AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

“Birlik, həmrəylik və məsuliyyət hissi ilə bu virusa qalib gələcəyik”

“Birlik, həmrəylik və məsuliyyət hissi ilə bu virusa qalib gələcəyik”

Cəmiyyət
04 Avqust 2020, 20:35 2285
Azərbaycan pandemiya ilə uğurla mübarizə apara bilən ölkələr siyahısındadır
 
Ölkəmizdə, bütün dünyada olduğu kimi, pandemiya ilə mübarizə davam edir. Ölkə vətəndaşlarının səbir və təmkinli davranışı, karantin qaydalarına riayət etmələri, fərdi məsuliyyət və dövlət tərəfindən görülən irimiqyaslı tədbirlərin nəticəsində artıq müsbət dinamikanı görürük. Belə ki, son vaxtlar virusa yoluxan insanların sayı gündən-günə azalmaqda, sağalan insanların sayı isə sürətlə artmaqdadır. Elə bu səbəbdən də karantində yumşalma xarakterli addımlar atılır.
 
"İnsanlar yeni reallıqla yaşamağı öyrənsələr...”
 

Hacəttəpə Universitet xəstəxanasında çalışan azərbaycanlı həkim Turanə Rəsulova deyir ki, insanlar yeni reallıqla yaşamağı öyrənsələr, müsbət nəticələr əldə olunacaq: "Bu virusa yoluxmanın qarşısının alınmasında sosial məsafə həddindən artıq önəmli faktordur. Hər şeyi dövlətin qadağasına bağlamaq olmaz. Öz üzərimizə düşən məsuliyyəti başa düşməliyik ki, bu mübarizədən qalib çıxa bilək. Qarşıdan payız fəsli gəlir, bizi naməlum qış gözləyir. Bu payız COVİD-19-un ikinci dalğasının olma ehtimalı var. Bunun üçün güclü olmalı, özümüzü qorumalıyıq. Açıq havada yalnız insanların toplu şəkildə olmadığı yerlərdə sosial məsafə gözləyərək vaxt keçirməliyik”.
Həkimin sözlərinə görə, ciddi karantin rejiminin tətbiqi ilə səhiyyənin çökməsi mərhələsinin qarşısı alındı: "Həmçinin insan sosial varlıqdır. Bu həm sosial, həm iqtisadi, həm də psixoloji problemlərə yol aça bilər. Odur ki, şərtlər bir az yumşaldılaraq, nəzarət olunur. Yəni virusun yayılmasında artım müşahidə olunmasa, növbəti mərhələyə keçid olunacaq. Əksi baş verərsə, yenidən sərtləşdiriləcək. İkinci, üçüncü dalğa gələ bilər. Hər nə olursa-olsun, insanlar sağlamlıqlarına biganə yanaşmamalıdırlar. Az da olsa simptomları hiss edirlərsə, mütləq şəkildə həkimə müraciət etməlidirlər. Virusun dünyanı cənginə almağındansa, uğurlu təcrübi nümunələrdən istifadə edib, vəziyyəti ələ almaq daha məqsədəuyğundur. Önəmli olan, deyilənlərə qulaq asmaq, dövlətin tapşırıqlarına əməl etməkdir. Əslində biz milli həmrəylik dövrünü yaşayırıq. Dövlətin gördüyü bütün tədbirlər sağlamlığımız naminədir”.
 
Birlik, həmrəylik və məsuliyyət
 
 
Millət vəkili Elman Nəsirov deyir ki, birlik, həmrəylik və məsuliyyət hissi ilə bu mübarizədən qalib çıxa bilərik: "Koronavirusla mübarizə bütün dünyada aparılmaqdadır. Lakin pandemiyaya hələ də qalib gəlmək mümkün olmayıb. Ayrı-ayrı ölkələr bu bəlaya qarşı müharibədə müəyyən "döyüşlər”də qalib gəliblər. Azərbaycan da həmin dövlətlər siyahısındadır. Biz bir "döyüş”ü udmuşuq. Amma müharibə davam etməkdədir. Döyüşü udmağımızın da əsas səbəbi ölkə rəhbərliyinin çevik, operativ, qabaqlayıcı addımları ilə bağlıdır. Pandemiya ilə mübarizədə sərtləşdirmə və yumşaldılma prosesləri bir-birini əvəzləyir. Hər şey vəziyyətdən asılıdır. Sağalma faizi yoluxmanı bir neçə dəfə üstələdiyi təqdirdə, bilirsiniz ki, yumşalma prosesinə start verilir, əksi olduqda isə, sərt karantin rejimi yenidən tətbiq edilir. Hesab edirəm ki, Azərbaycan prezidenti İlham Əliyevin həm milli, həm regional, həm də beynəlxalq səviyyədə atdığı addımlar sayəsində Azərbaycan koronavirus pandemiyasına qarşı mübarizə aparan dövlətlər sırasında daha yaxşı nəticələr əldə edib. Burada ən mühüm məsələlərdən biri ilk növbədə birlik, həmrəylik və məsuliyyət hissi ilə bağlıdır. Ara-sıra Azərbaycanda yoluxma faizinin artması, hesab edirəm ki, ilk növbədə müəyyən insanların məsuliyyətsiz davranışı ilə bağlı olur”.
 
