AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

«Bizdə elm sovet dövründə olduğundan xeyli zəifdir» müsahibə

«Bizdə elm sovet dövründə olduğundan xeyli zəifdir» müsahibə

Müsahibə
13 Fevral 2013, 10:11 2100
“Təhsil sahəsində problemlər nədən yaranır?, “Təhsilin səviyyəsini necə yüksəltməli?”, “Mükəmməl təhsil sisteminə necə nail olmalı?”, “Təhsildə mənfi halları necə aradan qaldırmalı?” Bu kimi suallar üzrə çox danışılsa da problemi həll edəcək cavablar hələ də tapılmayıb.
Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, professor Hamlet İsaxanlının “Kaspi”yə müsahibəsi də təhsilimizin bugünkü vəziyyəti ilə bağlıdır.

Çıxılmaz vəziyyət

- Müşavarədə həmçinin dekanlıqların məsuliyyətinin artırılması və şəffaflığın təmin olunması ilə bağlı da məsələyə toxunulub. Dediyimiz korrupsiya mövzusundan həmin ştatlara da qınaq düşürmü?
- Dekan nə edə bilər? Rektor dekandan necə tələb edirsə, o da o cür işləyir. Əgər rektor dekana «filankəs nazirin qohumudur», «filankəsi mənə tapşırıblar» - deyə bir neçə tələbənin siyahısını verirsə, dekan da gedib bunu yerinə yetirəcək. Yenə deyirəm, hər şey birinci adamdan asılıdır. Aşağıdakı adamlar onun təyini üzrə hərəkət edirlər. Əgər birinci adam desə ki, «gedin pul yığın və mənə də verin», onda dekan və ya kafedra müdiri kimdir? Çünki birinci adamın ixtiyarı var ki, adamı işə götürsün və ya azad etsin. Əgər sən görürsən ki, konkret olaraq kimsə bu işlə məşğuldur və onu işdən çıxarmırsansa, demək, bu vəziyyətlə razılaşırsan və ya bu vəziyyəti özün yaradırsan. Ona görə dekanların və ya kafedra müdirlərinin səlahiyyətini artırmaq və ya azaltmağın o vaxt mənası olur ki, birinci adam rüşvətə qarşı qeyri-adi dərəcədə mübarizə aparır. Onda keyfiyyəti artırmaq üçün bu addımı atırlar.

