• şənbə, 20 Aprel, 12:01
  • Baku Bakı 23°C

Bir ovuc gil

04.07.16 11:10 2417
Bir ovuc gil
Çayın sahilində bir ovuc gil vardı. O adi gil idi. Bir az kobud, ağır. Amma özü haqda çox yüksək fikirdəydi, həmişə xəyala dalar, nə vaxtsa özünün kəşf ediləcəyi günü həsrətlə gözləyirdi.
Yaz fəsliydi. Günəş şəfəqlərini ətrafa yayır, sanki ağacların yarpaqları bir-biriylə pıçıldaşırdı. Elə bil ağacların yarpaqları üstə yaqut və zümrüd zərrəcikləri vardı.
Güllər, çiçəklər belə havada bir-birinə tərəf əyilib deyirdi:
- Bacılarım, siz nə qəşəng görünürsünüz? Hər tərəfin belə gözəl olmasınn səbəbkarı sizsiniz.
Günəşin istiliyini hiss edən çay buz buxovlarından azad oldu, sular axıb iri-iri dənizlərə töküldü, bu dənizlərdə böyük gəmilər üzdü.
Hələ də əvvəlki yerində uzanıb qalan gil yenə də xəyala dalmışdı, ümidlə öz-özünə deyirdi:
- Bir gün mənim də bəxtim açılacaq. Allah məni ona görə yaratmayıb ki, ömrüm boyu çay sahilində itib-batım. Bu fəsil mənim də həyatıma xoşbəxtlik gətirəcək.
Bir gün gil hiss etdi ki, kimsə onu həmişə uzanıb qaldığı yerdən götürdü. Dəmir bellə onu qazıb götürdülər, qaldırıb başqa gil parçalarıyla bir yerdə arabaya qoydular, sonra onu uzaqlara apardılar. Araba tozlu, daşlı, kələ-kötür yollardan keçib gedirdi. Buna baxmayaraq gil heç nədən qorxmurdu, həvəsdən düşmürdü, özünə təsəlli verib yenə də öz-özünə deyirdi:
- Yəqin ki, belə lazımdır. Xoşbəxtliyə gedən yol həmişə kələ-kötür olur. İndi mən yoldayam-həyatda özümə layiq yer tutacağım günə az qalıb.
Amma yorucu səyahətdən sonra heç də hər şey gilin ümid etdiyi kimi olmadı. Əzablı günləri başladı. Gili təknəyə qoydular, onu yoğurdular, döydülər, tapdaladılar, qarışdırdılar. Ona elə gəlirdi ki, bu əzab-əziyyətə dözə bilməz. O əzab çəkə-çəkə ümidlə yaşayırdı, özünə təsəlli verib deyirdi ki, bu qədər ağrılardan, əzablardan sonra onu qarşıda daha gözəl günlər gözləyir. Gil buna çox inanırdı. O fikirləşirdi ki, o xoş günü nə qədər çox gözləsə daha yaxşı mükafat alacaq.
Onu təknədə döyüb, əzişdirəndən sonra bir gün onu tez-tez fırlanan təkərin üstünə qoyub elə fırladılar ki, az qala o milyon hissəyə bölünəcəkdi. Hansısa qəribə qüvvə onu yeni bir formaya saldı. O özü də aydınca görürdü ki, yeni bir formaya düşür.
Sonra naməlum bir əl onu götürüb isti sobaya qoydu. Ətrafında od-alov dilimləri vardı. Sobadakı istilik o çay sahilində uzanıb qalanda yayın ən qızmar günündə olan istidən də istiydi. Gil bu istiliyə də dözdü, özünü ələ alıb hər sınaqdan çıxdı. Özünə yenə də təsəlli verib dedi:
- Mənə bu qədər əzab verirlərsə, deməli, məndən çox gözəl bir şey hazırlayacaqlar. Mən ya hansısa bir məbədə bəzək, ya da kralın stolu üstündə bahalı güldan olacam.
Nəhayət, gili sobada bişirib qurtardılar. Onu isti sobadan götürüb bir taxta parçasının üstünə qoydular - soyuq havada, mavi səma altında. Əzab-əziyyətləri artıq geridə qalmışdı. Tezliklə çəkdiyi əziyyətin mükafatını alacaqdı.
