AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Biz “qara zülmətdə” yox, “ağ qaranlığın” içindəyik - ədəbiyyat

Biz “qara zülmətdə” yox, “ağ qaranlığın” içindəyik - ədəbiyyat

Müsahibə
16 Mart 2013, 09:59 2582
Cavanşir Yusifli 1958-ci il sentyabr ayının 26-da Masallı rayonunda anadan olub. Azərbaycan Dillər Universitetini bitirib. 1988-ci ildə Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına ədəbiyyat institutunun aspiranturasına daxil olub. 1991-ci ildə "M.F.Axundovun "Təmsilat"ı və qərbi Avropa maarifçi dramaturgiyasının ənənələri" mövzusunda namizədlik, 2010-cu ildə "Azərbaycan komediyasının poetikası" mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. 1998-ci ildən "Turan-98" tərcümə firmasının direktorudur. AMEA Nizami adına ədəbiyyat institutunun ədəbiyyat nəzəriyyəsi şöbəsinin baş elmi işçisidir. 2000 və 2008-ci illərdə Prezident təqaüdünə layiq görülüb. “Bədii mətnin sirləri”, "Bir söz söylə, bu dünyadan olmasın", "Ədəbiyyatda yaşamağın formulu", "Azərbaycan poeziyasında Əli Kərim mərhələsi", "Fərdi yaradıcılıqdan ədəbiyyat tarixinə baxış", "Azərbaycan komediyasının poetikası" "Gülüş və dünyanın sonu", "Filoloji fantaziya", "Yaddaşın poetikası" və s kitabların müəllifidir. Cavanşir müəllim həm də fransız, rus, ingilis dillərindən peşəkar tərcümələrlə də məşğul olur. Bunlardan Patrik Züskind, "Ətriyyatçı", Alber Kamü. "Taun", "Yabançı", "Çöküş" Jan Eşnoz "Royal arxasında" romanlarının adını çəkmək mümkündür.
Cavanşir müəllimlə dünya ədəbiyyatı, milli ədəbiyyat, ədəbi tənqid və tərcümə haqqında maraqlı söhbət etdik. Buyurun...

– “Rafiq Tağı haqqında yazdığınız məqalədə onu Çexova bənzətməkləri ilə bağlı belə bir məqam var ki, “bizdə özü olan adamları başqasına oxşatmaq xəstəliyi var”. Sizcə, bu bəlanın kökü hardan qaynaqlanır?
– Bəzən özü olmayan adamları da xilas etmək mənasında işlədilir. Dediyin bəlanın səbəbi bir neçə vəziyyətlə əlaqədar ola bilər. Ola bilsin ki ölkənin gücü və vəziyyəti ilə əlaqədar olsun. Ümumiyyətlə, dünyada elə şeylər var ki, onları analiz edəndə görürsən ki, onun içində çox axmaq şeylər də var. Axmaq şeylərin də bir xasiyyəti var ki, çox möhkəm olurlar. Dağıntılara dözümlü olurlar. Yaxşı ənənələr bəzən sıradan çıxır, anormal ənənələr qalır, insanlar da həmin qalan axmaq ənənələri norma kimi qəbul edib yaşayırlar. Yalanın bir xasiyyəti də özünü usta şəkildə gizlədə bilməsidir. O başlayır, Məsələn Axundova Şərqin Molyeri adlandırırlar, Hüseyn Cavidə Şekspir deyirlər. Bütün bunlar həm də bir oyundur. Orta əsrlər ədəbiyyatı ilə məşğul olanlar bildikləri şeyi-kanonları təhlil edirlər, ancaq əsas məsələ - kanonla oyun yaddan çıxır, halbuki bəzi məqamlarda bu, əsas şey ola bilər. Burda bir xoş nüans da var ki, sən öz yazıçını dünyada qəbul olunmuş, standart sayılan biri kimi görmək istəyirsən. Dünya standartları isə təkcə ədəbiyyatın gücü və böyüklüyü hesabına əmələ gələn bir şey deyil. Rafiqi həm də həkim olduğuna görə Çexova bənzədirdilər. Bir dəfə Moskvada göz həkiminin ad günü olur, ona göz biçimində tort hazırlayırlar. O adam da çox hazırcavab biriymiş Tortu kəsəndə deyir ki yaxşı ki, mən ginekoloq olmamışam. Yəni qeyri-sərrast, mahiyyətin zahiri tərəfi ilə əlaqədar olan şeylər mənasız olur. Müqayisə arqumentlə olmalıdır. Rafiq çox maraqlı nasir və adam idi, rus və dünya ədəbiyyatını çox yaxşı bilirdi. Həyata yazıçı münasibəti olan nasir idi. Sanki onun özünün bir aləti vardı, o alətdən eyni ölçülü, eyni çəkili olan gözəl hekayələr çıxırdı. Amma o diqqətini redaktə və korrektə məsələlərinə vermişdi, məzmunu dəyişmək, çoxplanlı nəsə qurmaq baərədə düşünmürdü. Onun tələbkarlığı ancaq redaktə məsələlərinə idi. O variantlılığa meyl eləmirdi. Özünü bir yazıçı kimi montaj edirdi. Onun potensialı lazımı qədər də açılmadı.

