• cümə, 19 Aprel, 17:18
  • Baku Bakı 25°C

Biz onu necə sevirdik?

29.10.19 12:00 1630
Biz onu necə sevirdik?
Düzlüyün, mərdliyin, böyüklüyün, əsil müəllimliyin simvolu kimi... Mən bu yazımda o unudulmaz şəxsiyyətin nə yaradıcılığından, nə də elmi fəaliyyətindən danışmaq istəyirəm. Qoy bu barədə həmkarları, mütəxəssislər sözlərini desinlər. Əslində alim olmağa nə var, insan olmaq çətindir. Mən bu ali insanın qeyri-adi məziyyətlərini yada salmağa üstünlük verirəm. Həmişə tələbəlik illərini xatırlayanda sevinc və qürurla deyirəm ki, bizim çox yaxşı, cəsarətli müəllimlərimiz olub, bizə məhz kitablarda, dərsliklərdə olmayanları, pünhan saxlanılan mətləblərdən danışıblar. Adlarını da qürurla çəkirəm...
Bakı Dövlət Universitetinin jurnalistika fakültəsi bizim çoxumuz üçün ən doğma, müqəddəs məkan, arzularımızın ünvanı sayılır. İndi mətbuatda çalışan peşəkar jurnalistlərin əksəriyyəti məhz bu fakültənin məzunlarıdır. Harada işləməyimizdən, hansı vəzifəni tutmağımızdan, yaşımızdan, eləcə də sosial durumumuzdan asılı olmayaraq bu fakültənin adı çəkiləndə varlığımıza xoş hisslər yayılar, üz-gözümüzə təbəssüm qonar. Çünki bu fakültə jurnalist kimi yetişməyimizdə, formalaşmağımızda və nəhayət, mətbuat aləminə peşəkarlıqla qədəm qoymağımızda mühüm rol oynayıb. Beş ildə bizə dərs deyən müəllimlərimizin qəlbimizdə yaşatdığımız adlarını xatırladıram: Qulu Xəlilov, Mir Cəlal, Nurəddin Babayev, Əzizə Cəfərzadə, Nəsir İmanquliyev, Famil Mehdi, Tofiq Rüstəmov, Nəriman Zeynalov, Şamil Qurbanov... Təbii ki, mən məhz sevdiklərimizin adlarını çəkirəm. O gözəl kollektivdən yadigar qalan (Allah ömür versin) Cahangir Məmmədli, Akif Rüstəmov, Mahmud Mahmudov... Və bizim oxuduğumuz dövrdə bu gözəl heyətlə birlikdə qəlbimizə hakim kəsilmiş, sevdiyimiz, həm də qorxduğumuz, çəkindiyimiz dekanımız Şirməmməd Hüseynov. Etiraf edim ki, onun dekan olduğu dövrdə jurnalistika fakültəsi bütün fakültələrdən seçilirdi. Təkcə gözəl kollektivinə, nüfuzuna görə yox, burada ədalət, düzlük hökm sürürdü. Məkkə-Mədinə müqəddəsliyində idi. Tələbə-müəllim arasında elə doğmalıq, səmimi ünsiyyət var idi. Biz buranı bitirib gedəndə çox kədərlənmişdik ki, əzizlərimizdən ayrılırıq. Təbii ki, bu isti münasibətin yaradıcısı Şirməmməd Hüseynov idi.
Yadımdadır ali məktəbə qəbul olduqdan sonra yuxarı kurs tələbələri bizə müəyyən məsləhətlər vermişdilər. Mühazirələrini dinləmədiyimiz müəllimlərin çoxunu tanıtmışdılar. Hətta onu da başa salmışdılar ki, nəbada filan müəllimə bilə ki, tanınmış qohumunuz, kimsəniz var, sizi mütləq incidəcək ki, ona ağız açdırasınız. Nəhayət, bu hal baş verdi. Növbə mənə çatanda "nəslimizdə yeganə adamam ki, bu fakültədə oxuyuram” dedim. Bir qədər üzümə müəmmalı baxıb "yaxşı” dedi. Bizə Azərbaycan dilindən mühazirələr oxuyurdu. Seminar müəllimimiz ayrı pedaqoq idi. Əməlli-başlı bizi öyrədirdi. O, isə əsasən gecikən "məhəbbət”ilə bağlı şeirlər deyirdi. Haqqında da yaxşı fikirlər səslənmirdi. Günlərin birində filologiya fakültəsində təhsil alan qohumum qapını döyüb ondan icazə alaraq mənimlə çox vacib işi olduğunu söylədi. "Flora sənin nəyindi?”- sualına aldığı cavabın bombasını yay imtahan sessiyasında başımda çatlatdı: " sən özünə bu qədər arxayınsan, tapşırılmamış imtahana girmisın?” Seminar müəllimim nə qədər məni təriflədisə də, əhəmiyyəti olmadı. Axırda onun tənələrinə dözməyib: "Qeyri-kafi yazın, gedim” dedim. "Yox, sənin qohumlarını yandıracam, bilsinlər, adamı saymamaq, nə deməkdir.” Qiymət kitabçama kafi yazaraq məni əlaçılıqdan saldı. Dəhlizə çıxanda artıq məni şiddətli ağlamaq tutmuşdu. Haqsızlıq ürəyimi partladırdı. Qəflətən Şirməmməd müəllimlə rastlaşdım. "Nə olub, qızım” deyərək qolumdan tutdu. Dilim kilidləndi. Məni iş otağına apardı, su gətizdirdi. Handan-hana müəllimənin əməllərindən danışdım. Ağlıma da gəlməzdi ki, Şirməmməd müəllim də nitqində nəsə kobud səslənə bilən ifadə işlədər. Amma "xanım”ın əsil adını dedi və növbəti sessiyada artıq o müəlliməni fakültəyə qoymadı.
