlənmə rekordları
qırdı. Sonra Çinarə Məlikzadə ilə işlədik.
- Siz də yaxşı oxuyursunuz. Niyə tək ifa etmirsiniz?
- Mən adətən mahnı
ifa etmirəm, gitara ilə kifayətlənirəm. Çox az hallarda mahnılarda bir bənd
oxuyuram. Normalda mən öz səsimi
bəyənmirəm.
- Belə bir layihə etmək haradan ağlınıza gəldi?
- Bu, kover janrıdır.
Dünyada musiqi aləmində tanınmış, formalaşmış bir şeydir. İstəyirdim ki, bu
sahədən Azərbaycanda da istifadə olunsun, inkişaf etsin. Bunun üçün zaman
itirmədən işə başladım. Düzdür, tez-tez biz də görürük ki, oğlan gitara ifa
edir, qız mahnı oxuyur. Ancaq nə etsələr də, quru alınır. Çünki öz üzərlərində
işləmirlər. Səsdən əvvəl sənin bədən dilin də onu göstərməlidir. İfa edərkən mimikalar,
jestlər olmalıdır deyə düşünürəm, ifaçı mahnını yaşamalıdır. Əgər hər hansı bir
videonu çəkərkən onu yaşaya bildinsə, o, yaxşı nəticə verir.
- Çəkdiyiniz videolarda öndə ifaçı deyil, siz oturursunuz. Bu nə ilə
əlaqədardır?
- Gitara kameraya
nə qədər yaxın olsa, səsi daha yaxşı düşür.
- Videoları nə ilə çəkirsiniz?
- Telefonumla
çəkirəm.
- Bəs xüsusi avadanlıqlardan istifadə etmirsinizmi?
- O avadanlıqları
almağa indi başlamışam. Sonuncu videomuza fikir versəniz, görərsiniz ki,
orda yeni mikrofonlar, avadanlıqlar var.
Bu dəfə səs tamamilə başqa cür alınıb. Bunlar hamısı yeni avadanlıqların
hesabınadır.
- Yəqin ki, bu avadanlıqları almaq üçün müəyyən büdcə də olmalıdır.
Maliyyəni necə əldə edirsiniz?
- Maliyyəni iştirak
etdiyimiz ad günləri, partilərdən əldə edirik. Bundan başqa, "Youtube”
hesabından az-çox qazancımız olur.
- "Youtube”dan necə qazanc əldə edirsiniz?
- "Youtube”da özəl
səhifə açdırdıqdan sonra vergi ödəyicisinə çevrilirsən. Artıq bir növ "Youtube”un bir işçisi hesab edilirik.
- "Youtube”da ən çox nə qədər qazanmısınız?
- 5-6 ay olar
başlamışıq. İlk aylarda ayda 5-10 qəpik qazandıq. Sonra 20 dollar oldu. Aldığım
pulların hamısının statistikası əlimdədir. Yeri gəlsə, göstərə bilərəm. Hərdən deyirlər
ki, bunlar milyonlar qazanır. Halbuki "Youtube”dan 200 dollardan çox qazanmamışıq. O da son aylarda olub. Saytların
biri yazmışdı ki, guya internetdən ən çox qazanan Nigarla mənəm. Ancaq elə bir
şey yoxdur.
- Sizi heç televiziyalarda da görmürük. Dəvət edən yoxdur, yoxsa özünüz imtina
edirsiniz?
- Əslində
verilişlərə çox dəvətlər alırıq. Amma hər verilişə getməyi düzgün hesab
etmirik.
- Niyə?
- Bizi elə
insanlarla bir verilişə dəvət edirlər ki, istəmirik, onlarla ünsiyyətdə olaq. Bu
hərəkətimiz ulduz xəstəliyi və ya özündənrazılıq kimi başa düşülməsin. Sadəcə
olaraq, adlarımızın onlarla birlikdə çəkilməsini istəmirik. Bizim qrupun
qızlarının videolarına nəzarət etsəniz, görəcəksiniz ki, onların heç biri kənar
ara adamı ilə iş görmür.
- İnternet elə bir aləmdir ki, oradan sizləri hansı insanların
izlədiyini görmək mümkündür. Daha çox hansı təbəqə sizləri izləyir?
- Bizi gənc nəsil
daha çox izləyir. Ancaq bu o demək deyil ki, orta və yaşlı nəsil bizi izləmir.
Onlar bizə tez-tez öz sevgilərini, istəklərini yazırlar.
- İngilis dili tərcüməçisisiniz, ancaq
ingilis dilində mahnılar ifa etmirsiniz.
- İnsanların bir
musiqi tələbatı var. Gün gələcək, ingilis dilində də mahnılar hazırlayacağıq. Gənclərimiz
nə zaman ingilis dilində olan mahnılara maraq göstərsə, biz də o zaman belə bir
layihə edəcəyik.
