AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Bir sıra yeni nazirlik və qurumların yaradılması təklif edilir

Bir sıra yeni nazirlik və qurumların yaradılması təklif edilir

Təfsilat
07 Avqust 2013, 10:11 1401
Azərbaycanda aparılan korrupsiyaya qarşı mübarizə tədbirləri çərçivəsində bir sıra yeni nazirlik və qurumlar yaradılmalıdır. İqtisadçı ekspert Vüqar Bayramovun fikrincə, bu istiqamətdə ən zəruri tədbirlərdən biri İnfrastruktur və Regional İnkişaf Nazirliyinin yaradılmasıdır: “İnkişaf etməkdə olan korrupsiyaya qarşı mübarizə tədbirləri sadəcə inzibati və maarifləndirici alətlərlə yox, həm də institusional islahatlarla müşayiət olunur. Belə islahatlar isə öz növbəsində yalnız bir-birini təkrarlayan dövlət qurumlarının birləşdirilməsini, yaxud ləğvini yox, yeni qurumların yaradılmasını da özündə ehtiva etməlidir. Struktur islahatlarının iqtisadi idarəetmənin müxtəlif sektorlarını əhatə etməsi ilə yanaşı, fəaliyyəti bir-birini tamamlayan dövlət qurumlarının birləşdirilməsi də vacibdir”.

MDB ölkələrinin təcrübəsi göstərir ki, dövlət büdcəsi vəsaitlərinin səmərəsini artırmaq, eləcə də ayırmaların təyinatı üzrə xərclənməsini təmin etmək üçün infrastruktur layihələrinə ayrılan pulların istifadəsinə məsul xüsusi dövlət qurumunun yaradılmasına ehtiyac var. Bu təcrübə bir sıra Mərkəzi və Şərqi Avropa ölkələrində, o cümlədən Gürcüstanda tətbiq olunmaqdadır. V.Bayramovun sözlərinə görə, bu baxımdan Azərbaycanda da İnfrastruktur və Regional İnkişaf Nazirliyinin yaradılması məqsədəuyğundur.
Qeyd edək ki, iyulun 18-də Nazirlər Kabinetinin 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkə başçısı İlham Əliyev də korrupsiya və rüşvətxorluq üçün mövcud olan mühiti yox etməyin vacibliyini önə çəkib. O, korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin səmərə verdiyini bildirib: “Korrupsiya və rüşvətxorluğa qarşı mübarizə gözəl səmərəsini verir. Bunu həm ölkə əhalisi hiss edir, eyni zamanda, bu məsələ ilə məşğul olan beynəlxalq qurumlar da bunu qeyd edirlər. Bu yaxınlarda beynəlxalq təşkilatlar tərəfindən aparılan sorğu da onu göstərir ki, Azərbaycan əhalisi korrupsiyaya qarşı mübarizənin aparılması ilə bağlı atılan addımları alqışlayır”.

Əhalinin təxminən 70 faizi hesab edir ki, Azərbaycanda bu istiqamətdə çox ciddi və səmərəli mübarizə aparılır: “Dünya miqyasında bu göstərici təxminən 20 faiz səviyyəsindədir. Azərbaycanda isə 70 faiz səviyyəsindədir. Yəni, budur göstərici və budur gördüyümüz işlərin əsas nəticəsi. Ona görə mən çox şadam ki, bu mübarizə öz səmərəsini verməkdədir. Hesab edirəm ki, biz daha da fəal olmalıyıq. Korrupsiya, rüşvətxorluq üçün mövcud olan meydanı maksimum dərəcədə daraltmalıyıq. Bir daha demək istəyirəm ki, cəza tədbirləri tətbiq olunur və tətbiq olunacaq. Eyni zamanda inzibati tədbirlər və sistem xarakterli addımlar atılır və atılacaqdır”.

Prezident qeyd edib ki, dövlət məmurlarının məsuliyyəti də bu məsələdə öz rolunu oynayır: “Hər bir dövlət məmuru korrupsiyaya qarşı çox ciddi mübarizə aparmalıdır. Hər idarə rəhbəri bu prinsipləri əsas tutmalıdır. Çünki Azərbaycanın sürətli inkişafı reallıqdır. Gələcəyimiz çox parlaqdır. Azərbaycan bir daha demək istəyirəm ki, inkişaf etmiş ölkələrin sırasına daxil ediləcək, mütləq bu, olacaq. Ona görə də biz bütün xoşagəlməz halları aradan götürməliyik və elə etməliyik ki, bu göstəriciyə görə də Azərbaycan dünyada qabaqcıl yerlərdə olsun”.

