• şənbə, 20 Aprel, 02:47
  • Baku Bakı 15°C

“Biz Ermənistanla heç bir zaman münasibətlərimizi korlamarıq”

27.06.13 15:22 2086
“Biz Ermənistanla heç bir zaman münasibətlərimizi korlamarıq”
İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Möhsün Pakayin “Azadinform”a müsahibə verib.
- Cənab Səfir, ilk öncə sizi prezident seçkiləri və milli komandanızın qələbəsi münasibəti ilə təbrik edirəm. İlk sualım da elə bu istiqamətdə olacaq. Sizcə kifayət qədər xarici siyasət təcrübəsi olan Həsən Ruhaninin prezident seçilməsi, İranla Qərb arasındakı gərginliyi azaldacaqmı?

- Sizin də qeyd etdiyiniz kimi Həsən Ruhani dünyanın siyasi vəziyyətinə çox yaxşı tanışdır. O, iqtisadçı olmasına baxmayaraq, neçə illər xarici siyasət sahəsində çalışıb. Böyük təcrübəyə malikdir. Təsadüfi yerə deyil ki, Həsən Ruhani prezident seçildikdən sonra ilk çıxışında İranın 15 qonşu ölkə ilə mehriban qonşuluq əlaqələrinə malik olmasının zəruriliyini dönə-dönə vurğuladı. Çünki hal-hazırda dünyanın ən böyük münaqişə ocaqları İranla qonşu ölkələrdə yaradılıb. Məhz bu baxımdan Həsən Ruhaninin böyük təcrübəsi gələcək 4 ildə İran üçün çox səmərəli olacaq.
- İrana qonşu ölkələrdən biri də Azərbaycandır. Və zaman-zaman bu iki ölkə arasında müxtəlif səbəblərdən gərginlik müşahidə olunur. Həsən Ruhaninin prezidentliyi dövründə İran Azərbaycan münasibətlərində yeni üfüqlər açılacaqmı?

- Azərbaycanla mehriban qonşuluq əlaqələri İran xarici siyasətinin prioritet mövzularından biridir. İranla Azərbaycanı bir-birinə birləşdirən çox bağ var. Biz təkcə qonşu deyilik. Azərbaycan da İran kimi müsəlman dövlətidir. Eyni zamanda dünyada ikinci şiə dövlətidir. Bütün bunlar İran üçün çox şey deməkdir. İran xalqının bir hissəsi Azərbaycan dilində danışır. Bizim çox qədim tarixi əlaqələrimiz var. Eyni mədəniyyətə, eyni sivilizasiyaya məxsusuq.
- Bəs niyə görə müəyyən anlaşılmazlıqlar baş verir. Sizcə, kimdir günahkar? Qarşılıqlı ittihamların səsləndiyi dövrlər də az olmayıb.

- Bilirsiniz, ölkələrimiz arasında rəsmi olaraq heç bir gərginlik yoxdur. İranla Azərbaycanın münasibəti əbədi və daimidir. Amma unutmaq lazım deyil ki, İranla Azərbaycan iki qonşu ölkədir. Və bu qonşu ölkələr arasında da get-gəl var. Ola bilsin ki, hansısa Azərbaycan vətəndaşı İranda qanunu pozub və yaxud da hər hansı bir İran vətəndaşı Azərbaycanda qanunu pozub. Bunu ölkələrarası münasibət kimi qələmə vermək lazım deyil. Bunlar adi şeylərdir. Əlbəttə, bura da üçüncü qüvvələrin də səylərini görmək lazımdır. İranla Azərbaycan arasında ən kiçik fikir ayrılığını belə böyük bir ixtilaf kimi mediaya təqdim edənlər də az deyil.
- Sizin media ilə yaxın münasibətinizi nə ilə əlaqələndirmək olar?

- Düzgün məlumatlandırmaq. Biz mediada gedən məlumatların düzgünlüyünü və operativliyini təmin etdikcə, İrana qarşı olan mənfi baxışlar azalacaq. Ümumiyyətlə, İranla Azərbaycan arasına nifaq salmaq istəyən üçüncü qüvvələri kənarlaşdırmaq istəyiriksə, İranla Azərbaycanın media quruluşları arasında əməkdaşlığı təmin etməliyik. Çox təəssüflər olsun ki, müasir dünyada super güclər bütün dünyanı informasiya blokadasına alıblar. Onlar İslam ölkələrinin birliyinin və bərabərliyinin əleyhinədirlər. Bu kimi ölkələr Azərbaycan İran münasibətlərini hədəfə alaraq, yanlış informasiyalarla münasibətlərimizə zərər vurmaq istəyirlər. Bu cür təxribatlara son vermək üçün isə media ilə əməkdaşlıq etməliyik. Bizim səfirliyin qapısı bütün media nümayəndələrinin üzünə açıqdır.
- Bir neçə dəfə Azərbaycanın şiə dövləti olduğunu vurğuladınız. Ümumiyyətlə, təriqətlərə bölünmə təhlükəli deyilmi?

