Bir qapısı keçmişə, bir qapısı gələcəyə açılan qatar

Bir qapısı keçmişə, bir qapısı gələcəyə açılan qatar

Mədəniyyət
27 Noyabr 2019, 11:30 275
Və ya Azərbaycan Dəmir Yolu Muzeyindən reportaj
 
Qədim tranzit növlərindən biri də dəmiryoludur. Tarixi 1825-ci ilə qədər uzanan bu nəqliyyat növü ilk dəfə İngiltərədə istifadəyə verilib. Elə bu tarixdən qısa müddət sonra ölkəmizdə də dəmir yolu salınır. Sabunçu dəmir yolunun inşasına 1878-ci ildə başlanılır və 1879-cu ildə başa çatır. Dekabrın 17-dən etibarən Balaxanı, Suraxanı, Sabunçu stansiyalarında daşınmaq üçün yüklər qəbul edilir. 1880-ci ilin 20 yanvarında dəmir yolunun rəsmi açılışı olur. Dünyada ilk dəfə olaraq neft məhz bu yolla sisternlərlə daşınmağa başlanılıb. Bakı-Suraxanı-Sabunçu dəmir yolunun uzunluğu cəmi 20 km olub. 1925-ci ilin mart ayında Bakı-Sabunçu dəmir yolu xəttinin yenidən qurulması və elektrikləşdirilməsi işlərinə başlanılıb. 14,5 ay ərzində işlər başa çatdırılıb. 1926-cı il iyulun 26-da Abşeronun məşhur neft rayonları olan Sabunçu və Suraxanıya ilk elektrik qatarları hərəkət etməyə başlayıb. Prezident İlham Əliyevin 2018-ci il 22 yanvar tarixli Sərəncamına əsasən, Bakı-Sabunçu sərnişin dəmir yolu yenidən inşa olunub. 2018-2019-cu illərdə Bakı-Sabunçu dəmir yolu yenidən inşa olunub. Layihənin tərkib hissəsi olan Sabunçu dəmir yolu vağzalı tamamilə yenidən qurulub və həmin tarixi binada Azərbaycan Dəmir Yolu Muzeyi yaradılıb.
 
 
 
İki kino zal, bir suvenir mağazası və 3 sərgi salonu
 
Muzeyin rəsmi açılışı 2019-cu il noyabrın 19-da olub. Açılışda Prezident İlham Əliyev iştirak edib. Qeyd edək ki, Prezident İlham Əliyev Dəmir Yolu Muzeyinə simvolik maket hədiyyə edib və həmin maket də sərgidə yer alıb. Muzeydə sərgilənən eksponatlar maraqlı gəldiyi üçün biz də baş çəkdik. İlk olaraq qeyd edək ki, muzey iki mərtəbədə yerləşən iki kinozal, bir suvenir mağazası və 3 sərgi salonundan ibarətdir. Birinci mərtəbədə girişdə ilk olaraq dəmir yollarının üstdən görünüşünü əks etdirən maketlə qarşılaşırıq. Daha sonra suvenir mağazası ilə tanış oluruq. Burada sırf satış üçün nəzərdə tutulmuş eksponatlar, suvenirlər yer alır. Mağaza ilə üzbəüz otaq kino zaldır. Burada sənətli filmlər, tarixi xronikalar, dəmir yollarının inkişafına töhfə verən mühəndislər və insanlar haqqında bioqrafik filmlər nümayiş olunur və vətəndaşlar üçün şərait yaradılıb ki, kim istəsə, oturub filmi izləyə bilər. 

Birinci mərtəbə ilə tanışlığı bitirib ikinci mərtəbəyə qalxarkən, yolda dayanıb əlində projektor tutan maşinist maketi ilə qarşılaşırıq. Məncə, bu maşinist maketini əbəs yerə bura qoymayıblar. O, əlində tutduğu projektorlar növbəti mərhələdə muzeylə tanış olmağımız üçün qaranlıq dəmir yollarını işıqlandıracaq. İkinci mərtəbədə də kinozal var. Burada yerləşən zalda isə dəmir yollarının, qatarların və dəmiryolu vağzallarının estetikası və möcüzəsi ilə dolu bədii filmləri izləməkdən zövq ala bilərsiniz. 
 

 
Cənubi Qafqazın dəmir yolunun tarixi xəritəsi...
 
