• cümə, 29 Mart, 12:19
  • Baku Bakı 14°C

Bir səsin naxışları

26.02.20 12:00 2372
Bir səsin naxışları
Və ya Şərq musiqisinin peyğəmbəri

Görkəmli mədəniyyət xadimi, Şərq musiqisinin parlaq ulduzu, məşhur xanəndə Cabbar Qaryağdıoğlu Azərbaycan vokal məktəbinin banisi sayılır. Vaxtı ilə şöhrəti vətənimizin hüdudlarından kənarda dolaşan, dünyanın bir sıra konsert salonlarında, musiqi məclislərində məlahətli avazı ilə milyonlarla tamaşaçını vəcdə gətirən Cabbar Qaryağdıoğlu özü aramızda olmasa da, səsinin naxışları ilə həmişəyaşardır.
Xalq şairi Səməd Vurğun 1940-cı ildə "Pravda" qəzetində dərc edilmiş "X.B.Natəvan" adlı məqaləsində yazırdı: "Şuşanı əbəs yerə musiqi və poeziyanın beşiyi adlandırmırlar. Demək olar ki, Azərbaycanın bütün məşhur oxuyan və çalanları: Cabbar Qaryağdıoğlu, bəstəkar Üzeyir Hacıbəyov, Bülbül, məşhur tar çalan Qurban Pirimov və bir çox başqaları Şuşada doğulmuşlar". Elə bu səbəbdən də Şuşanı həmişə "Qafqazın konservatoriyası" adlandırıblar. Bir müddət Azərbaycanda yaşayıb-yaratmış rus şairi Sergey Yesenin də öz xatirələrində Şuşanın özünəməxsusluğunu böyük məhəbbətlə tərənnüm etmişdir. O, hətta yazılarının birində şuşalıların gözəl səsə malik olmalarına işarə edərək bildirirdi: "Əgər bu şəhərdə biri oxumağı bacarmırsa, deməli, o, şuşalı deyildir". Buna səbəb də Şuşanın füsunkar təbiətə malik olması idi.Vətənin gözəlliyi, qeyri-adiliyi insanların damarlarına keçərək onların səsində, avazında, sənətində, həyata, insanlara münasibətində belə əks-sədalanırdı. Şuşalı sənətkarlar təkcə Azərbaycan mədəniyyətini zənginləşdirməmiş, tarixini yaratmamış, onlar öz yaradıcılıqları ilə bütövlükdə müsəlman Şərqinin musiqi aləmini təmsil etmişlər.
Bu dilbər guşədən pərvazlanan məşhur ədiblər, şairlər, bəstəkarlar, xanəndələr öz sənətləri ilə nəinki yurdumuzda, Cənubi Qafqazda, Yaxın Şərqdə, hətta Avropada məşhurlaşıblar.Hacı Hüsü, Məşədi İsi, Bülbülcan, Keçəçi Məhəmməd, Zabul Qasım, Segah İslam, Seyid Şuşinski, Bülbül, Xan Şuşinski, Rəşid Behbudov və onlarca başqaları musiqi sənətimizin inkişafında böyük fədakarlıq göstərmişlər.
Azərbaycan musiqi tarixinin bir mərhələsi də məhz Cabbar Qaryağdıoğlunun adı ilə bağlıdır. Bəstəkar Süleyman Ələsgərov yazırdı: "Dünya vokal məktəbi tarixində heç bir müğənni 70 il oxumamışdır. Qaryağdıoğlunun təkrarolunmaz bir xüsusiyyətini də qeyd etmək istərdim ki, o, 84 yaşına kimi ancaq tarın do kökündə oxumuşdur. Bu isə ifaçılıq aləmində ağlagəlməz cəsarət, məharət və möcüzə idi".
