• çərşənbə axşamı, 23 aprel, 16:13
  • Baku Bakı 24°C

“Bizdə şəhər mədəniyyətinin yaşı çox azdır” – Təhsil

02.05.15 05:54 2390
“Bizdə şəhər mədəniyyətinin yaşı çox azdır” – Təhsil
Belçikada Gent Universitetində psixologiya üzrə magitratura təhsili alır. Psixoloq kimi sözügedən ölkədə müşhidələr aparan həmsöhbətimiz deyir ki, orada insanlararası münasibətlər, hər kəsin bir-birinə qarşı hörmətli davranması, həyatlarında stress yarada biləcək bütün faktorları aradan qaldırmaları və s. onu təəccübləndirib. Belçikada ailə bağlarının güclü olmasını da gözləmirmiş. Müsahibimiz Orxan Oruc-zadə ilə Belçikada gördükləri, oradakı təhsil, eyni zamanda Azərbaycanda psixologiya üzrə ilk dəfə keçiriləcək konqres barədə söhbətləşdik.
- Orxan, zəhmət olmasa, qısa olaraq özünüz haqqında məlumat verərdiniz.

- 25 yaşım var. Yeddinci ildir ki, psixologiya üzrə təhsil alıram. Altı il Azərbaycan Dövlət Pedagoji Universitetində bakalavr və magistr dərəcəsi üzrə oxumuşam. Hazırda Belçikada Gent Universitetində təhsilimi davam etdirirəm. Bundan əlavə, 5 illik musiqi təhsilim də var.
- Necə oldu ki, Belçikada təhsil almağa qərar verdiniz?

- Əsas hədəf xaricdə təhsil almaq idi və bu hədəfin ən yaxşılarına nail olmaq üçün təhsildən əvvəlki araşdırlmalar, universitet seçimləri zamanı dəyərləndirmələr, ölkənin və universitetin təhsil imkanları və s. nəzərə alındıqdan sonra seçim Gent Universiteti üzərində oldu.
- Belçikaya getməmişdən əvvəl ora barədə düşüncələriniz necə idi, gedəndən sonra necə oldu?

- Gözləntilərimdən fərqli nünaslar olsa da, ümumilikdə çox şey gözlədiyim kimi idi. Təbiətin bu qədər gözəl və infrastrukturun bu dərəcədə mükəmməl olduğunu gözləmirdim. Lakin bunlarının da fonunda ölkəmiz üçün darıxa biləcəyimi düşünməzdim. İnsanlararası münasibət, hər kəsin bir-birinə qarşı hörmətli davranması, həyatlarında stress yarada biləcək bütün faktorları aradan qaldırmaları və s. gözlənilən olsa da, bu cür inkişaf etmiş səviyyədə olması insanı təəccübləndirməyə bilməz. Bir də ailə bağlarının güclü olması mənim üçün gözlənilməz idi.
- Təhsil aldığınız universitetdə belçikalı tələbələr, yoxsa əcnəbilər daha çoxdur?

- 60 mindən çox tələbəsi olan Gent Universitetinin əsas tələbə heyətini belçikalı və hollandiyalı tələbələr təşkil etsə də, əcnəbi tələbələr də kifayət qədərdir. Əcnəbi tələbələr əsasən Gent Universitetinin dünya reytinq cədvəlində yüksək yer almış ixtisaslarında təhsil alırlar.
- Bir psixoloq kimi Belçika cəmiyyəti ilə Azərbaycan cəmiyyətləri, insanları arasında hansı fərqləri gördünüz?

- Psixoloqun peşə xüsusiyyətlərindən biri də daimi müşahidə aparmaq vərdişidir ki, bu da hər zaman ətrafı analiz etməyə köməklik edir. Buradakı insanları müşahidə edərkən şəhərləşmənin və şəhər mədəniyyətininin yüksək səviyyədə olduğunu aydın görmək mümkündür. Təəssüf ki, bizdə şəhərləşmə və şəhər mədəniyyətinin yaşı çox azdır. Elə buna görə də bəzən intellektual və mədəni baxımdan inteqrasiya prosesində bir qədər ləngiyirik.
- Bəs gənclərimiz arasında hansı fərqlər var?

- Buradakı insanları müşahidə etdikcə ölkəmizin insanlarının, xüsusilə, gənclərin daha potensiallı olduğunu düşünürəm. Belçikada gənclik gözünü dünyaya açandan infrastrukturdan tutmuş mənəvi məsələlərə qədər hər şeyi hazır görür. Ancaq Azərbaycan gəncliyi, gənc ölkənin normal və təbii olan inkişaf çətinliklərini yaşayaraq böyüyür, formalaşır. Bu da onu daha güclü və daha çevik edir.
- Orxan, Avropada təhsil alan gənclərin əksəriyyəti orada təcrübəyə yer ayrıldığını deyirlər. Siz öyrəndiklərinizi təcrübədə necə tətbiq edirsiniz?