- İslam dinində müxtəlif təriqətlər və məzhəblər var. Özlüyündə bunların heç biri təhlükəli deyil. Bunlar sadəcə fikir fərqliliyidir, hansısa bir ideologiyadır. Amma bunlar ifrata vardığı və yaxud da siyasiləşdiyi zaman təhlükəli ola bilər. Qərbin də istədiyi budur. Hansısa bir dini təriqətin hakimiyyətə gəlmək istəyi Qərb üçün əvəz olunmaz fürsətdir. Əfqanıstana, Suriyaya, İraqa baxın. Hamısında Qərbin əli var...
Amma şiəlik fərqlidir. Şiələr heç bir zaman ifrata varmazlar. Adi İraqa nəzər salın. Şiələr yaşayan şəhərlərdə tələfat, dağıntı daha azdır. Çünki şiələr məntiqlə hərəkət edir. Heç bir siyasi qüvvənin əlində alətə çevrilmirlər. Azərbaycan da şiə dövlətidir. Burada dövlət bütün gücü ilə dini dəyərlərə sahib çıxır. Yeni məscidlər tikilir, müsəlmanların ibadəti üçün hər cür şərait yaradılır. Bunlar çox müsbət addımlardır.
- Din siyasiləşəndə təhlükəli olur dediniz. Bəs, İranda din siyasiləşməyibmi? İran dövləti öz daxili və xarici siyasətini İslam dini üzərində qurmayıbmı?

- Bunlar bir-birindən fərqli məsələlərdir. Məhəmməd peyğəmbərin (s) özü də diplomat olub. Onun xarici ölkələrə göndərdiyi səfirləri olub. Başqa ölkələrə yazdığı yüzdən çox məktub hələ də qorunub saxlanılır. Sonra onun xəlifələri də bu diplomatik missiyanı davam etdiriblər... Xristianlıq da özlüyündə bir məsum dindir və onun da siyasi keçmişi var. Digər dinlər də həmçinin. Amma bəzi ifrat qruplar öz siyasi məqsədləri üçün dindən istifadə etməyə çalışanda, o zaman təhlükə ortaya çıxır. Məsələn, Amerikada bir keşiş Qurani-Kərimi yandırmaq istəyir. Bu isə bütün dünyadakı müsəlmanları qıcıqlandırır. Bir də görürsən ki, Əl-Qaidə kimi terrorçu təşkilatlar ortaya çıxıb. Bu mənada dinin siyasiləşməsi təhlükəlidir. Yoxsa İslam bir diplomatiya məktəbidir.
Biz İranı islami fətvalarla idarə ediriksə, bunun kimə ziyanı var? Əslində biz bununla bütün dünyanı sülhə, barışa səsləyirik. Məsələn, İranın ali dini lideri fətva verib ki, kütləvi qırğın silahlarının, o cümlədən nüvə silahının istehsalı haramdır. Nüvə silahı indiyə qədər heç bir ölkənin təhlükəsizliyini təmin etməyib.
- Bəs, niyə İran uranın zənginləşdirilməsi prosesindən vaz keçmir? Axı hamı da bilir ki, bu prosesin sonu nüvə silahdır...

- Heç bir vəchlə İran nüvə silahına sahib olmaq istəmir. Son dövr hadisələri də onu göstərdi ki, nüvə silahına malik olmaq təhlükəsizlikdə olmaq demək deyil. SSRİ-nin də nüvə silahı var idi. Dağılmadımı? Amerikanın nüvə silahı var. Qoruya bilirmi özünü? Yox. Görün Amerika necə aciz vəziyyətdə qalıbsa, Talibanla masa arxasında əyləşməyə razılıq verib. Bəs, harada qaldı nüvə qüdrəti?
Ona görə də İranda uranın zənginləşdirilməsi ilə bağlı gedən proseslər tamamilə dinc məqsədli, bəşəriyyətə faydalı istiqamətdədir. Nüvə enerjisi hər bir ölkəyə olduğu kimi, İrana da lazımdır. Vaxt gələcək neft - qaz ehtiyatı tükəndikdən sonra dünyada nüvə enerjisinə böyük ehtiyac yaranacaq. Gələcək nəsillərin buna ehtiyacı olacaq.
- Bir az da Suriya məsələsindən danışaq. Həsən Ruhani öz çıxışında qeyd etdi ki, Suriyanın müqəddəratını Suriya xalqı təyin etməlidir. Suriya xalqı isə Bəşər Əsədə qarşı mübarizə aparır. Bəs, nə üçün İran Əsədə kömək edir?