Cabbar Qaryağdıoğlu 1861-ci ilin yazında Şuşanın Seyidli məhəlləsində boyaqçı ailəsində anadan olub. Xanəndə, bəstəkar, musiqi xadimi kimi şöhrətlənən bu unudulmaz sənət və səs sahibi Azərbaycan xanəndələrinin ən görkəmli simalarından biri idi. Deyilənə görə, atası Məşədi İsmayıl istəyirmiş ki, oğlu onun sənətini davam etdirsin. Lakin Cabbarın gözəl səsi, anadangəlmə istedadı yeniyetməni tamam başqa bir sahəyə istiqamətləndirib. Musiqişünas tədqiqatçı Firidun Şuşinski yazırdı: "XIX əsrin ikinci yarısında Şuşada yaxşı səsi olan gənclərdən məhərrəmlik təziyələrində, məclislərdə mərsiyə demək üçün istifadə edərdilər". Elə yaxşı səsi olan uşaqları da bir araya yığaraq onlardan təziyə məclislərində şəbihgərdanlıq etmələrini məsləhət görərdilər. Dini yönümdə yaradılmasına baxmayaraq, belə məclislərin bir müsbət cəhəti də olurdu. Azərbaycanda vokal və çalğı musiqisinin inkişafında görkəmli rol oynamış bir sıra sənətkarlar məhz həmin mərasimlərdə yetişərək formalaşdılar. Firidun Şuşinskiyə görə, Şuşanın ən görkəmli xanəndələri məhz həmin "məktəbin" yetirmələridir. Təkcə hüzn məclislərində deyil, Şuşanın toy və ziyafətlərində iştirak edən kiçik Cabbar da özündən yaşca böyük sənətkarların diqqətini çəkirdi. Böyük qardaşı Məşədi Məhəmməd də Şuşa musiqi məclislərinin yaraşığı idi. On yaşında şəhərdəki musiqi məktəbinə daxil olan Cabbarın ilk müəllimi şuşalı şair Mirzəli Zeynalabdın oğlu olmuşdur. O, həm ədəbiyyatı, eləcə də fars və türk dillərini mükəmməl bilirdi, klassik Şərq muğamlarına dərindən bələd idi. O, Cabbarla ciddi məşğul olub, ona musiqi elmini, fars dilini öyrədib, eləcə də şeirə, sənətə həvəs yaradıb.Cabbar hələ uşaq vaxtlarından şeir yazırmış. Mirzəli kişi Cabbarı özü ilə toylara da apararmış. Ömrünün 13-cü baharında oxumağa başlayan Cabbar Qaryağdıoğlu 16 yaşında ifa etdiyi "Şüştər", "Kürd Şahnaz" muğamları ilə məşhurlaşmışdı. Cabbarı Şuşada yaxşı tanıyırdılar. Onu tez-tez xalq məclislərinə, el şənliklərinə, toylara qonaq aparardılar. Gənc xanəndə bülbül kimi cəh-cəh vururdu. O, məşhur tarzən Sadıqcanla da tanış olub. Bu qarabağlı sənətkarın təklifi ilə Cabbar Şuşada məşhur olan "Xandəmirovun teatr salonu”nnda təşkil edilən xeyriyyə gecəsində çıxış edib. Onun bu məclisdə oxuduğu "Heyratı" muğamı elə əzəmətlə səslənib ki, yaşlı xanəndələr yalnız onu dinləməyə üstünlük veriblər, özləri oxumaq istəməyiblər.
Cabbar Qaryağdıoğlu 20 yaşında ikən peşəkar xanəndə kimi tanınırdı və Qarabağın bütün məclislərində, toy şənliklərində iştirak edirdi. Onun xoş sədası, özünəməxsus avazı tezliklə Gəncəyə, Şamaxıya, Bakıya və daha uzaqlara yayıldı. Onu tez-tez Cənubi Qafqaza, Orta Asiyaya, İrana dəvət edərdilər.