Bir hadisəni də heç unutmuram. Deyəsən IV kursda idik, bizə Avakyan adlı birisi "Xaricdə erməni mətbuatı”ndan mühazirələr oxuyurdu. Özümü elə pis hiss edirdim ki, qətiyyən ona qulaq asmaq istəmirdim. Rəfiqələrimi də sövq edirdim ki, bu dərs bizə lazım deyil. Əməlli-başlı mühazirəni pozmaq istəyirdim. Şuluq salırdım, açıqca özünə deyirdim ki, biz səni eşitmək istəmirik. Nəhayət məni dekanlığa çağırdılar. Şirməmməd Hüseynov " Nə olub, niyə nadinclik edirsən?” soruşdu. Çəkinə-çəkinə dedim:
- Nadinclik yox, etiraz edirəm.
- Nəyə?
-" Xaricdə erməni mətbutı” adlı mühazirələri dinləməyə.
- Nəyi pisdir, gələcəkdə jurnalist olacaqsan, bilməlisən.
- Onda xaricdə Azərbaycan mətbuatını da öyrətsinlər. Türk mətbuatından danışsınlar, Cənub mətbuatından...
Sözümü kəsərək " Qızım, mən səni yaxşı anlayıram, amma sən... O arzuların da çin olar, indi sakit ol, hər şeyin öz zamanı gələcək. Mühazirəyə sakitcə qulaq as, demirəm, sən haqsızsan, amma belə etmə. Mən özüm də bəzi məsələləri düşünürəm. Çalışacam onun ayağını bu fakültədən kəsim. İndi get,d ərsinlə məşğul ol, bir də səndən şikayət gəlməsin”. Görünür, erməni nəsə deyibmiş. Həqiqətən sonrakı illərdə o ermənini bir daha fakültəmizdə görmədik.
Tələbəlik illərimdə ali məktəbdə bizə dərs deyən bütün müəllimlərim haqqında xüsusi dəftərçədə öz fikirlərimi qələmə almışam. İndi bu balaca bloknot mənə elə əzizdir ki, çünki düzü düz, əyrini əyri yazmışam. Ən maraqlısı da odur ki sonda çox sevdiyim 5 müəllimin də adını xüsusi qeyd etmişəm və bu siyahıda Şirməmməd Hüseynov da var. Əlbəttə, gənc bir tələbənin düşüncələridir. Onunla bağlı olan qeydlərim mənə də maraqlı gəldi: "Şirməmməd Hüseynov. Dekanımız. Mən indi bildim ki, niyə dekan kəsilən tələbələrin qənimi imiş. Niyə onları haqlı-haqsız incidir, danlayır, hətta qovur. Sən demə, özü zır savadsızların qənimiymiş deyin, "kəsilmiş”lər haqqında pis fikirdə olurmuş. Bu, səhv fikirdir. Bəzən elə yaxşı, savadlı tələbələr haqsızlığa məruz qalırlar ki... Şirməmməd Hüseynov həm də beynəlxalq icmalçıdır. Xarici ölkə mətbuatından dərs deyirdi. Savadlı, məlumatlı, bilikli, olduqca məntiqli insandır. Danışığı da əsil şəkili ləhcəsi...Di gəl belə dərsdə darıx. Heç yorulmazdıq. Əksinə vaxt bitəndə heyifsilənərdik...”
Sonuncu kursda idik Famil Mehdi mənə dedi ki, gəl get bu kafini düzəlt, təzədən imtahan ver, sən qırmızı diplom ala bilərsən. Mən etiraz etdim. Söhbətimizə Şirməmməd Hüseynov da qoşuldu. "Sən narahat olma, biz sənə kömək edəcəyik ki, səndən fərq imtahanını başqa müəllim götürsün, sən o ifritənin üzünü də görməyəcəksən”. "Yox, Şirməmməd müəllim, istəmirəm”. - dedim. "Yaxşı, qızım, onsuz da yaxşı jurnalist olmaq üçün diplomun hansı rəngdə olması fərq etməz. Mən sənin bacarıqlı jurnalist olacağına inanıram” söyləyərək mənə yeni həyat üçün ilk xeyir-duasını verdi. Ömrüm boyu onun etimadını doğrultmağa çalışdım.
