• cümə, 26 Aprel, 00:34
  • Baku Bakı 16°C

Bir zaman “əziz-xələf” olanların faciəvi sonluğu - İBRƏT

26.11.16 10:55 3013
Bir zaman “əziz-xələf” olanların faciəvi sonluğu - İBRƏT
Milliyyətindən, kimliyindən asılı olmayaraq bir insanın formalaşmasında, kamilləşməsində ailə tərbiyəsi çox vacib önəm kəsb edir. Bəlkə də bu gün çoxları mənim bu fikrimlə razılaşmayacaqlar. Öz işləridir. Amma mənim üçün bu, belədir.
Əyyaş Mironun oğlu necə inqilabçı oldu?
Sergeyin nə ata, ana, nə də ömür-gün yoldaşı sarıdan bəxti gətirməmişdir. Sergey Mironoviç Kirov (əsl familiyası Kostrikov , "Kirov” Sergeyin partiya təxəllüsü olmuş və o bu təxəllüslə qəzetlərə məqalələr yazmış, sonra da bu təxəllüslə də məşhurlaşmışdır) Urjum şəhərində, kasıb bir ailədə anadan olub. Atası meşəci, anası savadsız qadın idi. Ailədə yeddi uşaq olsalar da, dördü hələ körpə ikən dünyasını dəyişir. Sergey və iki bacısı qalır. Günlərlə evə gəlməyən, içki düşkünü və tüfeyli həyat keçirən atası Miron bir gün üç körpə övladını xəstə arvadının ümüdünə qoyaraq evdən gedir.


Sergey tezliklə anasını da itirir. Anası vəfat edəndən sonra iki bacısını nənəsi himayəsinə götürür, Sergeyi isə uşaq evinə verir. Yetimlər evində böyüyən Sergey buranı tez tərk edərək, "azad” yaşamaq sevdasına düşür. Bu "azad”lıq onu inqilabçılarla "doğmalaşdırır”. 1904-cü ildə Kazan mexanika-texnika məktəbini bitirir və Kommunist partiyasının sıralarına yazılır. Artıq Sergey 1905-ci ildən partiyanın tapşırığı ilə tətillər təşkil edir, yığıncaqlar keçirir, gizli mətbuat yaradır və s. inqilabi işlər aparır. Bu fəallıq polisin diqqətindən yayınmır. Sergeyi həbs edirlər. O, 1909-cu ildə həbsdən qaçaraq, Vladiqafqaza gəlir və "Terek” qəzetində işə başlayır. 1912-ci ildə ilk dəfə mətbuatda S.Kirov imzası ilə məqaləsi çap olunur. 1917-ci ildə sorğu anketində özü haqqında yazırdı: "Peşəkar inqilabçı və jurnalist. 1909-1917-ci illərdə 3 mindən çox məqaləm dərc edilib”. Amma S.M. Kirov haqqındakı mənbələrə nəzər saldıqda o, daha çox siyasi xadim kimi diqqəti cəlb edir.

Bakıya necə gəldi?
Beləliklə, 1917-ci ildə Petroqradda Oktyabr silahlı üsyanında fəal iştirak edən S.M.Kirov uzun döyüş yolları keçir. O, 1919-cu ilin yanvarında K.Orconikidze ilə 11-ci Qırmızı Ordunun Şimali Qafqaza hücumuna rəhbərlik edər və 1920-ci il, aprelin 30-da 11-ci Qırmızı Ordu ilə birlikdə Bakıya gəlir. Bu gəliş Azərbaycana və azərbaycanlılara çox baha oturur...1921-ci ilin iyununda S.M.Kirov Azərbaycan Kommunist (b) Partiyası Mərkəzi Komitəsinin birinci katibi təyin edilir. Müasir dövr tədqiqatçılarının yazdığına görə, sovetləşmə dövründə S.M.Kirovla S.Orconikidze Azərbaycana sözün əsl mənasında elə bir "toy tuturlar” ki, ölkə uzun illər özünə gələ bilmir. Azərbaycanda "təmizlənmə” əməliyyatı başlayır. Lenin və Trotski tərəfindən yaradılan həbs düşərgələri az vaxtda azərbaycanlılarla doldurulur. Bu, həmvətənlərimizə qarşı qanunsuz cəza tədbirlərinin ilk hissəsi idi. Repressiyanın ikinci, daha güclü dalğası isə iyirminci illərə düşür...S.M.Kirov Azərbaycana gəldiyi ilk gündən silahdaşları ilə birlikdə neft hasilatının artırılması, neft sənayesinin bərpası və texniki cəhətdən qurulması sahəsində iş aparmışdır. Əlbəttə, belə də olmalı idi. Çünki, sovetləri Azərbaycanda yalnız onun nefti maraqlandırırdı. Sovet hökuməti Bakı neftinə xüsusi diqqət yetirirdi, nəyin gücünə olursa-olsun onu Rusiyaya daşımaq, bu varidata sahib olmaq üçün.

