• çərşənbə axşamı, 16 aprel, 16:35
  • Baku Bakı 19°C

Birincilərin ilk məktəb qayğıları

14.09.13 10:47 3140
Birincilərin ilk məktəb qayğıları
Artıq yeni tədris ilinin başlamasına sayılı günlər qalıb. Bu il sentyabrın 15-i istirahət gününə təsadüf etdiyi üçün yeni dərs ilinə sentyabr 16-dan start veriləcək. 2013-2014-cü tədris ilində 141 min 166 uşağın respublika ümumtəhsil məktəblərinin birinci sinfinə getməsi planlaşdırılır. Təhsil Nazirliyindən verilən məlumata görə, birincilərdən 74 min 998 nəfəri oğlan, 66 min 168 nəfəri isə qızdır.
Xatırladaq ki, 2012-2013-cü tədris ilində bu göstərici 135 min 541 nəfər olub. Onlardan 73 min 182-si oğlan, 62 min 359-u qız olub.
Birincilərin ilk dərs həyəcanı
Yeni dərs ilini digər şagirdlərlə yanaşı, məktəb həyatına ilk qədəmlərini qoyan birincilər səbirsizliklə gözləyirlər. Məktəbin həyətində yeni tədris ili münasibətilə keçirilən tədbirdə əllərində gül-çiçək dəstələri ilə əylənən birincilər üçün tədbirin sonrası o qədər də asan olmur. Elə əsl “problem” də tədbirdən sonra başlayır. Bəzi uşaqlar ilk dərs ilini həyəcanla gözləsə də, həmin gün çatdıqda onlar dərsdə müəllimələrindən qorxur, hər zaman onların yanında olan valideynlərindən ayrıla bilmirlər. Hətta bəzi valideynlər dərs bitənə qədər sinif otağında əyləşmək məcburiyyətində qalırlar. Belə uşaqlarda bu problem dərs həftəsi bitənə qədər davam edir. Uşaqlarda şüuraltı olaraq yaranan məktəb fobiyası onların təhsilinə ciddi təsir edir.
Məktəb fobiyası nədir?
Qeyd edək ki, məktəb fobiyası haqqındakı araşdırmalara ilk dəfə 1930-cu illərdə başlanıb. 1960-1970-ci illər arasındakı tədqiqatların nəticələrinə görə, ABŞ-da ibtidai siniflərdə təhsil alan hər min şagirddən onunda məktəb xofu müşahidə edilib. Müasir tədqiqatlara görə isə şagirdlərin təxminən 8%-i məktəbə gedəndə qorxu hissi keçirirlər. 3 yaşdan 14 yaşadək 1034 Venesuela məktəblisi arasında aparılan tədqiqatın nəticəsi göstərib ki, uşaqlar uğursuz sınaq, pis qiymət, direktorun otağına düşmək, imtahan, yazı lövhəsinə çağırılmaq, sinif qarşısında dərsə cavab vermək, qəfil cavab verməyə çağırılmaq, məktəbdə xəstələnmək və səhvə yol vermək kimi halların qorxusundan məktəbə getmək istəmirlər. Həmçinin məktəb qorxusu olan şagirdlərin ailə tərkibini öyrənən digər tədqiqatlar göstərib ki, belə uşaqların 55 faizi ya ailənin tək uşağı, ya da ən kiçik uşağıdır. Eləcə də, tək valideynli ailələrin uşaqları hər iki valideyni olan uşaqlara nisbətən əhəmiyyətli dərəcədə çox dərs buraxırlar.
“Məktəb fobiyasını valideyn formalaşdırır”
Psixoloq Hüseyn Xəlilov uşaqların məktəb fobiyası ilə bağlı qəzetimizə açıqlamasında bildirdi ki, bu qorxunu uşaqlarda valideynləri yaradırlar. Psixoloqun sözlərinə görə, uşaq evdən çıxmaq, həddən artıq bağlandığı valideynlərindən ayrılmaq, məktəb kollektivində adaptasiya çətinliklərindən qorxur: “Məktəbəqədər yaş dövründə valideynləri uşaqları ilə zaman-zaman məktəb, sinif, müəllimlər, dəftər-kitab haqqında evdə təbliğat aparmalıdırlar. Uşaq bunları bilib dərk etdikdən sonra məktəbə gedirsə, onun