• çərşənbə axşamı, 16 aprel, 15:37
  • Baku Bakı 19°C

“Birincilərin birincisi”nin Tailandda yazdığı tarix - Fotolar

26.07.17 12:45 7652
“Birincilərin birincisi”nin Tailandda yazdığı tarix  - Fotolar
"Hazırda Tailandda keçiriləcək 49-cu Beynəlxalq Kimya Olimpiadasında iştirak etmək hüququ qazanmaq üçün çalışıram. Hədəfim növbəti olimpiada qızıl medal almaqdır”. Bu sözləri o may ayında verdiyi açıqlamasında bildirmişdi. O, nəinki müsabiqədə iştirak hüququ qazandı, eyni zamanda verdiyi sözü tutaraq ölkəyə qızıl medalla qayıtdı. Söhbət Zərifə Əliyeva adına liseyin eksperimental pilot siniflərinin 10-cu sinif şagirdi Ramil Babazadədən gedir.Qeyd edək ki, 78 ölkənin məktəblilərinin iştirakı ilə keçirilən olimpiada qızıl medal qazanan Ramil Babazadə eyni zamanda, bu il keçirilən respublika fənn olimpiadasında qalib gələrək "Birincilərin birincisi” nominasiyasına layiq görülmüşdü.
- Tailandda keçirilən 49-cu Beynəlxalq Kimya Olimpiadasından qızıl medal ilə qayıdıbsan. Təbrik edirik. Yarış necə keçdi?
- Təbrikə görə təşəkkür edirəm. Yarışa gəlincə, bu, mənim iştirak etdiyim 5-ci beynəlxalq olimpiada idi. Bundan öncə də beynəlxalq olimpiadalarda iştirak etmişdim. Amma bürünc medal qazanmışdım. Bu dəfə qızıl medalla qayıtmağı qarşıma məqsəd qoymuşdum. Olimpiadada əvvəlki illərdəkinə nisbətən suallar çox idi. Olimpiada iki turdan ibarət idi: nəzəriyyə və təcrübə. Əvvəllər nəzəri hissədə 7-8 sual olurdu, bu il artıq sualların sayı 11-ə çatmışdı. Sualların sayı artmaqla yanaşı, həm də çətinləşdirilmişdi. Hər iki turun keçirilmə müddəti 5 saat idi. Hərəsinin də öz çətinliyi vardı.
- Bu il keçirilən respublika fənn olimpiadasında qalib gələrək "Birincilərin birincisi” nominasiyasına layiq görülmüşdün. Başqa hansı yarışlarda qalib olmusan?
- Bəli, 2016-2017-ci tədris ili üçün respublika fənn olimpiadasında "Birincilərin birincisi” olmuşam. 2015-2016-cı tədris ilində isə həmin olimpiadada gümüş medal qazanmışdım. Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən, 68 ölkədən 300-ə yaxın şagirdin iştirak etdiyi 48-ci Beynəlxalq Kimya Olimpiadasında da iştirak etmişdim. Oradakı nailiyyətim isə bürünc medal olmuşdu. Bu il İndoneziyanın Denpasar şəhərində keçirilən və 48 ölkənin iştirak etdiyi Yeniyetmələrin 13-cü Beynəlxalq Təbiət Elmləri Olimpiadasına qatılaraq, bürünc medal qazandım. Bu il keçirilən 51-ci beynəlxalqkimya (Mendeleyev) olimpiadasında da bürünc medal qazandım.
- Xeyli yarışa qatılıbsan. Yerli yarışlarda da iştirak edibsən, beynəlxalq səviyyədə keçirilənlərdə də. Çətinlik və digər məsələlərə görə yerli və beynəlxalq olimpiadaları müqayisə edibsən?
- Daha çox beynəlxalq müsabiqələrə qatılmışam. Yerli yarışlardan respublika fənn olimpiadasında iştirak etmişəm. O olimpiada 3 turdan ibarət olurdu. Birinci və ikinci turu əsasən orta məktəb səviyyəsində olur. Amma üçüncü turu demək olar ki, dünya olimpiadaları ilə eyni səviyyədə keçirilir. Ümumiyyətlə, beynəlxalq olimpiadalar orta məktəb səviyyəsində kənardır. Universitet proqramını da əhatə edir. Buna görə, çox da müqayisə etmək olmaz.
- Axırıncı iştirak etdiyin olimpiadaya 78 ölkənin məktəbliləri qatılmışdı. Əsas rəqib kimləri görürdün?
