• cümə, 19 Aprel, 14:37
  • Baku Bakı 25°C

“Bizi direktorun otağına çağırıb danladılar” - Məktəb illəri

04.12.17 10:00 2803
“Bizi direktorun otağına çağırıb danladılar” - Məktəb illəri
Məktəb illəri hər birimizin həyatında ən gözəl, qayğısız, problemlərdən uzaq bir dövrdür. Hansı ki, həmin dövrdə tək narahatlığımız yaxşı qiymət almaq olur. Həyatın çətinliklərindən xəbərsiz, hər gün dərsimizi oxuyub, bəzən də oxumayıb məktəbə gedirik. Həmin illərdən bizə yadigar qalanlar əlaqəmiz olan sinif yoldaşlarımız və yadda qalan xatirələrdir. Hansı ki, indi də onları yada salanda gülüb, "eh məktəb illəri necə də şirin illərmiş” deyirik. Bu dəfə "Məktəb illəri” rubrikamızın qonağı Pantomim teatrının direktoru, əməkdar artistElman Rəfiyevdir.

E.Rəfiyev uşaqlıqda dəcəl olduğunu dedi. Bildirdi ki, məktəb illərindən də dəcəlliyi ilə bağlı xatirələri çoxdur: "Uşaqlıqda çox dəcəl olmuşam. Valideynlərim mənə üçtəkərli velosiped almışdılar, ayağım pedallara çatmasa da, ayağımı yerə vura-vura onu sürməyə çalışırdım. Həmçinin, bağçada da nadinc uşaq olmuşam. Hətta mənə hiperaktiv uşaq da deyirdilər. Elə məktəb illərində də bu dəcəlliklərim davam edib. Birinci sinifdə oxuyanda, bir gün uşaqlara dedim ki, "ay uşaqlar, rus dili dərsi bizim nəyimizə lazımdır axı, gəlin parka gedək”. Və beləcə 5-6 nəfər sinif yoldaşımı yoldan çıxarda bildim. Həmin uşaqlarla tənəffüs vaxtı, müəllim sinif otağına gələnə kimi pəncərədən düşüb qaçdıq. Sinif otağımız birinci mərtəbədə olduğundan qaçmaq asan idi. Sonra bu xəbər direktora qədər çatdı. Bizi direktorun otağına çağırıb danladılar. Gündəliyimi alıb ora "2” yazdılar”.

Müsahibimiz bu dəcəlliyinin onun qiymətlərinə də təsir etdiyini deyir: "Həmişə davranışıma görə qiymətim "2” olub. Arxa sırada oturanda sinfi bir-birinə qatırdım deyə, müəllimlərim həmişə məni birinci partada oturdurdular. Bütün sinif yoldaşlarım da bunu bilirdilər ki, Elman sözü üzə deyən, heç kimdən çəkinməyən uşaqdır. Doqquzuncu sinifdə oxuyanda tarix dərsini bizə Şahsənəm adlı bir müəllimə deyirdi. Onun dərsində tam səssizlik olurdu. Mən tarixi sevirdim və yaxşı da oxuyurdum. Amma nədənsə, bu müəllimə mənə rüblükdə "3” yazmışdı. Mən də təbii ki, sinfin "sözü üzə deyən” şagirdi olaraq durdum ayağa və iradımı bildirib, dedim ki, Şahsənəm müəllimə, yaxşı oxumağıma baxmayaraq, siz mənə rüblükdə "3” yazıbsınız. Sizə söz verirəm ki, tarix imtahanından ən yüksək qiyməti alacam. Ciddi hazırlaşıb, imtahandan istədiyim nəticəni aldım.”

Günel Azadə
banner

Oxşar Xəbərlər