- Bəli, İran rəsmi şəkildə Əsədi dəstəkləyir. Çünki, Bəşər Əsəd haqsızlığa uğrayıb və xalq onun tərəfindədir. İraqda xalq Səddamın tərəfində deyildi. Gördünüzmü nə tezlikdə süqut etdi? Və yaxud Liviyada. Amma Suriyada belə deyil. Hətta Amerikanın barmağı olmasaydı, hadisələr bu qədər mürəkkəb olmayacaqdır. İndi belə çıxır ki, hansı ölkədə müxalifət varsa, Amerika gedib onu silahlandırmalıdır. Bəs harada qaldı seçki? İrandakı hakimiyyət dəyişikliyini gördünüz. Xalq bu dəfə başqa bir insana etimad göstərdi. Vəssalam, dəyişiklik belə olmalıdır. seçki ilə. Hal-hazırda Suriyada 700 nəfər qərbli döyüşür. Bunları kim göndərib? Soruşmaq lazımdır ki, məgər Amerikanın dostu olan ölkələr arasında diktatorlar tərəfindən idarə olunan ölkələr yoxdur? Əlbəttə ki var. Sadəcə olaraq onlar Amerikanın heç bir istəyinə yox demirlər... Mən deyərdim Suriya Amerika imperializminin bataqlığı oldu...
- İran niyə Ermənistanla bu qədər doğmadır? Bu müsəlmançılıq və şiəlik prinsipinə zidd deyilmi?

- İranın Ermənistanla işgüzar əlaqələri var. Amma İrandan daha yaxın olan ölkələr var Ermənistana. Məsələn, Amerika hər zaman Ermənistanın ən böyük havadarı olub. Hətta, Amerikanın bəzi ştatları Qarabağın müstəqilliyini tanıyıb. Bunları niyə demirsiniz? İran Ermənistanla qonşudur. Biz öz qonşumuzla münasibətimizi kəsə bilmərik. Nəzərinizə çatdırım ki, Ermənistanın on beş faiz idxalı İranın sayəsində qarşılanır. Bəs geridə qalanını kim qarşılayır? Niyə Azərbaycan onları da günahlandırmır?
İndi bir dövlət var, özünü elə aparır ki, guya Azərbaycana görə Ermənistanla düşmən olub. Hansı ki, Azərbaycansız da onun Ermənistanla həll olunmamış problemləri çoxdur. Azərbaycan bunlara inanmamalıdır. Bizim Azərbaycanla münasibətimiz və dövriyyəmiz Ermənistanla olduğundan qat-qat böyükdür. Ermənistanın da bizə heç bir ziyanı dəyməyib. Biz Ermənistanla heç bir zaman münasibətlərimizi korlamarıq.
- Hazırda İranda xeyli sayda erməni yaşayır. Öz dillərində təhsil alma hüquqları, mədəniyyət mərkəzləri və hətta millət vəkilləri belə var. Ermənistanda isə bir dənə də olsa müsəlman yoxdur. Ən yaxşı halda sürgün edildilər. Bəs, bu sizdə etiraza səbəb olmurmu?

- Bu Ermənistanın problemidir. Bizə aidiyyəti yoxdur. İranda bütün etnik azlıqlara hörmətlə yanaşılır. Hətta İsraillə düşmən olmağımıza baxmayaraq yəhudilər belə İranda tamhüquqlu vətəndaş kimi ömür sürürlər. İran üçün döyüşüb şəhid olan yəhudilər belə var. İran futbol komandasının oyunçularından biri ermənidir. Biz özümüzə cavabdehik.
- Beynəlxalq ekspertlər də təsdiqləyirlər ki, Qarabağ narkotik vadisinə çevrilib. İşğalçı Ermənistan dövlət səviyyəsində narkotik ticarəti ilə məşğuldur. Sizin sərhədinizin bir addımlığında bu cür narkotik plantasiyalarının mövcudluğu sizi narahat etmirmi?

- Bu bütün dünyada bilinən bir həqiqətdir ki, İran narkotik maddələrin becərilməsinə və yayılmasına qarşı mübarizədə həmişə birinci olub. Neçə min şəhid vermişik bu yolda... Hazırda Azərbaycan Respublikası ilə bu sahədə əməkdaşlığımız var və davam edir. İran, Azərbaycan və bölgədəki digər dövlətlər, əl-ələ verib narkotikə qarşı mübarizədə daha böyük müsbət nəticələrə nail ola bilərlər.
Bəhruz HƏSƏNOV
banner

Oxşar Xəbərlər