• cümə axşamı, 28 mart, 20:06
  • Baku Bakı 13°C

Bir səsdə min səda...

27.02.20 10:00 3181
Bir səsdə min səda...
Və ya müəllimin müvəffəqiyyətli yaradıcılıq yolunun tələbə və şagirdlərdə əksi
Bir səsdə min səda...Əlbəttə, bu sözlər təsadüfi deyil. İlham Nəzərov Azərbaycan musiqi mədəniyyətində ilk və yeganə kontratenor səs tembri ilə ifa edən opera ifaçısıdır. Onun yaradıcılığı və səhnə fəaliyyəti təkcə Azərbaycan müasir vokal ifaçılıq sənətində deyil, ümumilikdə musiqi mədəniyyətimizdə böyük əhəmiyyətə malikdir.
Azərbaycan Respublikasının Əməkdar artisti, Prezident mükafatçısı, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının "Solo oxuma və opera hazırlığı” kafedrasının müəllimi İlham Nəzərov zəngin və hərtərəfli yaradıcılığa malikdir. O, Azərbaycan və dünyanın bir sıra nüfuzlu opera teatrlarında 49 obraz yaradan opera müğənnisi, həmçinin bariton və kontratenor səs tembri ilə çıxış edən yeganə musiqiçidir.
İlham Nəzərov artıq 2008-ci ildən pedaqoji fəaliyyətlə məşğuldur. O, müəllimlik sənətinə böyük məsuliyyətlə yanaşan həssas musiqiçidir. Məhz bu amillər müğənninin tələbələrinin uğurlarında, onların peşəkar ifalarında özünü göstərir və qeyd olunan keyfiyyətlər İ.Nəzərov sinfini fərqləndirən xüsusiyyətlərdir. Sənətçinin 2018-ci ildə ABŞ-da keçirilən vokal müəllimlərinin beynəlxalq müsabiqəsində birinci yerə layiq görülməsi, onun pedaqoji fəaliyyətində yeni mərhələdir.
Müğənni həmçinin bir sıra beynəlxalq müsabiqələrə münsif heyəti kimi dəvət olunur. Onlardan 2019-cu ildə Bakı Musiqi Akademiyasının opera studiyasında keçirilən K-Pop beynəlxalq estrada müsabiqəsini, 2018-ci ildə Fransada "İnternational Baroque Singing Competition”, Avstriyada "İnternational Singing Competition”, 2017-ci ildə Vokal və estrada ifası üzrə respublika müsabiqəsini, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında keçirilən müsabiqəni, Bülbülün anadan olmasının 120 illik yubileyinə həsr olunmuş milli musiqi alətləri ifaçıları, xanəndələri və vokal ifaçılarının III müsabiqəsini və digərlərini qeyd etmək olar.
Müğənninin pedaqoji fəaliyyəti müxtəlif yaş kateqoriyalarını əhatə etdiyi kimi, o, vokal ifaçılığının bir çox janrlarını da yaradıcılığında cəmləşdirir. İfaçı kiçik yaşlı uşaqlardan başlayaraq, ali təhsil ocaqlarında təhsil alan tələbələrə, vokal ifaçılığı ilə məşğul olmaq istəyən musiqiçilərə vokal ifaçılığı sənətinin sirlərini öyrədir. O, həm klassik və həm də estrada ifaçılığını tədris edir.
İfaçının müəllimlik fəaliyyəti daim diqqət mərkəzindədir və yüksək qiymətləndirilir. O, səmərəli pedaqoji fəaliyyətinə və yüksək səviyyədə şagird hazırladığına görə, dəfələrlə diplom və mükafatlara layiq görülmüşdür.
Artıq uzun illərdir ki, Azərbaycanda bir çox beynəlxalq vokal müsabiqələri keçirilir. Müsabiqələr gənc ifaçıların yaradıcılığında böyük əhəmiyyətə malikdir və onların bacarıqlarının nümayiş etdirilməsində, istedadlı gənc ifaçıların aşkar edilməsində əsas vasitə rolunu oynayır. Digər tərəfdən isə müəllimin ustalığı, birbaşa olaraq tələbələrində özünü göstərir.
Onlarla müxtəlif nüfuzlu beynəlxalq müsabiqələrin qalibi olan İ.Nəzərovun tələbələrinin də uğurlu çıxışları gözləniləndir. Bu, sanki müəllimin müvəffəqiyyətli yaradıcılıq yolunun tələbə və şagirdlərdə əksidir.
Bakı Musiqi Akademiyasında keçirilən "World harmony” adlı III klassik müsabiqəsində İ.Nəzərovun tələbə və şagirdləri böyük uğurla iştirak etdilər. Müsabiqədə İ.Nəzərovun üç tələbəsi - Q.Şaroyev adına 35 nömrəli 11 illik musiqi məktəbinin şagirdləri C.Babazadə və VIII sinif tələbəsi R.İbişov (bariton) və Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının II kurs tələbəsi S.Rüstəmov (tenor) çıxış edirdi. Onları fərqləndirən xüsusiyyət, ifa etdikləri əsərləri ən xırda incəliklərinə qədər süzgəcdən keçirərək sanki müsabiqədə deyil, konsertdə ifa edirmiş kimi çıxışları idi. İ.Nəzərovun tələbə və şagirdlərinin möhtəşəm çıxışı yerli və xarici musiqiçilərdən təşkil olunmuş münsiflər heyətini də heyran etdi.