elə bir problemi olmur. Axı o hələ məktəbin nə olduğunu bilmədiyi halda necə olur ki, məktəbdən qorxur? Bu problem valideynlərdən qaynaqlanır. Məsələn, bəzi valideynlər uşağa deyir ki, “səni aparıb atacam məktəbə, ağlın gələr başına”. Bu kimi bayağı söhbətlər uşaqda istər-istəməz şüur altında qorxu, məktəb fobiyasını formalaşdırır”. Psixoloq bildirdi ki, uşaqların məktəb fobiyasını aradan qaldırmaq üçün valideynlərdən zəhmət tələb olunur: “Uşaqlar daim informasiyaya ehtiyac duyurlar. Ona görə də valideyn bu informasiyanı verdiyi zaman gərək danışığına, istifadə etdiyi kəlmələrə fikir versin. Elə kəlmələr olsun ki, o, uşağın əhval-ruhiyyəsinə xoş təsir etsin. Ən önəmli məsələlərdən biri isə odur ki, məktəb başlamazdan əvvəl gərək valideyn uşağını oxuduğu məktəblə tanış etsin, sinif otaqlarını göstərsin. Bu zaman uşaq məktəbdən qorxmur və müəllimləri ilə rahat ünsiyyətə girməkdən çəkinmirlər”.
Uşaqları gözləyən təhlükə
Yeni dərs ilində məktəbə gedəcək uşaqlar üçün sağlam orqanizm ən önəmli amildir. Çünki, xüsusilə bu yaşlarda uşaqlarda görmə zəifliyi, psixoloji və onurğa əyriliyi kimi problemlər özünü göstərir. Son zamanlar uşaqlar arasında ən çox rast gəlinən xəstəlik olan onurğa əyriliyi ilə bağlı dəfələrlə müxtəlif fikirlər səslənsə də, bu mövzu hələ də öz aktuallığını qoruyub saxlayır. Valideynlərin burada diqqət etməli olduğu məsələlərdən biri uşaqlarına böyük ölçüdə çantalar almamaqdır. Bir vaxtlar məktəblilərin istifadə etdiyi kiçik çantaları son illər artıq daha böyük ölçüdə çantalar əvəz edib. Bu gün uşaqlar içərisi çoxsaylı məktəb ləvazimatı ilə dolu olan ağır çantaları götürmək məcburiyyətində qalırlar. Həm çantanın öz çəkisi, həm də içərisindəki ağırlıq uşaqlarda onurğa ilə bağlı xəstəliklərin yaranmasına səbəb olur. Bu gün dünyada bu problemlə qarşılaşan uşaqların sayının artdığını deyən mütəxəssislər də sürətlə artan onurğa əyriliyinin bir çox problemlərə yol açdığını təsdiq edirlər.
“Uşaqları mövsümə uyğun geyindirin”
Məsələ ilə bağlı türk həkimlər də valideynləri diqqətli olmağa çağırıb. Prof. Dr. Erhan Səslinin Türkiyə mətbuatına bildirib ki, dərs ilinin başlaması ilə məktəblərdə uşaqların sağlam geyinməsi mövzusunda ata-anaların da məsuliyyəti artıb: “Bəzi valideynlər uşaqlarını qoruduqlarını düşünərək onları mövsümə uyğun şəkildə geyindirmirlər. Həddindən artıq qalın geyimlər uşaqlarda əzələ spazmlarını inkişaf etdirə bilər”. Məktəblərin açılması ilə minlərlə uşağın, çiyinlərində kürək çantasını daşımağa başlayacağını xatırladan Sesli onurğa inkişafı baxımından bunun çox təhlükəli ola biləcəyini xatırladıb: "Xüsusilə məktəbə yeni başlayan uşaqların sümük inkişafları kifayət qədər güclü olmadığı üçün onların ağır çantalardan istifadə etməmələri mövzusunda çox diqqətli olmalıdırlar. Uşaqların, kürək və ya əl çantası deyil, sürüyərək çəkilən çantalardan istifadə etməsində böyük fayda var. Belə çanta almaq mümkün olmadıqda, kürək çantalarının yüngül şəkildə hər iki çiyində daşınmalarını təmin etmək lazımdır”.
Aygün Cəfərli
banner

Oxşar Xəbərlər