Onu qoyduqları taxtanın yanında bir gölməçə vardı. Çox da dərin deyildi, gölməçənin suyu o qədər sakit idi ki, orda hər şey əks olunurdu. İlk dəfə onu taxtadan götürdükləri an gil özünün yeni formasını suda gördü. Çəkdiyi bu qədər əzab-əziyyətdən, ağrılardan sonra o adicə bir dibçək idi. Qırmızı, eybəcər bir dibçək. Bu vaxt ona aydın oldu ki, o nə kral sarayında bahalı vaz, nə də məbəddə bəzək olmayacaq. O dodaqaltı mızıldanıb onu yeni formaya salan naməlum adama dedi:
- Nə üçün sən məni bu hala saldın?
Bir neçə gün də belə keçdi. O həmişə qaşqabaqlı olur, həyatından narazılıq edirdi.
Sonra onun içini qəhvəyi, kobud bir şeylə - o özü bilmirdi ki, bu nədir - doldurdular və torpağa basdırıb üstünü örtdülər. Gil bu rüsvayçılığa görə az qala üsyan etmək istəyirdi.
- Həyatım boyu mənə bundan böyük pislik etməyiblər. Hələ başıma bundan betər iş gəlməyib. Bir bax, mənim içimi zir-zibillə, toz-torpaqla doldurublar. Əlbəttə, mən bədbəxtəm.
O istixanadaydı, bura kifayət qədər gün şüaları da düşürdü, onun üstünə su səpirdilər. O səbir edib gözlədi, bir gün özündə dəyişiklik hiss etdi. Onun içində nəsə tərpənirdi - yeni ümid. O hələ çox şey bilmirdi, içindəki yeni ümidin də nə olduğunu bilmirdi.
Bir gün gili həmin yerdən götürüb böyük bir kilsəyə apardılar. Deyəsən, gec də olsa xəyalları gerçək olurdu, deyəsən, o bu dünyada ən gözəl rolunu oynayacaqdı. O kilsədə möhtəşəm musiqini eşidirdi. Onun ətrafında güllər vardı. Amma o yenə də nə baş verdiyini yaxşı başa düşmürdü. Buna görə də yanındakı başqa gildən pıçıltıyla soruşdu:
- Onlar məni niyə bura gətiriblər? Niyə bütün adamlar bizə belə baxır?
O biri gil onun sualına cavab verdi:
- Sən heç nə bilmirsən? Sənin içində krallara layiq zanbaq var. Bu zanbağın ləçəkləri qar kimi ağdır, ürəyi qızıl kimidir. Adamlar ona görə baxırlar ki, bu gül dünyadakı ən gözəl güldür. Bu gülün kökü sənin ürəyindədir.
Bunu eşidən gil çox məmnun qaldı, içində belə bir xəzinə olduğuna görə
onu hazırlayan naməlum adama ürəyində təşəkkür etdi.
Mark Tven
Təmsil
Bir gün bir rəssam çəkdiyi balaca və gözəl şəkli elə yerə qoydu ki, onu güzgüdə aydın görə bilsin. O öz-özünə dedi:
- Şəkil indi ikiqat gözəl görünür.
Rəssamın pişiyi bu xəbəri meşədə olan pişiklərə çatdırdı. Heyvanlar ev pişiyini oxumuş, tərbiyəli ədəbli bir pişik kimi tanıyırdılar. Onlar pişiyin gətirdiyi bu xəbəri eşidib bu barədə ona çoxlu suallar verdilər. Onlar pişikdən rəssamın nə şəkli çəkdiyini soruşdular. Pişik də onlara belə izah etdi:
- Bu, yumşaq bir şeydir. Hədsiz gözəl, incə bir şeydir. Ah, elə gözəldir ki!
Pişik şəkli elə təriflədi ki, heyvanlar şəkli görmək istədilər, onlar dedi ki, nəyin bahasına olursa-olsun gedib o şəkli görəcəklər.
Birdən ayı soruşdu:
- Şəkli gözəl edən nədir?
- Şəkildəkinin baxışları, - pişik dedi.
Bu sözlərdən sonra heyvanlar yenə də çox həyəcanlandılar, hələ görmədikləri şəklə heyran oldular.
Sonra inək pişikdən soruşdu:
- Bəs güzgü nə deməkdir?
- Güzgü divarda bir deşikdir, - pişik dedi. - Sən o deşiyə baxanda orda bir şəkil görürsən. Və bu şəkil o qədər gözəl, valehedicidir ki, ona baxanda sənin başın fırlanar, hətta özündən gedərsən.