- Bu günlərdə Almaniyanın təhsil naziri elmi işində plagiatlığa görə ittiham olunduğu üçün vəzifəsindən istefa verdi. Bizdə də plagiatlıqla bağlı kifayət qədər fikirlər səslənir. Ancaq oxşar addımlara hələ ki, rast gəlməmişik.
- Korrupsiya sözünün kökü pozulma, yəni işin öz axını ilə getməməsidir. Təhsil sistemində pozuntu, hər hansı mənada düz yoldan kənara çıxmaq korrupsiyadır. Məsələn, tələbənin köçürməsi böyük korrupsiyadır. Yəni biri köçürür, yüksək qiymət, biri köçürmür aşağı qiymət alır. Köçürən adam qabağa gedir, təqaüd alır, yaxşı işə düzəlir... Ona görə tələbənin köçürməsi böyük korrupsiyadır. Eləcə də ali məktəbə gələn alim üzündən köçürür. Bir alim ki, illərlə arxivlərdə oturub tədqiqat aparmadı, dissertasiya yazmadı, bir mənbədən üzünü köçürməklə və ya tərcümə etməklə alim oldusa, demək o alimliyə saxtakarlıqla gəldi. Sizcə o, saxtakarlıqla mübarizə apararmı? Demək o özü də saxtakarlığa şərait yaradacaq. Saxtakarlığa göz yumacaq. Çünki özü bu yolla gəlib. Korrupsiyanı çox vaxt dar mənada başa düşürlər. Bu təkcə kiminsə digərinə pul verməsi deyil. Bir addım və ya iki addım sonra hər mənada pozuntu gətirib buna çıxarır. Ona görə Almaniya kimi bir cəmiyyətdə məlum olanda ki, filan adam nazir olub və dissertasiyasında plagiatlıq aşkarlanıb, deyirlər ki, o, bu vəzifəyə saxtakarlıqla gəlib. Demək, o, işində də bunu davam etdirir. Ona görə o, məsul dövlət vəzifədə çalışa bilməz. Bunun fəlsəfəsi budur. Bizdə isə plagiatlıq elliklə yayılıb. Dissertasiyaların çox böyük qismi bunun üzərində qurulur. Bizim ingilis dilində çap olunan «Xəzər» humanitar və sosial elmlər jurnalımıza dünyanın hər tərəfindən daxil olan məqalələrin öncə plagiat olub-olmadığını yoxlayırıq. Bizim üçün birinci iş məqalənin keyfiyyəti deyil. Əgər həmin məqalənin elektron versiyası olubsa, hətta, məqalədən bir neçə cümlə belə başqa bir yerdən götürülübsə, biz onu da müəyyən edə bilirik. Sonra biz həmin məqaləni geri qaytarırıq. Plagiatlıq bizim Elmlər Akademiyası sistemində, ali məktəblərdə də geniş yayılıb. Sanki bunun qarşısını almaq üçün mərkəzi komissiyalar düzəldilir. Hər sahədə mərkəzləşdirmə – qəbul, işəgötürmə, təyinat mərkəzləşdirmələri inkişafın ziyanınadır. Orada pozuntu da, rüşvət də, tapşırıq da olur. Məsələn, rektorların dünyada təyinatı necə olur? Heç yerdə dövlət universitetlərinə rektoru hökumət təyin etmir. Dövlət universitetlərinin böyük qəyyumlar, himayəçilər şurası və ya idarə heyətindən ibarət qurumu var. Bu qurum hökumət adamları, universitetlərə kömək edən iş adamları, universitetin məşhur məzunları, elm və incəsənət xadimlərindən ibarətdir. Həmin idarə heyəti rektoru tapır, müsabiqə aparır və təyin edir. Rektor ona hesabat verir. Rektor icraçıdır. Əsas orqan isə idarə heyətidir. Rektor yaxşı işləməsə, onu çıxarıb yerinə başqasını seçirlər. Rektor təyin olunanda Təhsil Nazirliyi onu vəzifəsindən azad edə bilməz. Bizim idarəetmə sistemimiz və nəzarət mükəmməl deyil. Düşünürəm ki, hansı təhsil ocağında vəziyyətin necə olmasını hökumət məndən qat-qat yaxşı bilir. İstənilən təhsil ocağında hökumət nəzarətçiləri var – istər özəl olsun, istərsə də dövlət təhsil ocağı. Bilirlər ki, «3» üçün nə qədər alırlar, «4» üçün nə qədər. Hökumət özü də bunu deyir. Deməli, deyə-deyə tədbir görülə bilmirsə, bunun səbəbi odur ki, idarəetmə sistemi düz qurulmayıb. Düşünürəm ki, istəyirlər rüşvət olmasın, amma həll edə bilmirlər. Belə bir çıxılmaz vəziyyət alınıb.

