“Birincilərin birincisi”nin Tailandda yazdığı tarix - Fotolar
"Hazırda
Tailandda keçiriləcək 49-cu Beynəlxalq Kimya Olimpiadasında iştirak etmək
hüququ qazanmaq üçün çalışıram. Hədəfim növbəti olimpiada qızıl medal almaqdır”.
Bu sözləri o may ayında verdiyi açıqlamasında bildirmişdi. O, nəinki müsabiqədə
iştirak hüququ qazandı, eyni zamanda verdiyi sözü tutaraq ölkəyə qızıl medalla
qayıtdı. Söhbət Zərifə Əliyeva adına liseyin eksperimental pilot siniflərinin
10-cu sinif şagirdi Ramil Babazadədən gedir.Qeyd edək ki,
78 ölkənin məktəblilərinin iştirakı ilə keçirilən olimpiada qızıl medal qazanan
Ramil Babazadə eyni zamanda, bu il keçirilən respublika fənn olimpiadasında
qalib gələrək "Birincilərin birincisi” nominasiyasına layiq görülmüşdü.
- Tailandda keçirilən 49-cu Beynəlxalq
Kimya Olimpiadasından qızıl medal ilə qayıdıbsan. Təbrik edirik. Yarış necə
keçdi?
-
Təbrikə görə təşəkkür edirəm. Yarışa gəlincə, bu, mənim iştirak etdiyim 5-ci
beynəlxalq olimpiada idi. Bundan öncə də beynəlxalq olimpiadalarda iştirak
etmişdim. Amma bürünc medal qazanmışdım. Bu dəfə qızıl medalla qayıtmağı
qarşıma məqsəd qoymuşdum. Olimpiadada əvvəlki illərdəkinə nisbətən suallar çox
idi. Olimpiada iki turdan ibarət idi: nəzəriyyə və təcrübə. Əvvəllər nəzəri
hissədə 7-8 sual olurdu, bu il artıq sualların sayı 11-ə çatmışdı. Sualların
sayı artmaqla yanaşı, həm də çətinləşdirilmişdi. Hər iki turun keçirilmə müddəti
5 saat idi. Hərəsinin də öz çətinliyi vardı.
- Bu il keçirilən respublika fənn
olimpiadasında qalib gələrək "Birincilərin birincisi” nominasiyasına layiq
görülmüşdün. Başqa hansı yarışlarda qalib olmusan?
-
Bəli, 2016-2017-ci tədris ili üçün respublika fənn olimpiadasında "Birincilərin
birincisi” olmuşam. 2015-2016-cı tədris ilində isə həmin olimpiadada gümüş
medal qazanmışdım. Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən, 68 ölkədən
300-ə yaxın şagirdin iştirak etdiyi 48-ci Beynəlxalq Kimya
Olimpiadasında da iştirak etmişdim. Oradakı nailiyyətim isə bürünc medal
olmuşdu. Bu il İndoneziyanın Denpasar şəhərində
keçirilən və 48 ölkənin iştirak etdiyi Yeniyetmələrin 13-cü Beynəlxalq Təbiət
Elmləri Olimpiadasına qatılaraq, bürünc medal qazandım. Bu il keçirilən 51-ci beynəlxalqkimya
(Mendeleyev)
olimpiadasında da bürünc medal qazandım.
- Xeyli yarışa qatılıbsan. Yerli
yarışlarda da iştirak edibsən, beynəlxalq səviyyədə keçirilənlərdə də. Çətinlik
və digər məsələlərə görə yerli və beynəlxalq olimpiadaları müqayisə edibsən?
-
Daha çox beynəlxalq müsabiqələrə qatılmışam. Yerli yarışlardan respublika fənn
olimpiadasında iştirak etmişəm. O olimpiada 3 turdan ibarət olurdu. Birinci və
ikinci turu əsasən orta məktəb səviyyəsində olur. Amma üçüncü turu demək olar
ki, dünya olimpiadaları ilə eyni səviyyədə keçirilir. Ümumiyyətlə, beynəlxalq
olimpiadalar orta məktəb səviyyəsində kənardır. Universitet proqramını da əhatə
edir. Buna görə, çox da müqayisə etmək olmaz.
- Axırıncı iştirak etdiyin
olimpiadaya 78 ölkənin məktəbliləri qatılmışdı. Əsas rəqib kimləri görürdün?