O, təkcə xanəndəliklə məşğul olmurdu. Cabbar Qaryağdıoğlu Azərbaycan mədəniyyətinin ilk aktyorlarından biri idi. O, XIX əsrin 80-90-cı illərindən başlayaraq nəinki Şuşada, bütövlükdə Cənubi Qafqazda səhnələşdirilmiş teatr tamaşalarında çıxış edirdi. Azərbaycanda ilk Şərq konserti 1901-ci ildə Şuşada təşkil edilib. Həmin konsertdə Cabbar Qaryağdıoğlunun oxuduğu qəzəllər bütün sənətkarları, muğamsevərləri, adi tamaşaçıları heyrətə gətirib. Xüsusilə də, 1897-ci ildə Əbdürrəhim Haqverdiyev tərəfindən hazırlanan "Məcnun Leylinin qəbri üstündə" musiqili səhnəciyində Cabbar Qaryağdıoğlunun yaratdığı Məcnun rolu Azərbaycan səhnəsinin ilk Məcnunudur. Doğrudur, çox vaxt bunu Sarabskinin adı ilə bağlayırlar, amma həqiqət budur ki, ilk dəfə Məcnun rolunu şuşalı Cabbar yaradıb.Hüseynqulu Sarabski "Aktyorun xatirələri" kitabında qeyd edirdi ki, Üzeyir Hacıbəyli "Leyli və Məcnun" operasının yazılışına 1907-ci ildən başlasa da, bu operanı yaratmaq fikri bəstəkarda 1897-1898-ci illərdə - 13 yaşında ikən doğma Şuşa şəhərində gördüyü səhnəcikdənsonra yaranıb. Məhz Cabbarın şövqlə yaratdığı Məcnun Üzeyir Hacıbəyliyə ilham verib. Cabbar Qaryağdıoğlunu "Şərq musiqisinin peyğəmbəri" adlandıranlar səhv etmirdilər. O, həqiqətən də, ustad sənətkar idi. Bəstəkar Fikrət Əmirov yazırdı: "Cabbar Qaryağdıoğlu xalq musiqisinin düşünən beyni idi". Tarzən Qurban Pirimovun xatirələrindən də bəlli olur ki, Cabbar Qaryağdıoğlu ilə Mirzə Ələkbər Sabirin yaxın dostluğu olub. Cabbar Qaryağdıoğlu Sabirin yaşadığı Balaxanı kəndinə tez-tez gələrmiş. Poeziya və musiqimizi təmsil edən bu iki nəhəng insan birlikdə sənət söhbətləri edər, dərdləşər və asudə vaxtlarında nərd oynayarmışlar. Bəzi xatirələrdən də süzülür ki, hətta beytləşərmişlər.
1908-ci ildə Azərbaycan mədəniyyəti tarixində böyük bir hadisə baş verdi. Dahi Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operası nəinki Azərbaycanda, müsəlman Şərqində bu janrın bünövrəsini qoydu. Burada tamaşaçı kimi çıxış edən Cabbar Qaryağdıoğlu onun yolunu davam etdirən Hüseynqulu Sarabskinin Məcnununu bəyənərək təqdir etmişdi.
1911-ci ildə Bakıda "Nikitin qardaşlarının teatrı"nda isə "Fərhad və Şirin" operasının ilk tamaşası olub. Maraqlıdır ki, bu tamaşada Fərhad rolunun ifaçısı Cabbar Qaryağdıoğlu olub. Hətta o dövrün qəzetlərində də bu mahir xanəndənin yaratdığı rolun uğurlu alınmasından məhəbbətlə yazırdılar: "Qaryağdı Fərhadın ariyasını çox gözəl və ruh yüksəkliyi ilə oxuyurdu". Cabbar Qaryağdıoğlu ilk azərbaycanlı xanəndədir ki, səsi qrammofon valına yazılıb. O, 1906-1912-ci illərdə Kiyev, Moskva və Varşava şəhərlərinə dəvət alıb orada səsi qrammofon valına yazılıb.