Tədqiqatlar zəif gedir

- Hər il dünya üzrə universitetlərin reytinqi açıqlanır. Nə üçün Azərbaycan universitetləri həmin siyahıya düşə bilmirlər?
- Reytinq məsələsi incə məsələdir. Əvvəla, bir dənə reytinq yoxdur. Müxtəlif təşkilatlar tərəfindən həyata keçirilən onlarla reytinq aparılır və onlar müxtəlif istiqamətdə dəyərləndirirlər. Ən dəqiq, ciddi ölçən reytinq təşkilatları əsasən ali məktəbləri elmi səviyyəsinə görə ölçürlər. Çünki hesab olunur ki, elm ən vacib göstəricidir. İkincisi, elmin və alimin gücünü müəyyən dərəcədə ölçmək olur. Amma keyfiyyətli dərsi ölçmək çətindir. Düzdür, bunun da ölçmək üsulları var. O yerdə ki, reytinqlər ancaq elmin səviyyəsinə görə ölçülür və elmin səviyyəsi birinci yerdədir, Azərbaycan universitetləri o yerdə yuxarı yer tuta bilmirlər. Çünki bizdə elm sovet dövründə olduğundan xeyli zəifdir. Sovet dövründə elm nüfuzlu sahə idi. İnsanlar yaxşı riyaziyyatçı, fizik, bioloq, kimyaçı və s. olmaq istəyirdilər. İndi isə insanlar daha çox yaxşı iş adamı olmaq istəyirlər. İndi qabiliyyətli adamların böyük əksəriyyəti doktoranturaya daxil olmurlar, onlar gedib xaricdə magistr dərəcəsi alır və böyük şirkətlərdə yüksək maşa işləyirlər. Onlar elmə ehtiyac duymurlar. Elmə gələnlərin böyük bir hissəsi 2, 3, və 4-cü eşalondur. Ən istedadların böyük hissəsi elmə gəlmirlər. Gələndə də onlarla məşğul olan alimlərin sayı azalır. Hazırda Azərbaycanda səviyyəli elmi rəhbər olacaq alimlər çox azdır. Çünki sovet dövründə yetişən əsil alimlər qocalıblar. Yeni nəsil güclü alimlər də yetişməyib. Elmlər Akademiyamız da zəifdir. Universitetlərin özündə də tədqiqatlar zəif gedir. Əlbəttə, dünyada bizim Elmlər Akademiyası kimi mərkəzlər yoxdur. Avropa, Amerika, Yaponiya kimi ölkələrdə akademiyalar tamam başqa prinsiplə qurulur. O yerlərdə akademiyalar külli miqdarda elmi-tədqiqat institutlarından ibarət deyil. Elmi tədqiqatların hamısı universitetlərdə aparılır. Akademiya isə alimlərin cəmiyyətidir. Onlar orada elmi meyillərini, tədqiqatların nəticələrini dəyərləndirir, müzakirə edirlər. Bu səbəbdən onlar elmdə ən yüksək nəticə göstərənləri dəyərləndirir, onları üzv seçir, mükafatlandırır, həvəsləndirirlər.

Bizim akademiya çoxlu elmi tədqiqat institutlarından ibarətdir. Əgər 200, 300, 500 alim orada işləyirsə, onlardan yalnız 4-5-i normal alimdir. Əgər normal alim varsa onlara şərait yaradıb yüksək maaş vermək lazımdır ki, o da gecə-gündüz oturub tədqiqatını aparsın, daha 5-6 yerdə çalışmasın. Bizdə bu ciddi sahədə – həm elmin, həm də təhsilin təşkilində islahata ehtiyac var.

Bizdə «yox» deməyi sevirlər

- Dərsliklərlə bağlı çoxlu iradlar səslənir. Hər il dərsliklərin və müəlliflərin dəyişməsi nə ilə bağlıdır?
- Dərslikdəki problemlər təhsil siyasətinin düzgün qoyulmamasıdır. Hər şeyin kökünü axtarmaq lazımdır ki, filan sahə niyə zəifdir? Məsələn, sovet dövründə dərsliklər əsasən o dövrün öz sisteminə uyğun qurulmuşdu. 6-cı sinifdə həndəsədən bir dərslik vardı. Həmin dərsliyi ən güclü alimlər, pedaqoqlar yazırdı. Dərslik dəfələrlə müzakirə olunurdu və nəticədə bir dərslik alınırdı ki, ondan yaxşısını yazmaq mümkün deyildi. Digər milli xarakter daşıyan dərsliklər - ədəbiyyat, tarix onlar da bir qədər dövlətin ideologiyasını əks etdirməklə sanballı alimlər tərəfindən yazılırdı. Sonra həmin dərslik təkmilləşdirilirdi. Hər nəşrdə də xırda nöqsanlar aradan qaldırılırdı. Mərkəzləşdirilmiş sistemin mərkəzləşdirilmiş tədris siyasəti var idi. Başqa ölkələrdə deyirlər ki, kim istəyir dərslik yazsın. Dərsliklər yazılır, alimlər, pedaqoqlar həmin dərslikləri ciddi qiymətləndirirlər. Bizdə isə bu sistem də düzgün qurulmayıb. Görünür, bizdə müəlliflərin seçilməsində yaxşı təkliflər az olur. Məsələn, 10 dərslik əvəzinə ortaya 2-si qoyulur. Nəticədə ortada bir dərslik qalır və o da keyfiyyətli olmur. Bu da həmin korrupsiyadır. Məlum olur ki, həmin dərsliklərin xeyli hissəsi köçürülüb, özü də yaxşı köçürülməyib. Köçürən də onu yaxşı başa düşməyib, bir az da tərs yazıb. Dili də biabırçıdır. Uşaq da, müəllim də oxuyur və onu başa düşmür. Hər tərəfdən onu tənqid edirlər. Kitabın da ortaya çıxmasında müəyyən məsul, vəzifəli adamların əli olduğu üçün «yaramır» demək əvəzinə, müdafiə etməyə başlayırlar. Bir tərəf kəskin hücum edir, digər tərəf də «kitabda nöqsanlar olar, biz onları aradan qaldırmalıyıq» deyir. Harada ki, bu və ya digər dərəcədə pozuntuya yol verilir, o, keyfiyyətə təsir edəcək.