- Konfutsinin belə bir məşhur sözü var: “Eşidirəm-unuduram, görürəm-xatırlayıram, edirəm və anlayıram”. Bu ifadə həyatın bütün mərhələləri üçün vacib olsa da, təhsil prosesində xüsusi əhəmiyyət daşıyır. Çünki tətbiq olunmayan bilik bacarığa çevrilə və möhkəmlənə bilməz. Bizim cəmiyyətdə təhsildən əldə etdiyimiz biliklər demək olar ki, yalnız iş prosesində tətbiq olunmağa başlanır və buna görə işəgötürənin ilk sualı iş təcrübəsi ilə bağlı olur. Lakin təhsil sistemi güclü olan və tətbiqə yönəlik təhsilə üstünlük verən ölkələrdə işə götürülərkən önəm verilən əsas məqamlardan biri tədris müddətində əldə edilən təhsil uğurlarıdır. Bura imtahan qiymətləri, bilik yarışları, elmi məqalələr, professor və müəllimlərdən alınan rəy məktubları və s. daxildir.
- Bizdə adətən tələbələr boş vaxtlarını keçirmək üçün universitetlərdə məşğuliyyətin olmadığını bildirirlər, Belçikada vəziyyət necədir?

- Universitetimizdə asudə vaxtın təşkili üçün hər cür şərait var; üzgüçülük hovuzlarından tutmuş, teatr klublarına kimi. Kimin maraq dairəsi nədirsə, ona uyğun özünə əlavə məşğuliyyət tapa bilir. Əsas çoxluq isə asudə vaxtını hər cür kitabla zəngin kitabxanalarda keçirir.
- Bu günlərdə sosial şəbəkədə Azərbaycanın Avropa gənc psixoloqlarının toplantısına ev sahibliyi edəcəyi ilə bağlı bir xəbər paylaşmışdınız. Bu haqda məlumat verərdiniz.

- Tələbə olduğumuz dövrdən bir neçə tələbə yoldaşımla birlikdə psixoloq tələbələrin görüşlərini təşkil edir, mütəxəssisləri dəvət edərək müxtəlif mövzularda seminar və mühazirələr gerçəkləşdirirdik. Bir sözlə, qeyri-formal təhsil üçün əlimizdən gələni edirdik. 2009-cu ildən Avropa Tələbə Psixoloqlar Assosasiyası adlı bir təşkilatla (EFPSA) tanış olduq. 2010-cu ildən isə bu təşkilata üzv olduq. Qeyd edim ki, postsovet ölkələrindən yalnız Azərbaycan bu təşkilatda təmsil olunur. Beş il ərzində 30-dan çox azərbaycanlı gənc bu təşkilatın ayrı-ayrı ölkələrdə keçirilən müxtəlif tədbirlərində iştirak edib. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu dəfələrlə bu tədbirlərdə iştirak etmək üçün gənclərimizə maliyyə dəstəyi ayırıb. Təşkilat hər ilin aprelində Ümumavropa Konqresi təşkil edir ki, burada üzv olan 32 Avropa ölkəsindən 350-yə yaxın psixoloq gənc iştirak edir. Hər il müxtəlif ölkədə keçirilən bu tədbirin 2017-ci ildə ölkəmizdə keçirilməsi üçün bu ilin aprelində Çexiyada baş tutan konqres zamanı namizədliyimizi irəli sürdük və 32 ölkənin hər birindən bir milli nümayəndənin iştirak etdiyi səsvermə prosesində qalib gəldik. Beləliklə, 2017-ci ildə Avropa Gənc Psixoloqlarının 31-ci konqresinin ölkəmizdə keçirilməsi haqqını qazanmış olduq.
- Bu tədbirin ölkəmiz üçün nə kimi əhəmiyyəti olacaq?

- Biz Avropaya inteqrasiya istiqamətində elmi inteqrasiyaya daha çox üstünlük verməliyik. Bu tədbir də elmin bir sahəsinin, yəni psixologiya elminin inteqrasiyası baxımından çox əhəmiyyətlidir. Bu, həm bizim yerli psixoloqların motivasiyasına çox ciddi müsbət təsir edəcək, həm də Avropanın müxtəlif ölkələrindən olan 300-dən çox psixoloq ölkəmizin yalnız adını deyil, həmçinin mədəniyyətini, tarixini, insanlarının psixoloji xüsusiyyətlərini öyrənmiş olacaq. Kim bilir, onların arasında bəlkə gələcəyin freydləri, yunqları yetişir. Digər tərəfdən, Azərbaycan psixologiya elmi tarixində bu, böyüklüyünə və əhəmiyyətinə görə ilk tədbir olacaq.
Düşünürəm ki, hər birimiz fərd olaraq, inteqrasiya prosesinə bu kimi kiçik töhfələr verməklə, ölkəmizi yaxın gələcəyin ən inkişaf etmiş və güclü dövlətləri sırasında görə bilərik.
Lalə MUSAQIZI

banner

Oxşar Xəbərlər