• cümə, 29 Mart, 14:08
  • Baku Bakı 14°C

Bizi “qocaldan” gizli təhlükə

19.07.19 12:30 29420
Bizi “qocaldan” gizli təhlükə
Bu günlərdə sosial medianın yeni trendi FaceApp effektidir. Məşhurlardan tutmuş yeniyetmələrə qədər hər kəs "qocalmaq” eşqinə düşüb. Bir çoxları buna əyləncə kimi baxır, yaşlanmış və ya cavan halları ilə tanış olmaq istəyirlər. Hətta məsələni dramatikləşdirib öz yaşlı valideynlərini, yaxud itirdikləri qohumlarını paylaşıb kövrələnlər də az deyil.
Təkcə ölkəmizi deyil, dünyanı da öz ağuşuna alan Faceapp-da hər kəsi təəccübləndirəcək faktlar da ortaya çıxıb. İddiaya görə, mobil cihazlar üçün hazırlanmış bu proqram şəxsi məlumatınızı üçüncü şəxslərə sata bilər. Ən təəccüblüsü isə tətbiqin 2 ildir çıxmasına baxmayaraq, son 3 gündə məşhurlaşmasıdır.
Bəs bizi həqiqətən təhlükə gözləyirmi?
Proqramı App Store və Play Store-dan pulsuz yükləmək mümkündür. Lakin yükləyərkən marağımıza məğlub olub bəzi müqavilələrlə razılaşırıq. "Göndərdiyiniz informasiyalarla bağlı heç bir tələb qoya bilməzsiniz”, "yaşlanma fotonuz reklam və tanıtım üçün istifadə oluna bilər”, və s kimi tələbləri qəbul edirik. Face app süni zəkadan istifadə edir və yüklənən foto üz tanıma texnologiyası üçün saxlanıla bilər. Proqramı telefona yüklədiyiniz anda bütün şərtləri qəbul edirsiniz. Ip ünvanınız belə, proqram tərəfindən yazılır. Bunun vasitəsilə, hətta telefonunuzdakı bütün məlumatları əldə edə bilərlər. Buna baxmayaraq, bütün dünyada bu paylaşım edilir və instagramda hazırda bu etiketlə şəkil paylaşanların sayı yarım milyonu keçib.
""FaceApp” tətbiqi ABŞ-ın milli təhlükəsizliyinə təhdid törədir”
ABŞ Senatında demokratların lideri Çak Şumerdeyib ki, "FaceApp” tətbiqi ABŞ-ın milli təhlükəsizliyinə təhdid törədir. O, məsələ ilə bağlı ABŞ-ın Federal Təhqiqatlar Bürosunun direktoruna və Federal Ticarət Komissiyasına məktub göndərib. Ç.Şumer hesab edir ki, mənzil-qərargahı Sankt-Peterburqda yerləşən şirkətin hazırladığı mobil tətbiq milli təhlükəsizliyə və milyonlarla amerikalının məxfi məlumatları üçün təhlükə törədə bilər: "İstifadəçilər tətbiqdən istifadə etmək üçün şirkətə şəxsi fotoşəkillərinə və məlumatlarına tam və qeyd-şərtsiz giriş imkanı yaratmalıdır. Bu, o deməkdir ki, şirkət gələcəkdə istifadəçinin razılığı olmadan tətbiq vasitəsilə yüklənən fotoşəkillərdən istifadə edə bilər”.
Proqramın Rusiya şirkəti tərəfindən hazırlanması amerikalı senatorda əlavə narahatlıqlar doğurur: "FaceApp”da şəxsi məlumatlarını yükləmiş milyonlarla amerikalının informasiyası Rusiya hökumətinin və ya onunla bağlı şirkətlərin əlinə keçə bilər”.
Qeyd edək ki, illik gəliri milyonlarla dollar olan tətbiq Rusiya istehsalıdır. Faceapp rus proqramçı Yaroslav Goncharov tərəfindən yaradılıb. Yaroslav Goncharov Sankt Peterburq Dövlət Universitetində kompyuter elmləri fakültəsində təhsil alıb. Microsoft şirkətində proqramçı kimi, Yandex şirkətində mobil proqramlaşdırma şöbəsində müdir kimi çalışıb. 2017-ci ildə bu gün trendə çevrilən proqramını yaradıb.
"Məlumatlar üçüncü tərəfə ötürülür”