Onlardan ən kiçik yaş kateqoriyasında çıxış edən Q.Şaroyev adına 35 nömrəli 11 illik uşaq musiqi məktəbinin III sinif şagirdi 10 yaşlı Cavidan Babazadə Q.F.Hendelin "Otton” operasından Ottonun "Dove sei, amato bene” ariyasını, P.Bülbüloğlunun "Şən Azərbaycan”, Ç.Biksiyonun "Mamma” əsərlərini böyük məharətlə ifa edərək birinci yerə layiq görülmüşdür. Qeyd edək ki, C.Babazadə daha əvvəl də "Kaspiyskiy briz” adlı müsabiqədə uğurla çıxış edərək mükafatla təltif olunmuşdu.
Digər kateqoriyada iştirak edən Ramal İbişov Ü.Hacıbəylinin "Sevgili canan”, T.Quliyevin "Zibeydə”, B.Kempfertin "Strangers in the night” əsərlərini ifa edərək ikinci yerə layiq görülmüşdür.
Müsabiqədə ən güclü və iddialı ifaçılar C kateqoriyasında iştirak edirdilər. İ.Nəzərovun tələbəsi, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının II kurs tələbəsi, Beynəlxalq müsabiqələr laureatı Sübhan Rüstəmov mürəkkəb proqramla çıxış edərək birinci yerə layiq görülmüşdür. Gənc ifaçı mürəkkəb ifa çətinliyini özündə cəmləşdirən və müxtəlif dövrləri əhatə edən əsərlərə yer vermişdir. Qeyd edək ki, S.Rüstəmov mükəmməl ifası ilə onu dinləyənləri heyran etməyə müvəffəq ola bilmişdir. Janrından asılı olmayaraq ifa etdiyi əsərin mahiyyətini çatdıra bilmək bacarığı S.Rüstəmovun çıxışını digərlərindən üstün edən əsas cəhət idi. Biz, onun artıq böyük səhnələrə hazır yetkin bir müğənni olduğunu əminliklə söyləyə bilərik.
Müsabiqədə İ.Nəzərovun tələbə və şagirdlərini müşayiət edən konsertmeysterlərin də məharəti diqqətdən yayınmadı. Onların ustalıqla müşayiət etmələri şagirdlərin uğur qazanmasında böyük rol oynadı. İştirakçıları, Milli Konservatoriyanın baş müəllimi və baş-aparıcı konsertmeysteri Əhmədova Svetlana, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının konsertmeysteri Səma Xəlilzadə və Q.Şaroyev adına 35 nömrəli 11 illik uşaq musiqi məktəbinin konsertmeysteri Adilə Nurizadə müşayiət etdilər.
Müsabiqədən danışsaq, yarışma Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının "Gənclərə dəstək” layihəsi, "Harmoniya” Gürcü Folkloru və Klassik Musiqinin İnkişafı Birliyi və Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçilir. Müsabiqə öz formatına görə genişdir və üç turdan ibarətdir. İştirakçılar burada bir çox janrları əhatə edən müxtəlif əsərləri ifa etməlidirlər. Qaliblər isə Q.Qarayev adına Dövlət Kamera Orkestrinin müşayiəti ilə ifa etmək imkanı qazanır. Əlbəttə, bu, gənc ifaçıların yaradıcılığında əlamətdar hadisə olmaqla yanaşı, həm də onları gələcəkdə də yeni uğurlar qazanmağa sövq edir. Dirijorlar isə Azərbaycan Respublikasının Xalq artisti Fəxrəddin Kərimov və Orxan Həşimov idi.
İ.Nəzərovun müəllimlik fəaliyyətində əldə etdiyi növbəti uğurunda gənc musiqiçilərin, o cümlədən İ.Nəzərovun da yaradıcılığına daim öz dəstəyini və diqqətini əsirgəməyən M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının direktoru, Xalq artisti, professor Murad Adıgözəl-zadənin, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, SSRİ və Azərbaycan Respublikasının Xalq artisti, professor F.Bədəlbəylinin, "Solo oxuma və opera hazırlığı” kafedrasının müdiri, Xalq artisti, professor Xuraman Qasımovanın və Q.Şaroyev adına 35 nömrəli 11 illik musiqi məktəbinin direktoru, Milli Konservatoriyanın dosenti, Əməkdar müəllim Y.Vəliyevin dəstəyi böyükdür.
Müəllim cəmiyyətin hərəkətverici qüvvəsi, memarı və elm çırağıdır. İ.Nəzərov öz işığı ilə yetirmələrinin yolunu aydınladaraq çətin və bir o qədər də məsuliyyətli olan müəllimlik peşəsinin müqəddəsliyini qoruyur və ona şərəflə xidmət edir.
Afət İslam


banner

Oxşar Xəbərlər