AZE | RUS | ENG |


Bizə uşaq ombudsmanı lazımdırmı?

Bizə uşaq ombudsmanı lazımdırmı?
Ekspertlərin fikirləri birmənalı deyil

Son günlərdə 10 yaşlı Nurayın hekayəsi  cəmiyyətdə böyük ajiotaj yaratmaqla yanaşı, uşaq hüquqları məsələsini də bir daha gündəmə gətirdi. Belə ki,  uşaq hüquqlarına  dair bəzi boşluqların olduğu ortaya çıxdı. Dünya təcrübəsində bu kimi  həssas məsələlər zamanı Uşaq Ombudsmanı adlı bir qurum da məsələnin həllinə müdaxilə edir.  Bəs görəsən, bizdə niyə uşaq ombudsmanı yoxdur? Ümumiyyətlə, uşaq ombudsmanın ehtiyac varmı?

Millət vəkili Gövhər Baxşəliyeva deyir ki, belə bir qurumun yaradılması  problemlərin həllinə yardımçı ola bilər: "Əslində konkret olaraq deyə bilmərəm ki,   belə bir qurum yaradılsın, ya yox.  Əslində bütün ölkələrin qanunlarında,  o cümlədən də bizim qanunvericiliyimizdə   bu kimi situasiyalarda məsələnin həlli aydın şəkildə göstərilir. 10 yaşında uşaq zorla kimdənsə alınıb kiməsə verilə bilməz. Burada hüquqi mexanizm var.  Həmçinin, uşağın kiminlə yaşamasına dair mübahisə varsa, uşağın da rəyi mütləq soruşmaq lazımdır. Uşaq kiminlə yaşamaq istədiyini özü deməlidir. Gərək hər kəs səbirli olub, həmin uşağın etimadı, istəyini, sevgisini tədricən  qazanmağa çalışsın.  Yoxsa, uşağı zorla, ağlaya-ağlaya kiməsə vermək olmaz. Uşaq kimin yanında özünü inamlı, təhlükəsiz hiss edirsə, orada da qalmalıdır. Belə situasiyalarda böyüklərin marağı üstünlük təşkil etməməlidir. Mütləq uşağın marağı nəzərə alınmalıdır. Məsələnin hüquqi tərəfinə gəlincə isə qanunlar  10 yaşında uşağın rəyini nəzərə alır. Bütün dünyada da qanun belədir. Bir-iki yaşında olan uşaqlar isə qanuna görə anada qalmalıdır. O ki, qaldı uşaq ombudsmanın yaradılması məsələsinə, bəlkə də belə bir əlavə qurumun yaradılması yaxşı olardı. Bu haqda  dəqiq nəsə demək düzgün olmazdı. Qanunvericiliyimizdə bu kimi mübahisəli məsələlər dair kifayət qədər maddələr var. Amma belə bir qurumun da olması problemləri çözməyə yardımçı ola bilər”.

Azərbaycan Uşaqları İctimai Birliyinin sədri Kəmalə Ağazadə qəzetimizə açıqlamasında bildirdi ki, belə bir qurumun yaradılması mexanizmin təkmilləşməsinə dəstək ola bilər: "Azərbaycanda insan  hüquqları üzrə xüsusi müvəkkil- ombudsman var və o, əlbəttə  ki, istər böyüklərin, istərsə də uşaqların hüquqlarının müdafiəsi istiqamətində iş aparır.  Düzdür, bir çox ölkələrin təcrübəsində uşaq ombudsmanı var. Əlbəttə, mən də düşünürəm ki,  uşaq hüquqları üzrə ombudsman ayrı olsa, daha yaxşı olar.  Hesab edirəm ki, bu qurum belə həssas məsələlərin həlli zamanı daha yaxşı nəticələrin əldə olunmasına gətirib çıxarar. Uşaq hüquqları üzrə ombudsmanın yaradılması   ilk olaraq bu sahə üzrə mexanizmin təkmilləşdirilməsinə təkan verəcək. Elə son hadisədə də məlum gördük ki, icraçılar qüvvəyə minmiş məhkəmə qərarını icra edərkən, müəyyən mənfi hadisələr baş verdi. Böyüklərin arasında olan mənfi münasibət  belə halın yaşanmasına gətirib çıxardı. Əlbəttə ki,  uşağın əvvəlcədən psixoloji yardım almasına çalışmaq lazım idi. Bu məsələdə psixoloq və sosial işçinin iştirakı çox vacib idi. Əgər öncədən bu tədbirlər görülsəydi və  bu kimi amillər tənzimlənsəydi, yəqin ki, belə hallar yaşanmazdı. Təəssüf ki,  bəzən məhkəmələrdə valideynlər arasında olan mübahisələr zamanı uşaqların kimin yanında qalmaq istəyi də nəzərə alınmır. Valideynlər öz ambisiyaları əsasında iş görürlər, məhkəməyə təzyiq edirlər. Əgər  mexanizm təkmilləşdirilərsə, belə neqativ halların da qarşısı alınar”. 

Ombudsman Aparatının aparat Aydın Səfixanlı isə Trendə açıqlamasında bildirib ki, Azərbaycanda uşaq ombudsmanı təsisatının yaradılması məsələsi gündəmdə deyil.  Uşaq ombudsmanı təsisatının yaradılması məsələsinin dəfələrlə qaldırıldığını deyən A.Səfixanlı bu gün yeni təsisatın yaranması məsələsinin gündəmdə olmamasının səbəbini də açıqlayıb. A.Səfixanlı hesab edir ki, hazırda Ombudsman Aparatı uşaq hüquqlarının müdafiəsi sahəsində tam, əhatəli şəkildə fəaliyyət göstərir. Buna görə də xüsusiləşmiş yeni qurumun yaradılmasına ehtiyac yoxdur: "Əvvəllər bir çox ölkələrdə xüsusiləşmiş uşaq obmudsmanları var idi. Amma daha sonra gördülər ki, bu işlərin bir ombudsman tərəfindən həyata keçirilməsi daha səmərəlidir. Ona görə, onlar da mərkəzləşdirilmiş ombudsman təsisatına üstünlük verdilər. Çünki bəzən bir hüququn pozulma səbəbi digər hüquqların pozulması ilə qarşılıqlı əlaqədə olur. Ona görə də uşaq ombudsmanları digər sahələrə müdaxilə edə bilmirlər. Amma bu gün ümumi ombudsman uşaq hüquqları üzrə beynəlxalq sənədlərdə təsbit olunmuş hüquqları tam və geniş şəkildə müdafiə edə bilir. Bu gün Azərbaycan ombudsmanının malik olduğu səlahiyyətlər uşaq hüquqlarının daha səmərəli müdafiəsinə imkan verir”.

Şəbnəm Mehdizadə
 


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0043
GEL 1 Gürcü larisi 0.6262
GBP 1 İngilis funt sterlinqi 2.2537
TRY 1 Türk lirəsi 0.4286
KWD 1 Küveyt dinarı 5.6274
SEK 1 İsveç kronu 0.2017
EUR 1 Avro 1.9963
CHF 1 İsveçrə frankı 1.7162
USD 1 ABŞ dolları 1.7002