Türkiyədə araşdırmaçı jurnalist Əhməd Candeyir ki, nə qədər əyləncəli görünsə də, bu "əyləncə”nin arxasında sosial şəbəkə istifadəçisinin şəxsi məlumatlarının ələ keçirilməsi, üçüncü tərəfə ötürülməsi və reklam məqsədilə istifadə edilməsi halları qaçılmazdır: "Buna ən sadə dillə "qocaltma proqramı” da deyə bilərik. Fotolarla özünü "gəncləşdirmə” və "qocaltma” kimi bir özəlliyi olan bu proqram vasitəsilə pulsuz əylənə bilərsiniz, elə buna görə də bir neçə gündür sosial şəbəkədə trendə çevrilib. Proqram məlumatlarınızı alır və üçüncü tərəfə - reklamverənlərə ötürür. Burada məlumat mübadiləsi çəkilən fotolarla məhdudlaşmır. "Məxfilik anlaşması”nı diqqətlə oxumağınızı tövsiyə edirəm. Orada bir neçə maddə var ki, bunlar siz əylənərkən əldə olunan məlumatların hansı məqsədlər üçün istifadə edildiyini göstərir. FaceApp ələ keçirdiyi məlumatları FaceApp-a daxil olan və onunla əməkdaşlıq edən şirkətlərlə bölüşür. Həmin şirkətlər bu məlumatları öz xidmətləri üçün istifadə edir”.
"İstifadəçi məlumatlarını ilk olaraq facebook ötürüb”
Technote.az layihəsinin rəhbəri Fərid Pərdəşünasdeyir ki, əslində şəkillərdən məlumat almaq o qədər də çətin deyil. Onun sözlərinə görə, bu proqram olmasa belə, onsuz da, bütün sosial şəbəkələrdə bizim şəkillərimiz əlçatandır: "Xarici mənbələr iddia edir ki, Rusiya hökuməti o tətbiq vasitəsilə məlumatları yığır. Tətbiq Rusiyada yaşayan, keçmiş Yandex işçisinin startapıdır. İddia olunur ki, tətbiq şəkilləri serverə yükləyir, yaddaşda saxlayır və insanların məlumatlarını əldə edir. Bu düz məlumatdır. Şəkillər serverə yüklənir, çünki şəkillərin analiz olunması üçün o serverə yüklənməlidir və daha sonra qocaldılmalıdır. Lakin tətbiq sahibləri açıqlama veriblər ki, şəkillər iki həftədən çox onların serverində qalmır və silinir. Bundan əlavə, qeyd etmək lazımdır ki, əslində şəkillə sizə heç nə edə bilməzlər. Bu, sadəcə bir iddiadır. 2018-ci ildə "Facebook”un "Cambridge Analytica” şirkəti üzərindən 87 milyon istifadəçinin məlumatlarını sızdırdığı bəlli olduqdan sonra sosial şəbəkədə qalmaqal yaranmışdı. Facebook bu səbəbdən 5 milyard dollar cərimə olundu. Yəni istifadəçi məlumatlarının istifadə olunmasını ilk olaraq facebook edib. İnsanların şəkilləri müasir internet dövründə demək olar ki, açıqdadır. Facebook, google haradan istəsək insanların şəklini əldə edə bilərik. Bu tətbiq sadəcə, şəkilli məlumatları əldə edib. Bununla da uzaqbaşı insanların sifət quruluşuna, cizgilərinə görə reklam çıxara bilər, onlara məhsul təklif edə bilərlər. Başqa cür heç kəs onlara müdaxilə edə bilməz”.
Həmsöhbətimiz vurğulayır ki, internet böyük məkandır və bizim məlumatlarımız artıq toplanıb: "Yəni sizin bir smartfonunuz və smartfon daxilində bir tətbiqiniz varsa, deməli, məlumatlarınız artıq başqa tərəflərə ötürülür. Bu, müasir dövrün trendidir və bizi bunu etməyə məcbur edir. Çünki bütün şirkətlər demək olar ki, bizdən data yığır”.
"Belə proqramlardan qorxmaq lazım deyil”
İT üzrə ekspert Qafar Əhmədovisə informasiya toplanmasının hər iki tərəfə xeyir olduğunu bildirir: "Bir insanın bütün informasiyasının hansısa bir mərkəzdə toplanıb yığılması təhlükəli deyil. Gələcəkdə o insan Allah eləməmiş əgər bir cinayət törədər və bu halla qarşılaşarsa, onun tez tapılması bu informasiyalar vasitəsilə mümkün olur. Üzdəyişdirmə proqramı vasitəsilə, üzünün hər yaşda necə göründüyü ilə bağlı məlumatı biz ötürürük və baza yaranır. Bu bazanın mənfi tərəflərindən çox müsbət tərəfləri var. Ümumiyyətlə, biz informasiya əsrindəyik. Bunun da hansısa sistem vasitəsilə toplanması normaldır. Mən buna qarşı deyiləm. Onsuz da sən barmaq izini telefona yazmaqla informasiyanı ötürürsən. Bunu edirsənsə, belə proqramlardan qorxmaq lazım deyil”.
Aygün ƏZİZ
banner

Oxşar Xəbərlər