Cabbar Qaryağdıoğlu muğamın incəliklərinə, texnikasına dərindən bələd olan bir sənətkar idi.Həmkarları da etiraf edirdilər ki, Cabbar oxuyanda elə bil qüvvətli bir dağ çayı aşaraq aləmi bürüyürdü. Musiqi tarixində "Kürd Şahnaz"ı, "Mənsuriyyə"ni, "Mahur"u, "Heyratı"nı Cabbar kimi mübariz ruh, əzəmət və nikbinliklə oxuyan ikinci bir xanəndəmiz olmayıb.O, hər bir muğamı və Azərbaycan xalq mahnılarını özünəməxsus oxuyardı. O, təkcə şeir yazmırdı, həm də bəstəkarlıq istedadına malik olan yaradıcı şəxsiyyət idi. Bu, bir faktdır ki, "İrəvanda xal qalmadı" (illər uzunu el nəğməsi kimi təqdim edilsə də) mahnısının müəllifi məhz Cabbar Qaryağdıoğludur. Sözləri də, musiqisi də bu unudulmaz insana məxsusdur. Onun 30-dan çox mahnısı Üzeyir Hacıbəyli, Müslüm Maqomayev tərəfindən nota salınıb. Opera və operetta yazan bəstəkarlarımıza Cabbar Qaryağdıoğlu yaxından kömək göstərib.Azərbaycan Dövlət Konservatoriyasının ilk təşkilatçılarından biri olan Cabbar Qaryağdıoğlu uzun illər bu mədəniyyət ocağında klassik musiqidən dərs deyərək gələcək xanəndələrin yetişməsində fədakarlıq göstərib.Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında, radioda solist kimi çalışan Cabbar Qaryağdıoğlu 70 il oxuyub. Yarım əsrdən artıq bir dövrdə isə xalq mahnılarını və musiqi parçalarını toplayaraq musiqi fondumuzun zənginləşməsində iştirak edib. Onun min bir əziyyətlə topladığı 270-dən artıq xalq mahnısı bu mənəvi sərvətin əbədiyaşar inciləridir.
Cabbar Qaryağdıoğlu təkcə elə tarzən Qurban Pirimovun müşayiəti ilə 300-ə qədər mahnı və təsnif oxuyub.Yaxşı ki, unudulmaz Bülbülün və bəstəkar Səid Rüstəmovun xeyirxahlığı nəticəsində həmin mahnılar nota köçürülüb. 1934-cü ildə Tiflisdə keçirilən incəsənət olimpiadası Cənubi Qafqaz xalqlarının mədəni inkişafında böyük bir tarixi hadisə kimi dəyərləndirilir. Dörd gün davam edən bu mərasimdə müvəffəqiyyətlə çıxış edən 74 yaşlı Cabbar Qaryağdıoğlu birinci mükafata layiq görülüb. Maraqlı cəhət də budur ki, Xalq artisti fəxri adını da o, elə bu yaşında alıb.
Cabbar Qaryağdıoğlu təkcə böyük sənətkar deyildi, həm də qayğıkeş müəllim idi. Onun sənətindən bəhrələnən, ondan dərs alan görkəmli ifaçılar Seyid Şuşinski, Bülbül, Zülfü Adıgözəlov, Xan Şuşinski, Cahan Talışinskaya. Yavər Kələntərli, Mütəllim Mütəllimov bütün müsahibələrində, xatirələrində həmişə öz ustadlarını - Cabbar Qaryağıdoğlunu minnətdarlıqla xatırlayardılar.
Cabbar Qaryağdıoğlu həm gözəl səsə, həm də yaxşı musiqi hafizəsinə malik idi. Bu səbəbdən də xanəndələr, musiqi nəzəriyyəçiləri onu "Azərbaycan musiqi folklorunun canlı ensiklopediyası" adlandırırdılar. Bu, hələ ikinci bir sənətkara nəsib olmayıb ki, 500-ə qədər mahnı və musiqi versiyasını yadda saxlaya bilsin.
Muğam ifaçıları çoxdur. Ustadları da var, ortabab oxuyanları da, yadda qalanları da, unudulanları da. Bülbül öz müəlliminin səsini yüksək qiymətləndirərək deyirdi: "Azərbaycan musiqi tarixində Cabbar Qaryağdıoğlu kimi "Heyratı", "Mahur", "Mənsuriyyə" ifa edən çətin tapılar. Onun bu muğamlara vurduğu misilsiz zəngulələr musiqi irsimizə nadir hədiyyələrdir". Bir məsələ də maraqlıdır ki, Cabbar Qaryağdıoğlunun səsindəki məlahət heç bir zaman dəyişməmişdir. Gəncliyində necə oxumuşdusa, ahıl çağında da elə məlahət və həvəslə, zillə, bəmlə muğamlarımızı, xalq mahnılarımızı ifa edərək ən məşhur musiqiçiləri də heyrətdə qoyurdu. Onun 72 yaşında oxuduğu "Heyratı"nı dinləyənlər heç heyranlıqlarını gizlədə bilmirdilər. Hətta onun sənətini dəyərləndirən xarici ölkələrin musiqi nəzəriyyəçiləri də bu qocaman xalq xanəndəsini Cənubi Qafqazda və Şərqdə ən yaxşı ifaçı kimi qiymətləndirirdilər.