– Fərqli imzaları görməmək, heç nəyi ilə fərqlənməyənləri göstərmək niyə ədəbi tənqidin əsas bəlası kimi qalır?
– Sən dediyin məqama postmodernizmlə bağlı məqaləmdə toxunmuşam.. O yazıda bir başa məqsəd praktik deyil. O məqalədə əsas məqsəd postmodernizm haqda bədii, estetik, tarixi və elmi məqamlardan söz açmaq olub. Amma lazım gələndə uyğun olan milli ədəbi nümunələrdən göstərmək istəyim olub. İstəmişəm ki, postmodernizm mövzusu milli planda da göstərmişəm.

Sualın ikinci tərəfinə gəldikdə isə bu bir qədər məqsədli görünsə də, əslində, həm də ədəbi tənqidin səviyyəsini göstərir. Məsələn, Azadlıq radiosunun “Oxu zalı”nda aparılan əsər müqayisələrinə baxanda görürsən, elə tənqidçi var ki əsəri adi oxucu gözüylə oxuyur. Mətni özününküləşdirə bilməyən adam heç vaxtı o mətin haqqında doğru nəticə hasil edə bilməz. Məsələn, Qorxmaz Quliyev doktorluq müdafiəmdə mənim opponentim olmuşdu. Orda o Barokko estetikasındakı anatomik teatrdan bəhs etmişdi. O göstərirdi ki, hər hansı təhlil nümunəsində ağırlıq mərkəzi bədii vasitələrin təhlili üzərinə, başqa sözlə, bədii formanın üzərinə düşürsə, burda oxucuların diqqət elədiyi məzmun hissəsi reduksiyaya uğrayır. Yəni, sən məzmunu beynində saxlayıb forma və formaya aid elementləri təhlil edirsən. Bax, buna yiyələnmək çox çətindir.

Biri var hər hansı əsər haqqında öz ağlınca bir söz deyəsən, bir də var detalları anlayıb təhlil edəsən. “Yazıçı tənqidi” deyilən bir ifadə var. Məsələn Anarın “Gecə düşüncələri” əsəri var. Dünya yazıçılarının da bir-biri haqda yazdığı elə məqalələr var ki, heç bir tənqidçi yazıçı haqda o cür möhtəşəm araşdırma yaza bilməz. Hətta bəzi məıqamda bu cür analizlər kəşf səviyyəsində ola bilər. Hər hansı romanın içində də bədii düşüncə, ədəbiyyat, sənət, onun mahiyyəti və sair məsələlər haqqında çox dəqiq və orijinal ideyalar yatır. Məsələn Joze Saramaqounun “Korluq” romanında məlum hadisəni xatırlayın. Bir nəfər, naməlum bir ölkənin naməlum şəhərində qəfildən virusa yoluxur, görmə qabiliyyətini itirir və gözünə “ağ gəlir”. Hər şey qaralmır, əksinə ağarır. Belə qəfil keçidlər onun həmyerlisi Fernando Pessoanın şeirlərində də var idi. Mətni diqqətlə oxuyursan, eyni hadisə mətndə də baş verir. Nöqtədən başqa bütün durğu işarələri aradan qalxır, sual, nida və digər “hislər” intonasiyadan bəllənir. Dünyanın bütün sirləri, olar-olmazları bədii mətnin içində gizlənib, yaxud şifrələnib. Saramaqonun özü də deyirdi ki, ədəbiyyat dünyanı dəyişə bilməz, dünya ədəbiyyatı dəyişə bilər və yaxşı ki, belədir.

