• cümə axşamı, 28 mart, 13:04
  • Baku Bakı 16°C

Birinci vitse-prezident Mehriban Əliyeva Papa Cəngavər Ordeninin ən ali dərəcəsinə layiq görülüb

23.02.20 09:00 1298
Birinci vitse-prezident Mehriban Əliyeva Papa Cəngavər Ordeninin ən ali dərəcəsinə layiq görülüb
Fevralın 22-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Vatikanda Papa Cəngavər Ordeninin ən ali dərəcəsinə - IX Piy Ordeninin Böyük Xaçına (Dama di Gran Croce dell’ordine Piano) layiq görülüb.
Trend məlumat verir ki, Birinci vitse-prezident Mehriban Əliyeva bu ordenə mədəniyyətin, o cümlədən Müqəddəs Taxt-Tac təsisatları ilə qarşılıqlı əlaqələrin inkişafına verdiyi töhfələrə görə layiq görülüb.
Ordeni Mehriban xanım Əliyevaya Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolin təqdim edib.
Kardinal Pietro Parolin Mehriban Əliyevaya bu mükafatı təqdim etməkdən şərəf hissi keçirdiyini bildirdi.
Birinci vitse-prezident Mehriban ƏLİYEVA dedi:
-Kardinal həzrətləri.
Məni Müqəddəs Taxt-Tacın yüksək ordeni ilə təltif etdiyinizə görə sizə və Zati-müqəddəsləri Roma Papası Fransiskə dərin minnətdarlığımı bildirirəm. Bu, mənim üçün böyük şərəfdir.
Mən bu ordeni Vatikan ilə Azərbaycanın ikitərəfli münasibətlərinin yüksək səviyyədə olmasının daha bir təsdiqi kimi qiymətləndirirəm. Çox şadam ki, bu münasibətlərin möhkəmlənməsində mənim də töhfəm var. Səmərəli əməkdaşlığın qurulmasında əməyi olan hər bir insana, Vatikanda olan bütün dostlarıma, xüsusilə də kardinal Ravaziyə dərin minnətdarlığımı bildirirəm.
Bir daha yüksək təltifə, göstərdiyiniz qonaqpərvərliyə və səmimiyyətə görə sizə dərin minnətdarlığımı bildirirəm. Çox sağ olun.
Kardinal Pietro Parolin: Sağ olun Zati-aliləri. Mən də şəxsən öz tərəfimdən bu jesti bizim artıq uzun illər ərzində aramızda təşəkkül tapmış bu münasibətlərin təzahürü kimi görürəm. Hesab edirəm ki, gələcəkdə ikitərəfli qaydada demək olar ki, bütün sahələrdə və xüsusən də mədəniyyət sahəsində Müqəddəs Taxt-Tacla Sizin ölkəniz arasındakı əlaqələri daha da dərinləşdirəcəyik. Şəxsən Sizi, Sizin həyat yoldaşınızı və bütövlükdə ölkənizi səmimi qəlbdən təbrik edirəm.
Birinci vitse-prezident Mehriban Əliyeva: Çox sağ olun, təşəkkür edirəm.
Qeyd edək ki, IX Piy Ordeni 1847-ci ildə təsis edilib. Bu ordenlə kilsə və cəmiyyət qarşısında xidmətlərə görə təltif olunurlar. Böyük Xaç – dövlət başçılarına və yüksəkvəzifəli dövlət xadimlərinə təqdim olunan xüsusi dərəcədir.
İtaliya Respublikasının hazırkı Prezidenti Sercio Mattarella, İtaliya dövlətinin bir sıra sabiq rəhbərləri, o cümlədən Corcio Napolitano, həmçinin tac qoyulmuş şəxslər – İsveç Kralı XVI Qustav, Lüksemburqun Böyük Hersoqu Anri, İspaniya Kralı Xuan Karlos və Belçika Kralı II Albert bu ordenə layiq görülənlər sırasındadır.
banner

Oxşar Xəbərlər