Əkdiklərini Peterburqda "biçdi”
1926-cı ilin fevralında S.M.Kirov ÜİK (b) P Leninqrad quberniya komitəsinin və ÜİK (b) P MK Şimal-Qərb Bürosunun birinci katibi, ÜİK (b) P MK Siyasi Bürosu üzvlüyünə namizəd seçilir. Amma bu yüksəliş Sergeyə xoşbəxtlik gətirmir. Əksinə, ömrünü qısaldır... Bu ölüm taleyin qisməti idi, ya "dost” bildiyi Stalinin ona "hədiyyə”si? (Əslində hələ bu gün də S.M.Kirovun öldürülməsinin səbəbi aydın deyil).S.M.Kirov Stalinlə ilk dəfə 1917-ci ildə Sovetlərin ikinci Ümumittifaq qurultayında görüşmüşdü. Sergeyin təmiz, məntiqli nitqi, səliqəli görkəmi ilk baxışdan Stalinin diqqətini cəlb etdi. İlk tanışlıq sonralar "möhkəm dostluğa” çevrildi. Əksər tədqiqatçıların fikrincə, Lenin öləndən sonra bolşevik rəhbərliyində mövqe üstündə ölüm-dirim mübarizəsi başlanır. Stalin özünə xas məharətlə, səbirlə rəqiblərini bir-bir aradan götürüdü. Onun üçün nə dost, nə qardaş var idi. Leninqradda daha yüksək mükafatlara - Lenin və Qırmızı Əmək Bayrağı ordenlərinə layiq görülən S.M.Kirov, 1934-cü il dekabrın 1-də öz iş otağının qapısı ağzında arxadan tapanca ilə açılan atəşdən sonra qətlə yetirilir. Qətli həyata keçirən isə Leonid Nikolayev adlı bir rus olur. S.M.Kirov Leninqradda öldürülsə də, uzun illər Azərbaycanda Sergeyin ölümündə günahkar axtarırlar. Hətta H.Z.Tağıyevin qızı Sara xanımı bu qətldə suçlandıraraq, Peterburq həbsxanasına atırlar, əri Zeynal bəyi isə güllələyirlər. Çox qəribə və məntiqsiz deyil? Axı S.M.Kirov sıradan birisi deyildi ki, onun iş otağına kim istəsəydi, daxil olaydı.

Ailə sarıdan da bəxti gətirmədi
Yuxarıda qeyd etdim ki, S.M.Kirovun ömür-gün yoldaşı, ailə sarıdan da bəxti gətirməyib. Yəhudi qızı Mariya Lvona Markus ilə 20 il "ömür” sürsələr də, xoşbəxt olmayıblar. Tanrı ən böyük xoşbəxtliyi onlardan əsirgəyib, övladları olmayıb. Təhsilsiz, emosional, çox təkəbbürlü və eqoist olan Mariya Kirov Azərbaycanda birinci katib olarkən, açıq-saçıq geyimləri, yüngül hərəkətləri ilə həmişə diqqət mərkəzində olub. Ölkədə aclığın tüğyan etdiyi bir zamanda Mariya hər gün bulvarda oturub, itinə şokolad yedirirmiş (bolşeviklərin "bərabərlik”, "həmrəylik” kimi reallıqdan çox-çox uzaq olan şüarları heç vaxt böyüklərə aid olmayıb).S.M.Kirov Leninqrada getdikdən sonra Mariyaya daha çox etinasızlıq göstərir, gizli bir eşq macərası yaşayır. O, bir vaxtlar rus teatr səhnəsinin parlaq ulduzu, dünya baletinin primadonnalarından sayılan Matilda xanım idi. Çox gözəl, ecazkar, dövrünün mahir "könül fatehi” olan bu gözəl Kirovun da qəlbini fəth edir. Bu eşq macərası tezliklə gizliliyindən çıxaraq, hər kəsə bəyan olur. Odur ki, illər sonra Kirovun ilk ev muzeyi onun Leninqradda yaşadığı evdə deyil, gizli sevdalarının aşkar ünvanında açılır. Yalnız 1955-ci ildə ev-muzeyi Benna qardaşlarının binasında Kirovun yaşadığı 20 nömrəli mənzilə köçürülür.

Bu da haqlı sual
"Ailəsinə vəfasız çıxan Miron adlı əyyaşın sovet dönəmində fironlaşan oğlu hansı xidmətlərinə, insanlığına görə azərbaycanlıların "əziz-xələfinə” çevrilmişdi” sualını verən müəllif çox haqlıdır. Çünki 1980-cı illərin sonlarına kimi ölkəmizdə S.M.Kirovun adına olan yerləri sadalasaq, böyük bir siyahı alınar. 1918-ci ildə müstəqilliyimiz uğrunda canından keçən şəhidlərimizin məzarı üstündə (Dağüstü parkda - indiki "Şəhidlər Xiyabanı) Kirovun əzəmətli heykəlini görəsən, hansı xidmətlərinə görə ucaltmışdıq? İlk təhsil ocağımıza (BDU) hansı məntiqlə onun adını vermişdik? Ölkəni çapıb-taladığına, ailələri başsız qoyduğun görə?Hörmətli oxucum, indi yəqin sizə də aydın oldu ki, uzun illər adını bəh-bəhlə çəkdiyimiz, yad etdiyimiz S.M.Kirov əslində kim olub.

Qərənfil Dünyaminqızı
Əməkdar jurnalist

banner

Oxşar Xəbərlər