Tənqidi yazılarda bir cəhət vacibdir, yazıda ideya olmalıdır. Bugünki yazıların çoxunda ideyasızlıq “xəstəliyi” var. Əsərin ya sadəcə məzmunu danışılır, ya da o məzmunla bir yerdə davam edən quru tənqidçi mülahizələri olur. Bizdə Nizamişünaslıqla bağlı əsərləri qaldırın – absurd və gülməli fikirlərlə rastlaşırsan, utanıb yerə girirsən. Şübhəsiz normal olanı da var, ancaq... Amma bədii formanın strukturunun təhlili isə bir çox yazılarda özünü göstərmir. O ki, qaldı yaxşı, keyfiyyətli olanın görünməməyinə, biz “qara zülmətdə” yox, “ağ qaranlığın” içindəyik.

– Amma bizdə “yazıçı tənqidi”nin də səviyyəsi çox aşağıdır. Yazıçılar yazıçılar, şairlər şairlər haqqında çox bayağı məqalələr yazırlar, hələ də gic-gic açıq məktublar yazılır. Səlim Babullaoğlunun şair və yazıçılar haqqında yazdığı məqalələr isə, doğurdan da, təqdirə layiqdir. Sizin dediyiniz yazıçı tənqidini o yazılarda görmək olur. Deyəsən, o yazıları da, görən az adam var?
– Səlimin şeir haqqında yazıları, nasirlərdən Məqsəd Nur haqqında yazısı çox yaxşıdır. Ona görə yaxşıdır ki, duyumlu yazılardır. Yazan adamın ədəbiyyat haqqında anlayışı var! O ədəbiyyatı da yaxşı bilir, bu cür yazılar birmənalı şəkildə bizim ədəbi prosesdə yeni və orijinal sözün nümunələridir. Mən deyirəmsə, sən sual verirsənsə deməli, artıq görünür. Belə bir söz var, biz çox şey bilirik, amma az şeyləri etiraf edirik. O yazılar faktdı. Fakt elə bir şeydir ki onun təsdiqə, kiminsə rəyinə ehtiyacı yoxdur. Yuxarıda dediyimi təkrarlasam olarmı: biz “ağ qaranlığın” içindəyik.

– Yeni, II Gənc Ədiblər Məktəbi yaranıb. Bu məktəbə münasibətiniz necədir?
– Bu cür qurumlar insanların formalaşmasında böyük rol oynayır. 20-30 adam yığışıb ədəbiyyat haqqında söhbət edirlər, kiminsə fikirlərinə qulaq asırlar. Ən azı bir-birinin yazdıqlarından xəbərdar olurlar. Mühitin təsiri elədir ki, nələrisə formalaşdırır. Az dövr ərzində olsa da o insanlar bir istiqamətdə addımlayırlar, həm də bir istiqamətdə fərqli şəkildə yazmağı öyrənirlər. Bəziləri bir-biri ilə dost olurlar. Amma təəssüf ki, Birinci Gənc Ədiblər məktəbindən olan elə adamlar var ki, ancaq bir istiqamətdə inkişaf edirlər. Fərqli heç nə ortaya qoya bilmirlər. Onların yazdığı mətinlərin hələ nöqtəsi qoyulmayıb. Mövzular eynidir, dünyanın dərkinə olan inam və düşüncə eynidir. Belə olanda poetik təfəkkür prozoikləşir və şeirə aid yaxşı şeyləri aradan çıxarmaqla məşğul olur.