-
Rəqib olaraq, əsasən ötən illərdə bu olimpiadada qızıl medal qazananları
görürdüm. Bunun da səbəbi var. Çünki ötən illərdə olimpiadanın nəticələrinə
baxanda, görürsən ki, qızıl medalların sahibləri tam da olmasa, müəyyən qədər
sabit ölkələrin nümayəndələridir. Demək olar ki, hər il onlar medal alırdılar.
Buna görə də Rusiya, Belarus, Rumıniya, Amerika, Hindistan, Çin, Koreya,
Sinqapur, Vyetnam və İran qızılı daha çox alan ölkələr idi. Azərbaycanın adı
qızıl alanların siyahısında yox idi. Artıq ölkəmizin adı da qızıl medal
alanların siyahısına düşdü.
- Öncədən olimpiadaya
hazırlaşmışdınız? Bu tipli yarışlara gedəndə hazırlıq prosesi necə olur?
- Kimya-Biologiya Təmayüllü Respublika
Liseyin nəzdində olimpiada tədris mərkəzi fəaliyyət
göstərir. Orada üzvi və qeyri-üzvi kimya sahəsində
bizimlə Xamməd Əsədov iki ildən çoxdur məşğul olur. Fiziki kimya sahəsində isə
müəllimimiz Milana Ağayevadır. Olimpiadalara getməmişdən iki ay əvvəl imtahan əsasında
seçim aparılır. İmtahandan keçənlər yarışa qatılmaq şansı qazanırlar. Xamməd və
Milana müəllimlə yanaşı, olimpiadaya bir ay qalmış Lomonosov adına Moskva Dövlət
Universitetinin Bakı filialının kimya fakültəsinin dekan müavini İqrar Nəzərovun
təşəbbüsü ilə Moskvadan müəllimlər gətirildi. Onlar bir ay intensiv olaraq bizə
dərs keçdilər. Ondan sonra yarışa qatıldıq.
- Kimya çətin fənn hesab olunur. Necə
oldu ki, bu fənnə maraq göstərdiniz?
-
Təsadüf nəticəsində mən bu istiqamətə meylləndim. Təxminən, 7-ci sinifdə
oxuyanda liseydə imtahandan sonra fizika, kimya, informatika, biologiya və
riyaziyyat fənlərindən birini seçib olimpiadada davam etməliydik. İmtahanda müəyyən
bal limitini keçənlər həmin fənlərdən hansını istəsələr seçə bilərdilər. Bu hər
kəsin öz istəyi ilə idi. Mən də kimyanı seçdim. 7-ci sinifdən bu tərəfə də o fənn
üzrə olimpiadalara hazırlaşıram. Evdəkilərin istəyi, yaxud xüsusi bir istiqamətləndirmə
yoxdur.
- Kimyaya yönəlməyinizə valideynləriniz
etiraz etydilər?
-
Düzü, valideynlərim ixtisas seçimimlə bağlı hər hansı arzu-istəklərini dilə gətirməyiblər.
Çox güman ki, öz seçimimi gözləyirmişlər. Kimyanı seçdikdən sonra onlar mənə dəstək
oldular.
- Gələcəkdə ali təhsilini bu
istiqamətdə davam etdirəcəksən?
-
Bəli, ali təhsilimi də bu istiqamətdə davam etdirməyi fikirləşirəm. Kimya mühəndisliyi
ola bilər. Hansı ixtisası seçəcəyimi zaman göstərəcək, amma çox güman ki, kimya
ilə bağlı sahə olacaq.
- Bəs digər fənləri necə
oxuyursan? Kimyaya çox vaxt ayırmağın digər dərslərinə mane olmur?
-
Digər fənlərin hamısını normal qaydada oxuyuram. Düzdür, kimyaya daha çox
üstünlük verirəm, amma digər fənlərdən də dərslərimdən geri qalmıram. Qiymətlərim
yaxşıdır, heç bir fənn müəllimimin məndən narazılığı yoxdur. Sadəcə, kimyaya
daha artıq vaxt sərf edirəm.
- Bu il artıq 11-ci sinfə gedəcəksən.
Orta məktəbin sonuncu ilində hansı müsabiqələrə qatılmağı düşünürsən?
-
İki olimpiadanı qeyd edə bilərəm. Biri məktəblilərin52-ci BeynəlxalqKimya
(Mendeleyev) Olimpiadasıdır.
Digəri isə Beynəlxalq Kimya Olimpiadasıdır. İndi də onlara
hazırlaşıram.
Aygün
Asimqızı