"Əldə etdiyimiz nəticəni qoruyub saxlamalıyıq”
 
Deputatın sözlərinə görə, nəticələrimiz ürəkaçan olsa da, arxayın olmamalıyıq: "Hələ də xəstəliyə inanmayan insanlar var. Bu davranış çox anlaşılmazdır və qətiyyətlə pislənilməlidir. Çünki həmin insan yaxşı immunitetə malik ola və xəstəliyi simptomsuz keçirə bilər. Amma o, yaşlı ata-anasını, qohumunu, qonşusunu və cəmiyyətin ayrı-ayrı üzvlərini xəstələndirə bilər ki, bu da çox təhlükəlidir. Ona görə də ilk növbədə məsuliyyət hissi olmalıdır. Burada 3 prinsip əsas yer tutur: maskalardan istifadə, sosial məsafənin saxlanması və gigiyenik qaydalara əməl edilməsi. Sevindirici haldır ki, Azərbaycanda yoluxma faizi kəskin şəkildə düşməyə başlayıb. Bu virusa yalnız dövlətin apardığı siyasətlə qalib gəlmək mümkün deyil. Burada, hesab edirəm ki, birlik, həmrəylik və məsuliyyət olmalıdır. Şükürlər olsun ki, bu istiqamətdə nəticələrimiz ürəkaçandır. Amma bütövlükdə bu, arxayınçılığa əsas verməməlidir. Çünki bəzi ölkələrdə ikinci, hətta üçüncü dalğanın başlaması haqqında məlumatlar var. Heç bir halda arxayınlaşmaq olmaz. İndi əldə etdiyimiz nəticəni qoruyub saxlamalıyıq və məsuliyyətli olmalıyıq”.
 
"Böyük dövlətlər bu xəstəliyin qarşısında aciz qalıblar”
 
 
Əməkdar artist, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti Azad Şükürovdeyir ki, belə dövrdə hər kəsi razı salmaq o qədər də asan iş deyil: "Koronavirusla mübarizədə dövlətin atdığı addımları dəstəkləyirəm. Yeni tibb müəssisələrinin yaranması, modul tipli xəstəxanaların təşkili, digər tədbirləri yüksək qiymətləndirirəm. Buna baxmayaraq, bəzi adamlar bu tədbirlərə bir qədər aqressiv yanaşır, karantin qaydalarına riayət etmək istəmir. Amma məsələ tez həll olunacaq qədər bəsit deyil. Kifayət qədər böyük dövlətlər bu xəstəliyin qarşısında aciz qalıblar. Bunu yoluna qoymaq, hamını razı salmaq elə də asan proses deyil. Mən pandemiya ilə mübarizədə dövlətin apardığı siyasəti dəstəkləyirəm. Öz şəxsi həyatımda, ailəmlə davranışlarımda Operativ Qərargahın tapşırıqlarına ağılla, təmkinlə, səbirlə riayət edirəm. Düzdür, sənət adamı olaraq mənə çox çətindir. Daim tədbirlərdə olan, ölkənin müxtəlif bölgələrinə tez-tez səfər edib, tədbirlərdə çıxış edən, dərsdə tələbələrlə ünsiyyətdə olan bir adam üçün 6 ay evdə oturmaq asan deyil, kifayət qədər çətindir. Amma nə etmək olar ki... Bu, böyük bir bəladır və təkcə bizdə deyil, bütün dünyada var. Biz də bununla mübarizə aparmağa məcburuq”.
Həmsöhbətimiz deyir ki, insanlar bu virusa dırnaqarası baxsa da, sonradan anladılar ki, həyata keçirilən bütün tədbirlər əhalinin sağlamlığı üçündür: "Sevindirici haldır ki, artıq maskasız adamlara hamı irad tutur, tələb edir ki, mağazaya maskasız girmək olmaz. Bu mənada insanlarda da düzgün yanaşma formalaşır. Mənim ümidim böyükdür. Düşünürəm ki, biz bu bəla ilə mübarizədən qalib çıxacağıq. Sadəcə olaraq, bu yumşalma dövründə gərək əhalimiz diqqətli olsun. Yumşalma tədbirləri o demək deyil ki, virus bitib. Biz bundan sonra da "başımızın ağrımaması” üçün mübarizə aparmalıyıq. Diqqətli, səliqəli olmalı, gigiyenik qaydalara əməl etməliyik ki, bu virusa qalib gələ bilək. Demokratik cəmiyyətin ən vacib şərtlərindən biri odur ki, hər kəs öz üzərinə düşən məsuliyyəti dərk etsin. Bir insan kimi hər kəs öz ailəsinə, qonşularına, cəmiyyətə münasibətdə öz məsuliyyətini hiss etməlidir. Bu çox vacib şərtdir”.
 
 
Amerikada işləyən həkim, professor Nərgiz Muğanlinskaya isə deyir ki, biz bu mərhələni səbirlə, təmkinlə atlada bilsək, virus mutasiyaya uğrayıb insan üçün təhlükəsiz bir virusa çevriləcək: "Başa düşüləndir ki, karantin şəraitində yaşamağa məcbur olan insanlar stress və depressiyaya məruz qalırlar. Lakin burada mütləq anlamaq lazımdır ki, karantinin əsas məqsədlərindən biri də birdən-birə çox adamın xəstələnməsinə mane olmaqla, resursların çatışmazlığının qarşısının alınmasıdır. Çalışın ki, özünüzü qoruyun, sağlam qalın. Xəstələnmək qismətinizdirsə, mümkün qədər gec xəstələnin, çünki gələcəkdə bu xəstəlik üçün də müalicə çətin olmayacaq. Ona görə də səbir etmək lazımdır”.
 
Aygün ƏZİZ