– Yeni mətin yazmağın mümkünsüzlüyünü vurğulayırlar, sizcə, belə düşünəndə yazmağın nə mənası qalır ki?
– Yox, bu fikrə postmodernist nəzəriyyə kontekstində baxmaq lazımdır. Rolan Bartın və Ceymsonun fikrincə, ədəbiyyat bir neçə mövzunun bitib-tükənməyən variasiyalarından ibarətdir. Semiotikada da var ki, bir mətn deyəndə bir kitab daxilindəki mətn nəzərdə tutulmur. Bir mətin özünə qədər və özündən sonrakı mətnlərin məcmusudur, ixtiyari kombinasiyasıdır. Bu mənada, bütün mətnlər bir-birinin davamıdır. Bütün ideyalar da. Rolan Bartın bir “əkssəda kamerası” adlı nəzəri fikri vardı. O nəzəriyyəyə görə dünyada deyilməmiş söz, ağla gəlməyən fikir yoxdur. Sadəcə kombinasiyalar dəyişə bilər. Bu cür nəzəriyyələri də hər mətnə tətbiq edib analiz etməyin yeri yoxdur. Bədii əsərin gərək poetik enerjisini, informasiyasını təhlil edəsən.

– Ədəbiyyatımızda postmodernizm nəzəriyyəsinin alayarımçıq təsir bağışlaması nəylə bağlıdır?
– Son on ildə postmodernizm haqqında söhbətlər axın halını aldığı üçün bir qrup insanlar nəzəriyyəni məqsədə çevirməyə başladılar. Nəzəriyyələri alimlər, tənqidçilər qiymətləndirməli və əsərə uyğunluğunu müəyyənləşdirməlidir. Bizdə yazıçılar həm də tənqidçilik etmək istəyirlər, özü də bu tənqidçiliyi əsər yazandan sonra yox, bəri başdan etmək istəyirlər. Yəni, əsəri yazmağa başlayanda artıq hansı cərəyana aid olduğunu bəyan edirlər. Bunun da bir əsas səbəbi var, yazarların çoxu şüuraxını ilə yazmırlar.

– Çox çətin tərcümə olunan mətnlərə müraciət edirsiz. Həm bədii, həm də filoloji tərcümələriniz çoxlarının girişə bilmədiyi tərcümə işlərindəndir. “Uliss” əsərinin tərcüməsi barədə düşünməməsiniz ki?
– O əsəri birdən-birə götürüb kim tərcümə edərsə, əsəri Azərbaycan dilində məhv edə bilər. “Uliss”i tərcümə etmək üçün gərək uzun müddət hazırlıq mərhələsi keçəsən, əsəri dəfələrlə oxuyasan, əsərin haqqında yazılanları oxuyasan, bütün kodlar sənə bəlli ola. Marsel Prustun “İtmiş zamanın axtarışında” əsərinin iki cildini tərcümə etmək istəyirəm. Tərcüməyə indi daha çox önəm verirlər, xarici müəlliflərin eşitdiyimə görə əsərləri də pis alınmır. Hər həftə tərcümə kitabları çıxır. Amma keyfiyyət göstəricisi aşağıdır. Zamanla əgər davam etsələr, tərcümə sahəsi də düzələ bilər. İnsan belədir da, ya bir işdən bezir, ya da onu qaydasına salır.