Təyinatla "Azərbaycan müəllimi” qəzetində işləyirdim. Artıq ailə də qurmuşdum. Elnur adlı bir oğlum da var idi. Bir gün onu özümlə işə gətirmışdim. 3-4 yaşı olardı. Şirməmməd Hüseynov redaksiyamıza gəlmişdi. "Dəyirmi masa” ətrafında söhbətimiz var idi. Sonra iş otağımıza gəldi, Elnuru görəndə "bu kimdir, təzə jurnalistdir?” - deyə zarafatla soruşdu. Mən utandığımdan dinmədim. Şöbə müdirimiz şair Cavad Cavadlı şən halda " tələbənizin - Flora xanımın oğludur” dedi. Üzündə qəribə bir təbəssüm yarandı və dərhal da söylədi "Denən ki, nəvəmdir”. Bir qəribəliyi də unutmuram ki, o, Elnuru öpərək çox uzaqgörənliklə dedi: "Sən də anan kimi jurnalist olarsan, indidən bu qələmdaşların arasındasan.” Xoşbəxtliyə bax ki, bu şəkil də o görüşdən yadigar qaldı və həqiqətən də sonralar Şirməmməd müəllim Elnurun da müəllimi oldu.
2015-ci ildə Bakı Dövlət Universitetində Şirməmməd Hüseynovun 90 illik yubileyi keçilirdi. Çalışdığım İctimai televiziyanın adından sevimli müəllimimizi təbrik etməyə məhz mən getməli oldum. Gözəl, yadda qalan bir mərasim idi. Bütün çıxış edənlər çox səmimiyyət və ehtiramla yubilyarı təbrik edir və xoş sözlər deyirdilər. Mən özümü çox xoşbəxt sanırdım. Bilirsinizmi niyə? Çünki həmişə çəkindiyim, sözünün önündə söz deməyə cəsarət etmədiyim bir şəxsin önündə və eləcə də yüzlərlə insanın qarşısında istəkli müəllimimin üzünə baxaraq ürəyimi boşaldaraq, ehtiramımı, məhəbbətimi, diləklərimi bildirəcəkdim. O gün yadıma düşəndə çox kövrəlirəm. Bu unudulmaz şəxsiyyətin indi 95 yaşı tamamlanacaq. Gücüm ötənləri vərəqləməyə çatdı. Bir təsəllim də var ki, bu ali şəxsiyyətin ömür-gün dostu Ülkər xanım Hüseynova mükəmməl bir jurnalist və xeyirxah insan, sədaqətli dost, mehriban anadır. Məktəbdə heç bir saat da müəllim işləməyib. Bu yaşımda onu özümə müəllim və ana bilirəm. Hər dəfə onunla söhbət edəndən sonra özümü qəlbən elə rahat hiss edirəm ki... Yadımdadır, mətbuatla bağlı bir tədbirə getmişdim. Onları qoşa gördüm, dərhal yaxınlaşdım və Ülkər xanımı qucaqladım. Şirmməmməd müəllim həmişəki kimi atmacasından qalmadı : "ay bala, sənin müəllimin mənəm, bir mənə sarı da bax...” Hələ də anlamıram ki, niyə belə dedim: " İnciməyin, Şirməmməd müəllim, mən Ülkər xanımı daha çox istəyirəm”. Mənalı-mənalı gülümsədi. Hətta evlərinə zəng edəndə də təsadüfən telefonu özü götürəndə səsimi eşidən kimi deyərdi: "hə, bilirəm, Ülkəri istəyirsən...” Bir dəfə onu "Yadıgarlar” verilişinə dəvət etdim. Xeyli üzümə baxdı və dedi: " Flora, məni sağlığımda ölənləri yad etməyə çağırma. Onlardan danışan çox olacaq. Məni elə şəxsiyyətləri anmağa dəvət et ki, tamamilə unudulublar...” Əvvəl təəccübləndim, sonra isə bu tövsiyənin mənasını anladım, bəli, Şirməmməd Hüseyov yenə də mənə öz müəllimlik missiyasını xatırlatdı. Unudulmuş unudulmazları yad etməliyik. Unutmayaq ki, bizi də unutmasınlar.
Nə hər müəllim tələbə qəlbinə iz sala bilir, nə də hər tələbə müəlliminin yadında qalır. Sizi bütün tələbələriniz sevirdi, Şirməmməd Hüseynov. Yoxluğunuzla barışa bilmirik. Biz əslində fədakar bir öncülümüzü, müdrik müəllimimizi, örnəyimizi itirdik. Amma... Amması budur ki, sizi sevənlərin hər birinin ürəyində Şirməmməd Hüseynov adlı əbədi bir abidə var. Görün neçə evdə, məktəbdə, redaksiyada, radioda, televiziyada... sizdən dərs alanlar cəmləşib. Bu yaşamaqdı, bu əbədiləşməkdi.
Flora XƏLİLZADƏ,
Əməkdar jurnalist

banner

Oxşar Xəbərlər