Bu mərtəbədə həmçinin birinci və ikinci sərgi salonları yerləşir. İlk olaraq dəmiryolunun qədim tarixini fotolarla əks etdirən birinci sərgi zalına yollandıq. Buradan, sözün əsl mənasında, tarixin qoxusu duyulurdu. Belə ki, orada olan ekspozisiyalar, fotolarla tanışlıq insana, xidməti geniş yayılmış və təhlükəsiz nəqliyyat vasitəsi hesab edilən dəmiryolunun təkcə tarixi barədə deyil, onun, bəşəriyyətin inkişafına və elmi texniki tərəqqiyə təsiri, habelə sənaye sahəsində oynadığı rol haqqında bir çox maraqlı faktlar öyrənmək şansı yaradır. Həmçinin fotoları və qədimdə istifadə edilən dəmiryolu avadanlıqlarını nəzərdən keçirərkən, həm Azərbaycanda, həm də dünyada milyonlarla dəmiryolu işçisinin, mühəndisin, maşinistin, inşaatçının, bələdçinin bu işdə çəkdikləri əmək, zəhmət insanın gözü qarşısında canlanır. Zalın bir hissəsi sırf dəmir yollarının inkişaf xronologiyasına həsr edilib. Belə ki, müxtəlif tarixi dövrlərdə hansı yeniliklərin olduğu fotolar və kiçik həcmli mətnlərlə izah olunub. Xüsusilə də 19-cu əsrdə dəmir yolunun yaranması tarixini əks etdirən arxiv foto və video materiallar, maraqlı eksponatlar, dəmir yolu və qatar modelləri yer alır. Burada Birinci və İkinci Dünya Müharibəsində dəmir yolunun rolu ilə bağlı maraqlı faktlar və məlumatlarla tanış olmaq mümkündür. Cənubi Qafqaz dəmir yolunun tarixi xəritəsi muzeyin nadir eksponatlarındandır. Əsas zalda 1885-ci ildən 1964-cü ilədək dəmiryolçuların geyindiyi uniformaları da görmək olar. 

Bu mərtəbədə ən çox xoşuma gələn isə birinci zalla ikinci zal arasında yerləşən vaqon idi. Təsəvvür edin, birinci zalda keçmişə aid xatirələrin arasında gəzərkən birdən qatara daxil olursunuz və sanki o, sizi müasir dövrə, yəni ikinci zala gətirir. Elə bil qatarın bir qapısı keçmişə, digər qapısı gələcəyə açılır. Qeyd edim ki, vaqona daxil olarkən, insan qəribə nostalji hislər yaşayır. Bir ara, həqiqətən də qatarla harasa səfər etdiyimi hiss etdim. 
 

 
"Kosmik Gələcək”,  "Vakuum qatar” 
 
İkinci zalda 20-ci əsrdə dəmir yolunda gedən inkişaf prosesini görmək mümkündür. Bir tərəfdə ulu öndər Heydər Əliyevin ölkəmizdə dəmir yolunun inkişafına göstərdiyi qayğı və diqqəti əks etdirən foto və mətnlər yer alırdı. Digər bir tərəfdə isə "Kosmik Gələcək” başlığı altında qoyulan foto və mətndə, gələcəkdə dəmir yollarının hansı sürətlə, hansı formada hərəkət edəcəyi ilə bağlı məlumat verilib. Marağımızı cəlb edən fotolardan biri də "Vakuum qatar” idi. Orada qeyd edilirdi ki, vakuum qatar ilk dəfə 1909-cu ildə təklif edilib, lakin hələ də yüksək sürətli nəqliyyat vasitəsi kimi tətbiq olunmayıb. Bir digər məlumatda isə hazırda dünyanın müxtəlif ölkələrində 10-a yaxın şirkətin ultramodern qatarlar üçün layihələr hazırladığı və futuroloqların, ekoloqların və alimlərin birmənalı şəkildə bu nəqliyyat növünün gələcəkdə ən məşhur nəqliyyat olacağına inandıqları qeyd edilir.
 

 
Toxunmadan demək olmaz ki...
 
Daha sonra isə üçüncü zala keçid edirik. Bu zalda isə dəmir yolu qatarlarının modelləri, müxtəlif dövrlərə məxsus sərnişin obrazlarının maketləri nümayiş olunur. Perronda hazırlanan zalda qatara çıxış şüşə ilə bağlanıb. Şüşə arxasında tarixi dəmir yolu xəttinin bərpa olunmuş modeli görünür. Açığı, burada ən çox xoşumuza gələn sərnişin maketləri idi. Toxunmadan, demək olmaz ki, onlar canlı yox, eksponatdırlar. Bu zalda həmçinin şüşə altında yerləşdirilən qatar və o dövrdə əhalinin necə zəhmətkeş olduğunu göstərən, dəmiryolçuların iş prosesini anbaan əks etdirən maketlər var. 

Dəmiryolu Muzeyinə olan səfərimiz başa çatır. Həqiqətən, nostalji hisslərlə muzeydən ayrılırıq. Muzey hələ ki, vətəndaşların istifadəsinə verilməyib. Amma əminik ki, vətəndaşlarımız da buranı bəyənəcək və xüsusilə də, övladlarını dəmiryolunun tarixi ilə tanış etmək üçün bu muzeyə gətirəcəklər. 
 
Günel Azadə