– Vladimir Nabokovun fikrinə görə, Coys rəqəmlər çoxluğu ilə romanı oxunmaz edib. Siz necə fikirləşirsiz?
– Nabokovun yazıçılar haqqında fikirləri çox mükəmməldir. Amma mən düşünmürəm ki, rəqəmləri nəyləsə əvəz etsəydi, Coys hansısa rahat varianta gəlib çıxa bilərdi. Çünki o əsərdə bir yox, bir neçə üslub var. O əsərdə söz olanla olmayanın, şüurla şüursuzluğun sərhədindədir. Bütün bu qeyri-müəyyənliklər əsəri ancaq peşəkarların malına çevirir. İkincisi Coysu oxumaqla, anlamaq arasında da böyük fərq var. Həvəskarlar bunu başa düşmürlər. Ümumiyyətlə, bu cür bədii əsərlər hər kəs üçün deyil. Bir kəsin ucdantutma bütün kitabları oxuması da düzgün deyil. Seçməsən, bu dəryada bata bilərsən.

– İndiki şeirin ritm və intonasiya sistemi barədə nə düşünürsüz? Şeirlərin eyni ritimdə yazılması, ümumən şairlərin incə məqamlardan xəbərsiz olması, bütün bunların fonunda acınacaqlı mənzərənin yaranması...
– Bəli, bu məqamları düz vurğulayırsan, hələ uzatmaq da olar bu cür savadsızlıqdan doğan məqamları. “Filoloji fantaziya” kitabımda da ritm, intonasiya, poetik üslub barədə geniş yazmışam. Klassik ədəbiyyatda qafiyə lüğəti vardı. İndi də bu cür şeylər olsaydı yaxşı olardı. İntonasiya o zaman fərqlənir ki, şair içindəkini heç kəsə oxşadıb demir. Ritmlərə görə şairləri fərqləndirmək ənənəsi demək olar ki, ədəbiyyatşünaslığımızda yoxdur. Şairi yazmağa məcbur edən məsələnin gərək ritmi ola. Yazan adam gərək həm də ritmin şəklini çəkə bilsin.

– Əli Kərim haqqında yazdığınız kitaba qədər həmişə onu Rəsul Rza davamçısı kimi qələmə verirdilər. Sizin yazdığınız kitabdan sonra isə artıq Ə.Kərim poeziyamızda ayrıca bir mərhələ kimi qəbul edilməyə başladı.
– Bu gün müasir ədəbiyyatla məşğul olan adamların çoxu orta əsrlər ədəbiyyatından xəbərsizdirlər. ona görə də onların təhlil etdiyi mətləblərin keçmişlə heç bir əlaqəsi olmur. Oxuyanda elə bilirsən ki, hər şey elə birdən göbələk kimi yerdən çıxıb. Yəni, unudurlar ki ədəbiyyatşünas bütövlükdə bədii informasiyanın təhlili ilə məşğul olmalıdır. Tam dəqiq deyə bilmərəm, Əli Kərim poeziyasını mən yazana qədər niyə görə mərhələ kimi qiymətləndirmirdilər. Amma bir səbəb də müasir poeziya ilə məşğul olanların çoxunun Ə.Kərim poeziyasının haralara bağlı olduğunu bilməmələridir. Yuxardakı fikrimlə mən əslində, onu demək istədim. Amma 2003-cü ildə Ə.Kərim haqqında kitab yazandan sonra, doğurdan da, onun poeziyasını mərhələ kimi qəbul etdilər. Ə.Kərimin orjinallığı bütün mənalarda özünü doğruldur. Həm yeni düşüncə, həm fərqli münasibət, həm də poetik həll baxımından. O adi sevgi şeirində də yazdığı mövzunun zirvəsini kəşf edirdi. “Qayıt” şeirini yazdı. Sonra qayıtmaqla bağlı kim nə yazdısa hamısı ondan aşağıda dayandı. Çünki Ə.Kərim o haqda hər şeyi demişdi. Ə.Kərim dünyada o böyük şairlərdəndir ki, yazdığı mövzunu başqaları üçün də bitirib. Sonda bir şeyi də deyim, daha doğrusu bir fikrimi təkrarlayım: şeir ölüb! Kimsə bir “Dirilmə” əsərini yazmalıdır. DİRİLMƏ...

Fərid Hüseyn