Son illər infrastruktur layihələrinə ayrılan pulun illik orta məbləğinin 5 milyard manatdan çox olduğunu deyən V.Bayramov qeyd edir ki, Azərbaycanda tətbiq edilən mövcud institusional struktura əsasən, hər bir nazirlik və komitənin özünün ayrıca infrastruktur xərcləri maddəsi var. Praktik olaraq büdcənin infrastruktur xərcləri müxtəlif dövlət qurumları arasında bölüşdürülür. Bu isə həm qurumların əksərini fəaliyyətinə birbaşa aidiyyəti olmayan funksiyaları həyata keçirməyə vadar edir, həm də xərclərin səmərəliliyinə tam nəzarət olunmasına imkan vermir: “Məsələn, Nəqliyyat Nazirliyinin funksiyası nəqliyyat sektorunda qaydaların tətbiqi və tənzimlənməsi olmalıdır. Bu nazirlik heç də körpü tikilməsinə, yol çəkilməsinə məsul olmamalıdır. Yaradılmasını təklif etdiyimiz qurum məhz hər il növbəti maliyyə ili üçün müvafiq dövlət qurumlarından təkliflər toplamalı və infrastruktur xərclərinin smetasını tərtib etməlidir. Tutalım, Bakıda, ya ölkənin digər bölgəsində körpü inşa edilməsinə ehtiyac var. Bu zaman Nəqliyyat Nazirliyi nəqliyyat sistemində növbəti il üçün həyata keçirilməsi zəruri olan infrastruktur tələbləri ilə bağlı təklifləri yeni yaradılan nazirliyə təqdim edir ki, bu da Maliyyə Nazirliyi ilə razılaşdırmaqla büdcə layihəsində nəzərə alınır”.

Ekspertin fikrincə, yeni nazirliyin yaradılması təkcə infrastruktur xərclərində şəffaflığın artırılması baxımından yox, regionların inkişafı baxımından da əhəmiyyətlidir: “Sözügedən qurum regional icra hakimiyyətlərindən yerlərin tələbi ilə bağlı təklifləri də toplaya bilər. Qonşu Gürcüstanın təcrübəsi göstərir ki, bu qurumun yaradılması digər dövlət qurumlarının məsul olduğu sektora daha çox diqqət ayırmasına və büdcə xərcləmələrində korrupsiya hallarının minimuma endirilməsinə gətirib çıxarır.

İnstitusional islahatlar Rəqabəti Müdafiə Agentliyinin yaradılması ilə də müşayiət oluna bilər. Fikrimizcə, İqtisadi İnkişaf Nazirliyinin tərkibindəki Antiinhisar Departamentini nazirlikdən ayırmaqla deyilən adda agentlik yaratmaq tamamilə məqsədəuyğun olardı. Əksər MDB ölkəsində olduğu kimi, həmin agentliyə bazara müdaxilə, inhisar hallarının qarşısını almaq üçün ciddi səlahiyyətlər verilə bilər. Belə bir agentliyin fəaliyyətini genişləndirmək və tənzimləmək üçün isə Rəqabət Məcəlləsinin qəbul olunması zəruri şərtlərdən biridir. Rəqabəti Müdafiə Agentliyi kimi qurumun fəaliyyəti daxili bazarın ən ciddi problemlərindən olan inhisara qarşı mübarizənin gücləndirilməsinə, istehlak bazarının liberallaşdırılmasına gətirib çıxara bilər.

Korrupsiyaya qarşı mübarizə tədbirləri çərçivəsində sözügedən qurumlarda müşahidə şuraları yaradılması da vacibdir. Şuraların tərkibi yalnız həmin dövlət qurumlarının yox, həm də vətəndaş cəmiyyəti institutlarının nümayəndələrindən formalaşdırılmalıdır. Bununla yanaşı, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi üçün həm də bir sıra mövcud nazirlik və komitənin birləşdirilməsinə ehtiyac var”.

Həbibə ABDULLA