Eşşək pişiyə qulaq asırdı, amma hələ ağzını açıb bir kəlmə də deməmişdi. Pişiyin son sözlərindən sonra o şübhələnməyə başladı. Dedi ki, bu vaxtacan elə bir gözəl şəkil olmayıb ki, kimsə bu şəkli görəndə heyrətdən ürəyi getsin.
Hiss olunurdu ki, eşşəyin sözləri o biri heyvanlara da təsir edib, onlarda da belə gözəl şəklin olmağına şübhə yaranıb. Beləliklə, pişik heyvanlardan incidi. Bir neçə gün bu mövzuda söhbət olmadı, amma eyni vaxtda heyvanları maraq bürümüşdü. Bundan sonra heyvanlar eşşəyin üstünə hücum çəkdilər ki, niyə onlara mane oldu şəkli gedib görməyə, yoxsa bu şəkli görüb həzz alardılar. Eşşək onlara qulaq asıb sakitcə öz fikrini dedi. O dedi ki, pişiyin, yaxud özünün haqlı olub-olmadığını bilmək üçün tək bircə yol var, o da gedib şəklə baxmalıdır, orda nə gördüyünü gəlib onlara deyəcək. Heyvanlar onun qərarına razı oldular, ondan xahiş etdilər ki, gedib şəklə baxsın. Eşşək dərhal onların xahişini yerinə yetirdi.
Eşşək pişiklə birgə rəssamın evinə getdi. Amma eşşək harda dayanıb şəklə baxacağını bilmədi və o şəkillə güzgü arasında durdu. Nəticədə də şəkil güzgüdə əks olunmadı. O meşəyə qayıdıb heyvanlara dedi:
- Pişik bizə yalan deyib. Onun güzgü hesab etdiyi deşikdə eşşəkdən başqa heç kim yox idi. Mən orda yastı heç nə görmədim. Deşikdəki eşşək çox gözəl idi, səmimi, amma eşşək idi. Vəssalam!
Fil eşşəkdən soruşdu:
- Sən deşikdəki eşşəyi yaxşı gördün? Sən o eşşəyə çox yaxın idin?
- Hə, mən onu çox yaxşı və aydın gördüm. Ah, heyvanların şahı, mən ona elə yaxın idim ki, hətta burnumu ona toxundurdum.
- Bu çox qəribədir, - fil dedi. - Axı bu pişik əvvəllər bizə heç vaxt yalan deməyib. O həmişə həqiqəti söyləyib. Elə isə qoy başqa heyvan getsin. Ayı, bu dəfə sən get, gəlib bizə məlumat verərsən.
Beləcə, bu dəfə ayı getdi rəssamın evinə. Meşəyə qayıdıb heyvanlara dedi:
- Həm pişik, həm də eşşək bizə yalan deyib. O deşikdə ayıdan başqa heç kim yox idi.
Heyvanlar arasına çaxnaşma düşdü. Onlar çaşıb qaldılar. Hər biri gedib o deşiyə özü baxmaq, həqiqəti bilmək istəyirdi. Fil hər dəfə bir heyvanı rəssamın evinə göndərdi.
Əvvəlcə inək getdi. Gəlib dedi ki, deşikdə inəkdən başqa heç nə görmədi.
Pələng gəlib dedi ki, deşikdə pələngdən başqa bir şey görə bilmədi.
Şir də yalnız şir gördüyünü bildirdi.
Bəbir də yalnız bəbir gördüyünü dedi.
Dəvə yalnız dəvə gördü.
Fil onların sözlərini eşidib çox qəzəbləndi, heyvanlara dedi ki, bu dəfə özü gedib deşiyə baxacaq. Geri dönəndə bütün heyvanları yalan danışmaqda günahlandırdı.
Ən çox da pişiyə qəzəbləndi, onu zehni korluqda qınadı. Bir sözlə, dedi ki, hətta ən axmaq da o deşikdə yalnız filin olduğunu görərdi.
Pişiyin gəldiyi nəticə:
Ola bilər ki, siz güzgü qarşısında elə dayanarsınız ki, qulağınızı görə bilməzsiniz. Amma siz görməsəniz də qulaqlarınız yerindədir.
İngiliscədən tərcümə etdi: Sevil Gültən
banner

Oxşar Xəbərlər