- Texniki-peşə məktəblərinin fəaliyyətinin artırılmasına nə qədər lüzum var?
- Bu sahədə böhran bəlkə orta və ali məktəbdən daha böyükdür. Sovet dövründəki peşə məktəbləri o dövr üçün mövcud olan peşələri yetişdirirdi. Hər dövrün öz peşələri var və onlar dəyişir. Bu gün yeni sənətlər əmələ gəlib. Məsələn, hər idarəyə kompyuter operatoru lazımdır. Vacib deyil ki, kompyuter operatoru gedib 4 il ali məktəbdə oxusun. Onu bir-iki ilə də hazırlamaq olar. Və yaxud bir qaynaqçını da qısa vaxta yetişdirmək olar. Onlar gedib ali təhsillidən də yaxşı qazana bilərlər. Mən düşünürəm ki, peşə təhsili mütləq böyük istehsalat müəssisələri ilə bir yerdə həyata keçirilməlidir. Köhnə sistem çökdü və bu yenidən yaranmalıdır. Yenidən yaranmasının isə bir neçə üsulu var. Amma yenə də burada sədlər çəkilir. Ümumiyyətlə, bizim təhsil sistemində «yox» deməyi sevirlər. Əgər mən bu sistemi qurmaq istəyirəmsə, elə bir sistem yoxdur ki, ona müraciət edə bilim. Deyirlər, bunun üçün icazə almalısan. Kimdən icazə almalısan, bilinmir. Yazacaqsan, icazə vermirlər. Bir tərəfdən bu sahəni yenidən yaratmaq lazımdır, digər tərəfdən yeni yaratmaq üçün bunun yolu yoxdur. Buna nəinki icazə verməlidirlər, əksinə, xahiş etməlidirlər. Çünki dünyada belədir. Mənim kimi bu işin əhəmiyyətini başa düşən və bacaran adamlar var. Amma heç kəs bunu həyata keçirə bilmir.

- Sonuncu sualım. Yaxşı alim olmaq asandır, yoxsa yaxşı mütəxəssis?
- Hər ikisi çətindir. Məncə yaxşı insan olmağa çalışmaq anlayışı yoxdur. İnsan sadəcə yaxşı olur və ya olmur. Ümumiyyətlə, insanların çoxu demək olar ki, pis deyillər. Sadəcə, o mühit, sistem insanları əzir, özünə tabe edir. Həyatın çətinlikləri, şəraiti və içdən yaxşı olan bir insanı dəyişdirir. Çünki yaşamaq üçün ona bu cür lazımdır. Bu sistemin səddini keçib, bu yaxşılığın içindəki yaxşılığı tam saxlaya bilən adamlar çox güclü olmalıdırlar. Onlar bir az olur. Sistemin məhdudiyyətləri onlara təsir eləmir. Bu, böyük daxili güc, enerji tələb edir. Mən həmişə deyirəm ki, insanların çoxunu çox qınamaq olmur. Onlar sadəcə, ətraflarında formalaşmış sistemin içində yaşayırlar. Sistemi sındırıb çıxmağa gücləri çatmır. Yaxşı mütəxəssis olmaq üçünsə yenə də insanın içindəki daxili enerji, saflıq, ehtiras gətirib mütəxəssisə çıxarır. Çünki o insan nələrdənsə əl çəkməli, başqaları üçün nemət hesab olan şeylərə göz yummalıdır. O, öz mövcudluğunu, xoşbəxtliyini başqa bir şeydə görəcək. Bu da çətin işdir. Ancaq bunlar bir-biri ilə bağlıdır. Görünür ki, işdə olan enerji, mənəviyyat birləşib bir sistemə çevrilir.

Təranə Məhərrəmova
(müsahibənin birinci hissəsi ilə burada tanış ola bilənsiniz - http://kaspi.az/news.php?id=2263)