- Belə başa düşdük ki, kütlənin arxasınca
gedirsinz.
- Kütlənin
arxasınca getsəydik, ara mahnıları ifa edərdik. Sonuncu videolarımıza baxsanız, görərsiniz ki, müasir və eyni zamanda
köhnə mahnılara müraciət edirik. Misal
üçün, sonuncu dəfə Zeynəb Xanlarovanın "Cavanlığım” mahnısını türk mahnısı ilə
birləşdirib maraqlı bir musiqi ərsəyə gətirmişik. Bunun özündə bir siyasət var.
Danılmaz faktdır ki, müasir gənclərimizin çoxu xalq mahnılarından xəbərsizdir.
Biz o köhnə bəstəkar, xalq mahnılarını akustik formada düzəldib yeni tərzdə
onlara təqdim edirik. Belə olan halda, gənclər özləri istər-istəməz həmin
mahnıların orijinal versiyasını axtarırlar. Bunu etməkdə əsas məqsəd də elə ondan
ibarət idi ki, köhnə mahnıları sevdirək.
- Zeynəb Xanlarova etiraz etsə ki, mənim mahnımı niyə dəyişib başqa
versiyada ifa etmisiniz, nə deyəcəksiniz?
- Deyərik ki,
problem deyil, silərik (gülürük). Bir dəfə Baloğlan Əşrəfovun mahnısını
sakit versiyada düzəltmişdik. Onun
qohumu zəng etdi ki, mahnı sənətkarımız tərəfindən bəyənilib. Tanınmış müğənninin bir mahnısını ifa etmişdik,
bizdən qonorar tələb etməyə başladı. Təbii ki, belə hallar bizi həvəsdən salır.
- Sizə birlikdə ifa etmək üçün müraciət
edənlər varmı?
- Təklif edirlər
ki, birlikdə videolar çəkək. Ancaq mən onları qəbul etmirəm. İlk olaraq
öyrənməyə çalışıram ki, o insanın məqsədi nədir. Əslində iki nəfər gözəl səsə
malik qız ifaçı nəzərimdə saxlamışam. Yerdə qalanlar sadəcə istəyir ki,
birlikdə mahnı ifa edək, digər ifaçılarımız kimi izlənmə sayı çoxalsın. O
məqsədlə yazanları qəbul etmirəm.
- Niyə gənc ifaçılarla işləmək istəmirsiniz
ki? Artıq Nigar, Sura məşhur olduğu üçün yenilərin PR işi ilə məşğul olmağa
ehtiyac duyulacağına görəmi?
- Başqa ifaçı ilə
bir-iki mahnı oxuduq, gördüm, gələn rəylərin 40-45 faizində yazırlar ki, niyə Nigarla
Sura yoxdur. Mən onlarla işləməyə öyrəşmişəm. 3 nəfər qızı güclə idarə edirəm
(gülür). Onların xasiyyətlərinə bələd olmaq, tanımaq, nəyi xoşlayıb, nəyi
xoşlamadıqlarını bilmək əsasdır.
- Sizcə, Nigar Muharrem, Sura, yoxsa Çinarə Məlikzadə?
- Bilmirəm, sualı
hansı aspektdən verirsiniz, ancaq mən Nigar Muharrem deyirəm.
- "Youtube”da ən çox izlənmə sayınız nə qədərdir?
- "Youtube”-da 3
milyon olmalıdır.
- Bir mahnı neçə günə ərsəyə gəlir?
- Elə mahnı var
ki, 1 günə, elə mahnı var ki, 1 aya hazır olur. Misal üçün, Çinarə Məlikzadə
ilə "Gözlərinə bakınca” adlı mahnımız bir saata ərsəyə gəldi. Hazırda həmin
mahnıya 2 milyon baxış sayı var.
- Niyə "O səs Türkiyə” yarışmasına qatılmırsınız?
- Çünki orda haqq-ədalət
deyə bir şey görmürük. Keçən il həmin yarışmadan 5 azərbaycanlı ifaçımızı
birdən çıxardılar. Sözsüz ki, bir vətəndaş olaraq bu bizim də xoşumuza gəlmədi.
Münsiflərin bəyənib çevrildikləri ifaçılara baxanda, əminlikdə deyə bilərəm ki,
onların 4-ü də bizə doğru dönər. Ancaq sonra?.. Bəlkə həmin yarışmanın
təşkilatçılarının özləri bizi dəvət etsələr, reklam üçün gedərik. "O səs
Türkiyə” yarışması bizim üçün pik nöqtə deyil.
- Sizin üçün pik nöqtə haradır?
- Bizim üçün pik
nöqtə xalqın sevgisidir. Onların qəlbində yer tutmaq bizim üçün əsasdır. Bizim
"Eurovision”umuz da, "O səs Türkiyə”miz də xalqdır.
Xəyalə Rəis