- Rəqib olaraq, əsasən ötən illərdə bu olimpiadada qızıl medal qazananları görürdüm. Bunun da səbəbi var. Çünki ötən illərdə olimpiadanın nəticələrinə baxanda, görürsən ki, qızıl medalların sahibləri tam da olmasa, müəyyən qədər sabit ölkələrin nümayəndələridir. Demək olar ki, hər il onlar medal alırdılar. Buna görə də Rusiya, Belarus, Rumıniya, Amerika, Hindistan, Çin, Koreya, Sinqapur, Vyetnam və İran qızılı daha çox alan ölkələr idi. Azərbaycanın adı qızıl alanların siyahısında yox idi. Artıq ölkəmizin adı da qızıl medal alanların siyahısına düşdü.
- Öncədən olimpiadaya hazırlaşmışdınız? Bu tipli yarışlara gedəndə hazırlıq prosesi necə olur?
- Kimya-Biologiya Təmayüllü Respublika Liseyin nəzdində olimpiada tədris mərkəzi fəaliyyət göstərir. Orada üzvi və qeyri-üzvi kimya sahəsində bizimlə Xamməd Əsədov iki ildən çoxdur məşğul olur. Fiziki kimya sahəsində isə müəllimimiz Milana Ağayevadır. Olimpiadalara getməmişdən iki ay əvvəl imtahan əsasında seçim aparılır. İmtahandan keçənlər yarışa qatılmaq şansı qazanırlar. Xamməd və Milana müəllimlə yanaşı, olimpiadaya bir ay qalmış Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının kimya fakültəsinin dekan müavini İqrar Nəzərovun təşəbbüsü ilə Moskvadan müəllimlər gətirildi. Onlar bir ay intensiv olaraq bizə dərs keçdilər. Ondan sonra yarışa qatıldıq.
- Kimya çətin fənn hesab olunur. Necə oldu ki, bu fənnə maraq göstərdiniz?
- Təsadüf nəticəsində mən bu istiqamətə meylləndim. Təxminən, 7-ci sinifdə oxuyanda liseydə imtahandan sonra fizika, kimya, informatika, biologiya və riyaziyyat fənlərindən birini seçib olimpiadada davam etməliydik. İmtahanda müəyyən bal limitini keçənlər həmin fənlərdən hansını istəsələr seçə bilərdilər. Bu hər kəsin öz istəyi ilə idi. Mən də kimyanı seçdim. 7-ci sinifdən bu tərəfə də o fənn üzrə olimpiadalara hazırlaşıram. Evdəkilərin istəyi, yaxud xüsusi bir istiqamətləndirmə yoxdur.
- Kimyaya yönəlməyinizə valideynləriniz etiraz etydilər?
- Düzü, valideynlərim ixtisas seçimimlə bağlı hər hansı arzu-istəklərini dilə gətirməyiblər. Çox güman ki, öz seçimimi gözləyirmişlər. Kimyanı seçdikdən sonra onlar mənə dəstək oldular.
- Gələcəkdə ali təhsilini bu istiqamətdə davam etdirəcəksən?
- Bəli, ali təhsilimi də bu istiqamətdə davam etdirməyi fikirləşirəm. Kimya mühəndisliyi ola bilər. Hansı ixtisası seçəcəyimi zaman göstərəcək, amma çox güman ki, kimya ilə bağlı sahə olacaq.
- Bəs digər fənləri necə oxuyursan? Kimyaya çox vaxt ayırmağın digər dərslərinə mane olmur?
- Digər fənlərin hamısını normal qaydada oxuyuram. Düzdür, kimyaya daha çox üstünlük verirəm, amma digər fənlərdən də dərslərimdən geri qalmıram. Qiymətlərim yaxşıdır, heç bir fənn müəllimimin məndən narazılığı yoxdur. Sadəcə, kimyaya daha artıq vaxt sərf edirəm.
- Bu il artıq 11-ci sinfə gedəcəksən. Orta məktəbin sonuncu ilində hansı müsabiqələrə qatılmağı düşünürsən?
- İki olimpiadanı qeyd edə bilərəm. Biri məktəblilərin52-ci BeynəlxalqKimya (Mendeleyev) Olimpiadasıdır. Digəri isə Beynəlxalq Kimya Olimpiadasıdır. İndi də onlara hazırlaşıram.
Aygün Asimqızı

banner

Oxşar Xəbərlər