Gözəl səslərdən, xanəndəlik sənətindən danışarkən, ilk növbədə, Cabbar Qaryağdıoğlu yada düşür. Çünki o həm də milli vokal sənətinin banisidir. Onun bu sahədəki xidmətləri əvəzedilməzdir. Təkcə opera sənətinin yaranmasında böyük rolu olmayıb. O, həm də opera səhnəmizin ilk aktyorudur. Yeganə xanəndədir ki, heç bir xanəndə ilə müqayisə edilmir. Bülbül deyirdi: "Cabbar Qaryağdıoğlu iki oktava səs diapazonuna malik müğənnidir". Bu istedad isə hər kəsə qismət olmur.Elə klassik şairlərimiz var ki, onların qəzəllərini də ilk dəfə məhz Cabbar Qaryağdıoğlu oxuyub. İlk xanəndədir ki, İran şahlarının, Türkiyə sultanlarının məclislərinə dəvət edilib. İlk sənətkardır ki, bir muğamı azı iki-üç saat, bəzənisə böyük məclislərdə dörd saat oxuyardı. Nəzəriyyəçilər yazırlar ki, muğamları beş dəqiqə, yarım saat və üç saat da oxumaq olar. Bu, yalnız xanəndənin məharətindən, onun zil səsindən, bəmindən və muğamın texnikasına bələd olmasından asılıdır.
Cabbar Qaryağdıoğlunun sevdiyi, dəyərləndirdiyi xanəndələr də var idi. Öz şagirdlərinin adlarını həmişə ehtiramla çəkər və tərifləyərdi. Tədqiqatçılar yazırlar ki, Cabbar Qaryağdıoğlu Azərbaycan xanəndələri arasında daha çox dəyərləndirdiyi, sevdiyi Seyid Şuşinski olub.Xatirələrin birində oxuyuruq ki, 1913-cü ildə Bakı milyoneri Şəmsi Əsədullayevin qızının toyunda Tiflisdən dəvət olunan 24 yaşlı Seyid Şuşinski necə oxuyubsa, Cabbar Qaryağdıoğlu öz qiymətli və məşhur qavalını ona bağışlayaraq ağlamışdı.
O, Şuşada doğulmuşdu. Evləri bu şəhərin ən səfalı yeri olan məşhur Cıdır düzünə yaxın idi. O, dostları ilə birlikdə Qayabaşına çıxar, üzünü Topxana meşəsinə tutar, bülbüllərin cəh-cəhini dinləyər, Daşaltı çayının zümzüməsinə qulaq asar, sonra da əlini qulağının dibinə tutaraq özünü səsinin ixtiyarına verərdi:

Saldı yarım üzünə zülfün, əcəb pürçəmi var,
Bu nə işvə, bu nə qəmzə, necə gör, çəm-xəmi var...

Ömrünün 84-cü baharında dünyasını dəyişən Cabbar Qaryağdıoğlu 70 il Azərbaycan vokal sənətinə xidmət etdi. Milli musiqimizin zənginləşməsində cəfakeşlik göstərdi.Muğamlarımızın ahənginə dadı heç vaxt çəkilməyəcək şirinlik qatdı. Onun məlahətli səsi, coşqun zəngulələri Avropanın, Rusiyanın, Şərqin konsert salonlarını titrətdi. 76 ildir ki, haqq dünyasına qovuşmuş sənətkarın qeyri-adi səsi əbədidir.Bu səs yer, göy, torpaq, bulaq kimi yaşamaqdadır.Cabbar Qaryağdıoğlu bir dəfə İrəvanda - bu qədim türk torpağında bədahətən oxudu: "İrəvanda xal qalmadı..." İllərdir ki, içimizi dağlayan, bizi sızladan bu mahnını ovqatımıza uyğun olaraq pıçıldayırıq: "İrəvanda xalq qalmadı".Bağışla bizi, Cabbar əmi, heç Şuşada da xalq qalmayıb!

Flora XƏLİLZADƏ,
Əməkdar yurnalist




banner

Oxşar Xəbərlər